Azərbaycan hökuməti 2020-2025-ci illərədək ölkənin İKT sektorundan gəlirlərinin neft gəlirlərini ötüb keçəcəyini proqnozlaşdırır.
APA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları  naziri Əli Abbasov “İnkişafın Azərbaycan modeli - Neftdən sonrakı  inkişaf” kitabının təqdimatında bildirib: “2020-2025-ci illərdə  Azərbaycanda İKT gəlirləri neft gəlirlərini üstələməlidir. İndi biz  bunun üçün çalışırıq”.
Nazirin sözlərinə görə, bunun üçün İKT  sektoruna daxili və xarici investisiyalar, xüsusilə iri xarici  investisiyalar cəlb olunmalı, məhsul ixracı genişləndirilməli,  Azərbaycanın başqa ölkələrdə də işləyə bilən transmilli şirkətləri  yaradılmalı və onların fəaliyyəti aktivləşməli, İKT xidmətldərinin həcmi  artırılmalı – internet bankçılıq və başqa xidmətlər yayılmalıdır. Nazir  bu sahədə atılması vacib olan əsas addımlardan biri kimi İKT bazarında  fiskal siyasətin və hüquqi bazanın dəyişməsini qeyd edib. 
Onun  sözlərnə ögrə, İKT sektorunun inkişafı üçün bu sahəyə gömrük və vergi  güzəştləri tətbiq edilməli, bazar iştirakçıları üçün daha sərfəli  pul-kredit şərtləri, əlverişli rəqabət mühiti yaradılmalı,  investisiyaların qorunması təmin edilməlidir. Ə.Abbasov İKT-nin bundan  sonrakı inkişafı üçün lazım olan işlər arasında intellektual insan  potensialının yaradılmasını da qeyd edib. Bu sahədə görülən işləri qeyd  edən nazir ölkədə İnformasiya Texnologiyaları Universitetinin  yaradılması üzərində iş aparıldığını bildirib.
DİGƏR XƏBƏRLƏR