Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

TÖVLƏYƏ ÇEVRİLMİŞ MƏBƏDLƏR... – REPORTAJ - FOTOSESSİYA

Bir neçə günlük arxeoloqluq 


Arxeoloq rəfiqəmin dəvəti

Arxeologiya ən sevdiyim ixtisaslardan biridi. Bir də seçmək imkanım olsaydı, ya arxeoloq ya da bioloq olardım. Hər il arxeoloqların həyatından, işindən bir neçə reportaj eləməyimin də səbəbi tarixə olan aşırı sevgim yox, arxeoloq həyat tərzinə olan vurğunluğumdu. Elmlə «avara»lığı birləşdirən bu ixtisas ruhuma elə yaxındı ki, vaxtında arxeoloq ola bilmədiyimə görə həftənin üç günü depressiyaya düşürəm. Buna görə də, tarix elmləri üzrə fəlsəfə doktoru Tükəzban Göyüşovanın bir neçə gün onların balaca arxeoloq komasında qalmaq təklifini həvəslə qəbul elədim.

Seymur Baycanın ayaqqabısı, yağış və samovar

Birinci gün yağışa düşdük. Yayın hələ demək olar ki, oğlan çağı olduğuna baxmayaraq, Gədəbəydə qış havası vardı. Xəbərdarlıq aldığım üçün Gədəbəyə yazıçı dostum Seymur Baycanın qış gödəkçəsini və ayaqqabılarını geyinib getmişdim - Tükəzban elə hey kişi dostumla ayaqlarımızın eyni ölçüdə olduğuna gülürdü. Aramsız yağan yağışın və soyuğun ucbatından birinci gün heç yana çıxa bilmədik. Eləcənə komanın qarşısında, yağış tutmayan yerdə samovardan-zaddan qaynadıb, çay içərək başımızı girlədik.

Hər bulaqdan su içmişəm

İkinci gün icra hakimiyyətinin maşını bizi Miskinliyə apardı. Mən o mamır basmış xınalı daşların, qabıqları ovulub-tökülən ağacların, yağışların yuyub, günəşin qurutduğu otların, yarpaqların arasında öyrəndim ki, sivilizasiya - səndən əvvəlki insanın açdığı cığırlardan başlayır. Heyətimiz beş nəfərdən ibarət idi.İki arxeoloq - Tükəzban Göyüşova və Natiq Alışov, mən, sürücü və bələdçimiz. Hər bulaqda saxlayıb, su içə-içə biz Gədəbəydə, Miskinli adlanan ərazidəki məbədləri, qalaçaları axtarır, qeydə alınmışları tədqiq, qeydə alınmamışları kəşf eləyirdik.
Miskinlidə maşından düşüb, köhnə bir UAZ-a mindik - UAZ bizi Qalakəndə, bələdçimizin evinə, bələdçimiz isə bizi təsəvvür edə bilməyəcəyimiz qədər uzaqlara apardı. Ən köhnə, ən möhkəm, dayanıqlı sovet maşınlarının belə güclə qalxdığı yerlərə ilk ayaq basanların özümüz olduğunu düşünürdüm.

Binələrin çadır-çadır....

Amma gülməli şəkildə yanılmışdım - ən hündür təpələrə iki-bir, üç-bir tərəkəmə çadırları, meşələrin ən keçilməz yerlərinə meyvə toplayan qadınlar, mal otaran kişilər səpələnmişdi. Bu çadırlar mənim uşaq vaxtı Qarabağda, dağda-gəyəndə gördüyüm rəngli, abad, qabaqlarına xalça, döşəkçə, mütəkkə atılmış, bir yanında samovar qaynayan, bir yanında çoban arvadlarının-qızlarının yuxa yaydığı, nehrə çalxadığı, bulama buladığı, şaqqanaq çəkib güldüyü şux dəyələrə heç oxşamırdı. Mənim uşaqlığımın tərəkəmə çadırlarından dazıotu, kəklikotu, qaraqınıq, solmazçiçəyi, daşyarpızı, qantəpər qoxusu gəlirdi, bir küncə yığılmış yorğan-döşəyin, xalça-palazın əlvan rəngi göz qamaşdırır, təmizliyi çiçək çırtladırdı.
Bu çadırlardan isə mal-qoyun, yağsov, tər, bir sözlə - kasıblıq qoxusu gəlirdi. Bu çadırlarda hər şeyin bircə rəngi vardı - boz, boz, boz...

Mənim uşaqlığımın tərəkəmə qadınlarının yanaqlarından qan, sünbüllərindən su damırdı, gülüşləri qulaq batırırdı, zirəklikləri köks ötdürürdü, təmizkarlıqları adamı heyran qoyurdu, yaydıqları yuxalardan, dəmlədikləri çaylardan, süfrəyə gətirdikləri ağartıdan bir yeyən iki yeyirdi. O tərəkəmə qızları, gəlinləri ən ağır işi də əyləncəyə çevirirdilər - at minməyə, mal-qoyun sağmağa, süpürgə bağlamağa uşaq oyunu kimi baxırdılar. Yayı dağda-gəyəndə keçirən o qızlar qışdan, kənddəki evlərindən yaza öz əlləri ilə toxuduqları bir xalçayla, kilimlə çıxırdılar. Bu qədər işin, zəhmətin, qayğının qarşılığında dodaqlarından gülüş, dillərindən zarafat, hətta bəzən əllərindən kitab düşmürdü.
Bu qadınların isə üzlərindən yorğunluq, əyin-başlarından kir, gözlərindən əsəbilik yağırdı. Bir stəkan çay üçün baş çəkdiyimiz bir dəyədə cavan qadınla yeniyetmə qızları bizə qaşqabaq salladılar, kirli stəkanlarda qarşımıza boz-bulanıq bir çay qoydular və mən azərbaycanlı qonaqpərvərliyinin sırf situativ bir şey olduğunu düşündüm: həyat kef-əhvalnan keçirsə, biz qonaqpərvərik. Yox, kasıbçılıqdısa, qonaq zəhmət çəkib, bununla hesablaşsın.
Amma üzümüzə tərs-tərs baxan, bizə boz bulanıq çay süzən cavan qadınla onun yeniyetmə qızını bir damcı da qınamadım. Cəmi beş yüz kilometr uzaqda onların tay-tuşları işıqları par-par yanan şəhərdə yaşayır, şou-biznes ulduzlarının paltarlarını müzakirə eləyir, axşamlar şəhərin mərkəzi küçələrində gəzməyə çıxırsa, bu cavan ananın, bu gənc qızın bu iyli, kirli, boz dəyələrdə, tövlələrdə nə işi vardı axı? İşləri varsa da, onlar bax elə-belə, qanları qara olmalıydılar, üzlərindən də zəhrimar yağmalıydı.

Bələçimiz Bəkir dayı

Bələdçimiz orta yaşlı, həvəskar arxeologiya ilə məşğul olan, tarixi çox sevən Bəkir dayı idi. O qarşımıza düşüb, bizi keçilməz cəngəlliklərdən keçirənə, aşılmaz təpələrdən aşırana qədər mən bələdçiləri, ləpirçiləri ancaq ekzotik mövzulu filmlərdə görmüşdüm. Amma indi qarşımızda adətən filmlərdə gördüyümüz qırmızıdərili, hörüklü, saçlarına lələk taxılmış hindu deyil, pencəkli-köynəkli, sivil bir adam idi.
Bəkir dayı yol uzunu bizə istiqamət verməklə kifayətlənmir, həm də tarixi ovcu kimi bilən iki arxeoloqa tarix elminə hələ məlum olmayan faktlardan da danışmağı unutmurdu.
Cəngəlliyi əllərimizlə yarıb keçir, kolların arasından quşlar pırıldayıb sürətlə havaya qalxır, ayaqlarımızın altında qalan əsrlik kötüklər ovulub yastılanır, qıcagülü, ayıdöşəyi yarpaqları, zəhərli göbələklər tapdanıb, palçığa bulanır, otların, kolların üstündə hələ qurumamış yağış ayaqqabılarımıza, paltarlarımıza hopurdu. Üzüyuxarı qalxdıqca nəfəsimiz təntiyir, qalxmaq çətinləşir, artıq rahatlıqla deyil, sarmaşıqlardan, ağacların budaqlarından tutaraq qalxırdıq.

Ayı qorxusu, Azərcell və tövləyə çevrilmiş məbəd

Hava qaraldıqca kolun dalından çıxacaq bir ayının bizi parçalaya biləcəyi ehtimalını nəzərə alıb, anama zəng elədim. Dedim barı ayı məni yeməmiş arvadla halallaşım. Ən qəribəsi bu idi ki, dəniz səviyyəsindən 1800 metr hündürlükdə şəbəkə işləyirdi.
Biz buralarda yeddinci əsrə aid olduğu ehtimal edilən bir alban məbədini axtarmaq üçün dolanırdıq. Alban məbədin tapana qədər yolüstü hələ qeydiyyata alınmamış bir neçə qalaça və el arasında Govdu məbədi deyilən balaca bir alban məbədi tapdıq. Hazırda bu tarixi yerdə yerli tərəkəmələr qoyun saxlayır. Məbədin təməlinə yatır gizləndiyini düşünən bəzi macərapərəstlər tikilinin içini, özülünü bir neçə yerdən qazıb-dağıtmışdılar.
Ən pisi isə bu idi ki, gəzdiyimiz qalaçalardan, məbədlərdən yerli əhalinin xəbəri olsa, bunlar barədə lazımi yerlərə xəbər versələr də, heç yana bu tarixi yerləri nişan verəcək bir ox işarəsi, bir lövhə vurulmamışdı. Govdu məbədində qoyun saxlayan kəndli isə hətta burada mal saxladığına görə harasa aylıq kirayə haqqı ödədiyini də dedi. Yalançı o olsun.
Amma tarixi yerlərlə bağlı ən dəhşətli faktı yerli camaat danışırdı: Gədəbəyin mərkəzinə yaxın yerləşən bir məbədi hazırda yaxınlıqdakı kafeni işlədənlər tualet kimi istifadə eləyir...

Bir neçə gün arxeoloji gəzintilərimiz olmazın fayda verdi. Arxeoloqlar axtardıqları qədim məbədi, mənsə qaval iriliyində üç nəhəng göbələk tapdım. Birlikdə yağışa, qaranlığa düşdük, meşədə azdıq, talada kabab çəkdik, kartof külləməsi elədik, moruq yedik və mən gələcək il bir də gəlmək arzusu ilə dünyanın ən mədəni çöl adamlarını orada, dəniz səviyyəsindən 1800 metr hündürlükdə, tənha arxeoloq komasında buraxıb, paytaxta qayıtdım.

Günel Mövlud

 






2 Oktyabr, 2012  15:54 Baxılıb: 2842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner