Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

CADAR-CADAR OLMUŞ YOLLARIN TƏMİR MEXANİZMİ VARMI? – ARAŞDIRMA

Rayon yollarının düzəlməsi icra başçılarından asılıdır.

Qış qapımızı döyməkdədir. Qışa nə qədər erkən hazırlaşsan o qədər yaxşıdır. Yağışlı, şaxtalı və ya qarlı havada çala-çuxur yollarla hərəkət etmək piyada və sərnişinlərin əsəbini daha da tarıma çəkir, korlayır.

Statistikaya görə, respublikada avtomobil yollarının uzunluğu - 18799 km-dir. Onlardan asfalt beton yolu- 6370 km, qara örtük - 3450 km, çınqıl - 8774 km, torpaq yollar isə 205 km-dir. Bəs bu yolların təmiri hansı vəziyyətdədir? Ümumiyyətlə, yolları hansı qurum və necə çəkməli, təmir etməlidir? Simsar.az bunun hüququ mexanizmlərini öyrənməyə çalışıb.

Azərbaycanda respublika əhəmiyyətli yollara Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən «Azəryolservis» ASC nəzarət edir. Yerli əhəmiyyətli yollara icra, sahə yollarına isə bələdiyyələr nəzarət edir. Bakının yerli və məhəllə yollarına isə Bakı şəhər İcra Hakimiyyətilə yanaşı, ayrı-ayrı rayon icra hakimiyyətləri nəzarət edirlər.

Etiraf edək ki, çəkilən xərclər kifayət qədər böyük olsa da belə respublika əhəmiyyəti magistral avtomobil yollarında əvvəlki illərdə olduğu kimi, ciddi problemlər gözə dəymir. Amma Bakının ətraf qəsəbə və kəndlərinin, eləcə də, kənd rayonların yolları illərdir təmirsiz vəziyyətdədilər. Bakı şəhəri və ətraf qəsəbələrin inkişafı üçün ölkə prezidenti İlham Əliyev «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»ına aid sərəncam imzalayıb. Sərəncamda nəzərdə tutulan əsas məsələlərdən biri də Bakı qəsəbələri və kəndlərinin yollarının təmir etdirilməsidir.

Təəssüflər olsun ki, kənd və qəsəbə yollarının təmiri istiqamətində əhəmiyyətli işlər həyata keçirilmir. Bölgələrdə vəziyyət daha da acınacaqlır. Məsələn, bir müddət öncə yolumuz Ucardan keçdi. Rayonu qonşu Zərdabla birləşdirən yolla getməli olduq. Avtomobilimiz çox çətinliklə hərəkət edirdi. Dağılmış yolun kənarında belə bir elan var idi: «Yola Ucar rayon 31 saylı Yol İstismar İdarəsi xidmət edir».

Məlumat üçün bildirək ki, yol istismar idarələri «Azəryolservis» ASC -nin balansındadır. Yolun bərbad vəziyyətdə olmasının səbəbini öyrənmək üçün 31 saylı Yol İstismar İdarəsinin rəisi Füzuli Hacıyevin mobil telefonuna zəng etdik. F.Hacıyev dedi ki, sözügedən 32 kilometrlik yol 1980-ci illərdə istifadəyə verilib. Bu yol 8 tonluq yükə hesablanıb: «Bu ilin yazında «Azərsu»nun Kamazları çəki normalarına əməl etmədiyindən yollarımız bərbad vəziyyətə düşdü. Nə qədər ki, Kamazlar yük normativlərinə əməl etmir, yolun təmir olunmasının da əhəmiyyəti yoxdur. Yolun təmiri üçün isə hələ heç bir vəsait ayrılmayıb».

İqtisadçı ekspert Zöhrab İsmayıl bildirir ki, Azərbaycanda yollar üç qrupa bölünür. Avtomagistral yollar, yerli əhəmiyyəti yollar və bələdiyyə yolları. Bələdiyyələrin maliyyə imkanları olmadığından üçüncü qrup yol, əslində icra hakimiyyətinə məxsus hesab edilir. Yəni yuxarıdan tapşırıq olduqda kənd yollarını icra hakimiyyəti çəkir və ya təmir etdirir.

Ekspertin sözlərinə görə, kənd yollarının təmir olunmasının mexanizmi demək olar ki, yoxdur: «İcra hakimiyyətlərinə pul ayrılanda konkret hansısa yolun çəkilişi nəzərdə tutulur. Kənd və ya rayon yollarının təmiri üçün vəsait müxtəlif mənbələrdən ayrılır. Prezidentin şəxsi ehtiyat fondundan hansısa rayonun inkişafına milyonlarla pul ayrılır. Bu zaman həm də yolların tikintisi nəzərdə tutulur. Dünyanın heç bir ölkəsində yollar prezidentin ehtiyat fondundakı pulla təmir olunmur. Ümumiyyətlə, xaricdə prezidentin şəxsi ehtiyat fondu deyilən bir anlayış mövcud deyil. Bərbad vəziyyətdə olan yolların təmirinin konkret mexanizmi işlənilib-hazırlanmalıdır. Yaxşı olardı ki, bu işə bələdiyyələr nəzarət etsin».

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin aprel ayında Daşkəsən rayonunun 13 yaşayış məntəqəsini birləşdirən Zağallı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisinə və həm də digər sahələrin inkişafı üçün rayona 3 milyon manat pul ayırıb.

Ortaya belə bir sual çıxır. Niyə məhz Daşkəsənə? Prezidentin bu rayona yolların təmiri üçün pul ayırmasında icra başçısının hər hansı rolu olubmu?

Bu suala aydınlıq gətirmək üçün öncə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə əlaqə saxladıq.

Ə.Abıyev deyir ki, Daşkəsəndə yolların bərbad vəziyyətdə olması barədə özü ölkə rəhbərliyi qarşısında məsələ qaldırıb: «Baş nazirə, nazirliklərə yazılı müraciət göndərdim ki, rayondakı bir neçə yolun təmirə ehtiyacı var. Sağ olsun, cənab prezident müraciətimə müsbət reaksiya verib. Öz şəxsi ehtiyat fondundan 3 milyon manat ayırıb. Zağalı-Kollu-Çıraqlı avtomobil yolu artıq yüksək səviyyədə təmir olunub».
İcra başçısı bildirir ki, o, layihəni Nazirlər Kabinetinə göndərib: «Açığı biz Nazirlər Kabinetinin layihəmizi təsdiqləyəcəyini gözləyirdik. Prezidentin sərəncamı gözlənilməz oldu. Rayonda kənd yollarının təmir olunması turizmin, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına müsbət təsir göstərəcək. Rayonumuzun inkişafı ilə bağlı hələ bir sıra layhilərimiz var».

Ə.Abıyevin sözlərinə görə, prezidentin rayona ayırdığı pula ciddi nəzarət var: «Bir manat pulun belə boşuna xərclənməsindən söhbət gedə bilməz».

“Prezident nə üçün digər rayonlara deyil, məhz Daşkəsənə pul ayırıb? Axı digər rayonlarda da yollar yaxşı vəziyyətdə deyil” – sualımıza cavabında Ə.Abıyev qeyd edir ki, bəzi rayonlar ayrı-ayrı nazirliklərin kurasiyasındadır: «Həmin rayonda aparılan abadlıq işlərində nazirliyin maddi-texniki bazasından istifadə olunur. Daşkəsənə isə vəsait Prezidentin Ehtiyat Fondundan ayrılıb və bu işlər Prezident Administrasiyasının tapşırığı ilə həyata keçirilir.
Allah prezidentimizə uzun ömür versin. Onun sayəsində rayonumuzun yol problemi öz həllini tapacaq. Sualınıza gəldikdə isə deyim ki, digər rayonların icra başçıları istəsələr rayonda abadlıq işlərinin aparılması ilə bağlı rəhbərlikdən vəsait əldə edə bilərlər. Bunun üçün çalışmaq, səy göstərmək lazımdır».

«Hüquq Dünyası» Hüquqi Təbliğat İctimai Birliyinin sədri, Yolların Təhlükəsizliyinə dəstək QHT Koalisiyasının təmsilçisi Nazir Quliyev hesab edir ki, Azərbaycanda icra hakimiyyətinin balansında olan yolların təmirinin hüquqi mexanizmi yoxdur. Dövlət, bələdiyyə və özəl avtomobil yollarının təmiri hansı qurum tərəfindən həyata keçirilməsinin qaydaları yoxdur. Bələdiyyələr bu prosesdə iştirak edə bilmirlər. Bələdiyyələr daha çox küçələrə daş tökmək, quyuları doldurmaqla məşğul olur. Yüksək səviyyəli yol çəkilişi üçün bələdiyyənin imkanları yoxdur».

N.Quliyev hesab edir ki, rayon icra hakimiyyətləri yolların vəziyyətini öyrənib son durumu illik hesabata daxil etməli və onu rəhbər qurumlara təqdim etməlidir: «Yolların təmir məsələsi regionların sosial inkişaf proqramına salınmalıdır. Təəssüf ki, bizdə bir sıra hallarda yerli icra hakimiyyətləri təşəbbüs qaldırmağa, ehtiyacları dilə gətirməyə qorxurlar. Ona görə qorxurlar ki, bəzən problemin həllini icra başçısının öz üzərinə qoyurlar. Ona görə də, icra başçıları məsələni rəhbərlik qarşısında qaldırmaqda maraqlı olmurlar».
Hüqüqşünasın sözlərinə görə, xarici təcrübədə müxtəlif üsullardan istifadə olunur: «Bəzi xarici ölkələrdə müstəqil ekspertlərdən ibarət qrup olur ki, onlar yerlərdəki yolların vəziyyətini öyrənirlər və təkliflərini ali orqanlara göndərirlər».

Ruslan XƏLİL






23 Noyabr, 2012  17:23 Baxılıb: 1628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner