Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELÇIN HAMİ AXUNDOV: «AZƏRBAYCAN ÜÇÜN ANİMASİYA BƏDİİ FİLMDƏN VACİBDİR»

.

Animasiya filmlərini nəinki uşaqlar, böyüklər də sevir. Şəkillərin oyunu, hərəkəti bizi özünə o qədər cəlb edir ki, bəzən ondan ayrılmaq istəmirik. Təəssüf ki, indi övladlarımız xarici anmasiyaların təsiri altında böyüyür. «Tom and Cerri», «Kral Lir», «Şirek», «Tısbağa ninzalar» və digərlərinin fonunda televiziyalarımızda nadir hallarda Azərbaycan filmlərinə rast gəlirik.
Animasiya filmləri, onların yaranması, Azərbaycan animasiyasının problemlərini araşdırmaq qərarına gəldik.

İlk cizgi filmi –“Cırtdan”

Azərbaycan cizgi elementlərinin yaranması XX əsrin 30-cu illərinə təsadüf edir. 1933-cü ildə «Azərbaycanfilm» studiyasında «Lökbatan», «Neft simfoniyası» sənədli filmlərinin çəkilişləri zamanı animasiyadan istifadə olunub. «Çat» təlimat filmi isə bütünlüklə animasiya üslubunda çəkilib. Bundan sonra ilk animasiya filmi olan «Abbasın bədbəxtliyi» çəkilir. Böyük Vətən Müharibəsinin başlanması bu sahədə də işləri yarımçıq qoyur. Müharibədən sonra çəkilən ilk film isə 1969-cu ildə lentə alınmış «Cırtdan» olur. Bu film uzun müddət kinoteatrların ekranlarından düşmür.

«Azanfilm» animasiya studiyasının rejissor və rəssamı Elçin Hami Axundov öncə bu filmlərin adlandırılmasından danışdı: «Bəziləri bu filmləri «multipilikasiya», bəziləri «cizgi filmləri» adlandırır. Əslində isə bunlar animasiya filmləridir. Çünki, cizgi qrafik anlayışdır, animasiya sözü isə calandırmaq mənasını verir. Animasiya filmləri çoxşaxəlidir - kukla filmləri, apilikasiya filmləri və cizgi filmləri». 
Rejissorun bildirdiyinə görə, animasiya filmlərinin əsas məğzini və sxemlərini müharibədən əvvəl «Disney» şirkəti yaradıb. Sonradan Disneyin filmələrinin kadrlarını «Soyuzmultfilm»də də istifadə ediblər: ««Soyuzmultfilm» də hər iki-üç ildən bir kurslar təşkil olunurdu. Bütün respublikalardan gələn rəssamlar həmin kurslarda iştirak edirdilər. Azərbaycandan üç nəfər Bəhmən Əliyev, Nazim Məmmədov və Ağanağı Axundov həmin kursları bitirdilər. Onlar 50-60-cı illərdə Azərbaycanda Ədil İsgəndərovun təşəbbüsü ilə animasiya kursları təşkil etdilər».

Animatorluq ali məktəblərdə keçirilmir

E.Axundov deyir ki, animatorluq ixtisas kimi heç bir ali məktəbdə keçilmir. Dünyanın əksər ölkələrində bu sənət kurslar vasitəsilə mənimsənilir. Yalnız Cənubi Koreyada Animasiya Akademiyası fəaliyyət göstərir. Çünki həmin ölkənin bu sahədə həm daxili, həm də xarici bazarı zəngindir.
Həmsöhbətimiz deyir ki, animasiyanı hər rəssam çəkə bilməz. Bunun üçün hərəkətin fizikası, mexanikası, biomexanikasını, deformasiya qanunu, aktyorluq, pantomimo dərsləri keçirilməlidi. Rejissorun sözlərinə görə, animasiya filmlərinin çəkilməsi çox mürəkkəbdir. Lakin şəkillərin canlandırılmasına əsaslanır: «Şəkillər çəkilir, nömrələnir və bunlar bir-bir kameraya alınır. 10 dəqiqəlik film üçün təxminən 30-40 min şəkil lazım olur. Şəkillərin dəyişdirilməsi yolu ilə animasiya filmləri əmələ gəlir».
İndi müasir kompyuter proqramları var ki, burada əvvəllər kamera ilə çəkilən hərəkətlərin qrafikləri qurulub. Bəzən həvəskarlar kompüter vasitəsilə günlərlə kameraya alınan kadrları 10 dəqiqə içərisində quraşdırırlar. Lakin, bu hələ animasiya filmi demək deyil.
Amma peşəkar animatorlar da kompüter proqramlarından yararlanırlar. Əvvəllər bütün işlər əllə görüldüyü halda indi şəkil çəkmək, rəngləmək üçün kompüter proqramlarından istifadə olunur.

Azərbaycan filmlərinə nümayiş üçün yer yoxdur

Azərbaycan animasiyasının başlıca problemi isə bazar məsələsidir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və ayırdığı məbləğ əsasında filmlər çəkilsə də, onların nümayiş olunaraq, gəlir gətirməsi üçün şərait yoxdur, Bakıda yalnız Nizami kinoteatrında və «Park-bulvar»da animasiya filmləri nümayiş olunur ki, bu da çox azdır. Televiziyalarda Azərbaycan animasiyasının az nümayiş olunmasına gəlincə, rejissor bu məsələdən də gileyləndi: «Televiziyanın sahibi mən deyiləm ki? Mən istehsalçıyam, artıq pulum yoxdur ki, onun reklamı və satışı ilə məşğul olum. Bunun üçün nazirlikdə xüsusi qurum var. Televiziyalar yalnız xəbərləri verirlər. Hansı işlər gedir, nə vaxt təhvil veriləcək, nə qədər maliyyə ayrılıb, vəssalam. Film hazır olandan sonra isə onu alıb, tamaşaçıya göstərmirlər».
Söhbətimizdən bəlli oldu ki, bu cür vəziyyətin yaranması da maliyyə məsələlərinə bağlıdır. Rejissorların Kinogildiyasının bütün telekanallarla bağladığı müqaviləyə görə, telekanal nümayiş olunan 10 dəqiqəlik animasiya filminə görə, Kinogildiyaya 15-20 dollar pul ödəməlidir. Bu isə il ərzində toplanaraq, müəyyən məbləğ edir və hansısa rejissora və ya «Azanfilm»ə verilir: «Televiziyalar ya müəyyən pulu ödəyib, həmin filmi birdəfəlik almalı, ya da bu üsulla filmləri nümayiş etdirməlidirlər. Rusiyada Vladimir Putinin göstərişi ilə iş adamlarının mədəniyyətə və ya kinoya sərf etdikləri vəsaitdən çox az miqdarda vergi tutulur. Bu da ölkədə kino və prokat sisteminin böyük inkişafına səbəb olub. Bizdə isə zəngin adamların bu sahəyə marağı yoxdur».

Mütəxəssislər yox səviyyəsindədir

Digər mühüm problem isə mütəxəssislərin yox səviyyədə olmasıdır: «Bizdə indi cəmi iki nəfər animator var ki, onlar da yaşlıdırlar. Animatorların yetişməsi üçün kurslar təşkil olunmalıdır. 1988-ci ildə kurslar təşkil etmişdim. Bura 80 nəfər yazılmışdı. 30 nəfəri seçdim və onlarla işlədim. Lakin onları işlə təmin edə bilmədim. İndi tələbələrim dünyanın bir çox ölkələrində çalışırlar - Polşada, İsraildə, Türkiyədə studiyaları var, «Disney»də çalışanlar var. Çünki, dünyanın hər yerində peşəkar animatora ehtiyac var». Elçin Hami Axundov deyir ki, animasiyanın inkişafı Azərbaycan üçün çox vacibdir: «Çünki, heç bir məktəb və ya ailə animasiya qədər uşağı tərbiyələndirmir. Animasiya bədii filmdən də vacibdi. İndi uşaqlar gözünü açanda televiziyanı görürlər. Televiziya isə xarici animasiyalarla dolub. Mən demirəm ki, onlar pisdir. Amma onların öz mentallığı var».

Kompüter oynayan Cırtdan

“Bəs, Azərbaycanda anmasiyası üçün hansı mövzu və istiqamətləri seçmək olar?” – sualımıza rejissor cavab verir ki, müxtəlif mövzuları seçmək olar: «Bəzən deyirlər ki, xalq nağıllarımızın mövzularından istifadə olunmalıdır. Doğrudur, yaxşı nağıllarımızdan istifadə olunmalıdır. Amma bəzən nağıllarımızda «başını kəsdi», «qanını içdi», «iki böldü» kimi epizodlar da var ki, bunları ekrana almaq olmaz. Təkcə «Tıq-tıq xanım»ı çəkəndə də biz bu problemlə üzləşdik. Nağılda belə bir epizod var «küstərəcik ha, küstərəcik, başına bir daş əndərəcik». Biz onu dəyişərək «mən də sənə quyruq göstərəcik» formasına saldıq. Buna görə də mən müəlliflərə də deyirəm ki, xalq nağıllarından istifadə edin, lakin onu müasirləşdirin. 50-ci illərdə bizim başımızı nənəmizin nağılları ilə aldatmaq olardı, indiki uşaqlar isə bununla kifayətlənmirlər. Rəfael Hüseynovun «Əlifba» kitabında Cırtdan obrazını yaratmışam. Cırtldanın təkcə toxunma corablarını saxladım. Başında «beyzbolka», əynində müasir köynək, bir sözlə «blatnoy uşaq». Onu mobil telefonda da danışdırmaq, kompüterdən istifadə etdirmək də olar».
“Niyə bizim filmlərimiz xarici filmlər kimi dinamik deyil?” sualımızla rejissor razılaşmır.
«Dinamiklik onsuz da var, onu təkrarlamaq istəmirik. Biz köhnəbab üsulla gedirik. İstəyirik ki, filmlərimiz tərbiyəvi, interaktiv olsun. Digər tərəfdən isə onların aparaturları daha zəngindir» - deyir.
E.Axundov animasiyaı çəkməyin çətinliyindən də danışır: «Təsəvvür edin ki, hərəkətlər təkcə şəkillərin kameraya alınması ilə əmələ gəlir. Kinoda hər bir rolu başqa-başqa aktyorlar oynayırlar. Animator isə həm ayını, həm dovşanı, həm qarı, həm evi canlandırır. Burada aktyor hərtərəfli, zəngin olmalıdir».
Həmsöhbətimiz deyir ki, hazırda «Balaca ev» filmi hazırlanır. Bu filmdə bəzi yeni üsullar tətbiq olunur.

«SİMSAR» jurnalı

Xatirə Nəsirli






21 Fevral, 2013  16:14 Baxılıb: 3807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner