Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ÜFUNƏT İYİ VERƏN BİNA, DƏRDLİ ADAMLAR –“QIZILQUM”DAKI XOCALI KÖÇKÜNLƏRİNDƏN – REPORTAJ – FOTOSESSİYA

“Məmurlar, deputatlar gəlib bircə gün bu üfunətdə yaşaya bilərlər?”



Hər il Xocalı soyqırımı günü yaxınlaşdıqda ölkə səviyyəsində və beynəlxalq aləmdə bu soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Orda həlak edilənlər pafoslu cümlələrlə anılır...ancaq Xocalını tərk etməyə məcbur edilərək 21 ildir məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanların taleyi ilə maraqlanmaq nədənsə bəzilərinin heç yadına da düşmür. Xocalı faciəsinin ildönümü ərəfəsində Bakının Pirşağı qəsəbəsindəki keçmiş “Qızılqum” sanatoriyasında məskunlaşdırılmış Xocalı köçkünləri ilə görüşüb, onların vəziyyəti, yaşayış şəraiti, bəzilərinin keçmiş taleyi ilə maraqlandıq.






Bakının dəbdəbəli yaşayışından uzaq bir yer...

Müharibənin ağır nəticələrini yaşamış insanlarla görüşməyə gedirik. Azadlıq metrostansiyasının yanında mindiyimiz 179 nömrəli avtobus bizi Bakının dəbdəbəli yaşayışından çox fərqli, uzaq bir yerə aparır. Elə ayağımızı bu yerə qoyan kimi müharibənin ağrı-acısını yaşamış, üzlərində Vətən həsrəti, Qarabağ boyda bir kədəri olan insanlarla rastlaşırıq. Əvvəllər sanatoriya adlanan Qızılqum indi onların yaşayış yerinə çevrilib. Onlar bəzilərinin görə bilmədiyi yara daşıyırlar ürəklərində. Bu yaralar qaysaq bağlamağa başlayanda da yəqin ki, bizim kimi jurnalistlər qoparır bu qaysağı... Onsuz da dərdlərini deməyə kim var ki...
Burda hər tərəfdə bir sükut, bir kədər hökm sürür. İnsanların ağrı-acısı sanki ağacların, daş divarların yaddaşına hopub. Arada üç-bir, iki-bir adamlar gözə dəyir, təbiətin lal sükutunda...
Sanatoriyanın həyətinə girdikdə ilk olaraq diqqətimizi kiçik həyətyanı sahədə yer belləyən Xocalı köçkünü cəlb edir. Yanına yaxınlaşıb, hal-əhval tuturuq. Nə üçün gəldiyimizi xəbər alır. Məqsədimizi bildikdən sonra bizimlə o illərə qayıtmaqdan imtina edir. Səbəbini soruşduqda “21 ildir jurnalistlər gəlir, dərdimizi-odumuzu deyirik, yazıb, çəkib gedirlər. Ancaq nə mənası var. Elə 21 ildir ki, eyni problemi yaşayırıq. Nə bir maraqlanan var, nə də dərdimizə əlac edən”.

Qıfıllı, qırmızı lentli qapılar...



“Qızılqum” sanatoriyasında Xocalı köçkünlərinin daha çox məskunlaşdığı binaya yaxınlaşırıq. Yataqxanaya bənəzəyən binaya daxil olduqda üfunət iyindən adamın bağrı çatlayır. Dəhliz boyu elektrik xətləri çəkilib. Divar üzlükləri nəmişlikdən qopub. Burdakı qapılar diqqətimizi daha çox çəkir. Bəzi evlərin qapısında qıfıl, bəzilərininkində isə qırmızı lent var. Qapısını ilk döydüyümüz evdə Xocalı köçkünü yaşamır. “Dəhlizin sonuna qədər gedin, orda Əntiqə xala var. Şəhid ailəsidir”- deyir. Əntiqə xala bizi xoş üzlə qarşılayır, ancaq səhhəti ilə əlaqədar danışa bilmir. “Yuxarı mərtəbələrdə də Xocalı köçkünləri var” - deyir.
İkinci mərtəbədə Azadə Mahmudova ilə qarşılaşırıq. Xocalı faciəsinin canlı şahidi olan Azadə xanım jurnalist olduğumuzu öyrənəndə danışmaq istəmir (Bu halla bir neçə dəfə qarşılaşdıq, köçkünlər 21 ildir eyni hekayəni danışmaqdan yorulduqlarını deyirlər). Amma sonra Azadə xanım gördüyü dəhşətlər haqqında məlumat verir. Deyir, Xocalıdan belində bir yaş iki aylıq uşaqla qaçıb: “Bizim xəbərimiz yox idi ki, ermənilər hücum edəcək. Ayın 25-i səhərə yaxın, saat 4-ə işləmiş gördük ki, kəndə doluşdular. Qaçdıq meşəyə. Meşədə qarın üstü ilə ayaqyalın Şelliyə, oradan da Ağdama gəldik. Yolda çox adam yaralandı, ölənlər oldu. Üç gün sonra bizi bir avtobusa yığıb bura gətirdilər. 21 ildir burada yaşayırıq”.
Azadə xanım üç uşaq anasıdır, iki qızı, bir oğlu var. Hadisə gecəsi meşə ilə belində gətirdiyi oğlu artıq hərbi xidməti başa vurub. Qızları ailə həyatı qurub. Deyir ki, nə zaman ev veriləcək, onda da oğlunu evləndirəcək. “O üç uşağı bu balaca otaqda böyütmüşəm. Heç kimə ağız açmamışam. Bura köçəndən məktəbdə xadiməlik edirəm. Oğlum universitet oxuya bilmədi, fəhlə işləyir. Vaxtilə dövlət yardım verirdi. Sonra dayandırdılar”
Məcburi köçkünlərə verilən evlər barəsində suallarımızı cavablandıran Azadə xanımın bir xahişi var: “Bircə öz qəbirstanlığımız ətrafından ev verilsin. Mehdiabad tərəfdən. Çox uzaq yerə getmək istəmərik. İki dəfə Xankəndidən Xocalıya, Xocalıdan Ağdama qaçqın düşmüşəm. Sonra da bura. Təzə yerə öyrəşmək istəmirik. Onsuz da atalarımızın qəbri orada qalıb, barı buradakılar unudulmasın”.

“Qismətini kimlər yazdı, ay Xocalım”

Azadə xanımla danışan zaman qonşuları da söhbətimizə qoşulur. Onlardan öyrənirik ki, bir müddət öncə Xocalı köçkünü Şüxəddin xala vəfat edib. O qanlı hadisə gecəsi üç övladını itiribmiş. Biri itkin düşüb, digərləri isə şəhid olub. Şüxəddin xalanın yas mərasimini dövlət keçirib.
Ağdam rayon köçkünü qızının Xocalıya aid şeir deməsini istəyir. İkinci sinifdə oxuyan Aytac əvvəlcə utanıb-çəkinsə də sonra şeiri deməyə başlayır:
“Qismətini kimlər yazdı, ay Xocalım,
Fələk belə qismət yazmaz bəndəsinə.
Dərdin, qəmin yada düşür, saç ağarır,
Qalxsa vətən, düşmən dözməz nərəsinə,
Çalxalandı, parçalandı, talan oldu ev eşiyim,
Körpələrsiz qaldı sənin of beşiyin,
Kömək tapa bilmədilər haray deyib qışqıranlar
Qar üstündə, yol üstündə canlarını tapşıranlar”.
Aytacın bizə söylədiyi bu şeiri məktəbdə Xocalı faciəsinə həsr olunacaq mərasimdə deyəcəyini öyrəndik.

Fotoaparata gülümsəyən uşaqlar, şəklinin çəkilməsini istəməyən ana...

Qonşular 3-cü mərtəbədə Sevda xanımın yaşadığını deyirlər. O da şəhid ailəsidir.
Qapını döyürük, açan Sevda xanımın gəlini Vüsalədir. “Bibim televiziyaya çəkilişə gedib” – deyir. Bizimlə danışmaq istəmir. Evdəki gözəl-göyçək uşaqları görürük. Ayaqüstü uşaqları əzizləyirik. Onlarla etdiyimiz söhbətə Vüsalə xanım da qarışır. Sonra da öyrənmək istədiklərimizdən danışır. Qanlı faciə ondan anasını və atasını alıb. Deyir, ilk dəfədir o hadisələr haqqında danışıram: “Atam Vaqif Məhərrəmovu, anam Bəsirə Məhərrəmovanı öldürüblər. Biz uşaqlar Ağdamda əmimgildəydik. Ölüm xəbərlərini kimin verdiyini də xatırlamıram”.
Vüsalə bibisi Sevda xanımın oğlu ilə ailə həyatı qurub. Ramal və Tunar adlı iki oğlu var. O da evlərinin balacalığından şikayətlənir. “Suyumuz, işığımız var. Ancaq qaz heç vaxt gəlməyib. Evi elektrik qızdırıcıları ilə isidirik. İşıq pulu vermirik. Bu günə kimi heç kim bizim şəraitimizlə maraqlanmayıb, təkcə hər il faciənin ildönümündə jurnalistlər gəlir”- deyən müsahibimiz şəkilinin çəkilməsini istəmir. Onun əvəzinə Tunarla Ramalı çəkirik. Onlar da əl-ələ tutub fotoaparata gülümsəyirlər.
Digər Xocalı köçkünlərinin evlərinin yerini soruşuruq, Vüsalə qohumu Nəzrindən bizə yol göstərməsini istəyir. Yuxarı mərtəbələrə çıxsaq da, heç kimi evdə tapa bilmirik. Nəzrinlə söhbətləşirik. 4-cü sinif şagirdi Xocalının işğal olunmasını belə izah edir: “Ermənilər istəyirdilər ki, bütün gözəl yerləri alsınlar. Xocalı da çox gözəl yer olub. Ermənilər gəlib xocalıdakıları qırıblar. Orda balaca uşaqları öldürüblər. Bibimin anası, atası orada rəhmətə gedib”.

“Oğlumu öz silahı ilə vurublar”

Nəzrinlə vidalaşıb birinci mərtəbəyə enirik. Məktəbli uşaqlardan öyrənirik ki, bu mərtəbədə iki şəhid ailəsi yaşayır. Güldənə nənənin evini göstərirlər. Güldənə Eyvazovanın 65 yaşı var. O da hadisə gecəsi meşə ilə Şelliyə gələnlərdəndir. Burada kiçik bir otaqda məskunlaşıb. Otaqda iki nəfərin eyni anda hərəkət etməsi mümkünsüzdür. Mismardan paltarasılan, köhnəlmiş döşəmə və divar örtüyü, elektrikli qızdırıcılar, yer yatağı, dərman qutuları... Güldənə nənə qanlı gecədə bir oğlunu itirib, həyat yoldaşı isə girov düşüb. Deyir oğlu rayonda maldarlıq üzrə baş həkim işləyirmiş. Erməni gülləsinə tuş gələndə Hidayətin 28 yaşı var imiş: “Meşəylə bir gəlirdik. Bizdən bir az aralıda idi. Əlində tüfəng var idi. Ermənilər daha çox milli geyimdə olanları, bir də əlində silah tutanları öldürürdülər. Güllə başından dəyib. Öz silahı ilə vurublar oğlumu. Mən görmədim. 4 gün sonra meyitini meşədən gecə ilə gətirdilər. Hansısa xocalılı uşaq görüb tanımışdı. O biri oğlum də kanalla üzüb gəlmişdi, onu tuta bilməmişdilər”.
Güldənə nənə yoldaşının girov düşməsindən də danışır: “Yoldaşımı tutub Xankəndinə aparmışdılar. Bütün dişlərini çəkmişdilər. Tövləyə salıblar, yerə də samanla su töküblər. Deyir, otura bilmirdik, ayaq üstə qalmışdıq. Ermənilər içib, gəlib girovları döyürmüşlər. Qardaşım Oğuzdan erməni tutub apardı, 14 nəfərlə dəyişdilər. Qayıdandan sonra 6 il xəstə yaşadı, rəhmətə getdi. Qardaşım oğlu da itkin düşdü. O gecədə hər ailənin itkisi oldu”.
Güldənə nənə deyir ki, Milli Ordu olmasaydı, onlar da girov düşəcəkdilər. “7 erməni bizi girov götürməyə gəlmişdi, oğlum özünü Şelliyə çatdırıb, Milli Orduya xəbər verdi. Onlar da gəldilər, ermənilərin gizləndiyi yerə qranat atdılar. Hamısı qırıldı”.

Gülcənnət nənə : “Xocalıda çox gözəl yaşayırdıq...”

Bu kiçik otaqda qızı ilə birgə yaşayan Güldənə nənə pensiya ilə dolandıqlarını açıqlayır. Şəraitdən o da narazıdır. Hökumətin ev verməsini səbirsizliklər gözləyir. “Qapını bağlasan, qoxudan dayana bilməyəcəksən. Ev verilsə, biz də 5 gün rahat yaşayardıq. Xocalıda çox gözəl yaşayırdıq. Kefimizə kef çatmazdı, toyuq-cücə, mal-qara saxlayırdıq, bostan əkirdik. Orada qalsaydıq, indi milyonçu idik. 20 ildir bağrımız çatlayır, betonun üstündə xəstəlik tapmışıq”.
Güldənə nənə torpaqların geri qayıtmasını, oğlunun, qardaşlarının qanının yerdə qalmamasını çox istəyir. Sonra bizi qonşusu və qudası 80 yaşlı Gülcənnət nənənin yanına aparır. Əvvəlki otaqdan iri olan bu evdə köhnə əşyalar yerləşdirilib. Gülcənnət nənə yeriməkdə çətinlik çəkir və bu evdə tək yaşayır. O səbəbdən otaqda səliqəsizlik hökm sürür. Bizi görən kimi girov düşmüş qızından danışır. 4 uşaq anasından bu günə kimi xəbər yoxdur: “Ermənilərdən qaçanda qızım oğlu ilə bir yerdəymiş. Boynundakı pul kisəsini oğluna verib, deyib qaç, mənim taqətim qalmayıb. Qar ayaqların dondurubmuş. 30 yaşı var idi. Çox gözəl idi. Nəvəm qaçıb onun da ayaqlarını don vurub, bizim əsgərlər xilas ediblər. Sonra onun bir ayağı kəsildi. Yaxşı şəraitimiz var idi, ay bala. Bizə zülm etdilər. Qardaşlarımın 3 oğlu öldürüldü”.
Gülcənnət nənə deyir ki Ağdama gələndə hər gün gətirilən meyitlərin içində qızını axtarırmış. Hətta Ağdamda basdırılan naməlum hadisə qurbanlarından birinin qəbirini açdırıblar. Amma bu axtarışlar nəticə verməyib. Bir müddət sonra “Qızılqum” sanatoriyasında Xocalı köçkünlərinin məskunlaşdığını öyrəniblər və bura köçüblər. İndi ona oğlu baxır...
Gülcənnət nənə ilə sağollaşırıq. Həyətdə köçkünlərlə söhbətdə öyrənirik ki, hər il icra qurumları onlara anım mərasimi keçirmək üçün maliyyə ayırır. Hazırlıqları isə köçkünlər özləri edir...

İstismara yararsız yaşayış binası

Oxuculara məlumat üçün deyək ki, “Qızılqum” Sanatoriyası 1969-cu ildə tikilib. O vaxtdan buradakı binalarda nəinki əsaslı, heç elə-belə də təmir işləri aparılmayıb. Binadan çıxıb həyətdəki təmiz havanı doyunca ciyərimizə çəkdiyimizi görən 50 yaşlı Şuşadan məcburi köçkün olan Şükür Həsənov gülərək yanımıza yaxınlaşır. Bizi binanın arxa tərəfindəki zəmin qatının göründüyü bacanın qarşısına gətirir. Bu bacadan zəmin qatına daş ataraq, içəridə kanalizasiya suyunun yaratadığı gölməçəni göstərir. O deyir “Hara şikayət etmişik, gəlib baxan yoxdur. Məmurlar, deputatlar gəlib bircə gün bu üfunətdə yaşaya bilərlər? Bizimki bizdən keçib. Ancaq bu uşaqlar xalqımızn gələcəyidirlər axı. Ölənlər müharibədə ölüb, bəs bunları niyə öldürürsünüz?”
Ətrafa toplaşan məcburi köçkünlərdən öyrənirik ki, indiyədək onların bu problemi ilə maraqlanan olmayıb. Bir dəfə icra hakimiyyətindən gəlmişdilər, söz verdilər ki, həll edəcəklər. O gedən getdilər:
“Binanın istifadə müddəti bitib, qəzalı vəziyyətdədir, zəlzələdən çat verib. Bütün kanalizasiya sistemi zirzəmiyə axır, imkanımız daxilində deyil ki, yığışaq düzəldək. İmkan varsa, bizi buradan köçürsünlər, yoxdursa, buranı düzəltsinlər. Özümüz üçün demirik, uşaqlar üçün deyirik. Axı bunlar yazıqdır. Hamısında qurd xəstəliyi var, antisanitariya şəraitində böyüyən uşaqlardır, hamısı sarılıq xəstəliyi tutub. Kanalizasiya sistemi yenilənməli, borular dəyişilməlidir”, – məcburi köçkünlər belə deyib.

“Bəs dövlət qurumlarından və səlahiyyətli şəxslərdən bu vəziyyətlə maraqlanan olmayıb” sualımıza, məcburi köçkünlər “bir dəfə icra hakimiyyətindən gəlmişdilər, baxdılar, söz verdilər ki, düzəldəcəklər, elə o gedən də getdilər. “Xocalının deputatı Elman Məmmədovun da bunlardan xəbəri yoxdur” sualına isə, “o, yalnız seçki vaxtı səs almaq üçün gəlmişdi. Ondan sonra onun üzünü də görməmişik” – deyiblər.

Sanatoriyadan ayrılanda bizə kömək edən uşaqların məktəbinə baş çəkirik. Uşaqların sözlərinə görə, bura əvvəllər hüzr mərasimi keçirmək məqsədilə istifadə olunurmuş. Şagirdlər köhnə məktəbə sığışmadığından məktəbə çeviriblər. Ancaq yeni məktəb də tikilməkdədir.

Xocalı sakinlərinə söz verdiyimiz kimi Xocalıdan deputat seçilmiş Elman Məmmədovla əlaqə saxladıq. Millət vəkili Simsar.az-a açıqlamasında bildirib ki, son 10 gündə 4 dəfə Qızılqumdakı məcburi köçkünlərin yaşadığı yataqxanalarda olub: “Son 10 gündə 4 dəfə Qızılqumda olmuşam. 2 dəfə ictimaiyyətlə görüş keçirmişəm. Onların problemləri böyükdür və bundan da xəbərim var. Hətta bununla bağlı bir neçə qurum qarşısında məsələ də qaldırmışam. Bilirəm ki, kanalizasiya suları binaların zirzəmisinə axır. Əvvəlcə sıradan çıxmış boruları özümüz dəyişdirmək istədik. Ancaq baxdıq ki, borulara toxunsaq, daha pis vəziyyət yaranacaq. Çünki həmin borular 70-ci illərdən çəkilib və hamısı çürüyüb. Buna görə kanalizasiya sisteminin bütün boruları dəyişilməlidir. “Azərsu”və Sabunçu Rayon İcra Hakimiyyəti qarşısında məsələ qaldırdım. Sabunçu Rayon Kanalizasiya idarəsi tezliklə müəyyən tədbirlər görüləcəyini dedi. Bu məsələ tək mənim səlahiyyətimdə deyil. Tezliklə həll olunmasına çalışıram”.

Elə hörmətli millət vəkilinin dediyi kimi, hamı problemin həll olunmasını istəyir. Amma iş görməyə gələndə qollarını çırmayıb ortaslığa düşən yoxdur.


Elmar Hüseynov,
Günel Səfərova



 

 

 

 






25 Fevral, 2013  15:22 Baxılıb: 5276 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner