Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

«MONQOL-TATARLARDAN BƏRİ DƏRBƏND BELƏ FƏLAKƏT YAŞAMAMIŞDI» – ÖZƏL REPORTAJ

Cəmil Əhmədli Azərbaycanlıların “yavru” vətəni Dərbənddən yazır

- “Üç kilometrlik yol qalıb sərhəddə, bu üç kilometrlik yolu yarım saata gedirik. Özün bax, bu palçıqda nə zülm çəkirik. On ildir belədir, nə qədər maşın keçir, adam keçir. Bura Azərbaycanın qapısıdır axı? Bu ölkəyə gələnin gözünə birinci bu yol girir. Amma kimə deyirsən?”

Sürücü haqlı idi. Onun dediyi yol, palçıqlı-lehməli-çalalı hara qədər uzanıb gedəcəyi, harada bitəcəyi bəlli olmayan bir «yol» idi. Amma haradasa 500 metr qalmış, dalğalanan Azərbaycan bayrağını görəndə başa düşdük ki, bəli, burası artıq sərhəddir. Burada vətən qurtarır...


Əvvəli
http://simsar.az/news/a-32279.html

İkinci yazı

Padar, Qaradağlı, ərəblər...

Dərbənd rayonu Dağıstanın ən böyük rayonlarından biridir. 38 kəndi və 2 qəsəbəsi var. Bu yaşayış məskənlərin hamısında azərbaycanlılar yaşayır. Kəndlərdən 16-sı bütündüklə azərbaycanlılardan ibarətdir.
Bu kəndlərin adlarına diqqət yetirin: Bərəkəy, Dəliçoban, Vəlikənd, Yuxarı Calğan, Aşağı Calğan, Gəmikənd, Zidyan, Padar, Rükəl, Tatlar, Qaradağlı, Ərəblər, Çinar, Nüğədi, Ullu-Tərəkəmə, Xəzər...
Bu adlara Azərbaycanda da rast gəlmək mümkündür. Burda bir maraqlı məqamı da vurğulamağı lazım bilirik. Sən demə, Dağıstanda yaşayan digər xalqlar Dərbənddə yaşayan soydaşlarımızı “qacarlar” da deyə çağırırlar. Bu da Nadir şahın 18-ci əsrdə buralara etdiyi yürüşlərlə əlaqələndirilir.
Azərbaycanlılar paytaxt Mahaçqalada, Kaspiyskdə, Xasavyurtda belə yaşayır. Amma Dərbənd rayonundan sonra onların ən sıx məskunlaşdığı rayon Tabasaran rayonudur. Bu rayonun Marağa, Sanaq, Hil, Zil, Ərək, Darvaq, Pənci kəndlərində əhalinin böyük əksəriyyəti azərbaycanlılardır.

Erməni icra aparatı rəhbəri

Dağıstanın Dərbənd rayonundakı azərbaycanlıların sayında azalma yoxdur. Əksinə, ölkədə keçirilən son siyahıyaalmanın nəticələrinə görə Dərbənd rayonunda artım müşahidə olunur. Dərbənd rayon adminstarsiyasının mətubat katibi Məhərrəm Nurəhmədov “Simsar”ın əməkdaşı ilə söhbətində deyir ki, hazırda rayonda 65 mindən çox azərbaycanlı yaşayır. Ümumilikdə isə Dağıstanda yaşayan azərbaycanlıların sayı 110 mindən çoxdur.

Dərbənddə şəhər meriyası seçkili orqan kimi ayrıca fəaliyyət göstərir. Şəhərin meri isə ləzgi millətindən olan İmam Yarəliyevdir. Onun iki müavini azərbaycanlıdır. Amma ən maraqlısı odur ki, Yarəliyevin rəhbəri olduğu meriyanın icra aparatının sədri erməni Avanes Ambartsumovdur.

BDU Dərbənddə?

Ötən dəfə Dərbənd rayon adminstrasiysının başçısı, milliyyətcə azərbaycanlı olan Qurban Qurbanovun şəhərdəki tarixi Azərbaycan məkanlarına bir qədər laqeyd yanaşmasından söhbət açmışdıq. Qurban Qurbanov köklü nəslin nümayəndəsidir. Onun atası Seyid Qurbanov uzun müddət rayona rəhbərlik edib. Qardaşı Məhəmməd Qurbanov isə Dağıstan respublikasının Azərbaycandakı nümayəndəsidir. Sakinlərlə söhbət zamanı məlum oldu ki, Qurbanovlar rəsmi Bakıyla sıx əlaqələrindən istifadə edib regionda çox iş görə bilərlər.

“Azərbaycandakı inkişaf göz qabağındadır. Niyə sizin biznes adamlarınız Dərbəndə sərmayə yatırmasınlar? Müəssisə tikməsinlər? Niyə Bakı Dövlət Universiteti kimi ali məktəbin burada filialı açılmasın? Buna nəinki cəhd etmək lazımdır, bunu etmək lazımdır. Azərbaycan bizim ata vətənimizdir. Biz sizdən ummayıb, kimdən umaq?” – bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvu, Dərbənddəki “Gülüstan” Ədəbi Birliyinin sədri, jurnalist Tahir Saleh deyir. O bildirir ki, bu gün Dərbəndin və Dağıstanda yaşayan azərbaycanlıların ən böyük problemlərindən biri də konsulluq məsələsidir.

Pasport əhvalatı

“Mütləq konsulluq açmaq lazımdır. Azərbaycan prezidenti İlham Əliyevin Dağıstan Respublikasında bir neçə müəssisə yaratmaq və Olimpiya Kompleksinin tikintisi barədə tapşırığı var. Bütün bunlarla yanaşı, hesab edirəm ki, konsulluq açmaq da mühüm addım olar”.
Tahir müəllim deyir ki, elə olub evində neçə-neçə azərbaycanlını saxlayıb. “Təsəvvür edin. Moskvadan, Rusiyanın ucqarlarından gəlirlər, sərhədə çatanda məlum olur ki, pasportlarında, digər sənədlərində problemlər var. Həmin problemi həllə etmədən sərhədi keçib getmək olmur. Sənədləri isə ancaq Moskvada qaydaya salmaq mümkündür. İndi bu adam Dərbənddən iki sutka yol gedib Moskvaya çatmalıdır. Səfirliyimizi tapmalı, bir-iki gün vaxt itirməlidir. Amma Dərbənddə konsulluq olsa, elə buradaca sənədləri qaydasına salmaq mümkündür. İnandırım sizi, bəzən ailəylə, uşaqla gəlirlər vağzalda qalırlar. Adamın ürəyi ağrıyır. Rastıma çıxanda evə gətirirəm, yedirirəm, başqa köməklik edirəm. Amma bu çıxış yolu deyil axı?”

Tahir müəllim yarızarafat bir maraqlı əhvalat danışır. Deyir inişil, bir nəfəri yerli polislər tutmuşdular. “Təsəvvür edin, sovet pasportu ilə. Mən polisə getdim, məlum oldu ki, bu adam 91-ci ilin aprelində Tomskda cinayət törədib, həbsə düşüb. Həbsxanada təkrar cinayət törədib. Üstü-üstə 20 ilə yaxın yatıb. Bu içəri girəndə SSRİ mövcud idi, sovet pasportları vardı. Yazıq, sovetin dağılmasını belə anlaya bilmirdi. Elə bilirdi ki, əvvəlki vaxtlarda olduğu kimi sərhədi keç, get. Onun sovet pasportunu əvvəl şəxsiyyət vəsiqəsi, sonra ümumvətəndaş pasportu ilə dəyişməsi üçün iki ay zülm çəkdik. Əslən Balakənli idi. Heç bilmirəm evlərində onu gözləyən vardı, ya yox. Amma ürəyi kəndlərində idi ki, bircə sərhədi keçib gedəydi”.

Burada hicaba qadağa yoxdur!

Dərbənddəki Azərbaycan məktəblərində tədris ana dilimizdədir. Özü də latın qrafikasıyla. Di gəl ki, məktəblərdə dərslik çatışmazlığı hökm sürür. Jurnalist Telman Hacıəliyevin dediyinə görə, müntəzəm şəkildə dərsliklər göndərilsə, bu problemi həll etmək mümkündür.

“Bundan başqa, Azərbaycanın ali məktəblərinə də dərbəndli şagirdlərin güzəştli qəbuluna böyük ehtiyac var. Məktəblərdə, xüsusən azərbaycanlılar yaşayan kəndlərdəki məktəblərdə Azərbaycan dilini tədris edən müəllimlərə böyük ehtiyac var. Ağsaqqallar xahiş etsə, ya da elə yerli adminstrasiya Qubadan, ya digər sərhəd kəndlərində yaşayan azərbaycanlı müəllimlərin bura gəlib işləməsi üçün güzəştlər əldə edə bilərlər. Ev, bir qədər yüksək əməkhaqqı verməklə buna nail olmaq olar. Çünki rus dilində dərs deməklə alınmır. Uşaqlar öz tarixlərini, ədəbiyyatlarını, mədəniyyətlərini öyrənməlidirlər. Söy-köklərinin kimliyini unutmamalıdırlar”.

Bir qədər əvvəl Dərbənd şəhərinin Təhsil Şöbəsinin müdiri Mühitdin Qəhrəmanov Azərbaycan Təhsil Nazirliyindən kömək istəyib. Nazirlikdən Dərbənddəki məktəblərdə Azərbaycan dilinin tədris saatlarının artırılması və keyfiyyətin yaxşılaşdırılması xahiş olunub. Məlumat üçün deyək ki, hazırda Dərbənddə Azərbaycan dili birinci sinifdən 4-cü sinfə kimi həftədə 5 saat, 5-ci sinifdən 9-cu sinfə kimi həftədə 4 saat, 10-11-ci siniflərdə isə həftədə 2 saat tədris olunur. Amma bununla belə bu dərs saatlarının tədris etmək üçün belə müəllim çatışmır.
Məktəbdən söz düşmüşkən, bir maraqlı məqam: Dərbənddəki heç bir məktəbdə, istər şəhər, istərsə də kənd məktəblərində qız şagirdlərinə hicab taxmaq qadağası yoxdur.
Ümumiyyətlə, bu cür qadağanı yerli hakimiyyət qurumları və təhsil şöbəsi heç ağlından da keçirmir.

“Bizdə vahid məktəbli forması yoxdur. Düzdür, əyninə də hər şeyi geyib gəlməyə yol verilmir. Amma qızlar istər yubkada, istər şalvarda, istər hicabda, ya hicabsız, fərqi yoxdur, məktəbə gələ bilərlər. Eləcə də müəllimlər. İdman dərslərində belə qızlar istəsələr, başıbağlı iştirak edə bilərlər və buna da heç bir qadağa yoxdur”.

Telman onu da deyir ki, əksinə, sübut olunub ki, inanclı ailələrdən çıxan və hicab taxan qızlar təhsilə daha həvəsli olurlar.

Qəfil palçıq seli

Dərbəndin ən qədim hissəsi “mağal”, “maqal” adlanır. Çoxmillətli şəhər olsa da, Dərbəndin bu hissəsində ancaq və ancaq azərbaycanlılar yaşayır. Qala divarlarına bitişik elə evlər var ki, onların yaşı bəlkə də beş yüz ili ötür. Amma ötən ilin payızında bura gələn palçıq seli şəhərin bu qədim hissəsini az qala xarabalığa çevirdi. Elə dostumuz Kərim müəllimin sözü olmasın, monqol-tatarlardan üzü bəri Dərbənd hələ belə fəlakət yaşamamışdı. Rusiya federal büdcədən şəhərə dəyən ziyanı aradan qaldırmaq üçün 1 milyard rubl pul ayırdı. Amma…
Amma şəhər hələ də özünə gəlməyib. Niyəsini və digər məqamları isə növbəti yazılarımızda oxuyacaqsınız...

Cəmil Əhmədli,
Dərbənd

 






7 Mart, 2013  20:47 Baxılıb: 3260 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner