Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

KƏRBƏLA ŞƏHİDLƏRİ, «EŞQ KARVANI», RİTMLƏRİN AHƏNGİ - REPORTAJ - FOTOSESSİYA

Əməkdar artist Natiq Şirinov konsertə hazırlaşır

İmam Hüseyni vurdular, 
Qolun-qanadın qırdılar,
Al qanlara boyadılar,
Kərbəlada, Kərbəlada…

Zeynalabdin Tağıyev adına Toxuculuq Fabrikinə ayaq basarkən bizi möhtəşəm ritm sədaları altında oxunan bu sözlər qarşılayır. Bir anlıq özümüzü VII əsrdə, Kərbəla düzündə hiss edirik.
Mədəniyyət sarayının qapısını açıb, içəri daxil oluruq. Əməkdar artist Natiq Şirinov təxminən 30 nəfərlə birlikdə məşq edir. «Natiq Ritm» qrupunun dekabrın 27-də Kərbəla və Azərbaycan şəhidlərinə həsr olunmuş «Eşq Karvanı» adlı konsertinə hazırlaşır.
Bir anlıq əl saxlayıb, bizə yer göstərir və məşqə davam edirlər: «Hüseynə yerlər ağlar, göylər ağlar…»

«Əhl-Beyit» və «Bakı» qruplarının üzvləri mərsiyə formasında oxuyur. Ara-sıra Natiq Şirinov əl saxlayaraq, qrup üzvlərinə iradlarını bildirir, göstərişlərini verir: «Konsertdə də belə çalsanız biabır olduq», «Ürəkdən oxuyun», «Ritm düz gəlmir», «Ahəng pozulur». Üzünü gah skripka çalana, gah ifaçılara çevirir. Bütün bunlar ritmi dayandırmadan baş verir, əllər daim nağaraya çırpılır. Bəzən ahəstə, bəzənsə möhkəm və davamlı. Kənardan baxanda «bu əllər bu dəqiqə sınacaq» təssüratı yaşanır. Əllər isə dayanmır. İnsanı yenə də Kərbəla düzünə çəkir. Fatimə ağlayır, Əbülfəz, Əli Əkbər, Əli Əsgər həlak olur…İfaçıların «Ya Fatimə», «Ya Əblüfəz» sədaları altında...

Bu arada məkana diqqət yetiririk. Xalça döşənsə və qızdırıcılar quraşdırılsa da Mədəniyyət Sarayının səhnəsi çox soyuqdur. Divarda ərəb əlifbası ilə, “Quran” ayələri olduğunu güman etdiyimiz yazılar asılıb. Bir tərəfdə isə elektrik çaydanı və bulaşmış stəkanlar var. Səhnə kiçikdir. Sonradan Natiqdən öyrəndik ki, konsert zamanı pərdə və səhnə tərtibatı üçün lazım olan digər avadanlıqlar quraşdırılacaq.

Fürsətdən istifadə edərək, pərdələri aralayıb, zala diqqət yetiririk. Sanki, illərdir, burada heç bir tədbir keçirilməyib. Təmirsiz və səliqəsiz. «Burada məndən başqa konsert verən yoxdur» deyən N. Şirinov konsertqabağı zalın da səliqəyə salınacağını bildirir.

Qayıdaq məşqə. Burada müxtəlif ölçülü nağaralar var. Nağaraların bir neçəsinin üzərində «Natiq Ritm» sözləri yazılıb, bəzilərində Azərbaycanın xəritəsi, ay-ulduzu əksini tapıb. Zərb alətlərindən başqa burada skripka, balaban, qarmon və digər alətlər də var. Diqqətimizi kənardan bəzək əşyasına oxşayan bir alət çəkir. Dəvə karvanının cingiltili ahəngini çıxaran bu alətin butulka qapaqlarının ipə keçirilməsi vasitəsilə əmələ gəldiyini görürük.

Dini musiqilər, iradlar, məsləhətlər. Nəhayət başa çatır. Natiq qrup üzvləri ilə söhbətləşərək, onları yola salır. Qrup İranda da belə bir konsertin təşkilini və qonşu ölkədə bunun necə qarşılanacağını müzakirə edir.

Və nəhayət onunla söhbətləşirik. Natiq Şirinov konsertini İmam Hüseyn başda olmaqla bütün şəhidlərə ithaf etdiyini deyir: «Burada təkcə Kərbəla şəhidləri deyil, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda həlak olanlar da nəzərdə tutulur. Çalışacağıq ki, İlahi eşqi insanlara düzgün şəkildə çatdıra bilək, səsləndirdiyimiz musiqi başqa mövzularda anlaşılmasın, məhz şəhidləri yada salsın. Düşünürəm ki, Allah məni yaradıb, sənət verib, ruzi verib, Bəs mən onun üçün nə eləmişəm».
Konsertin keçirildiyi məkana gəlincə, ritm ustası deyir ki, burada keçirməyi əvvəlcədən niyyət edib: «Keçən il də burada eləmişdim. Sənətimi burada inkişaf etdirməyə başlamışam. Allah-Taala buradan yolumu şanslı edib. Məndən də yaxşı nağara çalanlar var. Amma bu nağaranın başqa bir ruhu, dünyası var. O da buradan başlayıb. Təbbii ki, gələcəkdə konsertimi daha geniş yerlərdə təşkil etməyi nəzərdə tuturam. Çünki, İmam Hüseyn eşqi yerə-göyə sığmayan bir eşqdir. Və həddindən artıq geniş məkanlar olmalıdır».

N.Şirinov bu konsertin dini mövzuya həsr olunmuş üçüncü konsert olduğunu deyir. Onun sözlərinə görə, konsertdə «Natiq Ritm» üzvləri və tələbələri, «Əhli-beyit», «Bakı» qrupları, tanınmış skripka ifaçısı Səlim Abbasov və başqaları təmsil olunacaq. «Natiq Ritm»in 108 nəfərlik üzvündən konsertdə 13 nəfər iştirak edəcək. Bu rəqəm də təsadüfü deyil. N.Şirinov 13 rəqəminin ona uğur gətirdiyini düşünür.

Əməkdar artistə qarşıdakı konsertində uğurlar arzulayaraq, məkandan ayrılırıq.

Xatirə Nəsirli






18 Dekabr, 2012  16:13 Baxılıb: 3293 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner