Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aysel Əlizadə: Ölülər

İnsan özünü həmişə itlə tutuşdurardı, “it kökü”, “it kimi”, “itin günü ”- deyərdi. İtsə heç kimlə özünü tutuşdurmazdı.

 

Həmişə it olaraq qalardı. İtliyindən də məmnundu. Ona bir dəfə sümük atanı ömrü boyu unutmazdı. Quyruğunu bulayar, hürər, qulaqlarını şəkləyər, iz axtarar, yaxşı dost olardı. İnsanın həmin bu it kimi sadiq bir dostu vardı. Dostun adı azadlıq idi. Bir gün insan öldü.
Ölünün heç bir iddiası yox idi. Yerimir, hərəkət etmir, heç nə haqda düşünmürdü. Ancaq yatırdı. Yatmaq…. uyumaq… tək işi idi. Yaddaşı da yoxdu. Ölü heç nə xatırlamırdı. Xatırlamırdı ki, ölməmişdən qabaq kim idi, hardan gəlib hara gedirdi. Dostu, azadlığı da tamam unutmuşdu. Ölü sağ olanda azadlığı diktatura adlı bir düşmənin əlindən qurtarardı. Onu qoruyardı.
Aradan zaman keçdi. O, yatmaqdan bezdi. Başqa işlərlə məşğul olmaq istədi. Nə etməli olduğunu bilmirdi, nə iş görsün? Nəyin qulpundan yapışsın? Yatmaqdan başqa neyləsin? Günlər keçirdi, ölü hələ də heç bir iş tapmırdı. Getdikcə onda qəribə bir ehtiyac yaranırdı. Yol göstərən – göstəriş verən birinə gərək duyurdu. Kiminsə ona nə etməli olduğunu söyləməsi lazım idi. Bir gün xor-xor yatdığı vaxt hardansa biri gəldi. Elə yatdığı yerdəcə ona özünü təqdim edib demokratiya olduğunu dedi.
Demokratiya çox kübar görünürdü. Əynində kəpənəkli frak, əlində ciddi bir çanta, ayağında bahalı ayaqqabısı vardı. Gözəl danışır, maraqlı cümlələr işlədir, səsinə mehribanlıq qatırdı. Demokratiya ölünün çox xoşuna gəldi. Demokratiya dedi ki, başçı keçmək istəyir. Bunun üçün öz namizədliyini irəli sürüb. O, ölülərdən səs toplamalıdır. Dedi ki, əgər başçı olsa, ölülərə doğru yol göstərəcək. Onlara çoxlu iş tapacaq. Cürbəcür hərəkətlər öyrədəcək. Bu lap yerinə düşdü. Ölü sevincək onunçün səs yığacağına söz verdi. Demokratiya çıxıb getdi. Ölü heç bilmədi ki, bu onun keçmiş dostu, azadlığın qatı düşməni olan diktaturanın özüdür. Ölü üz-gözünü maskalamış, bəzəkli-düzəkli diktaturanı tanımadı, heç tanıya da bilməzdi. Bütün ölülər yekdilliklə demokratiyaya səs verib özlərinə başçı seçdilər. Demokratiya başçı keçən kimi azadlığı tutub ömürlük həbs elədi.
Aradan zaman keçdi. Ölünün bir uşağı doğuldu. Uşaq ona bənzəmirdi. Yatmır, susmur, nəyəsə can atır, nəsə axtarır, çoxlu suallar verir, hər şeylə maraqlanırdı. Bu ölünü rahatsız edirdi. Uşağın sualları onun dilində sözə gəlmirdi. Ölü baş sındırdı, bütün ölülərlə məsləhətləşdi. Və hamı bir yerə toplaşıb belə fikrə gəldi ki, uşağı qorxutmaq lazımdır. Onlar uşağı demokratiya ilə də qorxuda bilməzdilər. Çünki hamı demokratiyanın humanist, ağıllı olduğunu deyir, onun xeyirxahlığından, necə canla-başla rəhbərlik etdiyindən danışırdı. Demokratiya ölülər üçün hər şərait yaratmışdı. İstədikləri qədər yatır, firavan həyat sürürdülər. Bütün ölülər qərara gəldilər ki, uşağı Xortdanla qorxutsunlar. Ölülər üçün ən dəhşətli şey xortdan idi. Demokratiya onlara demişdi ki, Xortdan olduqca pisdir. Xortlamaq sözü belə ölüləri vəlvələyə salırdı. Xortdanı xeyli qorxunc sayırdılar. Demokratiya onları inandırmışdı ki, Xortdan bir andaca bütün həyatlarını alt-üst edə bilər. Onun ölü cəmiyyəti üçün təhlükəli olduğunu söyləmişdi.
Ölülər, uşağı xortdanla qorxuda-qorxuda böyüdürdülər. Balaca qorxa-qorxa ətrafa baxır, səs eşidən kimi ölünün ətəyindən yapışırdı. Hər dəfə xortdanın adı gələndə uşaq ölünün arxasında gizlənirdi. Yanından ayrılmırdı. Bütün günü ölünün həndəvərində olurdu. Onunla yatırdı. Böyüyür və xortdandan qorxmağa davam edirdi.
Aradan zaman keçdi. Cocuq hiss edirdi ki, içində bir qurğu var. Döyünür, çırpınır, titrəyir. Bu qurğu ona anlamadığı duyğular, səslər ötürürdü. Uşaq xortdandan qorxmamaq istəyirdi. Hiss edirdi ki, bu qurğu onu ölülərdən seçir. Özü özünə “böyüyüb xortdandan qorxmayacağını” deyirdi. Ancaq o böyüdükcə xortdan da böyüyürdü. Yekə xortdan daha qorxunc, daha qəzəbli idi. Ölülərin dilində əmrlər verirdi. Hər yerdən onu izləyirdi. Həmişə başının üstündə olurdu. Uşaq hər dəfə arzular, xəyallar içində azıb qalanda yadına xortdan düşürdü. Tez çiyinlərini yığıb əyilir ,ehtiyatla yuxarı – göyə baxırdı. Xortdan görünmürdü. Onu heç kim görməmişdi. Ölülər deyirdi ki, o gözəgörünməzdir. Deyirdilər ki, yekə xortdan göylərdə yaşayır. Onun bir durbini var. Durbin işıq sürətindən də iti göstərir. Xortdan göydə yaşadığı üçün hər yerdən həmin durbinlə onları görür və güdür. Nə etdiklərini, hara getdiklərini, nə düşündüklərini bilir. Onun hər şeydən xəbəri var.
Aradan zaman keçdi. O, qafasında hiss etdiklərini qavramağa, eşitdiklərini dinləməyə çalışırdı. Qafasında baş verən qarışıqlığı, içərisində qaynayan rahatsızlığı çözmək istəyirdi. Ölülər onun niyə bütün ölülər kimi rahat yaşamadığını anlamırdılar. Uşaq onlara içindəki qurğudan danışanda, onu incitdiyini, həyəcanlandırdığını söyləyəndə ölülər özünü bu qədər zora saldığına, boş yerə sıxıntı keçirdiyinə görə onu qınayırdılar. Ona qəribə baxır, niyə bütün ölülər kimi olmadığını anlamırdılar. Artıq ümidini itirmişdi. Kimsəylə söhbət etmir, danışmır, sakitcə bir küncə qısılıb günlərlə düşünürdü. Bu halı ölüləri hürküdürdü. Davamlı düşünməsi, heç kimə qaynayıb qarışmaması özü ilə ölülər arasında izahsız bir sərhəd yaradırdı. Ölülər ondan nəsə bir təhlükə duyurdular. Getdikcə hamı ondan qorxmağa başlayırdı. Hamıdan çox qorxan isə demokratiya idi.
Aradan zaman keçdi. O, tamamilə heydən düşmüşdü. Yemir, yatmır, gözlərini göyə zilləyib tərpənməz dururdu. Bir gün ətrafında gəzib – tozan ölülərdən uzaqlaşmaq istədi. Ayağa qalxdı . İnanılmaz idi. Ayaqlarını yeyin ata bilmir, güclə tərpədirdi. Hər ayağını atdıqca özünü yerə zəncirlənmiş kimi hiss edirdi. Elə bil kürəyinə ağac bağlanmışdı. Ayaqlarını sürüyə-sürüyə yürüyürdü. İt kimi yorğun idi… Başını qaldırıb özünü bir çöllükdə gördü. Dizləri üstə düşüb küçük kimi ağlamağa başladı. Çölün ortasında yuxarı dartınıb yumruqlarıyla havanı döyəclədi. Yuxarı dartındı, dik dayanmağa çalışdı, nəsə demək istədi. Alınmırdı. Halsızdı. Göyə qulaq verdi. Sakitlik idi.
Bədəni əsdi. Dodaqları bir-birinə yapışır, çənəsi dartılırdı. Hiss edirdi ki, qafasındakı qurğuyla, içindəki qurğu bir-birinə vıyıltı ötürür. Cürbəcür səslər, əlaqəsiz sözlər, fikirlər içini darmadağın edirdi. Bədənindəki həyəcan getdikcə artır, halını dəyişirdi. Özünü ələ ala bilmirdi. Ayaqları yığılmağa başladı. Əlləri və dizləri üstə dördayaqlı kimi torpağa yıxıldı. İzahsız və dəhşətli qorxu hissi keçirirdi. Nəsə deməyə çalışırdı, ağzı söz tutmurdu, ancaq ağzından anlaşılmaz və qəribə səslər çıxırdı. O, zingildəyirdi.
Xortdansa öz durbiniylə sakit-sakit onun necə it kimi zingildədiyinə baxırdı.

 






18 Dekabr, 2010  15:03 Baxılıb: 4851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner