Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ONLAR BU İL DƏ MƏKTƏBƏ GETMƏYƏCƏKLƏR – REPORTAJ - FOTOSESSİYA

.

Onlar bu il də məktəbə getməyəcəklər. Yenə də həmyaşıdlarına həsəd aparacaqlar. Onların heç vaxt çantaları, kitab-dəftərləri, geyindirib-keçindirib dərsə yola salan valideynləri olmayıb. Söhbətin kimlərdən getdiyini yəqin bildiz.
Küçə uşaqları, sahibsiz uşaqlara əvvəlki illərdəki kimi olmasa da, bu gün də rast gəlinir. Yeni dərs ilinin başlanması ərəfəsində onları da yad edib, problemlərilə maraqlanmaq qərarına gəldim.


Nizami metrosunun qarşısındakı 18 nömrəli məktəblə Xarici İşlər Nazirliyinin binası arasındakı küçədə maşın şüşələri silməklə, əslində dilənməklə məşğul olan 5 oğlan uşağına yaxınlaşıb söhbətləşmək istəyirəm. Əlimdəki fotoaparatı görən kimi birağızdan «əmi şəkilimizə çəkmə», «qurban olum, eləmə» kimi yalvarışlara başladılar. Fotoaparatın sönülü vəziyyətdə olduğunu uşaqlara göstərirəm. Onları danışdırmaq çox çətindi. Razılıqlarını almaq üçün müxtəlif bəhanələr uydururam, amma keçmir. Sonda onları qane edəcək varianta əl atıram. 3 manat pulu 5 uşaq arasında bölməklə aramızdakı buzu əridə bilirəm.
Adlarını soruşuram. Siqaret çəkən balaca boylu oğlan xeyli düşünəndən sonra adının Fərid olduğunu deyir. Biri Elvin, biri Seymur, digəri Qadir, o birisinin adı isə Vəlidir. Hiss edirəm ki, yalan danışırlar. Əsil adlarını gizlədirlər. Hərəsi bir diyardan gəlib. Qərbi Azərbaycan, Ağsu, Mərdəkan, Qusar və s. yerlərin adlarını uydururlar. Onların nə əsil adları, nə də hansı bölgədən olmalarının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətlisi küçə uşaqları olmaları, qayğılı həyat sürmələri və cəmiyyət üçün təhlükəyə çevrilə biləcəkləridir.

«Kley iyləməyəndə bədənim əsir, qaşınıram»

Özünü Fərid kimi təqdim edən balacaboy oğlan siqareti tullayıb, bulaşıqlı selofan torbanı üfürür. Yoldaşları deyir ki, Fərid kley (yapışqan) iyləyir. «Kley iyləməyəndə bədənim əsir, qaşınıram» - deyə, Fərid bildirir. Soyadını, valideynlərinin kimliyini bilməyən, heç vaxt məktəbə getməyən Fərid polis olmaq istəyir. Özü də rəis.
Uşaqlar bir-birilərilə küçədə tanış olublar. Dediklərinə görə, qalmağa yerləri yoxdur. Gecələr küçədə, nəzarətsiz tikililərdə qalırlar.
Seymur deyir ki, onları tez-tez tutub polis bölmələrinə aparırlar. Dilənməmək xəbərdarlığı edirlər. Sonra buraxırlar. Hər dəfə eyni xəbərdarlıq və eyni davranışlar olur.
«Niyə gedib normal bir yerdə işləmirsən» sualına Seymur belə cavab verir: «Bir dəfə Mərdakanda tikintidə işləyirdim. Günümə 15 manat verəcəkdilər. Üç gün işlədim, cəmi 15 manat verdilər. Mən də işləmədim. İndi hərəmiz gündə 10 manat qazanırıq. Allah bərəkət versin. Özümüzü dolandırırıq».
Seymurun anası atasını qətlə yetirdiyi üçün məhbəsdədir: «Anam atamı öldürəndən sonra mənə yiyə duran olmadı. Mən də bu uşaqlarla dostlaşdım. İndi bir yerdə yaşayırıq. Yaşadığımız yeri heç kimə demirik. Polislər gəlib bizi oradan apararlar».

«Sənə deyirəm rədd ol burdan»

Uşaqlardan yalnız biri söhbətə qoşulmurdu. Elvin. Uşaqlar onun lal olduğunu bildirirlər. Kifayət qədər əsəbi görünürdü. Əlində iri süngər maşınların qarşısını kəsib, şüşələrini silən Elvin ona sərt münasibət göstərən sürücülərlə kobud davranırdı. Sürücülərdən biri Elvinin yaxasından yapışıb «sənə deyirəm rədd ol burdan» deyib itələdi. Cavab çox sərt oldu. Elvin yumuruğunu sıxıb sürücünün sifətinə çırpdı. Aldığı zərbədən huşunu itirən sürücü özünə gəlincə Elvin səkidə hazır vəziyyətdə qoydutu daşı əlində tutub start vəziyyətində durmuşdu. Yaxınlıqdakı bir neçə şəxs sürücünü sakitləşdirib avtobilinə əyləşdirir. «Bunların hamısının üstündə bıçaq, lezva var, baş qoşma» xəbərdarlıqlarından sonra sürücü yoluna davam edir.
Uşaqların əksəriyyətinin bədənində tatuaj, qollarında narkomanlara xas olan çapıq var.

«...bizə iş tapın, işləyək»

12 yaşlı Qadir Sabunçuda yalnız birinci sinfi oxuyub. Valideynləri yol qəzasında öləndən sonra küçələrə düşüb və tanımadığı uşaqlarla birləşib «dilənçi qrup» yaradıblar. «Bizimlə heç kəs maraqlanmır. Polislər, sürücülər bizi söyürlər, döyürlər. Yaşıdlarımız bizdən iyrənirlər. Biz də düşmüşük pis yola. Belə yaşamaqdansa ölmək yaxşıdır. Əmi bizə kömək edin. Bizə iş tapın, işləyək».
Apardığımız söhbətlər, müşahidələr bizdə belə bir qənaət formalaşdırır ki, bu uşaqları küçədən yığışdırmaq və normal həyata uyğunlaşdırmaq o qədər də asan olmayacaq. Onların böyüyəndə kim olacaqlarını düşünəndə məşhur filmdə deyildiyi kimi adamın tükləri biz-biz olur. 

RUSLAN






13 Sentyabr, 2012  15:40 Baxılıb: 1728 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43




sagbanner