Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

BAYRAM BAZARLIĞI – REPORTAJ – FOTOSESSİYA

“Artıq yarmarkalara gedirlər, bazara gələn yoxdur”

Novruz bayramına artıq bir neçə gün qalıb. Bayram deyəndə bizim ağlımıza ilk növbədə cürbəcür yeməklərlə, çərəzlərlə bəzənmiş bayram süfrəsi gəlir. Bayram süfrəsinin nə qədər zəngin olacağı isə çox vaxt qiymətlərdən asılı olur. Bu il də əvvəlki illərdə olduğu kimi bayram münasibətilə Bakıda bir çox yerdə yarmarkalar təşkil olunur. Novruz bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması və süni qiymət artımının qarşısının alınması üçün Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin sahibkarlarla birgə təşkil etdiyi yarmarkalarda qiymətlər bazarlara nisbətən ucuz olacağı bildirilib. Yarmarkalrın təşkil olunmasının ən böyük səbəblərindən biri isə bayramqabağı bazarlarda olan süni qiymət artımının qarşısının alınmasıdır. Biz də bazarlardakı qiymətləri öyrənmək üçün Yasamal bazarına yollanırıq. 

Bazara ayağımızı basan kimi meyvə tərəvəz satıcısı meyvələrini tərifləməyə başlayır. Ona yaxınlaşıb reportaj üçün gəldiyimi deyirəm. Yasəmən xala başlayır yarmarkalardan şikayətlənməyə. Onun sözlərinə görə, yarmarkalar təşkil olunmağa başlayandan sonra bazardan alış-veriş edənlərin sayı azalıb: “Bazardakı qiymətlərlə yarmarkadakı arasında fərq yoxdur. Yarmarka təşkil edib insanları aldadırlar. 1-2 qəpik fərq ola bilər. Onu da tərəzidə aldadıb geri alırlar. Bayram yaxınlaşır, amma bazara gəlib gedən yoxdu”.

Yasəmən xalanın yanında kartof, soğan və digər ərzaq məhsulları satan Məhəmmədəli dayı da eyni şikayətləri edir. Satdığı meyvə və tərəvəzlərin qiymətlərini bir- bir sadalayan Məhəmmədəli dayı “yaz qızım, yaz, hamısının qiymətini yaz görsünlər ki, bizdə qiymətlər ucuzdur, münasibdir. Yarmarkalara getməyə ehtiyac yoxdur” -deyir. Onun sözlərinə görə, Novruz bayramının yaxınlaşmasına baxmayaraq qiymətlərdə elə bir dəyişiklik olmayıb. Belə ki, meyvələrdən alma 1-2 manata; mandarin 2; portağal 1,5; banan 2,50; kivi 2 manata satılır. Elə tərəvəzlər də əvvəlki qiymətədir: pomidor- 3 manat, xiyar 2-3 manat, kök 1 manat, badımcan 1 manat 80 qəpik.

Qoz və fındığın qiymətini öyrənmək üçün Fikrət dayıya yaxınlaşırıq. Qozun qiymətinin 11-19 manat, fındığın isə 7-8 manat olduğunu öyrənirik. Qiymətlər qoz və fındığın qabıqlı və ya qabıqsız olmasına görə dəyişir. Fikrət dayının da dərdi məhsullarının satılmamasıdır: “Hər yerdə Ukraynadan gətirilən qozlar satılır. Yerli malları alan yoxdu. Bunlar ancaq xarici mallara qaçırlar. Elə bilirlər keyfiyyətlidir”.

Bazardakı bütün satıcılar alıcının az olmasından şikayətlənir. Hətta satıcılardan Eldəniz “8 Mart” üçün gətirdikləri gülləri göstərərək “bunları “8 Mart” üçün gətirmişdim. Çox az satılıb. Demək olar ki, hamısı qalıb. Bəlkə, Novruzda satılar”- deyir. Satıcılar müştərinin az olmağını həm yarmarkalarla, həm də demək olar ki, hər yerdə ərzaq məhsullarının satılmasıyla izah edirlər.

Göy-göyərti satan Gülbəniz xala da belə düşünür: “Bayır, çöl göy-göyərti, meyvə-tərəvəzlə doludur. Bazara gəlməyə ehtiyac qalmır. Kim evinin yanındakı marketi qoyub, gəlib bazardan alver edəcək? Qiymətlər marketlərdə baha olsa da, buna fikir verən yoxdu. Hamı rahatlıq axtarır. Bayrama bir-iki gün qalmış bəlkə də, gələn çoxalacaq”.

Novruzun atributlarından səməni satıcısı İlqar demək olar ki, satışlardan məmnun olan tək satıcıdır. Səməninin qiymətlərinin 1-7 manat arasında dəyişdiyini deyən satıcı ən çox balaca, yəni 1-2 manatlıq səmənilərin satıldığını bildirir.

Bir az da müştərilərin qiymətlər haqqındakı fikirlərini öyrənmək istəyirik. Sabir adlı alıcı qiymətlərdən məmnun olduğunu bildirir: “Qiymətlər pis deyil, münasibdir. Deyirlər yarmarkalarda qiymətlər daha ucuzdur. Yarmarka ancaq şənbə bazar günləri olduğu üçün vaxt tapıb gedə bilmirəm. Bazar qiymətləri də pis deyil”.

Bazara ət, kartof və soğan almaq üçün gəldiyini bildirən Gülnarə isə bayramla bağlı ucuzlaşma və ya bahalaşma hiss etmədiyini deyir: “Əvvəllər bayram vaxtı bahalaşma hiss edirdik. Amma indi yaxşıdır. Elə əvvəlki qiymətlərdir. Düzdür bir az ucuzlaşma olsa daha yaxşı olardı. Qoyun ətini 10 manata, kartof soğanı 50 qəpikdən aldım. Bir də səməni alacağam”. 5 manatlıq səmənilərdən birini seçən Gülnarə xanım bizə təşəkkür edərək, bazardan çıxır.


İlknur Salamova

 






18 Mart, 2013  15:11 Baxılıb: 2239 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner