Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

KÖÇKÜNLƏRİN “KÖÇ” NARAZILIĞI – REPORTAJ – FOTOSESSİYA

Oğlunun evləndiyini, qızının boşandığını bəhanə edərək evdəki hər bir fərd üçün ayrı mənzillər istəyənlər var.

Qaçqınların və məcburi köçkünlərin başqa ərazilərə köçürülməsi həmişə etirazlara səbəb olur. Kimi ucqar ərazilərə getmək istəmir, kimi də onlar üçün yaradılan şəraitdən şikayətlənir. Elə Nərimanov rayonu, Fətəli Xan Xoyski 98 ünvanında yerləşən köçkünlər də Mehdiabad qəsəbəsinə köçmək istəmirlər. Onlar narazılıqlarını ifadə etmək üçün aksiya da keçiriblər.
Narazılığın səbəbini öyrənmək üçün Kəlbəcər, Cəbrayıl, Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin yaşadıqları yataqxanaya yollandıq. Yataqxananın qabağında toplaşan camaatı və polis əməkdaşını görəndə elə bildik ki, yenə aksiya keçirilir. Amma, sadəcə bir polis əməkdaşının olması bizə qəribə gəldi. Binanın qapısından çıxanların müxtəlif ev əşyaları daşıdıqlarını görəndə hər şey aydın oldu. Görünür iki gün əvvəl keçirdikləri aksiyanın heç bir köməyi olmayıb. Belə ki, biz orada olanda artıq bir neçə yataqxana sakini yeni ünvanlarına köçmək üçün hazırlaşırdı. Polis əməkdaşının isə köçənlərə nəzarət etmək üçün orada olduğunu öyrənirik. Nərimanov rayon polis idarəsinin əməkdaşı bizim şəkil çəkdiyimizi görür və bizə yaxınlaşaraq hardan gəldiyimizi soruşur. Jurnalist olduğumuzu deyirik. Polis isə cavabında – “Heç bir problem yoxdur. Heç kimi zorla köçürtmürük. Könüllü şəkildə köçənlərdir. Sadəcə nəzarət etmək üçün buradayam” – deyir. Bayaqdan biz polislə danışarkən kənardan söhbətə qarışan iki nəfər heç bir narazılıqları olmadığını deyirlər. Ancaq, polisin yanımızdan uzaqlaşması ilə onların fikirlərinin dəyişməsi də bir olur. Başlayırlar şikayətlərini bir-bir saymağa.

Əsas problem məktəbin olmamasıdır

Adının Vahid olduğunu deyən yataqxana sakini Mehdiabadda məktəbin olmamasının çox böyük problem yaratdığını bildirir. Onun sözlərinə görə, sakinlərin çoxu elə bu səbəbdən yataqxanadan köçmək istəmir: “Düzdür, burdakı vəziyyətimiz, şəraitimiz elə də yaxşı deyil. Ancaq, alışmışıq. Çoxunun iş yeri bura yaxın yerlərdədir. Uşaqlar məktəbə gedirlər. İndi bizi köçürmək istədikləri Mehdiabad qəsəbəsində uşaqlarımız harda oxuyacaq? Məktəb yoxdur. Bizə deyirlər ki, məktəb kimi istifadə etmək üçün hələlik bir-iki otaq verəcəyik. Elə şey olar? Bir-iki otaqdan məktəb olar? Uşaq bağçaları da yoxdur. Yaxşı bizi köçürürlər heç olmasa lazımı şərait yaratsınlar da. Bizi başlarından edirlər”.

120, yoxsa 488?

Sərdar Ələkbərov isə başqa problemlərdən söz açır. O, binada 120 ailənin yaşadığını ancaq, qeydiyyata 488 ailə kimi düşdüyünü deyir: “ Binada 120 ailə yaşayır. Amma, elə qeydiyyat aparıblar ki, guya burada 488 ailə var. Bunun səbəbi nədir? Mehdiabadda tikilən bina təmirsizdir, heçbir şəraiti yoxdur. Dörd divar, nə qapı, nə də pəncərə. Yaxşı mənzilləri pulla satıblar. Bu köçənlər də pul verib alanlardır. Harda görülüb ki, həm insanları narazı olsalar belə, köçürəsən, həm də bunun üçün onlardan pul alasan. Biz isə pul verməmişik. Bizə vermək istədikləri mənzillər binanın zirzəmisindədir. Mənə 120 kv metr düşür. Amma kəsib biçib 3 dənə otaq eləyiblər, toplasan 90 kvadrat eləmir. Narazıyıq, normal şərait yaradılmasa köçməyəcəyik”.

“Buradakı şəraitdən pis olmayacaq ki?”

Əşyalarını maşına yerləşdirərkən qonşuları ilə sağollaşan xanıma yaxınlaşırıq. Adını demək istəmir. Elə bizi görən kimi “Biz razıyıq, heç bir problemimiz yoxdur. Oradakı şərait buradakından pis olmayacaq ki?” – deyən xanım qonşularının da yavaş-yavaş köçəcəyinə inanır. Onun sözlərinə görə, buradakıların çoxu heç Mehdiabaddakı binanı gedib görməyiblər. Qulaqdan-qulağa yayılan sözlərə inanırlar: “Binanı görəndən sonra şəraitdən danışmaq lazımdır. Müvəqqəti çətinlik çəkəcəyik amma, yəqin ki, məktəb də tikiləcək”.

Bu binada sadəcə 3 ailə yaşayır

Binanın önünə toplaşan sakinlərdən bura yaxın olan Koroğlu küçəsində yerləşən yataqxanadakı köçkünlərin də köçmək istəmədiklərini, narazı olduqlarını öyrənirik. Ancaq, yataqxanaya gəlib çatanda gördük ki, sakinlər çoxdan köçürülüb. Binada sadəcə iki-üç ailə qalıb. Binanın mühafizəçisi bildirir ki, qalan ailələr narazı olduqları üçün köçməyiblər: “ İki-üç ailə qalıb. Onlar da burda bir mənzildə yaşamalarına baxmayaraq, indi oğlunun evləndiyini, qızının boşandığını və s. bəhanə edərək evdəki hər bir fərd üçün ayrı mənzillər istəyirlər. Narazı olduqları üçün köçməyiblər. Yəqin ki, qısa vaxt ərzində razılıq əldə ediləcək, onlar da köçəcəklər”.
Yataqxananın həyətində qarşılaşdığımız adını demək istəməyən xanımdan vəziyyəti öyrənirik. O, binada sadəcə 3 ailənin qaldığını təsdiqləyir: “ Elə biri də bizik. Qızım boşanıb,onun üçün ayrı ev istəyirik. Vermədikləri üçün də burda qaldıq. Həm də bizə verdikləri mənzil binanın zirzəmisindədir. Hələlik heç nə dəqiq deyil. Dəqiqləşəndən sonra köçəcəyik”.

“Qaçqınkom”dan cavab

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovdan məcburi köçkünlərin iddialarının doğru olub olmadığını öyrəndik.
E.Qədimov şikayətlərin əsassız olduğunu deyir. Bugünə kimi 1047 ailənin həmin əraziyə köçürüldüyünü bildirən E.Qədimov onlar üçün bütün şəraitin yaradıldığını, yeni köçürülənlərin də problem yaşamayacaqlarının vurğulayır. “Mehdiabad o qədər də uzaq yer deyil. Binəqədiyə yaxındır. Bəzi jurnalistlər problemli yollarla gedirlər, sonra da yazırlar ki, uzaqdır, yollar problemlidir və s. Dövlət tərəfindən alınmış binalardır. Tam hazırdır və bütün şərait yaradılıb”. Onun sözlərinə görə, məcburi köçkünlərin iddia etdiklərinin əksinə ərazidə iki məktəb fəaliyyət göstərir: “Yeni məktəbin tikilməsi üçün rəsmi müraciətlər edilib. İndi də bölgədə iki məktəb fəaliyyət göstərir.Köçürülənlərin məktəblə bağlı heç bir problemi olmayacaq”. Mənzillərin pulla satılması məsələsinə gəldikdə isə E.Qədimov köçürülmənin tam şəffaf şəkildə həyata keçirildiyini deyir: “Heç bir neqativ haldan söhbət gedə bilməz. Rayon icra hakimmiyyəti nümayəndələri, “Qaçqınkom” tərəfindən yaradılmış komissiya birgə köçürməni davam etdirir. Ailədəki fərdlərə uyğun sayda otaqlar verilir. Proses tam şəffaf şəkildə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir”.

İlknur Salamova  

 












22 Noyabr, 2012  16:09 Baxılıb: 2841 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner