Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

HEYVAN SEVGİSİ, BOĞUCU İY, TƏMİZLƏNMƏMİŞ QƏFƏSLƏR – ZOOMAĞAZADAN REPORTAJ

.

Hələ qədim dövrlərdə insanlar heyvanları özlərinə ən yaxın dost hesab ediblər. Bu gün də polis təşkilatları narkotik maddələri aşkarlamaq, cinayətkarın izini tapmaq və s. məqsədlərlə bu “dost”ların köməyindən istifadə edirlər. Onlar bəzən oğruları qaçırmaq üçün evlərin həyətində yatır, bəzn də tək yaşayanların “qulaq yoldaşı”na çevrilirlər.
Ev heyvanlarına ən çox maraq göstərənlər isə əlbəttə uşaqlar olur.


Şəhərimizdə çoxlu heyvan mağazaları (plakatlarda yazılan şəkildə desək zoo market) var. Biz də heyvanların bu mağazalarda hansı şəraitdə saxlandığını və cəmiyyətdəki heyvan sevgisinin nə yerdə olduğunu öyrənmək üçün mağazalardan birinə üz tuturuq. Əvvəlcədən qeyd edək ki, zoo mağazalarda adından bəlli olduğu kimi müxtəlif növ heyvanlar, heyvan yemi və bəzi aksesuarlar satılır. İnkişaf etmiş ölkələrdə belə mağazalarda pişik və it kimi heyvanların satılması qadağandır. Belə heyvanlar yetişdirmə fermalarından və heyvan yetişdirən ailələrdən alınır. Hətta beynəlxalq aləmdə heyvanların hüquqlarını tənzimləyən “Heyvan hüquqları haqqında beynəlxalq bəyannamə” də qəbul olunub. Heyvan hüquqları heyvanlarla humanist rəftar edilməsinin təmini üçün nəzərdə tutur. Heyvanların tibbi və kosmetik təcrübələrdə istifadə edilməsi, dərisindən istifadə edilməsi üçün öldürülməsi, əyləncə üçün ovlanması və heyvandarlıq sahəsində əlverişsiz şəraitdə yetişdirilməsi əksər ölkəlrdə hüquq pozuntusu sayılır.

Zoo mağazada saç şampunu, deodorant

Hələ marketə bir neçə metr qalmış tutuquşuların səsləri eşidilir. Qapını açıb içəri daxil oluruq. Gördüyümüz mənzərə bizi dəhşətə gətirir. Başa düşürük ki, bizdə nə heyvan hüquqları bəyannaməsindən xəbəri olan var, nə də bu hüquqların qorunmasından. İçərinin havası o qədər ağır və üfunətli idi ki, bunu təsvir etmək belə mümkün deyil. Satıcının heyvanlara dəyər vermədiyi, təəccüblü olsa da, heç özünə də yazığı gəlmədiyi görünür. O, bu ağır havalı məkanda saatlarla dayanır. Müxtəlif növlərdə tutuquşular, pişiklər natəmiz qəfəslərdə saxlanılır. Marketdə heyvan yemləri ilə yanaşı müxtəlif şampunlar da satılır. Hətta satıcı bizə şampunlardan birini tövsiyə edir. Anlaya bilmirik ki, zoo mağazada şampun, deodorant və s. şeylərin nə işi var. Biz düşündürən digər şey, bu natəmiz yerdən kimin şampun almasıdır.
Satıcı ilə söhbətə başlamaq istəyirik, amma tutuquşuların səsi öz sözlərimizi belə eşitməyə imkan vermir. Adını demək istəməyən satıcı heyvanları müxtəlif yerlərdən gətirdiklərini deyir: “İndi adlarını sadalaya bilməyəcəm amma, heyvanları müxtəlif ölkələrdən gətiririk. Qiymətlər 15 manatdan başlayır. İri tutuquşuları hamı ala bilmir. Ona görə də balaca tutuquşular daha çox satılır”. Heyvanların saxlandığı qəfəslərin vəziyyətinə diqqətlə baxdığımızı və fotolarını çəkdiyimizi görən satıcı vəziyyətdən çıxmağa çalışır. Onun sözlərinə görə, qəfəslər həftədə bir dəfə təmizlənir: “Belə olmağına baxmayın. Sabah təmizləyəcəklər. Həftədə bir dəfə təmizlənir”. Satıcı heyvanlara necə “yaxşı” baxmağından danışır: “Gündəlik cəmi 16 manatlıq qida qəbul edirlər. Alma, armud, günəbaxan tumu, hər şey yeyirlər. Mağazada heyvan yemi, qəfəslər də satıram”.

“Heyvan sevgisi artıb”

Baxımsız halda mağazanın bir küncündə duran balaca akvariumları göstərərək, yaxında balıq satışına da başlayacağını deyən satıcı, cəmiyyətdə heyvan sevgisinin artdığını qeyd edir: “Hələlik balıq satışı həyata keçirmirəm, amma yaxında başlayacağam. İnsanlar 20 il əvvəlki kimi deyil. Əvvəllər evdə pişik, it saxlamaq deyəndə hamı ağzını büzürdü. İndi isə əksinə it, pişik, tutuquşu, dovşan növbənöv heyvanlar saxlayırlar. Uşaqların və cavanların marağı daha çoxdur. Ancaq, qocalar da pişik, it kimi heyvanlar alırlar. Deyə bilərəm ki, belə mağazalara tələb var”. Satıcı hər hansı heyvanı satanda necə qulluq etməyin yollarını da öyrətdiyini deyir: “Pişik, it kimi heyvanlara baxmağı hamı bacarır. Ancaq, quşlara, balıqlara baxmaq bir az çətindir. Balığın suyunu müəyyən vaxtlarda, dəyişmək lazımdır. Həm də suyun temperaturuna fikir vermək lazımdır”.
Söhbətimiz əsnasında mağazadan pişik almağa gələn müştəridən heyvanvalara olan marağının səbəbini soruşuruq: “Adım Ənvər Süleymanovdur, 65 yaşım var. Evdə çox vaxt tək oluram. Bir pişiyim var bir dənə də almaq istəyirəm ki, həm evdəkinə dost olsun həm də mənə”. Ev heyvanı kimi pişiyi nə üçün seçməsinin səbəbini də deyir: “Pişiyə baxmaq daha asandır. Həm də öyrəşəndən sonra öz-özünü idarə edir. Yemək verib, təmiz saxlamaq lazımdır, vəssalam. Mənim fikrimcə baxa bilməyəcəyimiz heyvanları almamalıyıq. Çox vaxt görürəm uşaqlar istəyir valideynlər də alır. Ancaq, heyvana baxan olmur, tez ölür. Günahdır, belə şeylərə diqqət etmək lazımdır”.

“Canlılara əzab verməyə haqqımız yoxdur”

Validə adlı xanım isə qızı ilə birgə dovşan almağa gəlib. Mağazada dovşan olmadığını öyrənən balacanın kefi pozulur. Başqa mağazalara baxmaq üçün yanımızdan ayrılmazdan öncə onun heyvan hüquqlarına münasibətini öyrənmək isatəyirik: “İnsanlarımızın ağlına belə gəlməz ki, heyvanların hüquqları ola bilər. Bütün canlılar yaşamaq hüququna sahibdir. Ancaq, biz – insanlar çox vaxt hər şeyi etməyə haqqımız olduğunu fikirləşirik. Bəzi insanlarda belə bir təfəkkür formalaşıb ki, hər şey bizim üçün yaradılıb. Amma heç fikirləşmirik ki, hər hansı canlıya əzab verməyə haqqımız yoxdur. Mənim də qızım dovşan istəyir. Xahişini qırmaq istəmirəm, amma şərt qoymuşam, demişəm ki, necə lazımdır elə də qulluq edəcəksən”.

Mağazadan ayrılanda fikirləşirdim ki, sən demə sadəcə insanların yox, elə heyvanların da həyatı çətin, kəşməkeşli imiş. Ancaq bu qədər-qismət deyil. Vəziyyəti dəyişdirmək mümkündür. Sadəcə ətrafımızdakı canlılara qarşı daha diqqətli yanaşmaq və onların ən azı bizim qədər yaşamaq haqqı olduğunu yadda saxlamaq lazımdır.



İlknur Salamova

 

 






3 Dekabr, 2012  16:17 Baxılıb: 3924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner