Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

İŞİMİZİ ASANLAŞDIRAN – “ASAN” – REPORTAJ – FOTOSESSİYA

Fariz Uğurluyev: “Özümü Azərbaycanda hesab etmədim”

“ASAN Xidmət” haqqında hər kəsin ağızdolusu danışması, burada lazım olan sənədlərin tez bir zamanda və rüşvətsiz alınması xəbərlərini eşitsəm də, doğrusu, Azərbaycanda belə bir şeyin olacağına inanmağım gəlmədi. Redaktora “ASAN Xidmət” haqqında deyilənləri öz gözlərimlə görmək istədiyimi bildirdikdə, - “get, ordan da bir yazı hazırla” dedi. “ASAN Xidmət”in yerləşdiyi ünvanı tapmaq o qədər asan olmadı. Akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən bu xidmətdə olub, deyilənləri öz gözlərimlə gördüm. 

Binadan içəri daxil olduğumda yaşlı bir kişi ilə qarşılaşdım. Üzündən məmnunluq yağan bu şəxs sənədlərini alıb, sevinclə binanı tərk edirdi ki, “ASAN Xidmət” haqqında ilk məlumatı ondan almaq qərarına gəldim.

“Şəxsən mən özümü Azərbaycanda hesab etmədim. Çünki ağlıma gəlməzdi ki, bizdə belə bir xidmət olar. Öyrəşmişik ki, bir yerə gələndə bizi incitsinlər, işimizi gecikdirsinlər, get sabah gəl desinlər. Çox əla xidmətdir, bəyəndim. Sürücülük vəsiqəsini dəyişmək üçün müraciət etmişəm. Mən buranı gördüm, şokdayam. Allah bunu bizə çox görməsin. Amma kaş, bu, bütün Azərbaycana yayıla idi”. Bu sözlər “ASAN Xidmət”-dən istifadə edən vətəndaş Fariz Uğurluyevə aiddir.

Sürücülük vəsiqəsi üçün müraciət edən digər sakin Əliyev İslam da xidmətin keyfiyyətindən razıdır: “Hər şey – qarşılamaları, yönləndirmələri tamamilə fərqlidir, Heç əziyyət çəkmirsən. Çox razı qalmışam”.

“ASAN Xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin 13 iyul tarixli fərmanı ilə yaradılıb və bu il yanvar ayının 15-də istifadəyə verilib. ASAN vasitəsilə 9 dövlət qurumunun təqdim etdiyi 23 xidməti bir ünvandan əldə etmək olar. Bu qurumlar Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsidir. “ASAN Xidmət” mərkəzi vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, doğumun, ölümün, nikahın, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınmasını, şəxsiyyət vəsiqələrinin ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, əmək pensiyalarının təyin edilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi və başqa xidmətlər həyata keçirilir. 

“ASAN Xidmət” mərkəzinin binası zəmin qatı ilə birlikdə 5 mərtəbədən ibarətdir. Zəmin qatında məlumat masası, poçt və bank xidməti, tibb məntəqəsi, fotostudiya, vətəndaşlar üçün nəzərdə tutulmuş, internetə çıxışı olan kompüterlər, kafe, uşaq əyləncə bölməsi və gözləmə zalı yerləşir. Vətəndaşlar burda şəxsiyyət vəsiqəsilə qeydiyyatdan keçib, növbəyə dururlar və aidiyyatı quruma yönləndirirlər. Vətəndaşların xidmətlərə görə qanunla müəyyən olunmuş rüsumu bilmələri üçün xüsusi aparatlar yerləşdirilib. Tibb məntəqəsində şəxsiyyət vəsiqəsi alacaq gənclərin qan analizi, boyunun ölçülməsi mümkündür. Bundan başqa ödəmələr üçün PayPoint-lər də var. 

Xidmətdə qanunla 120 ştat müəyyənləşdirilib. Ancaq bu işə könüllülər də cəlb olunub. Hal-hazırda mərkəzdə 50 dən artıq tələbə və gənc könüllü kimi fəaliyyət göstərir. Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, İqtisad Universiteti, Xarici Dillər Universitetindən olan könüllülər əsasən müraciət etmiş vətəndaşlara məlumatların verilməsində və müxtəlif anketlərin doldurulmasında yardım edirlər. Qeyd edək ki, burada yaşlı və latın əlifbasını bilməyən vətəndaşlar da nəzərə alınıb və kiril əlifbasının latın qarşılığı qeyd olunmuş sənədlər də təqdim olunur.

Birinci, ikinci və üçüncü mərtəbədə yuxarıda qeyd olunmuş xidmətlər təklif edilir. Dördüncü mərtəbədə isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yerləşir. Agentliyin beynəlxalq və ictimai əlaqələr şöbəsindən aldığımız məlumata görə, mərkəz hər gün saat 10-dan 20:00-a kimi, bazar günləri isə 10-dan 17:00-a kimi fasiləsiz olaraq fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi vətəndaşın əlavə xərclərinin və vaxt itkisinin qarşısını almaqdır. Burada sürücülük vəsiqəsini cəmi 10 dəqiqəyə dəyişdirmək mümkündür. Yəni vətəndaş binanı tərk etmədən poçt, notarius, fotostudiya axtarmadan işlərini həll edə bilir. Şöbə 15 günün statistikasını təqdim edir. “Yanvar ayının 30-nadək mərkəzə 6000 mindən çox vətəndaş müraciət edib. Əksəriyyət şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin dəyişdirilməsini istəyib. Bu müddətə bu qədər adamın müraciətini qənaətbəxş saymaq olar. Həm də ilkin mərhələdə mərkəz pilot layihə olaraq ancaq Nərimanov və Nəsimi rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərə bilir. Lakin yay aylarından Bakı şəhərində iki belə mərkəzin yaradılacağı nəzərdə tutulub. Sonrakı mərhələ isə Sumqayıt və Gəncə şəhərlərində mərkəzin yaradılmasıdır”.

Qanunda nəzərdə tutulmuş səyyar xidmət hələlik həyata keçirilmir. Ancaq tezliklə baş tutacaq. Mərkəzdə əlilliyi olan insanların sərbəst hərəkət etməsi də nəzərə alınıb. Bundan başqa 108 nömrəli çağrı mərkəzi də fəaliyyət göstərir. Vətəndaşlar təklif olunan xidmətlər haqqında məlumatı telefon vasitəsilə öyrənə, qeydiyyatdan keçib növbəyə dura bilərlər.

Günel Səfərova

 

 






4 Fevral, 2013  15:37 Baxılıb: 2172 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner