Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VƏTƏNDAŞLIĞINI GİZLƏDƏN VƏTƏNDAŞLAR – ARAŞDIRMA

Dövlətin ikili vətəndaşlığı qəbul etməməsinin mübhəmləri 

Ülvi Həşimov həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. Azərbaycan Respublikasının «Vətəndaşlıq haqqında» qanunu isə onun ikili vətəndaşlığını tanımır. Ülvi deyir ki, Rusiyada rus, Azərbaycana gələndə isə buranın pasportundan istifadə edir: «Əsas çətinliyim hərbi xidmətə çağırış vaxtı oldu. Rusiyada ali məktəbdə oxuduğum vaxt, Kürdəmir rayon hərbi komissarlığından məni hərbi xidmətə çağırdılar. Xəstəliyimlə bağlı lazım olan sənədləri komissarlığa təqdim edəndən sonra məni rahat buraxdılar».

Daha çox Avropada yaşayan soydaşlarımız əziyyət çəkir


Bəzi məlumatlara görə, üzərində başqa ölkənin ümumvətəndaşlıq pasportunu gəzdirən 100 mindən çox Azərbaycan vətəndaşı var. Amma onlar bu barədə məlumatı Azərbaycan hökumətindən gizlədirlər. Xüsusilə də, Azərbaycanla viza rejimində olan ölkələrin azərbaycanlı vətəndaşları ikili vətəndaşlıqdan əziyyət çəkirlər.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycan dövləti ikili vətəndaşlığı olan şəxsin başqa dövlətə mənsubluğunu qəbul etmir: «İkili vətəndaşlıq qəbul olunmur, amma qadağan da deyil. Azərbaycan vətəndaşı olan şəxsin başqa ölkənin vətəndaşı olması heç nəyi dəyişmir və o, bütün həmvətəndaşları kimi Azərbaycan dövləti qarşısındakı öhdəlikləri yerinə yetirməyə məcburdur.
«Vətəndaşlıq haqqında» qanunun 10-cu maddəsinə əsasən Azərbaycan öz vətəndaşının başqa dövlətin vətəndaşı olmasını tanımır. Amma burada istisnalar da var. Yalnız ölkə rəhbərliyinin fərmanı xarici ölkənin vətəndaşı olan nüfuzlu ictimai-siyasi, mədəniyyət xadimləri Azərbaycan vətəndaşlığını qəbul edə bilirlər. Eyni zamanda Azərbaycan hökumətinin başqa dövlətlərin hökumətlərilə ikili vətəndaşlığı olan şəxslərin vətəndaşlığtının ixtisara salınmasına dair razılıq olmadığı üçün Azərbaycan vətəndaşı olan şəxs başqa ölkənin vətəndaşlığını qəbul edə bilir.

İkili vətəndaşlığı olan şəxslər seçim qarşısında

Hazırda bir milyona yaxın şəxs həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır. Amma onların heç biri gəlib Azərbaycanda Rusiya vətəndaşı kimi qeydiyyata düşə və ya dövlət orqanları qarşısında məsələ qaldıra bilməz. Eləcə də, Türkiyədə vətəndaşlıq almış şəxslər bu hüquqlardan məhrum olurlar, ikili vətəndaşlığı olan şəxslər seçim qarşısında qoyulur. Azərbaycan Respublikası hazırki vaxta qədər Vətəndaşlıq haqqında Avropa Konvensiyasına qoşulmaqdan imtina edib. Ona görə də, hazırda ikili vətəndaşlıq məsələsi Azərbaycanda ciddi problem olmaqda davam edir. Halbuki, həmin konvensiyada ikili vətəndaşlığı olan şəxslərin hansı dövlətin qarşısında hansı məsuliyyətləri daşıması məsələsi daha ətraflı qeyd olunub.

A.Allahverənov bildirir ki, bu gün dünyanın əksər ölkəsində ikili vətəndaşlıqla bağlı qadağalar aradan qaldırılıb. Bildirək ki, ikili vətəndaşlığı olan şəxslər Azərbaycanda yüksək vəzifə tuta, hakim və ya vəkil ola, seçkili orqanlarda təmsil oluna bilməzlər. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev həm də ABŞ vətəndaşı olduğu üçün ötən prezident seçkilərində namizədliyi qeydə alınmamışdı.

Başqa bir problem uzun müddət Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının vətəndaşlıq ala bilməmələridir. Cənubi Azərbaycandan olan və 8 ilə yaxındır ki, Bakı şəhərində yaşayan, 4 il öncə Azərbaycan vətəndaşı ilə ailə həyatı qurmuş Rza Qurbani Azərbaycan vətəndaşlığı ala bilmir. Aidiyyəti dövlət qurumlarından ona bildiriblər ki, Azərbaycan vətəndaşlığını ala bilmək üçün İran vətəndaşlığından imtina etməlidir. Rza Qurbani isə eyni vaxtda həm İran, həm də Azərbaycan vətəndaşı olmaq istəyir.

Azərbaycan vətəndaşlığını gizlətməyə məcburdur

Ekspertlər bildirirlər ki, dövlət ikili vətəndaşlığı ona görə qəbul etmir ki, xarici ölkələrin casus şəbəkələri asanlıqla Azərbaycanın dövlət orqanlarına nüfuz edə bilməsinlər. Müşahidələr göstərir ki, MDB ölkələrindən birinin vətəndaşı olan Azərbaycan vətəndaşı rahat ölkəyə gəlib-gedə, ümumvətəndaşlıq pasportunu gizlədə bilər. Amma viza rejimi olan ölkələrdən birinin vətəndaşı olan şəxs Azərbaycan vətəndaşlığını gizlətməyə məcburdu. Çünki viza alınarkən və ölkədən çıxarkən ikili vətəndaşlığın olması onun ölkəni tərk etməsinə problem yaradır və bu zaman həmin şəxs ölkədən çıxarkən, ölkəyə Azərbaycan respublikası vətəndaşı kimi daxil olmuşsa, geri qayıdarkən öz ölkəsinə viza almalıdır, hansı ki, həmin ölkənin vətəndaşıdır, eyni zamanda həmin ölkənin vətəndaşı olaraq ölkədən getmək istəsə bu zaman səlahiyyətli dövlət orqanları tərəfindən onun cərimə olunması, hətta deportasiya olunması təhlükəsi gözlənilir.

Miqrantların Hüquqlarını Müdafiəsi Komitəsinin sədri Əlövsət Əliyev hesab edir ki, ikili vətəndaşlığı qəbul etməmək Azərbaycan qanunlarındakı boşluqlarla bağlıdır: «Dövlət maraqlı olmalıdır ki, onun vətəndaşı həm də başqa ölkənin vətəndaşı olsun, hökumət orqanlarında, seçkili qurumlarda təmsil olunsun və s. bizdə isə hakimiyyət özünü qorumaq, xarici qüvvələrin dövlət siyasətinə təsirini azaltmaq üçün ikili vətəndaşlığı qəbul etmir. Bəzi ölkələr var ki, orada ikili vətəndaşlığı olanlara cəza verilir. Məsələn, İranda ikili vətəndaşlığı olan şəxs casusluqda ittiham olunaraq edam cəzasına da layiq görülə bilir. Ukraynada isə ikili vətəndaşlığı olanlar pul cəriməsilə canlarını qurtara bilirlər. Azərbaycanda isə ikili vətəndaşlıqla bağlı nə cəza var, nə də icazə. Amma demokratik ölkələrdə ikili vətəndaşlıq məsələsində insanlara sərbəstlik verilir. Azərbaycan kimi ölkələrdə buna ehtiyatla yanaşırlar».

«İkili vətəndaşlıq haqqında» qanun niyə qəbul olunmur?

Ekspertə görə, ikili vətəndaşlığı olan şəxslər üstündə gəzdirdiyi pasportlardan birini gizlədir, sərhəd keçid məntəqələrinə təqdim etmir: «İkili vətəndaşlığın olması cinayət törətmiş şəxsin ekstridasiyasını problemə çevirir. Düşünürəm ki, Azərbaycanda «İkili vətəndaşlıq haqqında» qanun qəbul olunmalıdır. Gürcüstandan, İrandan, Rusiyadan Azərbaycana köçmüş insanlar var ki, illərdir vətəndaşlıq almaq üçün mübarizə aparırlar».

Milli Məclisin hüquq siyasəti komitəsinin üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılov bizimlə söhbətində bildirdi ki, «İkili vətəndaşlıq haqqında» qanun layihəsini işləyib parlamentə təqdim edib: «5 ildən artıqdır ki, həmin layihəni Milli Məclisə təqdim etmişəm. Amma hələ də sosial sifariş yoxdur deyib məsələni müzakirəyə çıxarmırlar. Rusiyada iki milyondan artın soydaşımız yaşayır. Onların 700 min nəfərə qədəri Rusiya vətəndaşıdır. Onlar Azərbaycan vətəndaşlığını da qəbul etmək istəyirlər, amma ölkədəki qanunlar buna imkan vermir. Hesab edirəm ki, «ikili vətəndaşlıq haqqnda» qanun qəbul olunmalıdır. Əks təqdirdə soydaşlarımızı Azərbaycandan uzaqlaşdıra, əlaqələrini üzə bilərik».

Millət vəkili hesab edir ki, bu gün Azərbaycanda ikili vətəndaşlığa icazə verilməməsinin heç bir məntiqi izahı ola bilməz: «Burada məqsəd xarici təsirlərin, xüsusilə də, kənar təhlükəli qüvvələrin dövlət qurumlarına təsirlərinin qarşısını almaq məqsədi güdürlərsə, bu yol çox ucuzdur. Casusluqla məşğul olmaq istəyən şəxs bunu ən müxtəlif yollarla həyata keçirə bilər. Burada ikili vətəndaşlığın olmasının məsələyə ciddi aidiyyəti yoxdur. Xarici futbolçuları milliləşdirirlər, onlara vətəndaşlıq pasportu verirlər. Niyə? Beynəlxalq konvensiyaya görə, ikili vətəndaşlığı olan şəxs vətəndaşı olduğu ölkələrdən birində hərbi xidmətdə olubsa, vətəndaşı olduğu digər ölkədə əasgərliyə getməməlidir. İkili vətəndaşlığı olan şəxslərin seçkili orqanlarda iştirakına gəlincə bunu digər qanunlarla tənzimləmək olar. Qanunla minimum 5 il Azərbaycanda yaşamış şəxs seçkili orqanlarda təmsil oluna bilrə».

Ruslan Xəlil






11 Dekabr, 2012  15:17 Baxılıb: 17347 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner