Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

QARAÇI AİLƏSİNDƏ BİR GÜN– REPORTAJ – FOTOSESSİYA

Bura qaraçıların – onların dili ilə desək “romanlar”ın evidir

“Bizdə evlənmək istəyən oğlan bəyəndiyi qızın saçından tutaraq, onu qaçırır. Oğlanlar ən geci 18, qızlarsa 14-15 yaşlarında evlənirlər” ... qaraçı milləti haqqında təsəvvürümüz Yanuş Romanenkonun dediyi bu sözlərdən ibarət idi. Diqqətimizi çəkdi və bu maraq bizi qaraçı məhəlləsinə apardı...

Yolun bir tərəfində villalar, digər tərəfində taxta qapılı, sadə, təmirsiz evlər düzülüb. Bura qaraçıların – onların dili ilə desək “romanlar”ın evidir. Bizi Yanuş Romanenkonun anası Varvara Romanenko qarşılayır.
Varvara Romanenko işləmir. O, 1973-cü ildən Azərbaycanda yaşayır. Həyat yoldaşı isə Mingəçevirdə dünyaya gəlib. İki qızı, bir oğlu var. Qızının biri 21, digəri 22 yaşında ailə qurub: “Oğlumu da 20 yaşı olanda, xoşuna gələn biri ilə evləndirəcəm” - deyir. Böyük qızı Rusiyadadır. Kiçik qızı isə Azərbaycan vətəndaşı ilə evlidir.
Otağa daxil olarkən divardan asılan “Quran” ayəsi gözümümüzdən yayınmır. Varvara xanım deyir ki, onlar provaslav olsalar da, müsəlman kimi yaşayırlar. Qaraçı tayfaları bir-birindən fərqlənir. Müsəlman və provaslav qaraçıları var: “Provaslav olsaq da adətlərimiz müsəlman adətlərinə çox bənzəyir. Amma dini inancımız rus provaslavlarında olduğu kimidir. Bununla yanaşı qaydalara olduqca ciddi yanaşmaq və sadiqlik baxımından müsələmanlardan fərqlənmirik”.
Varvara xanım deyir ki, müsəlman qızlarının əməl etməli olduğu qaydalar qaraçı qızlarına da aiddir: “Biz, qızların vicdanlı, dürüst olmasına xüsusi önəm veririk. Qaraçı qızları oğlanlarla görüşmür. Əvvəlcə sizdə olduğu kimi qıza elçi gəlirlər. Amma görüşmək, gəzmək bizim qaraçı qanunumuzda yoxdur. Əsas şərtlərdən biri də odur ki, qız oğlanın ailəsinə hörmətlə yanaşmalıdır. Qaynananın dediyinə qulaq asmalı, hər zaman anlayışlı olmalıdır”.

“Toy ən geci bir aydan sonra olmalıdır”

Əvvəllər qaraçılara başqa millətin nümayəndəsi ilə ailə qurmaq qadağan edilirdi. Varvara xanımdan bu adətin dəyişdiyini öyrəndik: “Artıq burda milliyyət rol oynamır, təki insan xoşbəxt olsun”.
Həmsöhbətimiz Rusiyada hələ də baronların idarə etdiyi qaraçı məhəllələrindən danışır. Orada yaşayan bütün qaraçılar barona – tayfa başçısına tabedir. Baron qaraçıların oğurluq, dələduzluq etməməsinə nəzarət edir. Adətə görə, oğlanın valideynləri baronun yanına gəlir və bəyəndikləri qıza elçi getməsini istəyirlər. Baron xeyir-dua verir və qızın valideyinləri ilə danışır. İndiki dövrdəsə baron qaraçının başqa millətin nümayəndəsi ilə evliliyinə qarşı çıxmır.
Qaraçılarda qızbəyənmə və toy adətləri fərqlidir. Yanuş Romanenko söyləyir ki, kemiş adətlərə görə qız qaçırılandan üç gün sonra onun valideynlərinə toyun vaxtı barədə məlumat verilərmiş. Varvara xanım isə artıq belə adətlərin olmadığını izah edir. Valideyin ailələrlə maraqlanır, yaxşı ailənin qızı olduğunu öyrənir. Bundan sonra ana, ata, bacı, əgər bacı evlidirsə onun əri və başqa qohumlar elçi gedirlər: “Qız evinə əliboş getməzlər. Birinci şirinlik olsun deyə konfetlər aparılır. Qız evi nişana razılıq verəndən sonra qıza hər şey – qızıl və zinət əşayları alınır. Nişan gününün səhərisi toyu edirlər. Adətə görə toy ən geci bir aydan sonra olmalıdır. Bir ilə qədər heç vaxt uzatmırıq. Əgər qızın oğlandan xoşu gəlmirsə, imtina edə bilər. Biz məcburi nə qızı ərə verir, nə də oğlan evləndiririk”.
Qaraçıların toy mərasimi də fərqlidir. Bircə oxşarlıq ondadır ki, onlar da toyları bizim kimi həm restoranda, həm evdə və ya çadırda edir. Toylarda həm qaraçı, həm Azərbaycan, həm də Rus rəqsləri oynanılır, mahnılar səslənir.

Şalvar geyinmək, saç kəsmək qadağandır!


“Bizim vətənimiz yoxdur, məktəbimiz, əlifbamız yoxdur” - deyən həmsöhbətimiz qaraçıların kiril əlifbasından istifadə etdiyini bildirir: “Qaraçı dilində nəsə yazsam, onu üzdən oxuya bilərsiniz, amma yazılanı başa düşməzsiniz”. 
Qaraçı adətləri nə qədər müasirləşsə də bəzi qaydalar dəyişməz olaraq qalır. Məsələn, qaraçı qızlarının geyimləri... Onlara şalvar, ipli, qolsuz, göbəyiaçıq köynəklər, qısa donlar geyinməyə iczə verilmir. Həmçinin, qaraçı qızlarına saç kəsdirmək qadağan edilir. Qaraçı qızlarının bu qaydaya ciddi əməl etmələri tələb olunur. Varvara xanım öz paltarına işarə edərək: “53 yaşım olduğundan artıq belə geyinə bilərəm. Amma ərim ölənədək belə geyinmirdim”.
Həmsöhbətimizin kiçik kürəkəni qızına şalvarı qadağa qoymasa da, Varvara xanım buna qəti etiraz edir: “Bizim qaraçı qanımızda var; qadınlar şalvar geyinməz. Əgər oğlumun seçdiyi qız başqa millətdən olsa oğlum icazə versə də mən gəlinimə şalvar geyinməyə qoymaram. Başqa nə istəsə geyinə bilər, açıq-saçıq olmamaq şərti ilə”.
Varvara xanım bizə millətinin tarixindən də danışdı. Qaraçıların əsli Hindistandandır. Onun sözlərinə görə, Rusiyadakı baron onlara keçmiş Sovetlərin tərkibində olmayan hər hansı bir dövlətdə yaşamağına icazə vermir.

Günün hər saatında fala baxmaq olmaz

Qaraçıların qeyd etdiyi bayramlar dini mərasimlərdir. Bunlar; yanvarın 7-də keçirilən Milad bayramı, apreldə Paska və avqustun 20-də düzənlənən “Yabloçnıy spas” (alma qurtuluşu) dini bayramıdır. Bu bayramda kilsədə alma və balın üstündən xaç suyu axıdaraq paklaşdırırlar.
Onların milli yeməkləri də yoxdur. Mətbəxlərində bütün millətlərin yeməklərindən var.
Varvara xanımın sözlərinə görə, köçəri və oturaq qaraçıların pul qazanmaq yolları fərqlidir. Köçəri qaraçılar əsasən dilənmək və fala baxmaqla, oturaq qaraçılar isə fala baxmaq və müxtəlif işlərdə çalışmaqla pul qazanırlar: “Mən heç vaxt əl açıb, dilənməmişəm, oğurluq etməmişəm. Kimə nə lazımdırsa evimə gəlir, əlimdən gələn köməyi edirəm. Uşaqlarım işləyir, mən isə fala baxıram. Fala baxmaq ənənədən gəlir. Yalançı fal açanlar da var, bəzilərinə isə bu istedad Allahdan verilib. Bu ənənə nəsildən-nəsilə keçir”.
Həmsöhbətimiz fala baxdığı kartları göstərərək: “Bununla insanlara doğruları bildirirəm” - deyir. Özü heç vaxt fal açmağa görə pul istəmir. Bunu falına baxdığı insanın ixtiyarına buraxır.
“Taru” adlanan bu kartların 100-ə yaxın yaşı var. Yalnız fala baxmaq üçün nəzərədə tutulmuş kartları Varvara xanım tikərək, yapışdıraraq nəvələrinə saxlayır . Dediyinə görə, bu vergi ona nənəsindən keçib: “Nənəm həm fala baxır, həm də insanları sağaldırdı. O, savadsız idi, hərf tanımırdı, amma bütün “Bibliya”nı əzbərdən bilirdi. Mən bu vergini yalnız qızıma və ya nəvəmə ötürə bilərəm. Əgər layiqli gəlinim olsa, ona da öyrədərəm”.
Həmin kartlarla oyun oynamaq olmaz. İnanca görə, fala yalnız səhər saat 10-dan günorta saat 4-ə qədər baxılmalıdır. Ondan sonrakı vaxtlar isə kartların göstərdiyi məlumat yalan hesab olunur. Bəzi qaraçılar isə “Bibliya” ilə fal açırlar.

“Qaraçı olmağımla fəxr edirəm”

Varvara xanımla görüşümüzdən əvvəl qaraçılar haqqında bildiyimiz tək-tük məlumatlardan biri də qaraçı kişilərinin işləməməsi idi. Həmsöhbətimiz bunu təsdiqlədi: “ Amma bu, əvvələr belə idi. İndi hər ikisi işləyir və ya kişi işə gedir, qadın uşaqları ilə evdə oturur. Köçəri qaraçılarda isə bu adət hələ də qalır”.
Varvara xanım azərbaycanlı qonşularından razıdır. Burda xeyli dost qazanıb. Azərbaycan dilini bilməsə də günün əksər hissəsini azərbaycanlıların əhatəsində keçirir: “Gəlirlər, birlikdə çay içirik, çörək kəsirik. Azərbaycan dilini öyrənmək üçün özümü yaşlı hesab edirəm. Amma uşaqlarım, nəvələrim azərbaycanca bilir”.
Provaslav olsa da “Quran”a inanır. Yoldaşına yolda keçərkən verilən “Ayətül-kürsü”nü evin yuxarı başında yerləşdirib. Bu barədə söhbət edə-edə Varvara xanımın dua etydiyi yerə keçirik. Yataq otağının bir küncündə ibadət üçün ayrılan guşədə İkonalar, İsa peyğəmbərin və Məryəm Ananın şəkilləri asılıb. Şüşə qabda isə kilsədən gətirilən “müəqddəs su” qoyulub. Biz guşə ilə tanış olarkən, Varvara xanımın nəvələri otaqda görünür. Kiçik qızın pişiklə qaraçı dilində nə isə danışmağı diqqətmizdən yayınmır.
Həmsöhbətimiz milli geyimlərindən söz açır. Qaraçıların milli geyimi uzun, qırçınlı don və başlarına bağladıqları şaldan ibarətdir.
Ondan qaraçı dilində bəzi sözləri də öyrəndik: “Salam” - “dorov”, “Sağ ol” isə ruslarda olğu kimi “dosvidaniya”dır. “Xoşbəxt olasan” - “teaven baxtale”; Qonaqları yola salarkən “sağol” əvəzinə “aşpe devlesa” yəni “Allahla qal” deyilir, cavabında isə “ja devlesa” “Allahla get” deyilir.
Varvara xanım milliyəti ilə fəxr edir: “Mənə “qaraçı” deyəndə bundan incimirəm. Harada olursa olsun öz millətimi gizlətmirəm. Əksinə övladlarıma da öyrədirəm ki, ətrafınızdakı hər kəsə qaraçı olduğunuzu bildirin”.

Fatimə Kərimli

Arifə Mikayılova 

 

 






4 Sentyabr, 2012  16:45 Baxılıb: 13793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner