Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İSİNMƏDİK İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ – ARAŞDIRMA

Qış gəldi, əksər binaların sakinləri yenə soyuqda qaldı

Qış mövsümünün aktual problemlərindən biri də mənzillərin istiliklə təchizidir. Ölkəmizdə mənzillər daha çox elektrik, mavi yanacaqla işləyən sobalarla qızdırılır. Bu, ailənin kommunal xərclərinin artmasına səbəb olmaqla yanaşı, bir sıra hallarda qəza vəziyyəti yaradır. İstilik üzünə həsrət qalan binalardan biri Bakı şəhəri, Əhmədli qəsəbəsi Xətai rayonu Neapol 19 küçəsində yerləşir. Sakinlərin bildirdiyinə görə, binada qaz təchizatından başqa istilik sistemi də yoxdur. 
Binada ancaq elektrik qızdırıcıları vasitəsilə istilik təmin olunur. Sakinlər binaya istilik təchizatının çəkilməsilə bağlı kimə müraciət edəcəklərini belə bilmirlər.
Binaların istiliklə təmin edilməsi “Azəristiliktəchizat” ASC-nin vəzifəsidir. Sosial kirayə əsasında vətəndaşlara verilən binaları istiliklə təchiz etməli olan bu qurum “biz binaya qədər olan məsafəyə cavabdehik, binaların daxilindəki xətləri biz quraşdırmalı deyilik” deməklə işini bitmiş hesab edir.
Nizami rayonu, Qara Qarayev prospekti 94 ünvanda yerləşən binada yaşayan sakinlər isə bildirirlər ki, binadaxili xətləri dəyişmək üçün hər bir mənzildən 100 manat pul alınıb. “İcra başçısının adına ərizə yazdırdılar. Guya sakinlər başçıdan kömək istəyir. Ərizəyə imza atdıran şəxslər bizdən 100 manat aldı. Binada yüzdən çox mənzil var. Hər mənzildən 100 manat yığdıqda bu təxminən 10 min manat pul edir. Amma bu günə qədər mənzillərə istilik verilməyib” - deyə, sakinlərdən biri söyləyir.
Nizami Rayon İcra Hakimiyyətindən isə bu ittihama cavab olaraq bildirilib ki, sakinlərdən istilik xətlərinin çəkilməsi adı altında pul yığılmasından xəbərləri yoxdur.
“Azəristiliktəchizat” ASC-nin üzərinə binaları istiliklə təmin etmək üçün qanuni öhdəliklər qoyulub, ölkə başçısı göstərişlər verib. Amma binalarda istilik xətlərinin çəkilməsində problem hələ də qalmaqdadır. Azərbaycan Respublikasında “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Qanun 2005-ci ildən qüvvəyə minsə də, bu gün minlərlə bina istilik üzünə həsrətdir.
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Simsar.az-a açıqlamasında bildirib ki, qanuna görə , binadaxili istilik xətləri binanın mülkiyyətindədir: “Bir çox binaların istilik sistemi istismara yararsızdır. Binalara istilik xətləri dövlət hesabına, mənzillərə isə vətəndaşların öz hesabına çəkilməlidir. İstilik xətləri olan binalarda da istiliklə bağlı problemlər yaranır, bu mərkəzləşdirilmiş istilik sistemində olan binaların istilik xətlərinin köhnəlməsiylə bağlıdır. Boruların içərisi paslandığından istilik sistemləri verilən suyu qəbul edə bilmir. Bu da istilik keçirmə qabliyyətini aşağı salır. Bu problemin həlli vətəndaşların üzərinə düşür. Vətəndaşlar daxili xətləri təmir etməklə mərkəzdən verilən istiliyin rahat dövr etməsini təmin etməlidir. Köhnəlmiş və korroziyaya uğrayan istilik xətlərinin təmiri “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf” proqramına salınıb. Həmin binalarda istilik təchiz edən qazanxanalar bərpa olunacaq”.

Ekspert Rövşən Ağayev hesab edir ki, “Azəristiliktəchizat” ASC bir tərəfdən haqlıdır: “Mənzil Məcəlləsi haqqında” qanuna görə, binanın idarəçiliyi mülkiyyətçilərin ixtiyarındadı: “Hüquqi normalara görə, “Azəristiliktəchizat” binaya qədər olan sistemi qaydasına qoymalıdır. Zirzəmidən otaqlara gedən xətlər isə vətəndaşın öhdəliyində qalır. Bu məsələlərin həll olunmasında dövlət bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur. Problemin həlli yollarından biri də Mənzil Məcəlləsində nəzərdə tutulan maddənin işlək vəziyyətə düşməsidir”.
Qeyd edək ki, “Mənzil Məcəlləsi haqqında” qanunda çoxmənzilli binalarda sahə mülkiyyətçiləri cəmiyyətlərinin yaradılması nəzərdə tutulub. Binanın saxlanılması həmin cəmiyyətlərin ixtiyarına verilib. Cəmiyyət binadakı ümumi problemləri müəyyənləşdirir və həlli yollarını araşdırır. Çoxmənzilli binalarda belə cəmiyyətlərin təşkil olunması yalnız istilik sistemi problemini yox, digər məsələlərin həllində köməkçi olacaq.
R.Ağayev bildirir ki, hazırda belə birliklərin mövcud olmadığını nəzərə alsaq, binadaxili xətlərin çəkilməsinin məsuliyyəti “Azəristiliktəchizat” ASC-nin üzərinə düşür: “Çünki dövlət binaların istiliklə təmin olunması üçün “Azəristiliktəchizat”a kifayət qədər vəsait ayırır”

Turanə Zeynallı






12 Dekabr, 2012  13:53 Baxılıb: 1693 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner