Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

QALASI DA, YARASI DA, BAZARI DA BİZİM OLAN DƏRBƏND – ÖZƏL REPORTAJ – FOTESESSİYA

Cəmil Əhmədli Azərbaycanlıların “yavru” vətəni Dərbənddən yazır

- “Üç kilometrlik yol qalıb sərhəddə, bu üç kilometrlik yolu yarım saata gedirik. Özün bax, bu palçıqda nə zülm çəkirik. On ildir belədir, nə qədər maşın keçir, adam keçir. Bura Azərbaycanın qapısıdır axı? Bu ölkəyə gələnin gözünə birinci bu yol girir. Amma kimə deyirsən?”

Sürücü haqlı idi. Onun dediyi yol, palçıqlı-lehməli-çalalı hara qədər uzanıb gedəcəyi, harada bitəcəyi bəlli olmayan bir «yol» idi. Amma haradasa 500 metr qalmış, dalğalanan Azərbaycan bayrağını görəndə başa düşdük ki, bəli, burası artıq sərhəddir. Burada vətən qurtarır...


Əvvəli
http://simsar.az/news/a-32344.html

Üçüncü yazı

...Sel Dərbəndi çox vurmuşdu. Düzü, buna sel də demək olmazdı. Bu, dağlardan axıb gələn palçıq axını idi. Özü də çox sürətlə gələn bu axın şəhəri alt-üst eləmişdi. Seldən ən çox Dərbəndin yaxınlığındakı, azərbaycanlılar yaşayan Sovnoba kəndi ziyan çəkdi. Dağılan, yarasız hala düşən evlər bir yana, fəlakət nəticəsində bu kəndin 5 sakini həyatını itirdi. Ölənlərdən 3 nəfəri bir ailənin, Məmmədəliyevlər ailəsinin üzvləri idi.

Rusiyanın ən böyük 3 məscidindən biri – Dərbənd Cümə məscidi

Fəlakətdən dərhal sonra Azərbaycan hökuməti də dərbəndli qardaşlarımıza yardımını əsirgəmədi. Onlarla yük maşını qardaş şəhərə ən adi tibbi, məişət ləvazimatlarından tutmuş çadıra, ərzağa qədər hər şey yolladı. Yardımlar, şəhərdəki Cümə məscidində ədalətlə paylandı. Cümə məscidindən söz düşmüşkən, bu məscid şiə məzhəbli azərbaycanlıların ibadəti üçün tikilmiş İslam aləmində ən qədim məscidlərdəndir. Açığı çox nəhəng və əzəmətlidir. Bu məscid ümumiyyətlə Rusiyada Kazandakı və Qroznıdakı məscidlərdən sonra ən böyük məsciddir. Hər cümə bu məsciddə Cümə namazına gələnlərin sayı 10 mini ötür.

Dərbəndə gələn fəlakət, palçıq selinin vurduğu ziyan hələ də aradan qaldırılmayıb. Bir qədər öncə Dağıstan respublikasının səlahiyyətlərini icra edən Ramazan Abdulatipov da Dərbəndə səfəri zamanı Rusiyanın ən qədim şəhərində selin nəticələrinin hələ də aradan qaldırılmamasından qəzəblənmişdi. Çünki federal hökumət ziyanın aradan qaldırılması üçün milyardlarla rubl pul ayırsa da, şəhərin ləzgi millətindən olan meri İmam Yarəliyevin bərbad idarəçiliyi nəticəsində şəhərin küçələri hələ də palçıq içindədir. Əsasən də, azərbaycanlılar yaşayan mahallarda vəziyyət ürəkaçan deyil.

Dərbəndin su sınağı

Şəhərin bu hissəsində ciddi su problemi var. Təbii fəlakət su xətlərini də sıradan çıxardığından indi camaat suyu maşınlarla almaq məcburiyyətindədir. Su gündə iki dəfə verilir. Səhər və axşam. Ona görə də hər ailə suya ayda 3000 rubla (təxminən 100 dollar) yaxın pul xərcləyir. Rəsmi Moskva tərəfindən ayrılmış və zərərçəkənlərə veriləcək kompensasiyaların sahiblərinə çatmasında da problemlər var. Məsələn, söhbətləşdiyimiz Sovnoba kənd sakinlərindən biri Mütəllib Abubakarov deyir ki, onun evi və tövləsi dağılıb.
“Hazırda orada yaşamırıq. Nə yaxşı ki Azərbaycan hökuməti çadır və isti ədyal, döşək göndərmişdi. Evimə və böyük tövləmə kompensasiya kimi 300 min rubl (təxminən 10 min dollar) verirlər. Mən bu pula evi necə tikim deyə adminstrasiyaya müraciət etmişəm. Deyirlər ki, sənin evin tam uçmayıb. Tam uçmayıb, amma yarasız haldadır. Bunu onlara heç cür başa sala bilmirəm”.

Dərbənd flilalından nə istəyirlər?

Dərbənddə azərbaycanlı gənclərin əksəriyyəti işsizdir. Asudə vaxtı keçirməyə belə, yer yoxdur. Telman Hacıəliyev deyir ki, şəhərdə bir dənə də olsun istirahət mərkəzi, mədəni tədbirlər keçirmək üçün məkan yoxdur. “Yığışdığımız bircə çayxanalardır, orda nə qədər oturmaq olar?”
Dərbəndli şair Tahir Saleh deyir ki, Dərbənddəki soydaşlarımız Azərbaycandan yardım və ya dəstək ummaqda haqlıdırlar: “Azərbaycan hökuməti sağ olsun, bizə mənəvi dəstəkdir. Amma biz istəyirik ki, Dərbənddə ali təhsil müəssisələri, banklar, təşkilatların filialları açılsın, bizimkilərlə bir yerdə müxtəlif istiqamətli layihələr həyata keçirilsin, övladlarımızın Azərbaycanda təhsil almasına şərait yaradılsın”.
Yeri gəlmişkən, bir qədər əvvəl Rusiya Federasiyasının təhsil nazirliyi Azərbaycanın Dərbənddəki yeganə ali məktəbinin filialına qarşı ədalətsiz addım atıb. Söhbət ondan gedir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dərbənd filialı ciddi problemlərlə üzləşib. Hətta bu filialın bağlanması təhlükəsi var. Qeyd edək ki, AİDU-nun Dərbənd filialı 1993-cü ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlayıb.
Hazırda filialda yüzlərlə tələbə təhsil alır. Azərbaycan tərəfinin maliyyəsi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilib istifadəyə verilib. Bu tədris korpuslarında 1500 tələbənin təhsil almasına şərait var. Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey daxildir.
Filiala qeyd olunan ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya və akkreditasiya verilib. Hər il Azərbaycan tərəfindən ödənişsiz və ödənişli əsaslarla tələbə qəbulu planı verilir. Filialda ödənişsiz əsaslarla təhsil alan tələbələr Universitetdə təhsil alan tələbələr qədər təqaüdlə təmin olunurlar. Filial tamamilə Azərbaycan tərəfindən maliyyələşir. İndi bəzi qüvvələr flialın guya lisenziysı olmadığına görə, qapadılmasında maraqlıdır.

İki otağa sığınmış “Dərbənd”

Dərbənddə azərbaycanlıların eyni adlı “Dərbənd” qəzeti nəşr edilir. İki darısqal otağa sığınmış “Dərbənd”in problemləri isə necə deyərlər, yerə-göyə sığmır. Təsəvvür edin, Dağıstanın qos-qoca qəzetinin üç sınıq-salxaq kompüteri var. Qəzetdə dizayner saxlamağa belə imkan yoxdur. Qəzetin əməkdaşlarının aldığı əməkhaqqı isə sadəcə gülünc doğurur: 4500 rubl. Yəni 120 manat. Bu redaksiyanın sonuncu dəfə nə vaxt təmir olunduğunu da “Dərbənd”in əməkdaşları unudublar. Azsaylı abunə yazılışını nəzərə almasaq, qəzet demək olar ki, yayılmır. Köşklərə verilmir, artıq qalan tirajı isə…bazara verilir. Yəni istifadə üçün.

Bazar demişkən, Dərbənd bazarı bir ayrı aləmdir. Qədim şəhərin bu qədim bazarı hələ də şərqliliyini qoruyub saxlaya bilib. Ən maraqlısı odur ki, bazarda danışıq dili məhz Azərbaycan dilidir. Əslində bu da təsadüfi deyil. Çünki bazarın daimi sakinlərinin böyük hissəsi Azərbaycandandır.
Dostumuz Kərim müəllim deyir ki, bura əsasən qonşu Quba, Xaçmaz, Qusardan gəlib alver edirlər. “Amma pal-paltar satanların əksəriyyəti Bakıdan gələnlərdir. Çoxdurlar, burda kirayə də qalırlar. Həm ərləri işləyir, həm də xatunları”.
Dərbəndlilər evin xanımına isə xatun deyirlər.

Yenə də, Dərbəndə şükür

Şəhəri tərk edəndə şər qarışmışdı. İnsafən şəhərin qaranlığında belə, Dərbənd qalası möhtəşəm görünürdü. Sanki buludlara baş verən bu qalanın əzəmətini sözlə dilə gətirmək çox çətindir.
Gün batan kimi Dərbənddə həyat da sanki ölür. Təkcə Dərbənddə yox, paytaxt Mahaçqalada da, Dağıstanın digər iri şəhərləri Xasavyurtda, Kaspiyskdə, Buynakskda da belədir. Səbəbi isə bu dağlar ölkəsini başına götürən terrordur. İllərdir Dağıstan terror girdabındadır. İllərdir bu gözəl ölkədə nahaq qanlar axır. Elə bir gün olmur ki, Dağıstanın hansısa rayonunda ya polislərə, ya hərbçilərə, ya da sadəcə məmurlara qarşı terror baş verməsin. Amma…
Amma bütün bu qarmaqarışqda Dağıstanın ən sakit regionu elə Dərbənddir. Bizim Dəmirqapı Dərbənd.
Bakıdan vur-tut 250 km aralıda olan “yavru vətənimiz”.
Rəqəmə diqqət yetirdinizmi? Çox da uzaqda deyil. Və bir həftənin istirahət günlərini sərf edib bu yurd yerini ziyarət edin. Orada sizi qonaq kimi qarşılamayacaqlar. Qardaşdan nə qonaq?

Cəmil Əhmədli,
Dərbənd

 






13 Mart, 2013  15:11 Baxılıb: 3803 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner