Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Abdurrahim Karakoç gecəsi" keçiriləcək
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi özünün növbəti mədəni layihəsi çərçivəsində Türk Dünyasının ustad şairi, Abdurrahim Karakoçun xatirəsi Bakıda keçiriləcək silsilə tədbirlərlə anılacaq. Simsar.az xəbər verir ki, fevralın 7-si Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Abdurrahim Karakoç gecəsi" keçiriləcək. Ədəbi-bədii proqramda Türkiyənin və Azərbaycanın millət vəkilləri, sənət xadimləri, QHT və KİV nümayəndələri, Karakoç şeirinin biliciləri və sevənləri iştirak edəcək. Gecədə görkəmli sənət xadimlərinin iştirakı ilə A.Karakoçun sözlərinə yazılmış mahnılar səsləndiriləcək.
Ayın 8-də isə Azərbaycanda Atatürk Mərkəzinə "Abdurrahim Karakoç irsi: Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" adlı konfrans keçiriləcək.
Sonrakı gün Qafqaz Universitetində və Abşeron rayon Mədəniyyət Evində Abdurrahim Karakoçun yaradıcılığı əsasında tərtib olunmuş müxtəlif səpgili proqramlar keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, mərhum söz ustadının xatirəsinə həsr olunmuş tədbirlər fevralın 10-da başa çatacaq.
Aqşin İbrahimi