Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ORQAN TRANSPLANTASİYASI - BAŞLICA PROBLEMLƏR – ARAŞDIRMA

Adil Qeybulla: «Bu sahənin inkişafı üçün beyinlərdə inqilab olmalıdır»

Millət vəkili Qənirə Paşayevanın həyatını itirdiyi təqdirdə orqanlarının başqa insanların müalicəsində istifadə olunması üçün transplantasiya edilməsi barədə vəsiyyəti bu məsələni gündəmə gətirib. Bu sahədə olan problemlər müzakirə predmetinə çevrilib. 

Orqan transplantasiyası Azərbaycan səhiyyəsinin inkişaf etməmiş sahələrindən biridir. Yüzlərlə insan hər hansı bir orqanının sıradan çıxması nəticəsində həyatını itirir. Bir çox hallarda transplantasiyaya ehtiyacı olanlar müalicə üçün xarici ölkələrə göndərilsə də, bu xəstələrin çox az hissəsini təşkil edir.
Bəs, tarnsplantasiya əməlityyatları hansı qayda və qanunlara əsaslanır, ölkəmizdə hansı orqanların köçürülməsi həyata keçilir? Azərbaycanda transplantasiya əməliyyatının mümkün olmadığı xəstələrə necə yardım göstərilir?

Bununla bağlı Nazirlər Kabinetinin «İnsan orqan və ya toxumalarının transplantasiya Qaydaları və Şərtləri» haqda müvafiq qərarı var. Qərara görə, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərahiyyə əməliyyatı aparılmaqla xəstədə olmayan və zədələnən orqan və toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan götürülməsi hərtərəfli müayindən keçdikdən sonra donorun sağlamlığına əhəmiyyətli dərəcədə zərər vermədiyi təqdirdə mümkündür. Transplantasiya donorun və resipeyentin yazılı razılığı əsasında həyata keçirilir. Lakin, xəstənin həyatı təhlükədə olduğu, özü və ya yaxınlarının razılığını almaq mümkün olmadığı təqdirdə də transplantasiya əməliyyatı keçirilir.

Həkim Adil Qeybulla bu sahənin inkişafı üçün ölkəmizdə bir sıra problemlərin olduğunu deyir: «Ara-bir hər hansı bir orqan köçürülməsinin həyata keçirilməsi transplantasiyanın inkişafı demək deyil. İlk növbədə bunun üçün mənəvi problemlər var. Mentalitetdə dəyişiklik olunması, insanların loyal münasibət bəsləməsi üçün mexanizm hazırlanmalıdır. Qanunvericiliyə görə, ancaq qan qohumlarından öz razılıqları əsasında donor kimi istifadə oluna bilər. Və ya beyin ölümü keçirmiş gənclərdən donor kimi istifadə oluna bilər. Amma gəlin diqqət edək: tutaq ki, qəflətən hər hansı qəza hadisəsinin nəticəsində beyin ölümü keçirmiş hansı gəncin valideyinləri, yaxınları bununla razılaşar? Transplantasiyanın inkişafı üçün beyinlərdə inqilab olmalıdır».
Həkimin sözlərinə görə, transplantasiyanın inkişafı üçün donor bankı yaraldılmalıdır. Problemin digər məqamı isə təşkilati məsələlərlə bağlıdır: «Məsələn, Qəbələdə ürək transplantasiyasına ehtiyacı olan bir şəxs var, Bakıda isə donor. Transplantasiya əməliyyatının çatdırılmasının texniki tərəfləri ilə bağlı da təşkilati məsələlər həllini tapmalıdır»

Adil Qeybulla Azərbaycanda daha çox qaraciyər, böyrək, gözün quzeyli qişasının əməliyyatı sahəsində bəzi təcrübələrin olduğunu qeyd etdi.
Transplantasiyaya ehtiyacı olan xəstələrə dövlət tərəfindən hər hansı bir yardımın göstərilməsinə gəlincə, həkim ölkəmizdə ürək çatışmazlığı və s. kimi transplantasiyaya ehtiyacı olan yüzlərlə xəstənin olduğunu, amma onların mövcud vəziyyətləri ilə razılaşmaq məcburiyyətində qalaraq, yaşamalarına davam etdiyini dedi.

Oğlu losemiya xəstəliyinə tutulmuş Sabiq Məmmədov 15 yaşlı Aqşinə ilik transplantasiyasının edilməsi üçün bir neçə il əziyyət çəkdiyini deyir. Onun sözlərinə görə, Azərbaycanda bu mümkün olmadığından oğlunu xaricə aparmaq məcburiyyətində qalıb. Bunun üçün demək olar ki, bütün əlaqədar qurumlara, o cümlədən, Heydər Əliyev Fonduna, Prezident Aparatına müraciət etsə də, dövlət tərəfindən ona hər hansı bir yardım göstərilməyib. Lakin oğlunun sağlamlığına qovuşması üçün çətinliklər bahasına olsa da, onu İrana aparmağa müvəffəq olub. Bunun üçün təqribən 100 min dollara yaxın pul xərcləyib. Aqşin artıq iki ildir ki, əməliyyat olunub və normal həyatını dönüb.

Talessemiya Mərkəzinin rəhbəri Zaur Məmmədbəyov dedi ki, ölkəmizdə ilik köçürülməsi ilə bağlı təcrübə olmasa da, bu sahənin inkişafı üçün işlər aparılır. Ehtiyac yarandıqda isə xəstələr xarici ölkələrə göndərilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında bir sıra qadağalar öz əksini tapıb. 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi, respiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan, həmçinin respiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan şəxslərdən, məhbuslardan, hərbi əsirlərdən orqan və ya toxumaların götürülməsi, donorların buna məcbur edilməsi qadağandır. Həmçinin orqan və toxumaların alqı-satqısı, tibb işçilərinin transplantasiya haqqında məlumat yayması, ölüm vəziyyətində olan potensial donorun müalicəsində transplantoloqun iştirakına yol verilmir.

Bakıda M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası böyrək, Mərkəzi Gömrük Hospitalı qaraciyər, mədəaltı vəz və onun seqmentləri, böyrək, gözün buynuz qişası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi - gözün buynuz qişası, Mərkəzi Neftçilər Xəstəxanası - qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası üzrə transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələridir.

Xatirə Nəsirli






17 Yanvar, 2013  16:57 Baxılıb: 3343 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner