Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

GƏLƏCƏYİN RƏSSAMI, YAZIÇISI VƏ ƏDƏBİYYATÇISI İLƏ - REPORTAJ

.

“Əlil uşaqları cəmiyyətdən kənarlaşdırmaq, yaşıdlarından ayırmaq olmaz. Günahdır. Valideyn var ki, uşağı əlildir deyə heç vaxt həyətə buraxmayıb. 17 yaşlı qız sadəcə pəncərədən çölə baxır. Ana öz uşağından utanır. Ata uşaq əlildir deyə ailəni atıb. Bizim millət belə deyil axı, biz ailəcanlıyıq axı?!” Bu sözlər Jalə Zeynalovaya aiddir. O, Xəzər rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzinin əlil və tənhalara xidmət şöbəsində aparıcı məsləhətçi kimi çalışır. Bura haqqında da bizə o məlumat vermişdi. “Mən çox həssas adamam, Şəhlanın çəkdiyi rəsmləri, uşaqların səhnələşdiridiyi tamaşanı görəndə göz yaşlarımı saxlaya bilmədim. Mən onlarla fəxr etdim” demişdi. Jalə xanım bizi Şüvəlan Qəsəbə Mədəniyyət evinə gətirib. Mədəniyyət evində bu günə qədər həyata keçirilməmiş gözəl layihə baş tutur. Burda “bərabər imkanlar, bərabər hüquqlar” devizi ilə əlil və sağlam uşaqlar birgə dərs alırlar. Həftə ortasında getdiyimizə görə yalnız Şəhla, Zəka və Şəbnəmlə görüşə bilirik.

Rəssam olacağam!

Şəhlanın 12 yaşı var, dördüncü dərəcə ağır eşitmə qüsurludur. Amma gözəl rəssamlıq qabiliyyətinə malikdir. O, çəkdiyi rəsmlərlə ötən il keçirilən müsabiqədə respublika üzrə ikinci yerə çıxıb. Rəqslə də məşğul olan Şəhla 2010-cu ildə keçirilən Əlillərin Ümumrespublika Festivalında birinci yeri tutub. Şəhlanın keramika sənətinə də marağı var.
Anası Şəfəq Nağıyevanın sözlərinə görə Şəhla 2 yaşında şəkil çəkməyə başlayıb. İlk dəfə divar kağızına qız şəkli çəkib. Şəfəq xanım Şəhlanın istedadını bir rəsmdən aşkarlayıb. Rəsmdə Şəhla almanı kölgəsi ilə birgə təsvir edibmiş. “Şəhla Şüvəlanda yerləşən 2 sayılı sağlamlıq imkanlarından məhdud uşçaqlar üçün internat məktəbində təhsil alırdı. İkinci sinifdə oxuyanda otağından ağlamaq səsləri eşitdim. Səbəbini soruşanda “ana, axı niyə mən eşitmirəm. Mən nə etmişdim ki, belə oldum?” dedi. Qarşısında diz çöküb gələcəkdə ən savadlı, ən tanınmış insanlardan biri olacağına, bunun üçün əlimdən gələcək hər şeyi edəcəyimə söz verdim. Həmin il onu Mərdəkan mədəniyyət sarayına apardım. Əl işlərini bəyəndilər. Dərs almağa başladı. Bir ildən sonra gördüm ki, qızım daha böyük uğurlar qazana bilər. Mədəniyyət sarayında keramika dərsləri də verilirdi. Şəhla bəyənmişdi, mən də apardım. İndi sarayda Şəhlanın kompozisiyaları saxlanılır”.
Şəfəq xanım deyir ki, Şəhla “Lalələr” rəqs qrupunun üzvüdür. Qrupun rəhbəri Şəhlanın məktəbdə özü hazırladığı “Vağzalı” rəqsini oynamağından çox təsirlənib. “Oynayanda adi uşaqlardan fərqlənmir. Müəllimin göstərdiyi bütün hərəkətləri tez təkrarlayır. Festivalda stəkanlarla oynadığı “Vağzalı” rəqsini Arif Babayev çox bəyənmişdi. Eşitmə qüsurlu qızın belə rəqs etməsinə, stəkanların içində doğrudan çay olduğuna inana bilmirdilər”.
Şəhlanın şəkillərinə baxırıq. Daha çox mənzərə və insan portretləri çəkməyi sevir. Şəfəq xanım deyir ki, Şəhla qəmli mənzərələri, hadisələri çəkə bilmir. Bu zaman özünü pis hiss edir. “Müəlliməsi Fatima Kabayeva 20 yanvar hadisələri ilə bağlı şəkil çəkməyi tapşırmışdı. Çəkə bilmədi, ürəyi bulandı. Amma Göyçayda babasıgil yaşayır. Ora gedəndə təbiəti çəkir. Məni, atasını, müəlliməsini, hətta özünü də çəkib”.
Şəfəq Nağıyeva qızının bu uğurlarından fəxrlə bəhs edir. Deyir: “Əvvəllər çox fikir çəkirdim, ağlayırdım. Sonra başa düşdüm ki, ağlamaq lazım deyil. Şəhlanın gözəl arzuları var. Tez-tez deyir, Şəhla böyüyəcək, məşhur rəssam olacaq, dünyanı gəzəcək. Əlil uşaqların valideynlərinə demək istərdim ki, onların arzularını ürəyində qoymasınlar”.

Tarixi roman yazacağam!

“Zinətim, nemətim, canım, Qarabağ,
Canım tək sevdiyim bu cahana bax.
Bülbüllər oxurdu hey Qarabağda,
Sular durulurdu Cənnət bağlarda.
Qarabağ mənim eşqi-nübarım,
O mənim əsli diyarım,
O bir cənnət-aləm ki hüsnünə qurban,
Mən sənin həmişə qoynunda olum.
Əsirsən, qəribsən indi Qarabağ
Mən sənsiz neyləyim indi Qarabağ”

Bu şeiri bizə Zəka Həsənov oxuyur. Şeirin müəllifi də elə özüdür. Zəka da layihə çərçivəsində Mədəniyyət evində gələnlərdəndir. O, bizə kitabını göstərir. “Ülviləşən duyğular” adlı kitabda Zəkanın vətənə, şəhidlərə həsr etdiyi şeirləri və hekayələri toplanıb. Deyir, dərslikərdən, kitablardan şeirlər oxumağı çox sevirmiş. Nüsrət Kəsəmənli, Fikrət Qoca, Səməd Vurğunun şeirlərindən ilhamlanan Zəka 8 yaşından özü də yazmağa başlayıb. Şeirləri bir neçə qəzetdə çap olunub. Kitabında vətən sevgisinə dair çox şeir var. Məlum olur ki, Zəka Cəbrayıl rayonundan məcburi köçküdür. Bu mövzudan yazmağı sevir. Qarabağa olan sevgisinin mənbəyini soruşuruq, axı onun cəmi 13 yaşı var. Deyir, valideynlərim mənə vətən haqqında həmişə danışırlar.
Zəkanın arzusu Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olunmaqdır. Səbəbini isə belə izah edir: “Əslində bilmirəm, xalq şairi olum, ya yazıçı-publisist. Amma tarixi roman yazmağı da çox istəyirəm”.
Anası Nəsibə Ağayeva Zəkanın kitab sevgisindən danışır. Oxuduğu kitabların sayını dəqiq bilmir. “Zəka 6 yaşına kimi yeriməyib. Üç dəfə əməliyyat etdirmişik, indi məktəbə gedir, özü də yaxşı oxuyur. Əvvəllər cızma-qara edirdi. Özüm müəlliməyəm, görürdüm yazdıqlarında məna var. Şeirləri topladıq. Qoşumuzda jurnalistlər var idi, rəy yazdılar, kitabı nəşr etdirdik. Onda dördüncü sinifdə oxuyurdu. İkinci kitabını çıxarmağa hazırlaşırıq. Hədiyyə kimi həmişə kitab almağımızı istəyir. Yeddinci sinifdə təhsil alır, amma 9-11-ci sinif tarix dərsliklərini oxuyub”.
Zəka sevdiyi romanları sayır: “Əlisa Nicat “Qızılbaşlar”, Aleksand Belyayev “Amfibiya adam”, Daniel Defo “Robinzon Kruzo”, “Herakılın 12 qoçaqlığı””.
Zəkanın musiqiyə də marağı var. Bir neçə il fortepiano dərsləri alıb. Nəsibə xanım deyir ki, qanunla evdə təhsil nəzərdə tutulur. Ancaq Zəka öz istəyi ilə məktəbə gedir, həmyaşıdları ilə birgə təhsil imkanından məhrum olmaq istəmir.

Ədəbiyyatçı olcağam!

Qeyd edək ki, layihə çərçivəsində Şüvəlan qəsəbə mədəniyyət evinin dram dərnəyi tərəfindən bir tamaşa hazırlanıb. “Vətən sevgisi” adlanan tamaşada rolları həm əlil, həm də sağlam uşaqlar bölüşüb. Maraqlısı isə odur ki, tamaşanın mətnində Zəkanın şeirlərindən istifadə olunub. Əsgər obrazını Zəka özü oynayıb. Ananı isə Şəbnəm. Şəbnəm Məmmədzadə sintizator kusrlarına qatılır və dram dərnəyini çox sevir. Deyir, dərnəyə gələndə həmişə gülürəm. Dostlarımı, müəllimlərimi çox sevirəm. Xahiş edirik obrazının sözlərini desin: “Oğlum Zəka əsgərlikdədir, neçə aydır ondan xəbər yoxdur. Bu oğlumun uşaqlıqdan qəlbi vətən sevgisi ilə döyünür. Balaca olandan, ağlı kəsməyə başlayandan, həmişə deyərdi, ana mən mütləq əsgərlikdə olacam. Mən mütləq əsgər gedəcəm. Nə olur, olsun. İndi əsgərlikdədir, orda rabitə bölüyündə quluq edir. İki aydır Zəkamdan xəbər yoxdur. O, hər il 8 mart beynəlxalq qadınlar günündə mənə elə gözəl şerilər yazardı (gülür)”.
Şəbnəmin sözlərinə görə, tamaşa izləyənlər tərəfindən çox bəyənilib və gur alqışlarla qarşılanıb.. Onun da arzusu Bakı Dövlət Universitetində təhsil almaqdır. Ancaq peşə olar Azərbaycan dili və ədəbiyyatını seçib. “Şeiri çox sevirəm. Nizami Gəncəvinin, Məmmədhüseyn Şəhriyarın şerilərini oxuyuram”- deyir Şəbnəm.
Anası Təranə Məmmədova əlil uşaqların evdə oturmasına qarşı olduğunu bildirir. Dərnəyin fəaliyyətinən razılıq edir.
“Vətən sevgisi” tamaşasında Zəka və Şəbnəmlə yanaşı Briliyant, Həcər, Günel də obraz yaradıblar.

Bərabər imkanlar, bərabər hüquqlar!

Şüvəlan Qəsəbə Mədəniyyət evinin işçisi Qədirova Aytac layihə haqqında bizə məlumat verir: “Bizim mədəniyyət evi Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin tabeçiliyində fəaliyyət göstərir. Bu qurum da layihəyə dəstək oldu. Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi maliyyələşdirir. “Müstəqil Həyat” İnkişaf və dəstək Mərkəzi, “Buta” Humanitar uşaq Fondu, “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi isə layihəni həyata keçirən qurumlardır”.
Aytac xanım həm də “Vətən sevgisi” tamaşasının mətnini yazıb. Deyir Zəkanın şeirləri onları belə tamaşa hazırlamağa vadar edib. Tamaşa dekabırın 18-i Sumqayıtda göstərilib və bununla da layihəyə start verilib. Aytac xanım gələcək planlardan danışır: “Uşaqlar dövlət tədbirlərində də iştirak edəcəklər. 8 martda sərgi keçirəcəyik. Heç bir müsabiqədən kənarda qalmırıq. Təzə başlamışıq deyə, hələlik 4 nəfər əlil uşağımız var. Ancaq saylarını artıracağıq”.

Günel Səfərova

Fotolar: Nuranə Novruzova

 

 






14 Fevral, 2013  16:33 Baxılıb: 2958 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner