Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MİS-LƏR MƏNZİLLƏRİ NECƏ İSTİSMAR EDİR? - ARAŞDIRMA

.

Bakı şəhəri Suraxanı rayonunda yaşayan Qabil və Səbinə Cabbarovlar televiziyada Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyətinin qanunsuz olması xəbərini eşidəndən sonra bu quruma pul verməkdən imtina ediblər. Dəfələrlə əraziyə baxan MİS-in işçiləri «mənzil pulu» və «zibil pulu» almaq üçün Cabbarovların qapısını döysələr də, hər dəfə «yox» cavabı alıblar.

«7 manat «mənzil pulu», 27 manat «zibil pulu» istəyirlər. Əvvəllər verirdik. Bu il verməmişik. Bələdiyyəyə hər il 20 manat əmlak vergisi veririk, sənədimizi alırıq. Amma «JEK» bizə heç bir çek vermir. Televiziyada dedilər ki, onlar qanuni fəaliyyət göstərmirlər, Sovet dövründən qalma qurama idarədir», deyə, Q.Cabbarov bildirir.

Zibil daşınırsa, ounun pulunu verməliyik!?

Son vaxtlar MİS-lərin fəaliyyətinin qanunsuz olmasına dair daha çox fikirlər səslənir. Artıq sırvai vətəndaşlar arasında da belə fikir formalaşıb ki, bu qurumların qanunsuz işləyirlər. Əgər mövcudluqları qanunsuzdursa, o zaman sual olunur? Mənzillərdən çıxan zibilləri hansı qurum daşımalıdır? Binanın həyətini, bloku hansı qurum təmizləməlidir? Liftə kim nəzarət etməlidir? Məntiqlə, əgər zibillər daşınırsa, binanın həyəti, bloklar süpürülürsə, lift təmir olunursa, bunun xərci ödənilməlidir.

Bu sualların cavabı 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində öz əksini tapıb. Mənzil Tikinti Kooperativində (MTK) yaşayan mülkiyyətçilər öz aralarında cəmiyyət yaradıb binanın saxanılması - fasadın ağardılması, zirzəmi, mansarın idarəolunması, pilləkənin, blokun, həyətin süpürülüb təmizlənməsi, zibillərin daşınması kimi məsələləri özləri həll etməlidirlər. Hazırda Bakı şəhərində çox az sayda MTK var ki, orada belə cəmiyyət mövcuddur.

Belə cəmiyyətlərdən biri Yasamal rayonu Hüseyn Cavid küçəsi 25-də yerləşən MTK-da mövcuddur. İxtisasca hüquqşünas olan bina sakini Valeh Vəliyev qeyd edir ki, Mənzil Məcəlləsi sonuncu dəfə qəbul ediləndən sonra təşəbbüs irəli sürüb cəmiyyət yaradıb: «O qədər güclü olmasaq da, müəyyən məsələləri özümüz həll edirik. Bir nəfər komendant götürmüşük. Həmin şəxs binaya nəzarət edir. Gecələr maşınlara, binaya nəzarət edir. Binanın divarlarını, həyətdəki çardağı, lifti təmir etdirir, bloku, həyəti JEK-in işçisinə təmizlətdirir. Zibillərimizi JEK aparır. Hələ ki, həyəti süpürəcək, zibili daşıyacaq başqa qurum yoxdur».
V.Vəliyev deyir ki, binanın zirzəmisində təqaüdçülər evi var. Mansar isə 5-ci – sonuncu mərtəbədə yaşayanındı: «Balaca mansardı. Heç kəsin orada gözü yoxdur. Mənə elə gəlir ki, JEK-lər adları, statusları dəyişdirilməklə saxlanılmalıdır. Həmin quruma dövlət büdcəsindən pul ayrılır. Ona görə də həyəti ucuz süpürürlər, zibili ucuz daşıyırlar. JEK-lər özəlləşsə və ya bu iş bələdiyyələrə həvalə olunsa, kommunal xidmətlər bahalaşacaq. Belə daha yaxşıdı»
Həmsöhbətimiz hesab edir ki, əgər MİS-lər ləğv olunsa, sakinlərin xərci daha çox olacaq: «İndi ildə 30-40 manat «MİS»ə veririksə, onların ləğvindən sonra həmin vəsaiti hər ay verməli olacağıq. Liftə baxana, süpürgəçiyə, həyətin işıqlandırılmasına, avtomobillərə nəzarət edənlərə hər binanın ağardılmasına ildə bir dəfə pul verməli olacağıq. Yeni Mənzil Məcəlləsinə görə, süpürgəni, işıq dirəyini, lampanı da özümüz almalıyıq. Düşünürəm ki, biz yeni iderəetməyə birdən-birə yox, tədricən keçməliyik».

«MİS-lər özəl şirkətə çevrilə bilər»

Ekspert Azər Mehtiyev düşünür ki, MİS-lərin fəaliyyəti qanunla tənzimlənməsə də belə, onların mənzil sahiblərilə münasibətlərinin mövcudluğu danılmazdı: «Faktdır ki, MİS-lər xidmət göstərirlər və buna görə haqq alırlar. Qanun isə MİS-lərin mövcudluğunu bir növ inkar edir. Mənzil Məcəlləsində göstərilib ki, binanın idarə olunması MKT-larının mülkiyyətçilərinin səlahiyyətindədir. MKT qeyri-kommersiya qurumudur. Bu birlik Ədliyyə Nazirliyindən qeyri-kommersiya qurumu kimi qeydiyyatdan keçir. Bankdan kredit götürə, binanın şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilə bilər. 1959-cu ildən yaradılan MİS-lər təmizlik işlərinə baxan özəl şirkətə çevrilə bilər».

Mənzil Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, çoxmənzilli binanın idarəetmə orqanı sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Hazırda fəaliyyət göstərən MTK-lar isə qanunda nəzərdə tutulan idarəetmə formasının ilkin formasıdır. Mənzil Məcəlləsində göstərilənlər kağız üzərində qaldığı kimi, MİS-lərin ləğvi də sözdən o tərəfə keçmir. Məsələn, bir müddət öncə ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi hesabatda da mənzil-istismar sahələrinin ləğv edilməsinin, səlahiyyətlərinin bələdiyyələrə verilməsinin zəruriliyi bildirilib.

Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin müavini Sabit Hüseynov isə MİS-lərin ləğvindən narahat deyil: «4-5 ildir bu sahədə müzakirələr gedir. Mənzil Məcəlləsində yoxdursa, ləğv eləsinlər. Ancaq bizlik deyil bu məsələ».

MİS-lər ləğv olunsa, zibilə düşərik?

MİS rəisləri düşünürlər ki, bu qurum ləğv edilsə, mənzillərdən çıxan zibilləri daşıyan olmaz.
Yasamal rayon 60 saylı MİS-in rəisi Məmməd Hüseynovun sözlərinə görə, binanın saxlanılması, təmizlik işlərinin aparılması, zibilin daşınması, dam örtüyünün, tüstü bacaların təmizlənməsinə hazırda MİS-lər baxır. Bu sahədə nativ qurum yoxdur. nativ qurum olmadan MİS-ləri ləğv etmək düzgün deyil.
MİS rəisi onu da bildirdi ki, Nazirlər Kabinetinin qərarına əsasən, məişət tullantılarının daşınması adambaşına 14 qəpikdən 30 qəpiyə qaldırılıb.
Yasamal rayon Bələdiyyəsindən sulımıza cavab olaraq bildirdilər ki, onlar hələ ki, MİS-lərin işini aparmaq imkanında deyillər. Çünki bələdiyyənin büdcəsində o qədər vəsait yoxdur ki, MİS-lərin funksiyasını həyata keçirsinlər.
İqtisadçı A.Mehtiyev qeyd edir ki, burada söhbət MİS-lərin tamamilə ləğvindən deyil, statuslarının dəyişdirilib bələdiyyələrə verilməsindən gedir: «MİS-lər dövlətin himayəsindən çıxarılmaqla, büdcə xərcləri azaldılmalıdır. Həmçinin bələdiyyələrin maliyyə imkanları artırılmalıdır ki, onlar MİS-ləri də saxlaya bilsinlər.

Ağır işin ucuz haqqı

Bir az da MİS-lərdə çalışanların işinin ağırlığından və məvaciblərinin azlığından bəhs edək.
Bələdiyyələrin İnkişafı naminə QHT Alyansının eksperti Samir Əliyev bildirir ki, Azərbaycanda təxminən 300-ə qədər «MİS» fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən orta hesabla 18 milyon, abadlıq və tullantıların daşınmasına görə isə 154 milyon manat ayrılır. Bir MİS-ə 60 min manat vəsait ayrılır. 40-a qədər (Bəzi MİS-lərdə işləyənlərinr sayı bundan çoxdur - R.X) işçisi olan MİS-də adambaşına il ərzində orta hesabla 1500 manat pul düşür.
Aya böldükdə bu, 130 manat etmir. Ona görə də, MİS işçilərinin əksəriyyətinin gözləri sakinlərin onlara verəcəyi «zəhmət haqqı»na dikilib.
Söhbətləşdiyimiz MİS-in işçiləri statuslarının dəyişdirilməsini vacib sayırlar. Qeyd edirlər ki, əgər özəl şirkət olsalar, daha çox fəaliyyət sahəsilə məşğul olub, gəlirlərini artıra bilərlər. Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən 14 saylı MİS-in 30-dan çox işçisi var. Ən ağır işlərdə çalışan MİS işçilərinin maaşı 120-250 manat arasında dəyişir. Burada süpürgəçinin maşı 200 manat civarındadır. Maaş az olduğundan liftçilərin sayı normadan azdır. 40 liftə 15 nəfər baxmalıdırsa, hazırda 3-5 nəfər liftçi bu qədər liftə nəzarət edir. Maaş az olduğu üçün MİS-də işləmək istəyənlər də olmur. Ən ağır işlərdən biri səhərlər maşına zibil qalamaqdır ki, burada işləyənlər qısa zaman ərzində işdən uzaqlaşırlar.

«Hələ ki, MİS-in yükünü daşımaq istəyən yoxdur»

Bələdiyyə üzrə ekspert Vüqar Tofiqli bildirdi ki, Mənzil Məcəlləsi MİS-lərin mövcudluğunu inkar etsə də, hazırda bu qurumun nativi olmadığı üçün onların mövcudluğu saxlanılır: «Artıq mənzillər MİS-lərin balansında deyil. MTK-lər orada yaşayan mülkiyyətçilərin yaratdıqları qeyri-kommersiya xarakterli hüquqi birliklər tərəfindən idarə olunmalıdır. Düzdür, hələ ki, MİS-lər olmadan binaların saxlanılması bizə çətin görünür. Yeni sistemin üstünlüyünün təbliğini apara bilsək tezliklə çoxmərtəbəli binalarda yaşayanların kondominimumlarının yaranmasına nail ola bilərik. MİS-lərə olduğu kimi, kondominimumlara da dövlət tərəfindən maliyyə ayrılır. MİS-lərdən fərlqi olaraq mülkiyyətçilərin hüquqi birliklərinə ayrılan vəsaitlər üzərində ictimai nəzarəti həyata keçirmək mümkündür. Elə bu sistemin üstünlüyünün əsas mahiyyəti də bundadır. Qanunun fəlsəfəsində vurğulanır ki, binaları kənar şəxslər deyil, orada yaşayanların özləri nəzarət eləsinlər. Sakinlərin hüquqları var ki, binaya nəzarəti kənar şirkətə həvalə etsinlər. Kondominimumların səlahiyyətləri olacaq ki, vətəndaşlar üçün “başağrısı hesab olunan arayışlar” da versinlər».

«İcra olunsa, qanundan hər kəs bəhrələnəcək»

Qadın Hüquqşünaslar Asossiasiyasının sədri, hüquqşünas Arzu Əliyeva «Mənzil Məcəlləsi»nin mütərəqqi tərəflərinin cəmiyyətlə kifayət qədər təbliğ olunmamasından təəssüfləndi: «İnzibati İcraat Haqqında» qanun da qəbul olunanda, çoxları düşünürdü ki, bu qanun işləməyəcək. Amma gözləntilərin əksi baş verdi. Hesab edirəm ki, «Mənzil Məcəlləsi»ndə binaların idarəolunması ilə bağlı müddəa vətəndaşların mənzil üzərindəki hüquqlarını daha da genişləndirəcək. Qanun icra olunsa, yeni sistemin üstünlüklərindən hər bir vətəndaş, o cümlədən dövlət və vətəndaş cəmiyyəti bəhrələnəcək».

Ruslan XƏLİL






10 Yanvar, 2013  16:57 Baxılıb: 9382 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner