Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Tibetdə yaşayan yeganə azərbaycanlı: "Evimdən baxanda Tanrı görünür"

Tibetli soydaşımız: "İki kilo qızıl verib beş ağac aldım".

Milli.Az xəbər portalı Tibetdəki yeganə azərbaycanlıdan xəbər verir...
 
Onun varlığını eşidəndə təəccübləndik. İnanmaq gerçəkdən də asan deyil - dünyanın ən məşhur və eyni zamanda, kənar adamlar üçün ən qapalı yerlərindən birində soydaşımız yaşayır. Əslində Tibetin adı qapalıdır - özü isə açıq. Tale yellərinə, fələyin badına, bir də turistlərə. Amma bu barədə bir qədər sonra.

Biz Tibetdəki yeganə azərbaycanlını yaşamını tam bilmirik. Bildiyimiz yalnız odur ki, belə bir adam var, özü barədə danışdı və həyatının ən önəmli, bəlkə də önəmsiz məqamlarından, ona çox mühüm gələn yaşantılardan bəhs etdi.

Tanrıların qapalı şəhəri

Əvvəla tələsməyək və bir para məqamları yada salaq. Onu ki, Lhasa Çinin Tibet Muxtar Rayonunda şəhər, həmin rayonun baş şəhəridir. Eyni zamanda Lhasa İkinci Dünya Müharibəsi başa çatanadək müstəqil dövlət olmuş Tibetin keçmiş paytaxtıdır.
Tibet dilindən tərcüməsi "Tanrılar şəhəri"dir. Bura Dalay Lamanın iqamətgahının olduğu məkandır və həmin səbəbdən də əsrlər boyu "Qapalı şəhər" adlandırılıb.
Əvvəlki əyyamlarda Lhasaya tək-tük əcnəbi ayağı dəyərdi və hər belə adam da tibetlilər üçün sonsuz maraq hədəfiydi. Axı hansı ildə, sənədə dağların arasındakı möhtəşəm şəhərdə buddist olmayan insanı görmək olardı ki...

Tibetin tarixindən çox bəhs etməyək, çünki internetdə bu barədə yetərincə bilgi var və maraqlananlar da oxuya bilər.
Sadəcə, onu yazaq ki, Tibet indi də mistik, bəlkə də dünyanın ən sirli məkanlarından biridir.
Həmin məkanda yaşayanlar arasında isə bir azərbaycanlı var.
Daha doğrusu o, Tibetdəki yeganə azərbaycanlıdır.

Monqol  başmağına dirənən iki ayaq və güləşin buzu əritməsi

Cəmşid Nəsibovun atası 1968-ci ildə Monqolustanda çalışmağa getmiş Sovetlər Birliyi vətəndaşlarından biri idi. Monqolustanın şimal-qərbindəki Ubsunur aymakında sovetlərin inşa etdiyi mis-molibden kombinatının tikintisində işləyir və orada da monqol qıza vurulur.
Şarav Bazaarvan adlı bu 19 yaşlı qız kombinatın tikintisində karguzardı və Aslan Nəsibov da ona elə aşiq olmuşdu ki, geriyə, Sovetlər Birliyinə, yaşadığı Leninqrad şəhərinə qayıtmağı ağlına belə, gətirmirdi.

31 yaşlı Nəsibov 1969-cu ilin iyulunda Şarava evlənmək təklif edir.
Qız razılaşır, amma onun atası iki ayağını bir monqol başmağına dirəyir ki, olmaz. Özü də heç olmaz. Çünki Şarav əsli-nəsli Bayan Ulqiy aymakından olan qədim nəslin qızıdır, dəvə və ya qoyun otaran hansısa "arat" deyil.
Monqol çobanları olan "arat"ları Şaravın atası sevsə də, özünü onlardan üstün tuturdu, çünki onun babaları şamandı. Əslinə baxsan, atası Balduqiyn də şamandı, Ubsunur vilayətində, yəni aymakında ona yardım diləyib gələnləri müalicə edərdi, şər ruhları söz kəlbətini ilə bədəndən çıxarardı, Onon və Kerulen çaylarının tanrılarını köməyə çağırıb dəf vurar, at südü səpdiyi torpaqda bədlikləri tapdayıb xoşluqları çağırardı.

Qıyıqöz, qırmızıyanaq Şaravın ataı Çonduyqin də hərdənbir şamanlıq edərdi.
Çox yox, qorxardı. Nə də olsa, kommunistdi, "qırmızı bahadur"du.
Bilsəydilər ki, yerli partiya komitəsinin katibi Çonduyqin şamanlıq edir hərdənbir - sürüdə ölmüş qoyun leşi kimi atardılar onu bir kənara.
Üstəlik, Çonduyqinin qara və qıyıq gözlərinin ağı, həm də qarası, tək övladı Şaravı monqol yox, türk istəyirdi. Buna isə pis baxırdılar: monqolun qızı monqola ərə getməlidir ki, "batır" doğsun.
Di gəl, Çonduyqinin dalağını sancdıran məqam onun qızını "böyük qardaş" Sovetlər Birliyindən olan adamın istəməsiydi. "Yox" desəydi, Moskvadan gəlmiş "tovariş"lər bundan xəbər tutardılar və kim bilir, bəlkə ona kəc də baxardılar ki, bəs "tovariş" Çonduyqin, necə oldu qızınızı SSSRİ vətəndaşına ərə vermirsiniz, olmayan işin içində iş var, yoxlayaq, görək nədir səbəb.
İyulun 12-i, Nadam bayramı  idi. Hə, bu bayram ki, gəldi - monqol igidlər at çapır, ox atır, qurşaq tuturlar.

Aslan Nəsibov da eləmə tənbəllik - morinxurun simlərinin səsi ucalan kimi meydana atıldı və ulusun ən yyaxşı güləşçilərindən biri ilə qurşaq tutdu.
Özü də necxə... İki dəqiqədən sonra "Aalu Batır" adlı məşhur güləşçi illərlə sambo ilə məşğul olmuş Aslanın "dəyirman" fəndinə düşdüyündən tərpənə bilmirdi
Aalu Batır uduzdu, hamı vəcdə gəlib qara, qıvrımsaçlı "yad"ı alqışladı, Çonduyqinin də ürəyindəki buzlar beləcə əridi.
Aslan Nəsibov istədiyini aldı, Şaravla evləndi, Ulan-Batora köçdü və orada da Cümşüd doğuldu.

Lhasaya uzun yol

Cümşüdün 13 yaşı olanda isə atası ilə anası Çinə yollandılar və başladılar Quandun vilayətində yaşamağa. Ki, Monqolustanın orada bir tikinti şirkəti vardı, həmin şirkətdə çalışırdılar.
Cümşüd doğma dili ilə yanaşı, monqol və Çin dillərini əla bildiyindən yeni məkanda əsla narahat deyildi. 18 yaşına çatanda, artıq yerli texniki institutda oxuyurdu. Kommunistdi və Çin Kommunist Partiyasının institutdakı ən fəal mənsublarından biriydi.
23 yaşına çatanda gənc memarı Tibetə, Lhasaya yolladılar.

Monqolustan vətəndaşı olsa belə, çinlilərin etibarını və sayğısını qazandığından kimsə bu təyinatda qeyri-adilik görmədi, "atası Monqolustandan gəlmiş müsəlman nə üçün Tibetə getməlidir ki?!” sualı səslənmədi.
Cümşüd ilk əvvəl çalışdı, gecəni-güündüzə qatdı, rəsmi sənədlərdə "böyük mühəndis" adlanan vəzifəyə yiyələndi, Lhasanıın Lhundrup məhəlləsindəki ərgən qıızların analarının oğrun-oğrun, "kürəkən gözətləyici" nəzərlərlə baxdığı potensial bəyə çevrildi.
Və elə onda da Lhasanın sirrinə vuruldu, bu şəhərin tilsiminə düşdü.

Sarayda çalınan ürək

İndi Nepalda yaşayan və bu ölkənin vətəndaşı olan Cüçşüd Nəsibov vaxt tapan kimi "doğma şəhər" adlandırdığı Lhasaya yollandığını deyir.
"Dinimi və dilimi dəyişməmişəm. Azərbaycanlıyam, müsəlmanam. Doğrudur, adımı bir qədər çətinliklə tələffüz etdikləri üçün Cumşiyə "çevrilmişəm", Cumşi Nasi olmuşam.  Yox, narazı deyiləm. Əsas odur ki, xanımım və övladlarım adımı düzgün deyirlər", - Cümşüd Nəsibov bildirir.

Dediyinə görə, xanımı Uarya ilə Lhasada tanış olub:

- Potala sarayını dolaşırdım. Bilirsiniz, evimiz Lhasanın Toluunqdeçhen məhəlləsində idi. Pəncərədən baxanda Dalay Lamanın iqamətgahı, bütün tibetlilər üçün müqəddəs yer olan Potalanın ikinci qatı aşkar görünürdü. Hər səhər yuxudan oyanan kimi pəncərəyə yaxınlaşırdım, Günəşin altında mirvari ikimi bərq vuran rəngarəng Potalanı seyr edirdim. Qonşularım paxııllıq edirdilər. Deyirdilər ki, evimdən Tanrı görünür. Axı Dalay Lama burada Buddanın reinkarnasiyası, yəni ruhunun keçdiyi insan sayılır. Lama özü Tibetdə olmasa da, onun ruhunun Potalada bərqərar olduğuna kimsə şübhə etmir. Elə mən də belə fikirləşirəm və görürəm ki, tibetlilər o qədər də səhv etmirlər.

Ayda bir dəfə Potalaya yollanırdım. Xanımım Uaryanı da orada gördüm. Bizimki ildırım eşq oldu - ilk baxışdan ona vuruldum. Sonra biləndə ki, qonşuluqdakı Lhundrup səmtində yaşayır - lap sevindim. Yarım il birgə dolandıq, sonra da evləndik. İndi üç övladımız var.

"İki kilo qızıl verib beş ağac aldım"

Cümşüd Nəsibov indi Nepal vətəndaşı olsa da, "doğma" dediyi Lhasanı əsla unuda bilmir. Necə ki, günlərin birində Potala sarayı üçün Cohanq məbədindən 5 ağac almağıyla bağlı əhvalatı da əsla xatirindən çıxarmadığını söyləyir:
- Cohanq tibetlilərin müqəddəs yerlərindən biridir. O məbədin həyətində bitən albalı ağacları nur və müdriklik nişanəsi, əql mənbəyi sayılır. Həmin məbəddəki albalıları dərmək, abacların budaqlarını kəsmək və ya qırmaq çox böyük günah sayılır. Üstəlik, o məbəddən ağacların meyvəsindən və ya budağından yalnız Dalay Lamanın özünün icazəsi olandan sonra kiməsə pay verilə bilər.  Bir də ki, Drepunq məbədinin kahinlərinin o ağaclardan almaq ixtiyarları var, vəssəlam.

Mənə isə tapşırmışdılar ki, Potalanın bir yanında, Qırmızı Saray deyilən məkanda apardığımız təmir işlərini tamamlamaq üçün həyətə 5 albalı ağacı əkilməlidir.
Şirkətimizin rəhbərləri, yerli kommunistlər kahinlərin yanına getdilər. Amma əlləri ətəklərindən uzun qayıtdılar. Kahinlər onlara elə "Olmaz!" demişdilər ki, gələnlərin sifətlərindən bu sözü oxumaq olardı sanki.
Düz üç ay get-gəl davam etdi, albalı ağacları üçün nə qədər dil tökdük - razılaşmadılar. Qırmızı Sarayda istənilən ağacı əkə bilərdik, amma kahinlər həmin ağacları dərhal kökündən çıxarardılar. Çünki sarayın həyətində yalnız albalı ağacları çiçəkləməlidir: özü olmayıb, ruhu sarayda dolaşan Dalay Lamanın minilliklərdən bəri gələn ənənəyə uyğun istəyinə əsasən belə olmalıydı.

Uzun sürən danışıqlara mən də qatıldım. Kahinlər axırda dedilər ki, biz kimik?
Təəccübləndik. Necə yəni kimik?! Onlar başlarını bulayıb "Siz ölümün əsirləri, tamahın və faniliyin qurbanlarısınız: Şərin aləti sizi idarə edir" söylədilər.
"Şərin aləti" dedikdə nəyi nəzərdə tutduqlarını soruşduq.
Dedilər "pul, var-dövlət, qızıl".
Kahinlər sonra buyurdular ki, Qırmızı Saraydakı "Mandala Çakra Samvara"nın olduğu zala aparan mərmər və qranit döşənmiş yolun kənarındakı məhəccərlərəin aşağısı, yəni mərmərə bitişən yeri qızıl suyuna çəkilməlidir.
Üstəlik, çar Sroszen Qampo və onun çinli arvadı Ven Çanın abidələrinin olduğu zalı yumaq üçün istifadə olunan suyun götürüldüyü bulağın yanındakı körpünün dirəklərinə də elə o qızıl suyundan çəkilməlidir.

Qoca kahin "qızıl sizdən aşağıda olmalıdır – yuxarıda, çakrada yox" dedi.
Başqa yolumuz qalmadığından elə kahinlərin dediklərini elədik. 2 kilo qızılı özüm apardım saraya ki, orada əridib kahinlərin dedikləri yerlərə çəksinlər.
Yoxsa şirkətimiz o işlərdən kənarlaşdırılacaqdı və itkilər də dəfələrlə çox olacaqdı.
Kahinlərin tapşırdııqları işi başa vurandan sonra onlar bizə beş albalı ağacı verdilər.
Ağaclardan hər biri şirkətimizə 4 min dollara başa gəlmişdi. Heyfislənsək də, başqa çıxış yolumuz olmadığından taleyimizlə barışdıq.

"Burada yaşasam da, tibetliyəm"

Cümşüd Nəsibov indi Nepalda yaşayır. İş adamıdır, Nepal vətəndaşıdır. Lakin o, özünü nepallı hesab etmir.
"Mən tibetliyəm. Özü də müsəlman tibetli. Qəribədir, bilirəm. Amma Tibetin özü dünyanın ən gözəl qəribəliyi deyilmi?!" - soydaşımız deyir.






27 Dekabr, 2010  18:39 Baxılıb: 2652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner