Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BAYRAMI İŞ BAŞINDA QARŞILAYANLAR

 İstirahətə tələsənlər, bayram günü də iş olar? - deməyin!

Bayram deyəndə hamımızn ağlına gülmək, əylənmək, ailə üzvləri və dostlarla yaxşı vaxt keçirmək və ən əsası dincəlmək gəlir. Ancaq bəzilərimiz üçün bayram günü sadəcə iş və daha çox iş deməkdir. 

Nazirlər Kabinetinin qərarı ilə dekabrın 31-dən yanvarın 7-dək Azərbaycanda qeyri-iş günləridir. Lakin bu il də bir çox insan yeni ili işdə qarşılayacaq. Hələ bir neçə gün öncədən bir sıra dövlət qurumları bayramda gücləndirilmiş iş rejiminə keçəcəklərini açıqlayıblar.

Simsar.az olaraq bayram günləri hansı qurumların əməkdaşlarının iş başında olacağını araşdırmağa çalışdıq.

Fövqəladə Hallar Nazirliyi paytaxtda və ölkə ərazisində, xüsusilə bayram şənliklərini keçiriləcəyi yerləri, insanların kütləvi şəkildə toplaşacağı əraziləri siyahıya alıb. Nazirliyin mətbuat xidməti əməkdaşların bayram günləri gücləndirilmiş iş rejimində işləyəcəkləri haqqında məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov KİV-ə verdiyi açıqlamada dekabrın 31-dən yanvarın 7-dək daxili işlər orqanlarının gücləndirilmiş iş rejiminə keçəcəyini bildirib. Açıqlamada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri gücləndirilmiş iş rejimində çalışacağı bildirilib. Bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayının artırılacağı, Respublika ərazisində ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanların səfərbər ediləcəyi qeyd olunub. Bu qərar eyni zamanda Bakı şəhəri Dövlət Yol Polisinə də aiddir. Bayram günlərində yollara nəzarəti gücləndirəcək qurum tıxacların yaranmaması, nəqliyyatın hərəkətində ləngimələrin olmaması üçün əlavə tədbirlər görməli olacaq.

Bayram günlərində əməkdaşları fasiləsiz işləyəcək qurumlardan biri də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdır. Stansiyadan Simsar.az-a verilən məlumata görə, onlar bayram günləri fasiləsiz işləyəcəklər. Çünki adi günlərdə sutkada 1500 çağırışın daxil olduğu stansiyaya bayram günlərində zənglərin artacağı gözlənilir.

“Bakıelektrikşəbəkə” də bayram günlərində gücləndirilmiş iş rejiminə keçən qurumlardandır. “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev KİV-ə açıqlama verərək bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, həmçinin baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün əlavə maşın mexanizimlərinin ayrılacağını bildirib. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində də nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlər müvəqqəti olaraq dayandırılacaq. T.Mustafayev abonentlərə elektrik enerjisinə görə yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vurmalarını da deyib. O vurğulayıb ki, yaradılmış operativ qruplar vasitəsilə elektrik enerjisinin verilişində yaranacaq fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.


Bayramda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi də gücləndirilmiş iş rejimində işləyəcək. Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Birliyin 185 nömrəli qaynar xəttinin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti isə gücləndiriləcək. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcəklər. “Azəriqaz” İstehsalat Birliyi hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edib.

Bir çox insan bayramı yaxınlarının yanında keçirmək və ya sadəcə dincəlmək üçün rayonlara, bəziləri də tətildə yeni şəhərlər və mədəniyyətlər görmək üçün xaricə üz tutur.
Elə bu səbəblə də bütün ölkələrdə o cümlədən də, Azərbaycanda qatarlar, təyyarələr, avtobuslar gücləndirilmiş iş rejiminə keçirilir. Artıq “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal da gücləndirilmiş iş rejimində çalışacaqlarını açıqlayıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi də qarşıdan gələn bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. “Azərbaycan Dəmir Yollar” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov hər il olduğu kimi bu il də yalnız Gürcüstana turist qatarının xəttə buraxılacağını deyib. Yeni il ərəfəsində sərnişin sıxlığı nəzərə alınaraq 752/751 saylı Bakı-Tbilisi-Bakı turist qatarı təyin edilib. N.Əzməmmədov bunun müraciətlərlə bağlı olduğunu bildirib və ölkə daxilində tələbatı ödəmək və sıxlığı aradan qaldırmaq üçün qatarlara hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulacağını da qeyd edib.
Biletlərin qiymətində isə heç bir dəyişiklik olmayacağını söyləyən mətbuat katibinin sözlərinə görə, biletlər adi günlərdəki kimi, Tarif Şurasının qoyduğu qiymətlərlə satılacaq.

Bundan başqa “Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərli də bayram günlərində “Azərbaycan Hava Yolları” QSC və Heydər Əliyev Beynəlxalq Hava Limanının gücləndirilmiş iş rejimində çalışacağını açıqlayıb. Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında bütün uçuşlar qrafik üzrə həyata keçirilir. Ancaq, tələbat yaranarsa, Naxçıvana uçuşların sayı artırılacaq. Biletlərin qiymətində dəyişiklik yoxdur.

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı da 31 dekabrda gücləndirilmiş iş rejimində işləyəcək. Təlabat olan marşrut xətlərinə əlavə avtobuslar buraxılacaq. Biletlər Tarif Şurasının müəyyən etdiyi qiymətlə satılacaq və süni qiymət artımına yol verilməyəcək.

İlknur Salamova






30 Dekabr, 2012  20:12 Baxılıb: 1591 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner