Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

CÜRBƏCÜR OYUNCAQLAR, RƏNGARƏNG OTAQLAR, QAYĞISIZ UŞAQLAR – REPORTAJ - FOTOSESSİYA

.

Oynayan uşaqların səsi, ətrafda cürbəcür oyuncaqlar və rəngarəng otaqlar. Bağça deyəndə göz önünə adətən bu mənzərə gəlir. Bu dəfə isə burada bağçaya xas olmayan sakitlik var. Balacalar yuxudadır.

Dövlət və özəl bağçalara getməyimizə səbəb hər ikisinin şəraiti ilə tanış olmaqdı.
Bakıdakı özəl bağçalardan birindəyik. Sakitlikdən istifadə edib bağçanın müdiri Leyla Məmmədova ilə söhbətləşirik. Onun sözlərinə görə, dövlət bağçalarından fərqli olaraq burada qruplar daha kiçikdir. Belə ki, 4 qrupun hər birində cəmi 13 uşaq var. Dövlət bağçalarında isə hər qrupda ən azı 25-26 uşaq olur və bu da uşaqlara öyrədilənlərin mənimsənilməsi üçün heç də yaxşı deyil.
Dəhliz boyu gəzdikcə söhbətimizi davam etdiririk. Uşaqların rəngbərəng paltar dolablarına, bəzəkli divarlara baxdıqca insan bir anlıq uşaq olub, bağçada qalmaq istəyir...
Həmsöhbətimiz vurğulayır ki, otaqlarda kameralar quraşdırılıb. Bu da imkan verir ki, valideynlər internet vasitəsilə uşaqlarını müşahidə edib, nə işlə məşğul olduqlarını görə bilsinlər.
Söhbətin bu yerində bağçanın aşpazı otağa daxil olur və ərzaqların bir qisminin bitdiyini, pul lazım olduğunu deyir. Beləcə uşaqların yeməklərindən söz düşür. Leyla xanım bildirir ki, burada balacalar gün ərzində dörd dəfə qidalanır: “Saat 09:30-dan 10:00-a qədər səhər yeməyi yeyirlər, bir saatdan sonra isə vitamin vaxtıdır. Bu zaman onlara ya meyvə, ya da təzə sıxılmış meyvə şirəsi verilir. 12:30-da naharlarını yeyib, yatırlar. Yatıb durandan sonra bulkalar, kekslər yeyirlər”. Bağça müdiri onu da qeyd edir ki, yeməklərlə yanaşı kekslər, bulkalar da bağçada hazırlanır, mağazalardan alınmır.
Balacalar öz sevimli heyvanlarını, müxtəlif bitkiləri təkcə şəkilli kitablarda görmürlər. Onlar üçün hər gün iki dəfə gəzinti, hər ay iki dəfə ekskursiya təşkil olunur. Zooparka, Bulvara, kinoteatra, Botanika bağına eksursiyaya gedirlər. Bundan başqa onlara rəsm, həftədə iki dəfə musiqi və rəqs, qızlar üçün gimnastika dərsləri də keçirilir. Hələ məktəbə getməsələr də uşaqlar burada ingilis, rus və Azərbaycan dillərini öyrənirlər.
Qeyd edim ki, uşaqlara xarici dillərin tədrisi özəl bağçaların demək olar ki, hamısında var. Aylıq ödənişə gəlincə isə, özəl bağçaların qiymətləri 250-600 manat arasında dəyişir.
Balaca, rəngli stollar, divarlarda müxtəlif heyvanların rəsmləri olan otaqları gəzdikcə tərbiyəçilərin iş günün daha əyləncəli keçdiyini düşünürəm. Hər şeyi bilməyə can atan, dayanmadan sual verən və çox asan təəccüblənən balacalarla keçən gün necə pis ola bilər? Amma əksər insanlarda belə fikir formalaşıb ki, bağça tərbiyəçilərinin işi çox çətindir. Çünki onlar başqalarının uşaqlarının nazını çəkməlidir. Gözlərində mehribanlıq sezilən tərbiyəçi Leyla bu fikirdə deyil, ona görə ki: “Sadəcə, uşaqları sevmək lazımdır, vəssalam. Hər uşağın öz dili, öz xüsusiyyəti var, onu bilmək lazımdır. Bir də ki, əsas sevgidir. İşini və uşaqları sevəndə heç də çətin olmur”.
Tərbiyəçi deyir ki, valideynlərin onlara qarşı tələbkar davranışını da başa düşmək lazımdır. Onlar da anadır və övladları üçün narahat olurlar.
Valideynlərin də rəyini öyrəndik. Samirə Vəliyeva uşağını dövlət bağçalarına etibar etmir, buna görə də onu özəl bağçaya göndərir. O hesab edir ki, özəl bağçalar uşaqların inkişafı üçün daha münasibdir: “Burada həm xarici dil, həm rəqs, musiqi və başqa dərslər keçirlər. Amma dövlət bağçasında belə şeylər yoxdur. Həm də ki, burada kamera ilə tərbiyəçilərin oğlumla necə davrandığını izləyə bilirəm. Necə əmin olum ki, dövlət bağçasında tərbiyəçi övladımı döymür?”.

Bəs dövlət bağçalarında vəziyyət necədir?

Bunu öyrənmək üçün 38 saylı bağçaya yollandıq. Burada bizə bildirdilər ki, İcra hakimiyyəti bağçalara jurnalistlərin daxil olmasını, bağça haqqında yazmasını qadağan edib. Buna görə bağça müdirindən yalnız valideynlərin hər hansı ödəniş edib-etmədiyini öyrənə bildik. Onun sözlərinə görə, valideynlərdən heç bir ödəniş tələb olunmur.
Müdirin otağına gedərkən uşaqların otağından keçməli oluruq. Dolabların üzərində müxtəlif oyuncaqlar nəzərə çarpır. Buna baxmayaraq valideynlərin bir qismi iddia edir ki, uşaqlar bu oyuncaqlardan yalnız bayram günlərində və yoxlama gələndəı istifadə edə bilir. Onlar adlarını açıqlamaq istəməsələr də vurğulayırlar ki, həmin oyuncaqlardan istifadə etməyə icazə verilmir və buna görə də onlar hər gün özləri ilə oyuncaq gətirirlər.
Hər gün 3 yaşlı qızını 38 saylı bağçaya yola salan Sevinc xanım deyir ki, uşağını dövlət bağçasına qoymaq onun büdcəsinə daha uyğundur: “Özəl bağçalar daha yaxşı olsa da, onlar hamının büdcəsi üçün deyil. Çünki mən ayda cəmi 20 manat pul ödəyirəm. Həmin bağçaların aylıq ödənişi əksər ailənin bir aylıq gəliridir. Ona görə də, çoxu məcburdur ki, uşağı dövlət bağçasına göndərsin”.
Ülviyyə xanım isə düşünür ki, dövlət bağçalarının tədris proqramı uşaqların yaşlarına uyğundur: “Mən kiçik yaşlı uşaqlara ingilis, rus dillərinin öyrədilməsini normal hesab etmirəm. Dövlət bağçalarında öyrədilən zəruri məlumatları bilsə kifayətdir. Orta məktəbdə xarici dil onsuz da tədris olunacaq”.

Fatimə Kərimli






26 Sentyabr, 2012  18:06 Baxılıb: 3024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner