Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

“ƏNZƏLİ YOLU, DƏYİŞƏN ADLAR, KOMMUNİSTLƏRİN PARTLATDIĞI ZİYARƏTGAH” – REPORTAJ – FOTOSESSİYA

“Quba xanı Fətəli xan öz istəyi ilə burada dəfn olunub”.

Sahil metrosundan çıxıb 120 nömrəli avtobusa minirəm. Məqsədim Bakıdan 4-5 km uzaqlıqda yerləşən Bibiheybət məscidinə getmək, həm oranı ziyarət etmək, həm də pirə gələnlərlə söhbət etməkdir. Bibiheybət ziyarətgahının adını çox eşitsəm də, bu müqəddəs yeri görməmişdim. Avtobusdan düşüb pirin geniş meydançasına daxil olduğum zaman, buradakı 40-45 yaşlarında bir xanımdan öyrənirəm ki, pir elə məscidin içərisində yerləşir. Məscidin qapısına yaxınlaşıram. İçəridən üzü nurlu bir qoca məni səsləyir: “Qızım, buyur gəl içəri”. Mən ona jurnalist olduğumu pir haqqında əlavə məlumat toplamq istədiyimi söyləyir. Mənə, - “keç içəri, nə lazım olsa mən deyərəm” – deyir. Ayaqqabılarımı çıxarıb içəri keçirəm. Başımı bağlamağımı istəyən Şahmirzə dayı əvvəlcə özü haqqında danışır, sonra da məscid ilə bağlı məlumat verir. Mən stolun üstündəki cürbəcür yaylıqlardan göy rəngdə olanını seçib başımı bağlayıram. Bir tərəfdən də Şahmirzə dayıya qulaq kəsilirəm. Şahmirzə dayı uzun müddətdir burda işlədiyini deyir: “17 ildir ki, burda işləyirəm. Bura gələnləri qarşılayıram, məscid və ziyarətgah haqqında məlumat verirəm. Məscid XIII əsrdə tikilib. Ancaq, kommunistlərin dövründə bomba ilə patladılıb və yerinə maşın yolu salınıb. Müstəqilliyimizi əldə etdikdən sonra, şeyxülislam Hacı Allahşükür Paşazadə məscidin yenidən tikilməsi üçün prezidentə müraciət edib. Söz vaxtına çəkər Heydər Əliyev elə Qurban bayramında bura gəlib, daha sonra da məscidin yenidən tikilməsi haqda göstəriş verib. 1994-cü ildə tikilməyə başlanılıb, 2008-ci ildə isə açılışı olub”.
Məscidin içərisində yerləşən kiçik lövhədə də buranın tarixi haqqında geniş məlumat yer alır. Buradan öyrəndiyimə görə, məscid 1281-1282-ci illərdə Şirvanşahlar dövründə II Fərruxzad ibn Axsitan tərəfindən tikdirilib. Memarı Mahmud ibn Seyid olub. Burada VII İmam Kazımın qızı, VIII İmam Rza Əleyhisəlamın doğma bacısı Həzrəti Həkimə xanımın məzarı yerləşir. Həmçinin, Həzrəti Həkimə xanımın qardaşı uşaqlarının da məzarı buradadır. Şahmirzə dayı deyir ki, Quba xanı Fətəli xan öz istəyi ilə burada dəfn olunub. Söhbətimiz vaxtı məlum olur ki, buranı tez-tez ziyarət edənlərdən biri də Xurşidbanu Natəvan olub. Natəvan xanım Allahdan övlad arzulayırmış, daha sonra bu arzusuna qovuşur və elə buna görə də, ziyarətgaha yol çəkdirir.

Niyə “Bibiheybət”?

Buranın Bibiheybət adlandırılmasının səbəbi də çox maraqlıdır. Belə ki, o dövrdə qardaşı şəhid düşən Həkimə xanım təqiblərdən qurtulmaq üçün İranın Ənzəli şəhərindən Bakıya gəlib. Tacir Hacı Bədir ona köməklik göstərib. Həkimə xanımın kimliyini gizlətmək üçün özü adını “Heybət”, onu isə “Bibiheybət” (yəni, Heybətin bibisi) adlandırıb. Həkimə xanım dəfn edildikdən sonra bura belə adlandırılıb.

Dünyanın hər yerindən gələnlər var...

Şahmirzə dayının dediyinə görə, buraya həm müsəlmanlar, həm xristianlar, həm də digər dinlərə inanlar gəlirlər. Demək olar ki, dünyanın hər yerindən insanlar buraya gəlib, piri ziyarət edirlər. Hətta, biz məsciddə ikən xaricdən gəldikləri bəlli olan bir neçə nəfər pirin ətrafında dua edirdi. Şahmirzə dayı onların Malayziyadan gəldiklərini, müsəlman olduqlarını bildirdi. Məscidin namaz qılmaq üçün nəzərdə tutulmuş hissəsinə daxil oluram. Öyrənirəm ki, məsciddə eyni vaxtda 3000 adamın namaz qıla bilməsi üçün şərait yaradılıb. Qadınlar və kişilər üçün ayrı yerlər mövcuddur.

Məscid tez-tez təmir edilir

Bəzən Şahmirzə dayının dediklərini eşitməkdə çətinlik çəkirəm. Bunun səbəbi isə məsciddə gedən təmir işləridir. Öyrənirəm ki, məsciddə tez-tez deformasiyalar olur və təmir işləri gedir. Bu deformasiyaların səbəbi məscidin dəniz sahilində yerləşməsidir. Süxurlar yumşaq olduğu üçün burdan keçən ağır yük maşınları belə məscidə zərər verir. Təmir səbəbi ilə məscidlərə və müqəddəs yerlərə xas olan səssizlik burda müşahidə olunmasa da bundan şikayət edən yoxdur. Burdakı səs-küy deyəsən, ancaq mənə mane olur, insanların ibadətinə isə maneçilik törətmir.

“Ürəyimizdən keçən dualar”

Bura demək olar ki, boş qalmır.Piri ziyarət etmək üçün gələnlərin sayı kifayət qədərdir.
Elə bayaqdan pirin ətrafında dolanıb dualar edən İlahə xanıma yaxınlaşıb hansı duaları etdiyini, nələr arzuladığını öyrənməyə çalışıram. O, əvvəlcə tələsdiyini deyib getmək istəsə də, daha sonra bütün suallarımı cavablandırır: “Ürəyimdən keçən bütün duaları edirəm.Yoldaşım, qardaşlarım, bütün əzizlərim üçün dua edirəm. Tez-tez gəlməyə çalışıram, hər ay olmasa da, 2 aydan bir mütləq gəlirəm”. İlahə xanıma təşəkkür edib yenidə məscidin meydançasına çıxıram. Yaxınlaşıb suallarımı vermək istədiklərimdən bir neçəsi mənim televiziyadan gəldiyimi fikirləşib suallarımı cavablandırmırlar. İnsanların bu jurnalist qorxusunu anlamasam da nəhayət ki, danışmaq istəyən bir neçə cəsarətli adam tapıram. Onlardan biri də biologiya müəlliməsi Afaq xanımdır. “Namaz qılan adamam, ona görə də bütün ziyarətgahları gəzirəm. Oğlum xəstədir. İndi də bura gəlmişəm ki, onun üçün bir az dua edim” – deyən Afaq xanım dərsdə şagirdlərlə etdikləri müzakirələrdən də danışır. Onun sözlərinə görə, uşaqların verdiyi sualları həm elmi, həm də dini baxımdan cavablandırır: “İkisini də bilmək lazımdır. Elmə yaxşı yiyələnməliyik ki, “Quran”ı düzgün başa düşək”.
Afaq xanımla sağollaşıb ayrılmışdım ki, qarşıda uşaqlarla, qohum-qardaşla birlikdə ziyarətə gələn böyük bir ailə var. Aralarından bir xanıma yaxınlaşıb suallarımı verirəm. Demək olar ki, bura gələnlərin hamısının verdiyi eyni cavabı eşidirəm: “ Vaxtım olduqca gəlirəm. Ürəyimdən keçən bütün duaları edirəm. Demək olar ki, hamısı həyata keçir”. Xanımdan adını soruşanda o əvvəl demək istəməsə də, sonra özünü Şəhla kimi təqdim edir.
Elə bu vaxt bayaqdan ətrafda dolaşan polis formasındakı şəxs yaxınlaşıb nə lazım olduğunu soruşur. Mən də lazım olanları aldığımı, jurnalist olduğumu deyirəm. Bu mənasız sorğu sualdan sonra məsciddən ayrılıram. Avtobusa minib məsciddən uzaqlaşanda beynimdə ancaq bu fikir var idi: bura gələnlərin hamısı arzularının reallaşdıqlarını deyir, inam və ümid çox yaxşıdır”.


İlknur Salamova

 

 






30 Oktyabr, 2012  16:25 Baxılıb: 2414 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55