Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İYNƏLƏNMİŞ MƏHSULLAR - ARAŞDIRMA

GMO və pesisiflər insanlarda sonsuzluq yaradır

Bir müddət əvvəl Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsullar gətirənlərin yüksək miqdarda cərimələnməsini nəzərdə tutan qanun layihəsi təklif olundu. Belə ki, elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycana gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsi halında fiziki şəxslərə 3000, vəzifəli şəxslərə 10 000, hüququ şəxslərə isə 50 000 manat cərimə tətbiq olunması təklif edildi.

Bəs bu qanun layihəsinin təklif edilməsinin səbəbi nə idi? GMO-lu məhsullar doğurdanmı insan orqanizminə zərərlidir?

Əvvəlcə GMO haqqında

Bu gün dünyada gen mühəndisliyi geniş yayılıb. Bir canlının genlərinin alınıb başqa bir canlıya nəql edilməsi nəticəsində geni dəyişdirilmiş məhsullar yaranır. Bəzi bitkilərə heyvan (əqrəb, balıq, siçan) genləri vurulur. Məhsulların genetikasını dəyişdirmədəki ən böyük məqsəd istiyə, soyuğa, böcəklərə ya da viruslara qarşı müqavimətli yeni növlər yaratmaqdır. Qida məhsullarının geni dəyişdirilərək daha çox məhsul əldə edilməsi və qida dəyərlərinin artırılması hədəflənir. Bunun nəticəsi, yəni bu genlərin digər orqanizmdə hansı dəyişikliklər edəcəyi isə bilinmir. Ancaq uzun müddətdir ki, modifikasiya edilmiş qidaların sağlamlığa zərərləri bütün dünyada müzakirə mövzusuna çevrilib.

GMO-lu məhsulların zərərləri


Bu xarici genlərin həzm sistemində tamamilə həll olunmadığı, bəzi hissələrinin qalın bağırsağa qədər çatdığı, hətta qalın bağırsaqdakı bakteriyaların içinə girib, bakteriyaların genetik quruluşunu dəyişdirdiyi iddia edilir. 

Düzdür belə məhsulların insan orqanizmasına mənfi təsiri hələlik tam müəyyənləşdirilməyib. Lakin heyvanlar üzərində aparılan araşdırmalar GMO-ların zərərsiz olmadığını göstərir. Məsələn, Şotlandiyanın Rowett İnstitutundan Dr. Arpad Pusztainin genetikası dəyişdirilmiş kartof ilə bəslədiyi siçanların hamısının daxili orqanlarında kiçilmə, həzm sistemlərində pozğunluq, immunitet sistemlərində çökmə, qan strukturlarında pozulma meydana gəlib.
Avstriya Kənd Təsərrüfatı və Səhiyyə Nazirliyinin maliyyəsi ilə Vyana Universitetinin keçən il apardığı araşdırmada isə GMO-lu qidaların verildiyi siçanların üç dörd nəsil sonra çoxalma qabiliyyətlərini itirdikləri aşkarlanıb.

Müstəqil araşdırmalara görə, geni modifikasiya edilmiş məhsulların antibiotiklərə qarşı müqavimət yaratdığı, allergiya, orqanlarda kiçilmə, qanın biyokimyasında pozulma,sonsuzluq, ölü doğum nisbətində ciddi artım, gələcək nəsillərdə boy və çəki əskikliyinə səbəb olduğu aşkarlanıb.

Bütün bunlara baxmayaraq, belə məhsulların zərərli olmadığını iddia edənlər də var. Ancaq, bir çox ölkədə məsələn Fransa, İsviçrə, Tayland, Səudiyyə Ərəbistanı, Boliviya, Polşa, Macarıstan və Gürcüstanda genetikası dəyişdirilmiş məhsulların qadağan edilməsi bunların zərərli olduğunu göstərir.

Hansı qidalarda təhlükə var?

Ümumdünya Sağlamlıq Təşkilatı dünyada 1600 növ qida məhsulunun geninin dəyişdirildiyini açıqlayıb. Qida rasionumuzda xüsusi yer tutan meyvə və tərəvəzlərin geni daha çox modifikasiya edilir. İndi ilin istənilən mövsümündə istənilən meyvə və tərəvəzi yeyə bilmək imkanı var. Eyni ölçülü, iri, səliqə ilə qablaşdırılan meyvə və tərəvəzlərin görüntüsü alıcıları çağırır. İdxal olunan bu məhsullar təravətli görünür, gec xarab olur. Ancaq nə dadı olur, nə də ətri. 
Xaricdən idxal edilən məhsullardan istifadə etməsəniz belə, yenə də tam olaraq sağlam qidalandığınızı düşünməyin. Çünki şokoladlar, cipsilər, saqqız, konfet, mayonez, un, kolbasa məmulatlarının, soya yağı və digər bitki yağlarının tərkibində də belə əlavələr var. Broylerlər, qablaşdırılmış süt və qatıq məhsulları da təhlükəli qidalar arasındadır.

Hansı tədbirlər görülməlidir?

İnkişaf etmiş ölkələrdə belə məhsulları analiz etmək üçün laboratoriyalar mövcuddur. Ona görə də hərhansı xarici ölkədən gətirilən meyvə tərəvəz lazımı şəkildə yoxlanıldıqdan sonra satış məntəqələrinə göndərilir. Elə olub ki, Rusiya, İngiltərə kimi ölkələr dəfələrlə Türkiyədən aparılan pomidor, portağal kimi məhsulları geri qaytarıb. Kasıb ölkələrdə isə laboratoriayalar olmadığı üçün yoxlama prosesi də olmur və zərərli qidalar bazara daxil olur. Əlbəttə, alıcıların çoxu da heç fərqinə belə varmadan bu məhsullardan istifadə edirlər. Azərbaycanda genetikası dəyişdirilmiş məhsulların yetişdirilmədiyi və xaricdən də belə məhsulların gətirilməyinə qadağalar qoyulsa da bu, alıcıların narahatlığına son qoymur.

Azərbaycanda vəziyyət necədir?


Azərbaycanda GMO-lu məhsulları qadağan edən qanunlardan biri 1997-ci ildə qəbul edilən "Toxumçuluq haqqında qanun"dur. Həmin qanunun 27-ci maddəsində qeyd olunub ki, gen mühəndisliyi sayəsində əldə edilən toxumların, yəni genetik modifikasiya edilmiş orqanizmlərin Azərbaycana idxalına icazə verilmir. Bundan əlavə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 3-cü maddəsində də müəyyən müddəalar öz əksini tapıb. Qanunun 6.0.5-ci maddəsində isə ekoloji təmiz kənd təsərrüfatına dair tələblər qoyulub və məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər, onların törəməsindən istifadə edilməsinin qadağan olunması qeyd olunub. Lakin Azərbaycanda bu sahədə qanunda hələ də müəyyən çatışmazlıqlar var. 

Azad İstehsalçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzuyla bağlı danışarkən bəzi qüvvələrin qanundakı boşluqlardan istifadəsinə diqqət çəkdi: “Qanundakı boşluqdan və xalqın məlumatsızlığından istifadə edən bəzi qüvvələr geni dəyişdirilmiş məhsulları ölkə daxilində yaymağa çalışır”. Onun sözlərinə görə, Azərbaycan gömrüklərində GMO-ları analiz etmək üçün laborotoriyalar olsa da, onların fəaliyyəti nəzərə çarpmır: “Naxçıvanda Gömrük Komitəsində belə bir laboratoriya var. Ancaq digər ölkələrdən fərqli olaraq, bizdəki laboratoriyaların fəaliyyəti nəzərə çarpmır”.
E.Hüseynov GMO-ların yayılmasında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) əli olduğunu bildirir: “GMO-ların bu qədər çoxalmasının səbəbi ÜTT-nin bir çox ölkədə bunu yaymağa çalışmasıdır. Əlbəttə, ölkə daxilində də geni dəyişdirilmiş məhsulları yaymağa maraqlı olan qüvvələr var. Məsələn, biz “Qarabağ Taxıl” MMC-nin 4 dəfə çox məhsul götürmək üçün əkdiyi GMO-lu qarğıdalıları hələ də təmizləyib qurtara bilməmişik. GMO-lu toxum əkəndə gələn il üçün toxum götürmək mümkün olmur. Buna görə də toxum qıtlığı da yaşanır”.
E.Hüseynov GMO-ların yayılmasının qarşısını almaq məqsədilə bir sıra tədbirlər aldıqlarını da qeyd etdi: “ 3 il əvvəl 8 ölkənin istehlakçı hüquqlarını qoruyan təşkilatların iştirakı ilə həyata keçirilən “Kartaqen protokolu: İnkişaf edən dünyanın sağlam ətraf mühitində istehlakçı hüquqlarının müdafiəsi» layihəsinin Azərbaycan tərəfindən də ratifikasiya olunmasına çalışdıq. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinə də abone gen bitkilərin əkilməməsi üçün müraciət etmişik. Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu məsələnin həllində maraqlıdır. Ancaq bütün bunlara baxmayaraq problem hələ də həllini tapmayıb”.

Bütün dünya GMO-lu məhsullardan istifadə edir

İqtisadi tədqiqatlar mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov isə məsələyə fərqli mövqedən yanaşır. Onun sözlərinə görə, GMO-lu bitki və heyvanlar geniş yayılıb və inkişaf etmiş ölkələrdə də kifayət qədər istifadə edilir: “Azərbaycanda GMO-lu məhsulların gətirilməsinə cərimələrin tətbiq olunması və belə qanun layihələrinin təklif olunması bundan xəbər verir ki, bu məsələ ilə məşğul olan deputatlarımız və məmurlarımız kifayət qədər informasiyalı deyil. Onlar öz üzərlərində işləmirlər. Əsassız məlumatlara əsaslanaraq belə qanunlar qəbul edirlər”.
Ekspert GMO-ların zərərli olduğunu göstərən heç bir dəlilin tapılmadığını vurğulayır: “Xatırlayırsınızsa Avropa İttifaqı ABŞ-ın “Monsanto” şirkətinin GMO-lu məhsullar istehsal edərək insanları zəhərlədiyini iddia etmiş və məhkəməyə müraciət etmişdi. Ancaq nəticə o oldu ki, GMO-nun zərərli olduğunu sübut edən heç bir dəlil ortaya qoya bilmədilər. Artıq bu fikirlər keçmişdə qalıb. Dünyada da, Azərbaycanda da GMO-lu məhsullar var və olacaq. Hətta, istifadə etdiyimiz kartofun 99%-i GMO-lu tərkibə malikdir”.

“GMO-lar yox, pestisitlər qadağan olunsun”

V.Məhərrəmov dünyada 37 ölkədə GMO-nun qadağan olunması ilə bağlı informasiyaların da doğru olmadığını deyir: “Həmin ölkələrdə GMO-lu məhsullar yox, kimyəvi tərkibə malik, istehsalı zamanı kimyəvi maddələrə məruz qalmış ərzaq məhsulları qadağandır. Bizim ölkədə də belə məhsullar kifayət qədərdir. Ötən il buna görə bir neçə nəfər zəhərlənərək öldü. Pomidor turşusundan zəhərlənənlər oldu. Səbəb isə həmin pomidorun əkildiyi sahəyə kimyəvi dərmanların vurulmasıdır. Həşəratları məhv etmək üçün istifadə olunan  pestisitlər insan orqanizminə zərərlidir. Məncə GMO-larla bağlı qanun qəbul edənlər bir az da bu istiqamətə yönəlsinlər”.

Hazırda dünyada xərçəng xəstəliyi sürətlə artır, infarkt artıq sadəcə qocalarda yox, gənclərdə də görülür. Müalicəsi tapılmayan bir sıra xəstəliklər peyda olub. Bütün bunların qidalanmadan qaynaqlandığı sübut gərəyi olmayan həqiqətlərdir. GMO-ların insan orqanizminə zərərli təsirinin olub-olmadığı hələlik sübut olunmasa da, mütəxəsislər hər ehtimala qarşı, hazır qidalardan istifadəni mümkün qədər azaltmağı, meyvə-tərəvəzlərin görünüşünə fikir verməyib qurdlu, əzilmişləri almağı tövsiyə edirlər.


İlknur Salamova






11 Yanvar, 2013  19:52 Baxılıb: 2410 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner