Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

VALİDEYNLƏRİN MƏKTƏB XƏRCLƏRİ – ARAŞDIRMA

Qiymətlər ailə büdcələrinə uyğundurmu? 

Hər ilin bu günlərində şagirdlərin məktəb hazırlığı başlayır. Valideynlər uşaqlarına məktəbli geyimindən tutmuş karandaşa qədər lazım olan ləvazimatları almalı olurlar. Bəs bu ləvazimatlar hansı qiymətə satılır? Qiymətlər valideynlərin büdcəsinə uyğundurmu? Elə bu sualları cavablandırmaq üçün məktəb ləvazimatlarının qiymətləri ilə maraqlandıq.
İbtiadi sinif şagirdlərinin ev tapşırıqlarını yerinə yetirdikləri iş dəftərlərinin qiyməti 2 manat 50 qəpiklə 3 manat arasında dəyişir. İş dəftərlərindən yalnız ibtidadi sinif şagirdləri deyil, həm də yuxarı sinif şagirdləri istifadə edir. Nəzərə almaq lazımdır ki, iş dəftərləri tədris olunan fənnlərin böyük əksəriyyəti üçün hazırlanır.
Şagirdlərin dərslik təminatı məktəbin öhdəsində olduğundan valideynlərin kitab almağına ehtiyac qalmır. Buna baxmayaraq həmin dərsliklərə satışda rast gəlmək olur. Satıcılar isə bunu bəzi valideynlərin məktəbdə verilən dərslikləri istəməməyi ilə əlaqələndirir.
Dərs kitabları ilə yanaşı şagirdlər üçün əlavə dərsliklər də tələb olunur ki, onların da qiyməti ilə maraqlandıq. Sadə riyazi təsəvvürlərin inkişafı adlı kitab 5 manata, 9-cu sinif şagirdləri üçün nəzərdə tutulmuş “Cəbrdən çalışmalar” kitabı 3 manatdır. Bundan başqa test kitabçalarını da qeyd etmək lazımdır ki, onlar bir qayda olaraq 3 manata satılır. Test bankalarınln qiyməti isə 1 manat 50 qəpikdən başlayır.
Keyfiyyət artdıqca qiymət də artır
Alınması vacib olan digər ləvazimət isə çantadır. Çamtaların minimum qiyməti 18 manatdır. Satıcıların sözlərinə görə, çantanın keyfiyyəti artdıqca qiyməti də artır. Elə çantalar var ki, onlar 105 manata satılır. Çünki Almaniya istehsalıdır və maya dəyəri bahadır.
Hazırda Azərbaycanda vahid məktəbli forması tətbiq edildiyindən valideynlər Bakı Tikiş fabrikinin istehsalı olan məktəbli forması da almalı olur. Bu geyimlərin də qiyməti şagirdlərin yaş həddinə görə dəyişir. Belə ki, I-IV siniflər üçün 26 ölçüdən 38 ölçüyə qədər geyimlər 40 manata, 40-44 ölçü isə 45 manatadır. VII-XI siniflər üçün geyimlər isə 44-48 ölçü üçün 53 manat, 50-54 ölçü üçün 55 manatdır. Komplektə kostyum, köynək və jilet daxildir. Kostyum, köynək ayrılıqda da satılır. İbtidai siniflər üçün kostyum 26-38 ölçü üçün 30 manata, 40-44 ölçü üçün 35 manatadır. Jilet 5 manat, köynək də 5 manatdır. Böyük siniflər üçün 34-48 ölçüdə kostyumu ayrılıqda 40 manata, 50-54 ölçüdə kostyumu isə 42 manata almaq olar. Jilet 6, köynək 7 manatdır.
Onu da nəzərə almaq lazımdır ki, ağ köynək tez çirkləndiyindən valideyn ən azı iki köynək almalı olur.
Ayaqqabıların qiymətinə gəlincə onların ən ucuzunun qiyməti 10 manatdır. Təbii ki, daha bahalı ayaqqabılar da var, lakin ucuz və orta qiymətə ayaqqabı almaq istəyən valideynlər də az deyil. Ona görə də həmin valideynlər əsasən metro keçidləri, Sədərək və Binə kimi ticarət mərkəzlərinə üz tuturlar.
Xırda görünən, amma ümumi xərci artıran ləvazimatlar
Şagird üçün məktəb alış-verişi geyim, ayaqqabı və çanta ilə kifayətlənmir. Bunlarla yanaşı qələm, dəftər, yemək qabı, rəsm dəftəri, rəngli karandaş, rəngli qələm, rəsm fırçası, rəngli boya, plastilin və s. almaq lazım gəlir. Adını çəkdiyimiz məhsulların qiymətinə gəlincə isə rəsm dəftərlərinin qiyməti 60 qəpiklə 1 manat 50 qəpik arasında dəyişir. Karandaşlar 20-70 qəpik, dəftər üzləri 0,50- 3 manat, rəngli qələmlərin qiymətləri isə (flamaster) 2 manat80 qəpiklə 15 manat arasında dəyişir. Plastilinlərin qiyməti 1manat 60 qəpikdən başlayır. Bəzi plastilin dəstləri 28 manata satılır ki, satıcılar bunu onun keyfiyyəti və uşaqlara ziyan olmaması ilə izah edir. Qələm üçün qabların satış qiyməti 4,50 manatdan 6,80 manata qədərdir. Dəftərlərin isə ən ucuzunu 20-30 qəpiyə almaq olur. Rusiya istehsalı olan dəftərlər isə 1 manat 50 qəpiyə satılır.
Məktəb ləvazimatlarının ən ucuz və bəzisinin də ən yüksək qiymətləri ilə tanış olduq. Buna əsasən deyə bilərik ki, övladı ibtidadi sinifdə təhsil alan valideynin şagirdi yeni tədris ilinə hazırlamaq üçün minimum 100 manat xərci çıxır. Belə ki, ilk növbədə uşağın geyimi 45 manata başa gəlir. Kostyum 30 manat, jilet 5manat, və iki ədəd köynək isə 10 manata başa gəlir. Dərslərin sayına görə, şagirdə ən azı 4 iş dəftəri almaq laızm olur ki, bu da 10 manat edir. Şagird üçün vacib ləvazimat olan çantanın ən ucuzunun qiyməti 20 manatdır. Eləcə də ayaqqabı almaq da lazım gəlir ki, bu da minimum 10 manata başa gəlir. Yoxlama yazı işi və s. üçün minimum 4 ədəd dəftər 1,20 qəpik, dəftər üzü isə 1 manatdır. Bundan başqa yuxarıda qeyd etdiyimiz xırda ləvazimatları da əlavə edəndə valideyn ən azı 100 manat pul xərcləməli olur. Əgər uşaq ibtidai sinifi bitiribsə bu xərc 150 manata qədər artır. Çünki, yuxarı sinif şagirdləri üçün artıq test kitabları, məktəbin təmin edə bilmədiyi bəzi kitabları almaq lazım gəlir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda əksər ailələrdə minimum iki uşaq olduğundan çox hallarda bir evdən məktəbə iki uşaq gedir. Bu zaman məktəb bazarlığı xərci iki dəfə artaraq 200-300 manata çatır. Halbuki, Azərbaycanda minimum əməkhaqqı 95 manat, orta aylıq əməkhaqqı isə 432 manatdır. Belə olan halda valideynin uşağı məktəbə tam hazır göndərməsi qəlizləşir. Bunu valideynlərin özü də təsdiqləyir.
Valideynlər nə düşünür?
Pərvanə Əliyeva düşünür ki, məktəb ləvazimatlarının qiymətləri çox ailənin büdcəsinə uyğun deyil: “Mənim iki uşağım orta mıktəbdə təhsil alır. Birinə ən azı 100 manat xərcimiz çıxır. Bu da büdcəmizə bir o qədər də uyğun deyil. Hər halda daha ucuz olsa yaxşı olar”.
Sürəyya Əlimərdanova isə bu fikirdədir ki, alınan malın keyfiyyəti də qiyməti qədər vacibdir: “Çalışıram ki, uşaq üçün keyfiyyətli mal alım. Amma qiymət də elə olmalıdır ki, büdcəyə uyğun gəlsin. Çünki, bizim evdən məktəbə iki uşaq gedir. Deməli məktəb xərcləri iki qat çox olur. Hələ məktəb başalayandan sonra təmir pulu, süpürgə pulu və s. də var”.

Fatimə Kərimli

 

 






31 Avqust, 2012  17:01 Baxılıb: 4404 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner