Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ÇATLAQLARLA DOLU DİVARLAR, UÇUQ-SÖKÜK EVLƏR – SÖKÜNTÜ YERİNDƏN REPORTAJ – FOTOSESSİYA

Sadiq Qasımlı: “Belə evə necə gəlin gətirəsən?”

Bir müddətdir Bakının Nəsimi rayonunun 3-cü Alatava adlanan yaşayış sahəsində söküntü işləri aparılır. Səbəb isə Bakının Alı Mustafayev, Hüseynbala Əliyev, Abdullah Vahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsidir. Artıq, söküntü işləri demək olar ki, tamamlanıb. Ancaq, burda yaşayanların narazılığı hələ də davam edir. Problemlər nəinki, azalmayıb, daha da artıb desək yəqin ki, yanılmarıq.

Söküntü yoxsa, zəlzələ?

“Papanin körpüsü”nün yanına gəlib çatanda dəhşətə gəldik. Elə bil zəlzələ olub. Evlərin sökülməsi bir yana, digər evlər də pis vəziyyətdədir. Evlərin divarındakı çatlar uzaqdan belə insanın diqqətini cəlb edir. Öyrəndik ki, çatlarla dolu, divarları hər an yıxılıb xəsarətə yol aça biləcək bu evlərdə insanlar yaşamağa davam edirlər. Onlar da təhlükədən xəbərdardırlar. Amma hamısı eyni fikri söyləyir: “Varımız, olanımız elə bu evdir. Hara gedək axı?” 

Jurnalistlər danışdıqlarımızı vermirlər

Söküntülərin düz qarşısında, ev qapısının ağzında qonşusu ilə söhbət edən İlahə xanıma yaxınlaşıb salam verirəm. Elə ki, mənim jurnalist olduğumu öyrənir, suallarımı belə eşitmədən başlayır danışmağa. Onun da dediyi kimi, bura o qədər jurnalist gəlib-gedib ki, artıq onlar üçün adiləşib. İlahə Şirinova deyir: “Elə dünən də jurnalistlər gəlmişdi. Evlərin şəkillərini çəkdilər, hamını bir-bir danışdırdılar. İndi baxırıq ki, danışıqları kəsiblər. Ancaq, söküntü ilə bağlı ümumi məlumat verdilər”.
İnandırmağa çalışıram ki, əgər problemlərini danışsa hamısını yazacağam. İnanmasa da həm özünün, hə də qonşularının problemlərindən danışmağa başlayır: “Deyirlər, o gün yenə ANS-də çıxıb danışıblar ki, 1000 manatdan çox pul verilməyəcək. Ancaq, bu kompensasiya heç kimi razı salmır. Həm də qonşulardan çoxunun evlərinin qiyməti bir kvadratı 600-700 manatdan, bəzilərinki isə 1000-1500 manatdan hesablanır. Bu ayrı seçkiliyin səbəbini başa düşə bilmirik. Mənim evim lahiyədə yoxdur. Ona görə də, almadılar. Ancaq, kvadratına 1000 manat versələr 3 günə köçərdim burdan. Çünki, evim təmirsizdir. Təmir etdirməyə də qorxuram. Bəlkə sabah gəlib deyəcək ki, evdən çıxın, plana düşüb”.
Elə bu vaxt İlahə xanımın qaynanası yanımıza gəlir. Onun da ağzından problemləri eşitmək istəyirəm. Əvvəl danışmaq istəmir.
Bir müddət yanımızda dayanıb gəlini ilə söhbətimizə qulaq asan Şahnaz Şirinova evinin vəziyyətindən söz açır: “Evimin bir hissəsi gedib. Götürdükləri hissələri sökəndə divarlarda çatlar yaranıb. Evimi bütöv götürmədilər ki, bizə bu qədər lazımdır. Yağış yağanda evimə su düşür, qarşıdan da qış gəlir. Çörək pulumdan kəsib təmir elətdirərəm. Amma, fikirləşirəm ki, bəlkə 3 gün sonra gəlib bir də sökdülər. Kefləri necə istəyir, elə də eləyirlər. Hamı narazı idi, buna baxmayaraq evlər söküldü”.

Evindən çıxmadı, üstünə beton düşdü

İlahə xanımdan öyrəndik ki, söküntülər vaxtı fiziki xəsarət alan da olub. Onun sözlərinə görə, Kifayət adlı qadın evindən çıxmayıb. Buna baxmayaraq, evi sökməyə başlayıblar. Qadının ayaqlarına beton sütun düşüb. Evin söküntüsü isə dayandırılmayıb. Əvvəl evin kvadratına 700 manat veriləcəyi deyilirdisə, bu hadisədən sonra 1000 manat verilib. 

Əsas problem kompensasiyanın azlığıdır

Bəzi evlər lahiyədə olmadığı üçün pul da verilmir. Halbuki, digərləri söküləndə bu evlər də yararsız hala düşüb. Çünki, Sovet dövründən qalan evlərin quruluşu elədir ki, birinin hamamının, mətbəxinin divarı, digərinin yataq otağının divarıdır. Belə olduğu üçün bir ev söküləndə digəri də yararsız vəziyyətə düşür. Əsas problem isə kompensasiyaların azlığıdır. İlahə xanım deyir ki, qonşusunun 9 kvadrat metrini götürüb 5 min pul veriblər: “Heç olmasa 1000 manatdan versəydilər o yazıq sökülən hissələri həyətində təzədən tikdirərdi. Verdikləri kompensasiyanın azlığı bi yana, qaraja, həyətə heç pul vermirlər. Versələr də 300- 400 manatdan artıq hesablamırlar”.

Səsimiz niyə eşidilmir?

İlahə xanım bizi qonşusuna aparır, qapını da özü döyür. Hamı qapının ağzına yığılır. Amma danışmaq istəmirlər. Çox danışıblar, yorulublar, nə deyəsən? “Çox danışmışıq, çox yorulmuşuq, aksiyalar da keçirmişik. Heç bir xeyiri olmayıb. Daha nə danışaq, nə deyək?”.
Evin qaynanası Gülçöhrə xanım bizim xahişimizi geri çevirmir. Deyir ki, verilən kompensasiya az olduğu üçün qonşuları kəndələrə getməyə məcbur olublar: “1967-1968-ci ildən bəri burada yaşayırıq. Qonşularımızın çoxuna kompensasiyanı 600-700 manatdan hesabladılar. O pulla buralarda ev almaq mümkün deyil Hamısı Bakının kəndlərinə köçdülər. Niyə şəhərin mərkəzindən kəndə getməlidirlər? Mənim özümə də 6 kvadrat üçün 2000 manat vermək istəyirlər. Belə şey olmaz axı”.

Toyu təxirə salmışıq

Daha sonra başqa bir evin qapısını döyürük. Gülçöhrə xanım da bizimlə gəlir. Evin ortancıl oğlu Sadiq Qasımlı deyir ki, qardaşı evlənməlidir, ancaq evin vəziyyətinə görə toyu təxirə salıblar: “Qonşu evi söküblər, indi bizim evi su basır. Qardaşım evlənəcək. Ancaq, belə evə necə gəlin gətirəsən? Divarlar qopub tökülür. Təmir də elətdirə bilmirik. Nə bir dəfəlik alıb sökmürlər, nə də qoymurlar ki, özümüz bir çarə eləyək”. Onun sözlərinə görə, evlərinin aqibəti haqqında dəqiq məlumat verilməyib: “ Gah deyirlər plandadır sökəcəyik, gah deyirlər ancaq, həyət lazımdır, gah da deyirlər ki, layihədə yoxdur. Biz də bilmirik nəyə inanaq. Qalmışıq belə...”.

Hamısına təşəkkür edib ayrılıram. Hərşey düzələcək demək istəyirəm, amma, deyə bilmirəm. Bizimki, danışmaqdı, bir də yazmaq. Başqa əlimizdən nə gəlir axı?

İlknur Salamova

 

 






14 Noyabr, 2012  17:11 Baxılıb: 2653 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner