Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

AZƏRBAYCANLILARIN “YAVRU” VƏTƏNİ – DƏRBƏNDDƏN ÖZƏL REPORTAJ – FOTOSESSİYA

...Yalamaya, Rusiya ilə sərhəddəki “Xanoba” keçid məntəqəsinə çathaçatda sürücünü od götürdü.

- “Üç kilometrlik yol qalıb sərhəddə, bu üç kilometrlik yolu yarım saata gedirik. Özün bax, bu palçıqda nə zülm çəkirik. On ildir belədir, nə qədər maşın keçir, adam keçir. Bura Azərbaycanın qapısıdır axı? Bu ölkəyə gələnin gözünə birinci bu yol girir. Amma kimə deyirsən?”

Sürücü haqlı idi. Onun dediyi yol, palçıqlı-lehməli-çalalı hara qədər uzanıb gedəcəyi, harada bitəcəyi bəlli olmayan bir «yol» idi. Amma haradasa 500 metr qalmış, dalğalanan Azərbaycan bayrağını görəndə başa düşdük ki, bəli, burası artıq sərhəddir. Burada vətən qurtarır.

Yavru vətənə doğru

Amma şərti qurtarır. Bu, inzibati bölgüdür. Çox yox, elə bu sərhəddən 70 kilometr sonra başqa bir vətən torpağına yetəcəyik. Türklər Quzey Kıbrısı “Yavru vətən” adlandırırlar. Hərdən adama elə gəlir ki, bura, yaşı az qala 5000 ilə çatdığı deyilən Dəmirqapı Dərbənd də Azərbaycanın “yavru vətəndir”.

Bu torpaqlar bizimdir, bunu şəhərdə hər an hiss etmək mümkündür. Hansı dövlətin, hansı imperiyanın tərkibində olrusa-olsun fərq etməz, Dərbənd qədim Azərbaycan tarixinin simasıdır.

Sərhəddə, səhv etmirəmsə, ləzgi taksi sürücüsü eynən bizdəki kimi 4 nəfər müştəri axtarır. İxtisasca müəllimdir. Deyir, özü Dərbəndin Məmmədqala kəndində müəllim işləyir. Amma maaş az olduğundan öz maşınından taksi kimi də istifadə etmək məcburiyyətindədir.

Tahirkənddən aralanan kimi qarşıdakı postu göstərir.

- Sənədləriniz düzdür?

- Sərhədi indi keçmişik, necə bəyəm?

- Bunlar miqrasiya kartında nə isə adi, xırda bir səhv tapan kimi ilişirlər. Ona görə deyirəm. Amma bizim maşını postda saxlamırlar.

- Ona görə daha çox postlara hücum edirlər eləmi?

Sürücü bu mövzudan ustalıqla qaçır. Düz də edir. Nə bilir maşınında apardığı, necə deyərlər, hansı yuvanın quşudur? Amma reallıq budur ki, Dağıstan bu gün sözün həqiqi mənasında terror girdabındadır. Bir qədər əvvəl respublika prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipov özü etiraf etmişdi ki, rəhbəri olduğu respublika dünyanın terrordan əziyyət çəkən beş ən böyük regionundan biridir.

Dərbəndin girəcəyindəki postda isə maşını saxlayırlar. Sadəcə sürücünün sənədlərinə baxıb əl çəkirlər.

“Kim hara gedir?” – bizim sürücü dillənir.

“Siqnalizasiyanı niyə söndürüblər, bilinmir”

Maşındakılar “köhnə bazar”a gedirlər. Biz isə dostumuz Kərim müəllimi axtarırıq. Kərim müəllim yerli “Dərbənd” qəzetində çalışır. Azərbaycan dilində çıxan bu qəzet şəhər meriyasının orqanıdır. Darısqal bir otaqda yerləşir – “Dərbənd”. Bu qəzetin fəaliyyəti ilə bağlı danışacağıq. Amma hələlik Kərim müəllimlə Dərbənddə baş verən son vandalizm faktı barədə söhbət edirik.

Xatırlayırsınızsa, bu barədə Azərbaycan mətbuatında ilk dəfə “Simsar” yazdı. Bir neçə gün əvvəl gecə saatlarında Dərbənd şəhərindəki “Narın-Qala” muzeyi qarət edildi.
Qarətçilər muzeydən xeyli əşya və əlyazma oğurlaya bildilər. Oğurlanan eksponatlar arasında qədim silah və bəzək əşyaları da vardı.

Kərim müəllim deyir ki, qaladakı muzeydə həmişə siqnalizasiya olub. “Amma maraqlıdır ki, həmin gün siqnalizasiyanı söndürüblər. Ya da işləməyib. Bəlkə də çox şey oğurlanıb, amma demirlər. Yerli polis də oğurlanan eksponatlarla bağlı həvəssiz araşdırma aparır. Çünki oğurlanan eksponatların həqiqi dəyərini dərk etmirlər”.

Həmkarımızın sözlərinə görə, oğurlanan eksponatlar arasında ən dəyərlisi imperator ikinci Aleksandrın Qafqaz canişini Aleksandr Baratinskiyə bağışladığı qılınc olub. “ Düzdür, qılınc qızıldan deyil, amma tarixi bir əşyadır. Onun on min dollarla ölçülən qiyməti var. Həmin qılınc Aleksandr Bartinsikyə şəxsən təqdim edilibmiş. Bartinskinin ölümündən sonra təsadüf nəticəsində bizim muzeyə gəlib çıxıb. Yadımdadı, SSRİ vaxtı neçə dəfə həmin qılıncı Moskvaya, Leninqrada, “Ermitaj” muzeyinə aparmaq istəyiblər. Amma Dərbənd ziyalıları buna razı olmayıb. Budur, indi həmin qılınc hansısa nadanın əlinə keçib, aparıb kiməsə dəyər-dəyməzinə satacaqlar”.

Kərim müəllim onu da deyir ki, qaladan xeyli xəncər və 18-19-cu əsrlərə aid çoxlu sənəd də oğurlanıb. Qarətçilər muzeydə bir neçə tarixi dəyəri olan qab-qacağı, küpləri, gildən hazırlanmış digər əşyaları da sındırıblar. “Onları kim bərpa edəcək Allah bilir. Dərbəndin tarixinin bir parçası hansısa axmağın ucbatından da belə məhv oldu”.

Putin niyə səhv eləyib?

Dərbəndin tarixi 5 min il bundan əvvələ gedib çıxır. Tarixi araşdırmayla işimiz yoxdur, amma Rusiya prezidenti Vladimir Putinin bir qədər əvvəl verdiyi sərəncam dərbəndlilərin kefinə əməlli soğan doğrayıb. Putin 2015-ci ildə dərbəndin 2000 illiyinin qeyd edilməsi barədə fərman verib. Amma Kərim müəllim deyir ki, prezidentə səhv məlumat veriblər.

“Qalada həmişə qazıntı gedib. Arxeoloqlar işləyiblər. Hələ SSRİ dönəmində Moskvadan gələn arxeoloqlar sübut etmişdilər ki, Dərbənddə eramızdan əvvəl VII-VI əsrlərə aid yaşayış məskənləri olub. Elə Herodot da hələ eramızdan əvvəl 5-ci əsrdə mövcud olmuş “Dərbənd keçidi”nin adını çəkib. YUNESKO da deyir ki, Dərbəndin azı 3000 il yaşı var. Amma Putin belə fərman verir. Fərmanın məsələyə dəxli yoxdur. Dərbənddə hamı bilir ki, bizim şəhər dünyanın ən qədim şəhərlərindəndir. Bəlkə də ən qədimidir”.

Tualetə çevrilən teatr binası

Dərbəndilər öz şəhərlərin çox sevirlər. Burada yaşayan azərbaycanlılar üçün Dərbənd qalası sadəcə tarixi bir istehkam deyil, həm də şərəf məsələsidir. Ona görə də, şəhərə gələn qonağını ilk dəfə ora aparılar. Bu şəhərdə Azərbaycanlıların teatrı da var. Amma 15 ildən çoxdur ki, bu teatra yiyə duran yoxdur. Teatr binası sanki xarabalığı xatırladır – yarı uçuq, yarı...

Kərim müəllim deyir ki, bu bina vaxtıyla kinoteatr olub. Amma 20 il əvvəl Azərbaycan hökuməti bu binanı Azərbaycan teatrı üçün alıb. “Düz iyirmi ildir bu bina tkilir. Nə günə qalmışıq ki, Azərbaycan teatrı ləzgi dram teatrının binasında fəaliyyət göstərir. Onların bir neçə otağına sığışıb. İndi Dərbənd ziyalıları yığışıb Mehriban xanım Əliyevaya müraciət etmək istəyir ki, bəlkə Heydər Əliyev Fondu bizə kömək elədi”.

Binaya baxanda adamın doğrudan da ürəyi ağrıyır. Elə bil müharibədən çıxıb. Ən dəhşətlisi isə odur ki, teatrın binası ətrafdakı kafelərdə yeyib-içənlərin, yoldan keçənlərin tualetinə çevrilib. Halbuki bu teatr Rusiya Federasiyasında fəaliyyət göstərən yeganə Azərbaycan teatrıdır.

Müqəddəslərin basdırıldığı qəbiristanlıqda rəzalət

Ümumiyyətlə, Dərbənddə Azərbaycan adına nə varsa, etiraf etməliyik ki, bərbad vəziyyətdədir. İstər Nizaminin heykəli və yerləşdiyi park olsun, istərsə də nəinki Dərbəndin və Dağıstanın, Rusiyanın ən qədim qəbiristanlığı olan “Qırxlar” qəbiristanlığının vəziyyəti acınacaqlıdır. Təsəvvür edin, “Qırxlar” qəbiristanlığı deyilən yerdə İslam aləminin 40 müqəddəsinin basdırıldığı deyilir. Bura neçə əsrlərdir ziyarətgahdır. Amma baxımsızlıq ucbatından dağılıb gedir. 

Dərbənd ağsaqqalı Hacı Murad deyir ki, neçə dəfə Dərbənd rayon adminstarsiyasının başçısı Qurban Qurbanova demişik ki, buranın təmirinə kömək etsin. “O, azərbaycanlıdır. Atası Seyid Qurbanov Dağıstanın ağsaqqalı olub. Dəfələrlə məktub yazmışıq, qəbuluna düşmüşük ki, bu məsələdə bizə kömək elə. Heç bir kömək eləməyib”.

Ağsaqqaldan Dərbənd rayon adminstarsiyasının başçısı başçısı Qurban Qurbanovun onlara nə üçün kömək göstərmədiyini soruşduq.

Ağsaqqal sadəcə başını buladı…Amma niyəsini araşdıra bildik. Həm də başqa məsələləri də. Sən demə…

Bu barədə növbəti yazımızda oxuyacaqsız...

Cəmil Əhmədli,
Dərbənd






6 Mart, 2013  15:46 Baxılıb: 3378 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner