Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AZIX MAĞARASI, ŞUŞA QALASI, XUDAFƏRIN KÖRPÜSÜ… - ARAŞDIRMA - FOTOSESSİYA

İşğal altında olan ərazilərimizdəki mədəniyyət abidələrinin dəyərini təyin etmək mümkün deyil

Ermənistan hərbi qüvvələrinin torpaqlarımızı işğal etməsi – minlərlə soydaşımızın şəhid olması, bir milyona qədər yerli sakinin öz dədə-baba yurdlarından didərgin düşməsi və tarixi mədəniyyət abidələrimizin dağıdılması ilə nəticələndi. Müharibədə Azərbaycana dəyən zərərin həcmi, ilkin hesablamalara görə, 60 milyard dollar olub. Tarixi və mədəniyyət abidələrimizə dəyən ziyanın məbləğini hesablamaq isə qeyri-mümkündür. İşğal nəticəsində 464 tarixi abidə və muzey məhv edilib və bu proses bu gün də davam etdirilir. Ermənistan tərəfindən tarixi abidələrmizə qarşı bu münasibət "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına ziddir.

Azıx mağarası

İşğal altında olan torpaqlarımızdakı tarixi abidələrimiz arasında təkcə Azıx mağarasının Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu qeyd etməklə, təcavüzkarların ölkəmizə nə dərəcədə mənənəvi ziyan vurduğunu göstərmək olar. Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biri olduğundan, onun elmi-tədqiqata cəlb edilməsi təkcə ölkə deyil, həm də dünya tarixinin araşdırılması baxımından əhəmiyyətlidir. Təəssüflər olsun ki, təcavüzkar ermənilər, Sovet İttifaqı dağıldıqdan sonra, bu tarixi mənbənin dünya səviyyəsinə çıxarılmasına imkanını vermədilər.
1968-ci ildə palentoloq Məmmədəli Hüseynov mağarada qədim insanın alt çənə sümüyünü aşkara çıxararaq, onun Neandertal insana aid olduğunu sübut edib. Bu insanın 350-400 min yaşı olması Qərb mütəxxəssisləri tərəfindən təsdiq olunub. Tapılan çənən sümüyü 18 yaşlı qadına aid olub. Araşdırmalar bu çənə sümüyünün qədimliyinə görə dünyada dördüncü olduğunu göstərir. Sonralar mağaradan 1-1.5 milyon il əvvəllə aid olduğu bildirilən daşdan düzəldilmiş əmək alətləri də tapılıb.
«Azixantrop»un dünya səviyyəsində tanınmamasını şərh edən Bakı Dövlət Universitetinin Arxeloji və etnoqrafik tədqiqatlar bölməsinin müdiri, tarix elmləri doktoru Arif Mustafayev təəssüflə qeyd edir: «Məmmədəli Hüseynovu həyatında ən çox təəssüfləndirən şey – 80-cı illərin sonlarından müharibə və hərbi təhlükə üzündən Azıx mağarasına gedib, orada araşdırmalarını davam etdirə bilməməsi idi. Ömrünün son günlərinədək o, Fizuli rayonunun işğaldan azad ediləcəyinə ümidini itrməmişdi”.

Qala divarları

İşğal altında olan möhtəşəm tarixi abidələrdən biri də Şuşanın qala divarlarıdır. Qala divarları tarixboyu Şuşa şəhərini xarici müdaxilələrdən qoruyub. Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur. Mənbələrə görə, monqolların Azərbaycana ikinci yürüşü zamanı qala divarları məhv edilib. Şuşa qalasının bərpa edilməsi haqqında qərarı Qarabağ xanı Pənahəli xan verir və xanlığın mərkəzini bura köçürür. 
Qala divarları Azərbaycan memarlığının ən gözəl nümunələrindən biridir. Arran memarlıq məktəbi üslubunda inşa edilən qalanın tikintisində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qala yaxınlığında yüksək memarlıq keyfiyyətləri ilə seçilən körpü inşa edilib ki, bu körpü Qala körpüsü kimi tanınıb.
Şuşa qalasından başqa, təkcə bu şəhərdə 104 tarixi və mədəniyyət abidəsi işğal altında qalıb. Gəncə qapısı, Pənahxan kitabxanası, Pənahxan qəsri, Karvansara, Gövhər ağa məscidi, Saatlı məscidi, Ağabəyim ağanın qəsri, Xan evi və digərlərinin adını qeyd etmək olar.
Xudafərin körpüsü
Erməni tapdağı altında olan tarixi abidələrimiz arasında Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünün də adını çəkmək olar. Körpü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən tikilib. Həmin ərazidəki digər körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və tikintisi XIII əsrə – Elxanilər dövrünə aiddir. Hər iki körpünün antik dövrlə bağlı olduğu da ehtimal edilir. Körpülərin böyüyü 15 aşırımlıdır və onu Məhəmməd peyğəmbərin dostu Bəkr ibn Abdullahın tikdirdiyi iddia olunur. Şimali və Cənubi Azərbaycan arasındakı əlaqələri kəsmək üçün ötən əsrin 30-cu illərində İran və SSRİ-nin birgə qərarı ilə Xudafərin körpüləri dağıdılıb.

Bu möhtəşəm abidələrdən başqa işğal altında olan yüzlərlə tarixi abidələrimiz qeydə alınıb. Onlardan bəzilərinin adını veririk:
Laçında Məlik Əjdər türbəsi (XV əsr), Ağoğlan məbədi (IX əsr), Minkənd körpüsü (XV əsr), Uşaq qalası (XV əsr), Qoç abidələri (XVI əsr), Həmzə Soltan sarayı (XVIII əsr) və s.
Kəlbəcər rayonun ərazisində 7 arxeoloji, 36 memarlıq, 87 tarixi abidə, o cümlədən, Xudavənd məbədi (XIII əsr), Gəncəsar məbədi (XIII əsr) və s.
Ağdamın 27 tarixi, 40 memarlıq, 103 arxeoloji abidəsi işğal altında qalıb. Bu abidələrdən Qutlu Musa türbəsi (XIV əsr), Kəngərli kəndindəki Məqbərə (XIV əsr), Şahbulaq qalası, Pənah xanın İmarəti, Şəhər Məscidi (XIX əsr), Papravənd kəndindəki Başıkəsik məscid və bəzi kəndlərdəki türbələr xüsusi əhəmiyyət kəsb edirlər.
Füzulinin 87 memarlıq və arxeoloji, 15 tarixi abidəsi, o cümlədən Azıx mağarası, Mirzəli türbəsi, Hacı Qiyasəddin məscidi (XVII əsr), Hacı Ələkbər məscidi (XIX əsr) və s. işğal altında qalıb.
Cəbrayılın Xudafərin körpüsündən başqa, xüsusi əhəmiyyətli tarix və mədəniyyət abidələrindən – Qız qalası, Hacı Qaraman, Cəbrayıl ata, Mazannənə ziyarətgahları qeyd olunub.
Qubadlıda Gavur dərəsi ibadətgahı (IV əsr), Qalalı abidəsi (V əsr), Dəmirçilər türbəsi (XIV əsr), Hacı Bədəl körpüsü kimi tarix və mədəniyyət abidələri düşmən tapdağında qalıb.
Zəngilanın 1 memarlıq, 13 tarixi, 7 arxeoloji abidəsi işğal altında qalıb. Rayonun ərazisində XIII-XIV əsrlərə aid türbə və sərdabələr, tarixi abidələri olub.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyan haqqında arayışında da bir sira abidələrin adı çəkilir: “Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin Şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətinı, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar”.
Arayışda bildirilir ki, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox, Şuşa Tarix Muzeyinin 5 minədək, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin 2 mindən çox, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin 3 mindən çox, Zəngilan Tarix-Diyarşünaslıq muzeyinin 6 minədək, Dövlət Qarabağ Tarixi Muzeyinin isə 1000-dək əşya-fondları qarət edilib.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin eksponatları Ermənistana aparılıb. Musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri, Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarındakı azərbaycanlı rəssam və heykəltəraşların əsərlərindən ibarət fondlar dağıdılıb.
Erməni təcavüzkarları Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistana aparıblar. Bu abidələr bütün əxlaq normalarına zidd olaraq vəhşicəsinə güllələnib və ağır texnika vasitəsilə zədələniblər. Həmin abidələr çətinliklə əldə edilərək Bakıya gətirilib və İncəsənət Muzeyində nümayiş etdirilir.

Xarirə Nəsirli

“SİMSAR” JURNALI






6 Noyabr, 2012  16:26 Baxılıb: 7684 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner