Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

UŞAQ SAYINI ARTIRAQ, YOXSA QAYĞINI GÜCLƏNDİRƏK? – ARAŞDIRMA

Rövşən Ağayev: “Azərbaycanda nəinki 10, heç 2 uşağa da baxmaq mümkün deyil”

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında qanun layihəsi hazırlayıb.Layihə çərçivəsində “Qəhrəman ana” statusunun bərpası nəzərdə tutulub. Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə həmişə ön sıralarda olub. 
Azərbaycanda yeni doğulan hər körpəyə görə, ailələrə 83 manat birdəfəlik müavinət verilir. Yeni qanun layihəsində çoxuşaqlı ailələrin sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Qanun qəbul edilərsə çoxuşaqlı ailələrin uşaqları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli əsaslarla təhsil ala biləcəklər. Qanun layihəsi çərçivəsində uşaqların məktəbdənkənar təhsil müəssisələrində pulsuz əsaslarla əlavə təhsil alması; dərs ləvazimatları, məktəbli və idman formaları ilə pulsuz təmin olunması; nəqliyyatdan istifadəyə görə kompensasiya; istirahət, mədəniyyət obyektlərinə pulsuz göndəriş verilməsi; 6 yaşadək həkim resepti ilə alınan dərmanların pulsuz verilməsi təklif olunur.
Təkliflər sırasına çoxuşaqlı ailələrin vergidən azad olunması da var.

Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında qanun layihəsi qəbulu ailələrdə uşaqların sayının artmasına cəbəb olacaqmı? Və ya çoxuşaqlı ailələrin sosial problemlərinin həllinə necə təsir göstərəcək?


Çoxuşaqlı ailələrə ediləcək güzəştlərlə bağlı daha ətraflı məlumat almaq üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Lətafət Tağızadəyə müraciət etdik.
L.Tağızadə bildirdi ki, rəhbərlik bu mövzuda mətbuata məlumat verməməyə qərar verib. Çünki layihə hələlik parlamentin gündəliyinə daxil edilməyib.

“Bərabər İmkanlar Mərkəzi” İctimai Birliyinin sədri, sosioloq Rafiq Təmrəzov çoxuşaqlı ailələrə dövlət dəstəyinin edilməsini müsbət qiymətləndirir: “Əvvəlki dövrlərlə müqayisədə ailələrdə uşaqların sayının azaldığını görürük. Bunu müşahidə edirik ki, ailələr maksimum 3 uşaq istəyirlər. Fikrimcə, çoxuşaqlı ailələrə dövlət yardımının edilməsi müsbət haldır. Hətta deyərdim ki, vacibdir. Bu güzəştlər müxtəlif formalarda ola bilər. Bəzi xarici ölkələrdə olduğu kimi həmin ailələrdən qaz, su, işıq kimi kommunal xərclər alınmaya bilər. Və ya uşağın təhsili ilə bağlı bəzi güzəştlər edilə bilər. Bu güzəştlərin forması o qədər də önəmli deyil. Əsas odur ki, belə bir yardım edilsin”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev bildirir ki, Azərbaycanda nəinki 10, heç 2 uşağa da baxmaq mümkün deyil: “Belə tədbirlər daha çox əhalisinin sayı azalan ölkələrdə həyata keçirilir. Afrika ölkələrini nəzərə almasaq, deyə bilərik ki, Azərbaycan əhali artımına görə ən öndəgedən ölkələrdən biridir. Mən belə sosial yardımların edilməsinə pis baxmıram. Kiminsə 8 uşağı varsa, dövlətin maddi baxımdan ona kömək etməsi yaxşı haldır. Avropa ölklərində valideynlər öz məvacibləri ilə həm özlərinə, həm də uşaqlarına normal həyat şəraiti yarada bilirlər. Bizdə isə maaşların miqdarı məlumdur. Bir ölkədə ki, səhiyyə bu gündədir, uşaqların sağlamlıq sığortası belə yoxdur, say artımından necə danışmaq olar. Mən öz uşağımın kiçik bir problemini həll etmək üçün 850 manatdan çox pul xərcləməli oldum. Dövlət əvvəlcə azuşaqlı ailələrə dövlət dəstəyi versin, onların həyat şəraitlərinin keyfiyyətini artırsın, sonra çoxuşaqlılara da kömək eləyər”.

Digər ölkələrə nəzər salaq

Türkmənistanda 8 uşağı olan qadına Dövlət Ali Şərəf Medalı verilir. Birdəfəlik yüksək miqdarlarda pul alan analar təbii qaz, işıq, su pulu vermir, təyyarə də daxil olmaqla bütün nəqliyyat vasitələrindən, bütün dövlət xidmətlərindən ödənişsiz istifadə edirlər. Üç və daha artıq uşağı olan ailələrə isə lüks ev və bahalı avtomobil verilir. Ailə quracaq cütlüklər dövlət tərəfindən tikilən “Toy Mərkəzləri” adlandırılan toy salonlarında evlənirlər. Bunun üçün heç bir ödəniş edilmir.
Rusiya da belə tədbirlərə əl atan ölkələr arasındadır. Bu ölkənin qanununda ikinci uşağa görə, ailəyə 10 min dollar, yaşayış və təhsil məsələlərində kömək edilir.

Türkiyədə də çoxuşaqlı ailələrə bəzi güzəştlər ediləcək. Ailələrin ən az 5 uşaq sahibi olmağını istəyən baş nazir uşaq sayına görə pul verməyi nəzərdə tutur.

Bugün Avropa ölkələrində də əhalinin sayı azalır. Bu azalmanın səbəbi isə iqtisadi səbəblər yox, qadınların kariyera arzusu və uşaq istəməmələridir. Bir sıra Avropa ölkələrində həm doğum sayı azalıb, həm də qadınların ailə qurub, övlad sahibi olma yaşı artıb.

Britaniya, Fransa, İspaniya və Danimarkada edilən araşdırmaya görə, 40 yaşından sonra uşaq sahibi olan qadınların sayı 20 il əvvəllə müqayisədə 3 dəfə artıb. Bütün bunlar Avropada yaşlı əhalinin sayının artmasına səbəb olur.

Çexiya Respublikası əhalisinin 2050-ci ildə 20% azalaraq 8 milyona düşəcəyi ehtimal edilir.
Əhalisinin sayı sürətlə azalan Almaniyanın baş naziri Angela Merkel şirkətlərə müraciət edərək anaların iş saatlarının azaldılması, hər uşağa 100-150 avro verilməsi nəzərdə tutulur.
Mütəxəsislər hseb edirlər ki, qadınlar ölkənin gələcəyini yox, uşaqlarının və özlərinin gələcəyini düşünürlər.

Azərbaycanda isə əhalinin artımında heç bir problem yoxdur. Dövlət Statistika Komitəsinin 2012-ci ilin aprel ayının 1-nə olan məlumatına görə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29,1 min nəfər və ya 0,3% artaraq 9 264,2 min nəfərə çatıb.

İlknur Salamova






1 Fevral, 2013  14:48 Baxılıb: 1797 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner