Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KİV-in ƏN REYTİNQLİ XƏBƏRLƏRİ – KRİMİNAL, ŞOU, YOXSA SİYASİ?

Siz hansı xəbərə üstünlük verirsiniz?

“Ailə faciəsi: Ana və oğlu qazdan boğularaq öldü”, “Bəy toy günü qətlə yetirildi”, “Bir yaşlı körpə yanaraq öldü”, “Oğlunun itkisinə dözməyən ana intihar etdi”, “Bu müğənnilərə bir qoz”, “Ramal özünə qız axtarır”, “ Azərbaycanlı müğənni özünə ikinci bahalı avtomobil aldı”...
Bugün demək olar ki, bir çox Kütləvi İnformasiya Vasitələri kriminal və şou-biznes xəbərlərinə daha çox yer verir. Onlar belə xəbərlərin böyük auditoriya topladığını bildirirlər. Elə adamlar da var iddia edirlər ki, kriminal və şou xəbərlərinə üstünlük verildiyi üçün xalq da oxumaq, izləmək, dinləmək məcburiyyətində qalır.


Vəziyyətin əslində necə olduğunu aydınlaşdırmaq üçün populyar internet saytlarından olan Qafqazinfo.az, Lent.az, həmçinin Səs İnformasiya agentliyinin saytı Sia.az-ın redaktorlarından məsələyə münasibət öyrəndik.

Bilmək istəyirdik ki, doğurdanmı ən çox şou-biznes və kriminal xəbərləri oxunur?
Bəs görəsən, KİV auditoriyanın istəyi ilə xəbər verir, yoxsa oxucunun nəyi oxumalı olduğunu özü müəyyənləşdirir?

KİV auditoriya ilə uyğunlaşmalıdır

Qafqazinfo.az internet saytının baş redaktoru Elbrus Ərud düşünür ki, KİV auditoriyaya uyğunlaşmalıdır: “Biz xəbərləri ayırmırıq, saytda hər növ xəbərə yer veririk. Auditoriya ilə uyğunlaşmaq lazımdır. Xalq necədirsə, biz də eləyik. Biz bütün xəbərləri saytımızda yerləşdiririk. Saytda yerləşdirdiyimiz hər növ xəbərin kifayət qədər oxucusu olur. Ciddi siyasi xəbərlər də oxunulur. Ən az oxunan isə sosial mövzularda olan xəbərlərdir”.

Oxucunun seçiminə qarışmaq olmaz

Lent.az-ın redaktoru Gülşən Hacıyeva isə belə fikirləşir ki, oxucunun seçiminə qarışmaq olmaz: “ Biz gün ərzində dünyada baş verən bütün xəbərlərə yer veririk. Düzdür, bütün dünyanı maraqlandıran və ya Azərbaycanla bağlı ciddi siyasi xəbərlər də oxunur. Ancaq, kriminal və şou-biznes xəbərlərinə maraq daha çoxdur. Onlardan hansını oxumaq isə oxucunun seçimidir. Saytda hər növ xəbər olur, oxucu şou-biznesi ya da kriminalı seçirsə biz heç nə edə bilmərik”.

Şou digərlərini üstələyir

Sia.az-ın redaktoru Əfqan Qafarlı deyir ki, istənilən saytda şou-biznes xəbərləri digər xəbərlərdən daha çox oxunur: “Bizim saytımızda sosial-siyasi mövzulara daha çox üstünlük verilir. Şou və idman xəbərləri isə demək olar ki, yox dərəcəsindədir. Yəni, çox qalmaqallı bir hadisə olarsa ancaq o vaxt şou xəbərləri veririk. Saytda şou-biznes ilə bağlı xəbər yerləşdirəndə müşahidə eləmişəm ki, oxucu sayına görə o biri xəbərləri üstələyir. Lakin dediyim kimi biz daha çox sosial-siyasi mövzulara yönəlmişik”.

Azərbaycanda balans qorunmur

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə məsələyə başqa nöqteyi nəzərdən yanaşır. Onun sözlərinə görə, tək Azərbaycanda yox, elə dünyanın hər yerində “yüngül” xəbərlərə maraq daha çoxdur: “ belə xəbərlərə təlabatın yüksək olduğu bir həqiqətdir. Bu cür informasiyaların xəbər çəkisi ilə ciddi informasiyaların çəkisi tamam fərqlidir. Ancaq, çox vaxt KİV nümayənədələri balansı qoruya bilmirlər. Bu, xüsusilə Azərbaycan mediasında nəzərə çarpır”. A.Əliyev jurnalistlərin şou-biznes və kriminal mövzulu xəbərlərə meyl etmələrinin səbələrini də açıqladı: “Birinci səbəb odur ki, Azərbaycanda jurnalistlərin informasiya almaq imkanları məhduddur. İkinci səbəb kimi deyə bilərəm ki, ciddi xəbərlər hazırlamaq, yazılar yazmaq üçün jurnalist peşəkarlığı lazımdır. Jurnalistin bir araşdırma aparması daha çox zəhmət tələb edir, nəinki bir müğənnidən müsahibə alması. Bir başqa səbəb isə Azərbaycanda jurnalistlərin tam sərbəst olmamasıdır. Onların seçimləri xeyli dərəcədə məhdudlaşıb, çox vaxt mövzu seçimində redaktor ilə razılaşmalı olurlar. Əlbəttə, “yüngül” xəbərlərin reytinqinin çox olması da səbəblər arasındadır”.

Oxucular nə düşünür?

Mövzu ilə bağlı Bakı sakinləri arasında kiçik bir sorğu keçirdik. Sorğu zamanı deyilənlərə əks bir mənzərə ilə qarşılaşdıq. Sən demə, paytaxt sakinlərinin çoxu siyasi xəbərləri oxuyurmuş.

İsa Laçınlı televiziyaya üstünlük verir: “Televiziyada daha çox axşam xəbərlərini izləyirəm. Azərbaycanın inkişafı, xarici siyasəti, Azərbaycanla Ermənistan münasibətləri diqqətimi çəkir”.

Malik Bayramov da informasiyanı televiziya vasitəsilə aldığını bildirir: “Siyasətlə bağlı xəbərləri izləyirəm. Dünyada baş verən hadisələrdən xəbərdar olmağa çalışıram.

Zərqələm İmanova isə televiziyada kriminal xəbər görəndə kanalı dəyişdiyini deyir: “Ümumiyyətlə, kriminal xəbərlər məni qorxuya salır. Belə xəbərləri izləmirəm. Azərbaycanda və dünyada baş verən hadisələr məni daha çox maraqlandırır”.

Siyasi xəbərlərə maraq göstərən Mətləb Əmraslanov internetdən informasiya almağın daha asan olduğunu deyir: “Qəzet oxumağa səbrim çatmır, evdə də olmuram ki, oturub televiziyaya baxım. Buna görə də, internet saytlara daha çox müraciət edirəm”.

Nigar Kazımova bildirdi ki, informasiyanı ən çox internet vasitəsilə alır: “Xəbərləri internetdən oxumağa üstünlük verirəm. Daha çox şou-biznes xəbərlərini oxuyuram”.

Türkan Muradova da xəbərləri əsaasən internetdən oxuyur: “İnternetdə daha çox vaxt keçirirəm. Siyasi xəbərləri oxuyuram”.

İlknur Salamova

 






12 Noyabr, 2012  19:28 Baxılıb: 4676 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner