.
İdmançı qonağımız 2007-ci ildə Avropa Həvəskar Boks Assosasiyasının açıqladığı reytinq cədvəlində 75 kq çəki dərəcəsində boksçularımız arasında ən yüksək, ümumdünya boksçuları sırasında isə adı 2-ci yerdə olan Rahib Bəylərovdur. 1985-ci il oktyabrın 25-i Siyəzən rayonunda anadan olan boksçu idmana 7 yaşından başlayıb...
- Qardaşım güləşçi idi. Ona baxıb, məndə də idmana həvəs yarandı. Mən də güləşlə məşğul olmağa başladım.
- Bəs niyə güləşi boksla əvəz etdin?
- Bir ara idmanı buraxmışdım. Atamın idmana, əsasən də boksa çox böyük həvəsi var idi. Boksa gəlməyimin səbəbi o oldu. Atam məni bu idman növünə yönəltdi.
- Çox dalaşqan uşaq olmusan?
- Bəli, çox. Boyum uzun idi. Tez-tez küçə davalarına düşürdüm, döyürdüm (gülür).
- Ən çox nəyin üstündə dalaşırdın?
- Məhəllələr arası dalaşırdıq. Bəzən məhəlləmizə hansısa qızın dalınca gələnlərlə dalaşırdım.
- Orta məkdəbi necə oxumusan?
- Yaxşı oxumamışam. Daha çox bədən tərbiyəsi fənninə marağım olub.
- Boksa başlayanda neçənci sinifdə oxuyurdun?
- 8-ci sinifdə oxuyandan boksla məşğul olmağa başladım.
- Həvəskar kimi, yoxsa professional?
- Professional. Bakıya gəlməmişdən öncə Siyəzəndə Azərbaycan Çempionu keçirildi və orada iştirak edib, qalib oldum. 2002-ci ildə Bakıya gəlib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum. Eyni zamanda, “Trudovoy” zalında boksla məşğul olmağa davam etdm. 2003-cü ildə Avropada keçirilən yeniyetmələr arasında çempionatda iştirak edib 2-ci yeri tutdum. 2004-cü ildə tələbələr arasında dünya çempionatında 3-cü, 2005-ci ildə isə Hollandiyada hərbçilər arasında keçirilən yarışda Avropa cempionu oldum.
- Uduzanda ruhdan düşürdün?
- Yox, amma Azərbaycana gəlməyə utanırdım.
- Bildiyimə görə, tələbə ikən çətin şəraitdə yaşamısan.
- Bəli. Evdə maddi imkan yaxşı olmadığından məşq etdiyim idman zalında yatırdım. Sıxıntım olmaması üçün idman müəllimim əlindən gələn köməkliyi edirdi.
- Boks Federasiyasının üzvüsən?
- 2006-cı ildə Bolqarıstanda keçirilən Avropa Çempionatında 2-ci yerə çıxmışam. Bakıya qayıdanda 6000 ABŞ dolları verdilər. Qanuna görə dövlət tərəfindən mənə ev verilməliydi, amma vermədilər. Mənim yerimə başqa idmançıya verdilər. O vaxt federasiyanın rəhbəri olan Ağacan Əbiyev mənə dedi ki, sənə gələn il ev veriləcək. Mən də 2007-ci ildə bütün sənədləri düzəldib, yenidən Ağacan Əbiyevin yanına getdim. Sənədləri alıb, dedilər ki, bu il də bir başqa idmançıya verdik evi. Yenə növbəti ilə qaldı. Yenə bir söz demədim. O vaxtdan hər il məni get-gələ salıblar.
- Niyə bu günə kimi sənin ev məsələn həll olunmayıb?
- O vaxt bir daha ev məsələm üçün Ağacan müəllimə yaxınlaşanda ded ki, get, nəticəni ver. Mən də getdim 2007-ci ildə Azərbaycanda keçirilən Dünya Kubokunda 3-yeri qazandım. 2008-ci ildə Azərbaycanda hərbçilər arasında keçirilən Dünya Çempionatında 1-ci yeri tutdum. Amma hələ də ev problemim həll olunmayıb. 2007-ci ildə Amerikada keçirilən Dünya Çempionatında 1 rəqibimi məğlub etdim. İkinci rəqibim dominikanlı idi. Güclü boksçu idi. Onunla yarışda məğlub oldum və sağ qolumdan ağır zərbə aldım. Ondan sonra qolum əməliyyat olundu. Hələ də nasazlıq var.
- Boks Federasiyasının prezidenti Kəmalətddin Heydərov olduqdan sonra necə, bu problemlə bağlı müraciətin oldumu?
- Bir dəfə İdman Sarayında görüşümüz oldu. Onda bu problem haqda ona danışmaq istəyəndə Federasiyanın işciləri imkan vermədilər. Dedilər ki, kimin nə suaları varsa, Kəmaləddin müəllimə yox, bizə desin.
- Hər bir idmançının idman növünə aid sirri olur. Sənin sirrin nədi?
- Mənim sol yandan zərbəm çox güclüdü.
- Neçə rəqibini nakaut etmisən?
- Çox.
- Federasiya sizə aylıq pul verir?
- Əvvəl verirdi. Amma 2 aydı ki, vermirlər.
- Sanki idmandan küsgün kimi görünürsən, bu küsgünlük nə ilə bağlıdır?
- Ev məsələm həll olunmadığından Boks Federasiyasına küskünəm. Atam bu günü səbirsizliklə gözləyirdi. Çox fikirləşdi, dərd etdi bunu. Sonra rəhmətə getdi...
- Bəlkə bu səbəbdən boksu dayandırmaq fikrindəsən?
- Bunu düşünürəm. Yəqin, elə də olacaq...
Azər Nəsibov
“SİMSAR” jurnalı