Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NECƏ OYUNCAQ SEÇƏK Kİ, “OYUN”A DÜŞMƏYƏK? – ARAŞDIRMA

Oyuncaqlarin uşaqlara mənfi və müsbət təsirləri

Hər gün rastımıza çıxan oyuncaqlara kimisi uşaqlıq xatirəsi, kimisi adi oyuncaq, kimisi də pul tələsi kimi baxır. Valideynlər bu oyuncaqları alan zaman onların uşaqlarına necə təsir edəcəyi barədə çox zaman düşünmürlər. Bəs oyuncaqların uşaqlara, onların sağlamlığına, psixologiysaına mənfi və müsbət təsirləri necə ola bilər? 
Bütün bunları ətraflı araşdırmağa çalışacağıq.

Oyuncaqlar xəyal gücünü artırır

Oyuncaqlar uşaqların həyatında əhəmiyyətli yer tutur. Uşaqların çoxu hansısa bir oyuncağa bağlanır və onu dostu kimi görür. Süfrədə öz dostuna da yer açmaq, onunla birgə yemək yemək,onunla yuxuya getmək istəyirlər. Valideynlər isə çox vaxt bunu başa düşmürlər. Daha əvvəl özlərinin də uşaq olduğunu, oyunlar oynadığını unudan bəzi valideynlər oyuncaqlara pul tələsi kimi baxırlar. Ancaq, psixoloqlar heç də bu fikirdə deyillər. Elm sübut edib ki, oyun oynamaq uşağın inkişafına müsbət təsir edir. Oyuncaqlar uşağın yaradıcılığının artmasına, xəyal gücünün inkişaf etməsinə və müəyyən sahələrdə bacarıqlar qazanmasına kömək edir.

Hər yaşın öz oyuncağı

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Narınc Rüstəmova deyir ki, hər yaşın öz oyuncağı var: “Körpələrin səsli və rəngli oyuncaqlarla oynaması məqsədə uyğundur. Səsli oyuncaqlar uşağın diqqətini cəlb edir; fırlanan, hərəkət edən oyuncaqlar onlar üçün daha maraqlıı olur. Valideynlər çalışmalıdır ki, qırmızı, yaşıl, sarı və mavi rəngli oyuncaqları alsınlar. Yumşaq, tüklü oyuncaqlar 3 yaşdan sonra uyğundur. Oyuncaqların etiketlərinin üzərində hansı yaşa uyğun olduğu qeyd olunur. Buna diqqət etmək lazımdır”.

Elm adamları uşaqlara oyuncaq seçərkən diqqət edilməli məqamları açıqlayırlar:

1. Uşağın yaşı nəzərə alınmalıdır.
2. Uşağa zərər verməyəcək oyuncaqlar seçilməlidir
3. Kimyəvi boyalardan istifadə olunaraq hazırlanan oyuncaqlardan istifadə olunmamalıdır
4. Azyaşlı uşağa kiçik hissələrə parçalana bilən oyuncaq vermək olmaz
5. İti kənarları olan oyuncaqlardan uzaq durmaq lazımdır
6. Tez çirkləndiyi üçün tüklü oyuncaqlar da doğru seçim deyil

Oyuncağın təhlükəsizliyi ilə bağlı bu cür xəbərdarlıqlar oyuncaqların üzərində yazılır. Bunlara diqqət etmək və oyuncağı almadan əvvəl həmin yazını oxumaq məqsədəuyğun olar. Oyuncağın təhlükəsizliyi uşağın sağlamlığı üçün çox vacibdir. Ölkəmizdə bu sahəyə elə də diqqət yetirilmir. Valideynlərin çoxu ya uşağın istəyinə görə, ya da qiymətini nəzərə alaraq oyuncaq seçimi edirlər. Halbuki, Kanadada uşaq oyuncaqlarındakı təhlükələri aradan qaldırmaq məqsədilə Kanada İstehlakçı Məhsul Təhlükəsizliyi Aktı (CCPSA) adlı tənzimləmə də mövcuddur. Valideynlər oyuncağın üzərində Avropa Birliyi təhlükəsizlik işarəsi (CE) olub olmadığına diqqət etməlidir. Bu işarə oyuncağın təhlükəsizlik standartları baxımından AB normalarına uyğun şəkildə hazırlandığını göstərir.

Oyun uşaqların ən ciddi məşğuliyyətidir

Narınc xanım bildirir ki, bahalı oyuncaqlar almaq yerinə uşağın inkişafına kömək edə biləcək çox funksiyalı oyuncaqlar alsalar daha yaxşı olar. Valideynlər uşağın oyuncağı sındırmasını birmənalı şəkildə yaxşı qarşılamır. Oyuncağını sındıran uşaq dəcəl adlandırılır və sındırılan oyuncağın yerinə yenisi alınmır. Psixoloq isə bunun düzgün olmadığını deyir: “Böyüklər uşaqların oyuncaqlarına, oyunlarına hörmət etmir. Uşaq oyun oynayan zaman onu çağırır, oyundan ayırırlar. Halbuki, oyun oynamaq uşaqların ən ciddi məşğuliyyətidir”.

Əsas odur ki bahalı olmasın

Valideynlərdən oyuncaqlarla bağlı fikirlərini soruşduq. Kimi mövzu ilə bağlı kifayət qədər maariflidir, kimi də fikirləşir ki oyuncaq sadəcə uşağın başını qatmaq üçün bir vasitədir.
İki uşaq anası Gülarə Bayramova evdə bir otaq dolusu oyuncaq olduğunu deyir: “Bir qızım və bir oğlum var. Ancaq, onlara ayrı-ayrı oyuncaq almıram. Nə alsam elə bir yerdə oynayırlar. Evdə bir otaq oyuncaq var. Amma təzəsini görəndə yenə istəyirlər. Çalışıram ki, aldığım oyuncaqlar keyfiyyətli olsun. Uşaqlar belə şeyləri anlamırlar axı. Onlar görünüşə baxırlar”.

Əlamət Muxtarova isə oyuncağın keyfiyyəti ilə yox, qiyməti ilə daha çox maraqlanır: “Əsas odur ki, baha olmasın. Çalışıram istədiyi hər oyuncağı almayım. Yenə də evdə kifayət qədər oyuncağımız var”.

Unutmaq olmaz ki, uşaqlar sevgini və digər duyğuları insanlardan öyrənir, oyuncaqlardan yox. Elə buna görə də, həm oyuncaq seçkisində diqqətli olmaq, həm də onlarla birlikdə oynamaq lazımdır.


İlknur Salamova






15 Noyabr, 2012  14:59 Baxılıb: 2234 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner