|
Avropa Birliyi Lukaşenkonunun Qərbə yolunu bağladı
Bir sıra ölkələrin səfirləri onun inaqurasiyasına qatılmayacaq
Avropa Parlamenti Belarusda seçkisonrası zorakılığı kəskin pisləyib və bu ölkəyə qarşı sanksiyaların bərpasına çağırıb. Avropa Parlamentinin Yanvarın 20-də Strasburqda qəbul etdiyi qətnamədə belə deyilir. Avropalı deputatlar konkret olaraq Belarus rəsmilərinin Avropa Birliyinə səfərlərinə qadağa qoyulmasını və Minskə bütün iqtisadi yardımların, o cümlədən Beynəlxalq Valyuta Fondunun xətti ilə yardımların dayandırılmasına çağırıb. Qətnamədə deyilir ki, sanksiyalar ən azından Belarusda həbsdə olan bütün siyasi məhbuslar buraxılana qədər qüvvədə qalmalıdır. Səsvermədən dərhal sonra Avropa Parlamentinin prezidenti Jerzy Buzek bəyanat verib: “Avropa Parlamenti daim Belarus xalqının yanında olacaq. Və biz seçkiləri saxtalaşdıran, etirazları zorakılıqla yatıran rejimi cəzalandırmaqla yanaşı vətəndaş cəmiyyətini dəstəkləmək üçün də səylərimizi ikiqat artırırıq”. Qətnaməyə 2010-cu il, dekabrın 19-dakı seçkidən sonra qapadılan ATƏT-in Minsk bürosunun açılması və Avropa Komissiyasının Minsklə əməkdaşlığa yenidən baxması da əlavə edilib. Əlavədə Parlament Avropa Komissiyasını çağırır ki, Şərq Tərəfdaşlığı çərçivəsində Budapeşt sammitinə qədər Belarusdakı vəziyyəti dəyərləndirsin. Əgər həmin vaxta qədər heç bir önəmli irəliləyiş olmasa Belarusla Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı da dayandırsın. Budapeşt sammiti bu ilin may ayında keçiriləcək. Avropa Parlamentinin bu qətnaməni qəbul etməsiylə yanaşı eyni gündə Avropa ölkələrinin səfirlərinin növbəti dəfə prezident seçildiyi elan olunan Alyaksandr Lukaşenkonun andiçmə mərasiminə qatılmayacağı da açıqlandı. Andiçmə mərasimi yanvarın bu gün Minskdə olacaq. Ancaq Avropa Parlamentinin əlində sanksiyalara nail olmaq üçün çağırış etməkdən geniş səlahiyyətlər yoxdur. Sanksiyalarla bağlı qərarı Avropa Birliyinin xarici işlər nazirləri yanvarın 31-də verəcək. Həmin gün nazirlər Belarus rəsmilərinə viza sanksiyası məsələsini müzalirə edəcəklər. Fevral ayında isə Belarusa yardım edən donor təşkilatların toplantısı nəzərdə tutulub. 2006-cı ildə, 2 il müddətində Avropa Birliyi 30-dan çox Belarus rəsminiə viza qadağası qoymuşdu. Indi isə həmin siyahıya dekabrdakı seçkisonrası etirazların yatırılmasına əmr verənlərin də adlarının salınması təklif edilir. Bu arada 6 ABŞ senatoru da Belarusa qarşı birgə sanksiyalar tətbiqinə çağıran müraciət imzalayıblar. Jozef Liberman, Jon Makkeyn və Riçard Lugarın da imzaladığı sənəddə Lukaşenko rejimini yol verdiyi cinayətlərə görə peşman edəcək real sanksiyalar tətbiqinə - viza qadğasından tutmuş, Belneftekhim şirkətiylə işgüzar əlaqələrin, bank hesabalarının dondurulmasına qədər sanksiyalar təklif edilir. Ancaq Aleksandr Lukaşenko özü yanvarın 31-ni gözləmədən sanksiya haqda söz-söhbətlərə reaksiya verib. “Əgər kimsə bizə qarşı hansısa iqtisadi, ya başqa növ sanksiya tətbiq eləsə, biz ən sərt qisas tədbirlərinə əl atacağıq”, - deyə o bəyan edib.
21 Yanvar, 2011 17:15 ⁄ Baxılıb: 2189 ⁄ Çap
Bu bölmədə
|
|
|