Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

QORİ SEMİNARIYASINDAN ÖZƏL REPORTAJ – FOTOSESSİYA

Uzaq, əfsanəvi Qori...

Qori seminariyası...fimlərdə adı çəkilən, kitablarda sözü gedən, ilk fikir adamlarımızın yetişdiyi təhsil ocağı. Çox nadir azərbaycanlı tapılar ki, bu seminariyanın adı gələndə ürəyi titrəməsin. Keçmişə xəyali səfər eləməsin. Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu, Firudin bəy Köçərlini və onlarla mütəfəkkirimizi düşünməsin. 
Hamımızda çox uzaq illərlə assosiasiya olunan bu yeri gedib görmək heç ağlabatan gəlmirdi. Baxmayaraq ki, qonşu ölkədə, yolları çox da çətin olmayan bir yerdədi – Qori seminariyası. Amma adətən adama elə gəlir ki, Cəlil Məmmədquluzadəni sağ, diri görmək mümkün olmadığı kimi, Qori seminariyasını da görmək imkansızdır. Olduqca əlçatan bu arzunu adam özü sakrallaşdırır, əlçatmaz olmağa məcbur edir.

Bir gün bu mifi sındırmaq qərarına gəldik. Tiflisə qonaq gələn fotoqraf Abbas Atilay, Cahangir Yusif və Hacı Hacıyevlə birləşib çantalarımızı hazırladıq. Bir taksi süücüsü ilə danışdıq – bizi ora aparmağı, gözləməyi və geri gətirməyi boynuna götürdü. Və yola düzəldik.

Həm də Stalinin oxuduğu məktəb

Rəsmi adı Zaqafqaziya müəllimlər seminariyası olan təhsil ocağı Qori şəhərində yerləşir. Biz seminariyanı Tiflsdəki gürcülərdən soruşanda onlar deyirdilər ki, indi o məktəbin yerində xarabalar qalıb. Biz də Qoriyə xarabalar, qalıqlar görəcəyimizi düşünərək gedirdik.
Qori şəhərinə çatanda bir neçə yerli sakindən seminariyanı soruşduq. Bəziləri belə adda seminariya-zad tanımadıqlarını dedilər. Heyrətləndik. Necə ola bilərdi ki, Azərbaycanda gözü hərf tanıyan hər adamın adını bildiyi, xəbəri olduğu bu seminariyanın yerləşdiyi şəhərdə yaşayasan və ondan xəbərin olmasın?! Tarixə, fikir adamlarına belə laqeyd münasibət bizə heç çatmırdı. Hətta Qori şəhərinin əlüstü aldığımız xəritəsində də yeri qeyd olunmamışdı seminariyanın.
Axır ki, bir nəfər əli ilə bizə istiqaməti göstərdi. Amma maraqlıdır ki, bizim «ilk ziyalılarımızın təhsil aldığı seminariya» kimi tanıdığımız təhsil ocağına o adam «Hə, Stalinin oxuduğu seminariya?!» - dedi.

Kilsə yoxsa seminariya?

Sürücü bizi qırmızı kərpicdən tikilmiş abad bir binanın qabağına gətirdi. Elə biz dayanıb maşından düşən kimi, binanın qabağından keçən iki qadın üzlərini bu binaya tutub, xaç çevirdilər. Sürücüyə etiraz elədik:
- Bura deyəsən kilsədir. Baxın adamlar xaç çevirir. Həm də deyilənə görə Qori seminariyasından ancaq xarabalar qalıb. Bura isə abad yerdi...
Sürücü:
- İçəri girib, kimdənsə soruşun - dedi.

Şahmat oynayan qoca

İçəri qaçdım. Şüşə qapılar öz-özünə açıldı. Uzun dəhlizə girdim. Boş, kimsəsizdi. Dəlizə vurulmuş çoxsaylı portretlər arasında kollektiv foto diqqətimi çəkdi. Fotonun baş tərəfinə köhnə kiril əlifbası ilə: «Qori seminariyasının məzunları» yazılmışdı.
Ürəyim titrədi. Məzunların arasında azərbaycanlı mütəfəkkirlərdən kiminsə soyadını axtardım. Amma tapdığım ikicə tanış soyad vardı - Belyayev və Cuqaşvili (İ. V. Stalinin soyadı).
Mərhum diktatorun yeniyetməlik şəklinə baxıb, dəhliz boyu addımladım. Dəhlizin sağ tərəfindəki otağın qapısı açıq idi. Otağın mərkəzində qoca kişi ilə altı-yeddi yaşlarında sarışın, göyçək oğlan uşağı şahmat oynayırdılar.
Məni görən kimi ikisi də ayağa durdu. Kişi məni otağa dəvət elədi. Buranın həmin o məşhur Qori seminaiyası olub-olmadığını soruşdum. Bayaq qadınların bura baxıb xaç çevirməyi yadımdan çıxmamışdı. Kişi təsdiqlədi. Və dedi ki, həftənin bir günü burada dini dərslərə yer ayrıldığından bura həm də ruhani ocaq hesab olunur.

Qori seminariyasının sonrakı taleyi

Hə, az qala unutmuşdum, Qori seminariyası indi orta məktəb kimi fəaliyyət göstərir. Əsası 1888-ci ildə qoyulmuş, ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. Sovet dövründə təhsil ocağı təmir olunaraq kənd-təsərrüfat texnikumu, daha sonra «pionerlər evi» kimi fəaliyyət göstərib. Ancaq 2008-ci ildə bu bina Qori seminariyasının ilkin binasının memarlığına uyğun təzədən tikilib və orta məktəb kimi fəaliyyətə başlayıb.
Həfətdə bir dəfə məktəblilərə dini dərslər tədris olunur. Bu dərsləri yerli keşişlər, ruhanilər deyir. Məktəblilər arasında xüsusi istedadları ilə seçilənlər var. Məsələn, iki şagird müxtəlif materiallardan, biri adi daşlardan, biri odun parçalarından Qori məktəbinin maketini düzəldib.

Gizlədilmş büst

Otaqları gəzdik. Divarlar uşaqların əl işləri, rəsm əsərləri, növbətçilik, dərs cədvəlləri ilə dolu idi. Bütün sıradan orta məktəblərdə necə, burda da elə. Adamın inanmağı gəlmirdi ki, bu otaqlarda adlarını ehtiramla andığımız insanlar oxuyub, zarafatlaşıb, müəllimlərə cavab verib...
Diqqətimizi kitabların yanına qoyulmuş, az qala gizlədilmiş balaca bir büst çəkdi. Bu, İosif Vissarionoviç Stalinin büstü idi...

Otaqların hamısını bizə həvəslə, hövsələ ilə göstərən, izahlar verən kişi buranın gözətçisi idi. Qonşu uşağı ilə şahmat oynayıdı. Bazar günü olduğundan müəllimlər və şagirdlər istirahət edirdilər və məktəb boş idi. Gözətçiyə buraya olan marağımızın səbəni izah edəndə gülümsədi:
- Bilirəm. Hansı azərbaycanlının ayağı Qoriyə düşürsə, mütləq gəlib bu məktəbə baxır, otaqları gəzir. Buranın sizin üçün müqəddəs bir yer olduğunu bilirəm.

Kişi ilə sağollaşıb həyətə çıxdıq. Uzun-uzadı binaya baxdıq. Tarixin bu qədər yaxın olduğuna, gəlib Qori seminariyasını öz gözlərimizlə gördüyümüzə inana bilmirdik. Gözlərimizin qabağına seminariya forması geynmiş yeniyetmə azərbaycanlılar gəlirdi. Babalarımız. Fikir atalarımız. Sonralar Azərbaycanın qaranlıq, elmsiz, cəhalət dolu əyalətlərindəki uşaqları elmə, biliyə, işığa qovuşdurmaq üçün bu məktəbdə oxuyan mütəfəkkirlər...onların əsl ocaqları, əsl fikir məbədi, elm Kəbəsi bura idi...

Günel Mövlud






27 Mart, 2013  18:18 Baxılıb: 5051 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner