Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AZƏRBAYCAN RABİTƏSİNİNİN QURUCULARI VƏ DAVAMÇILARI - ARAŞDIRMA

Rabitənin inkişafının kökündə insan və ya kollektiv əməyi durur

Son illər ölkə iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf qeydə alınmaqdadır. Qeyri-neft sektorunun dirçəlməsini və inkişafını qarşıya məqsəd qoyan hökumət bu sahədə gərəkən addımları atır.  Bu sektorda diqqətçəkən sahələrdən biri də rabitə və informasiya texnologiyaları sahəsidir.  Sürətlə inkişaf edən rabitə sektoru yaxın gələcəkdə də ölkənin ən gəlirli sahələrindən biri olaraq qalacaq.
Bizim gördüyümüz, daim xidmətlərindən yararlandığımız bu günkü modern Azərbaycan rabitəsi heç də birdən-birə, özbaşına hazırkı zirvəyə gəlib çatmayıb. Rabitənin inkişafının kökündə, qayəsində konkret insan və ya kollektiv əməyi durur. Hansı ki, cəmiyyət bu zəhməti bir sıra hallarda dəyərləndirə bilmir.
Sözsüz ki, Azərbaycanda rabitənin sektorunun yaradılması və inkişafında xarici təcrübənin rolu az olmayıb. SSRİ dövründə Rusiyanın, müstəqillik dövründə isə Qərb dövlətlərinin qabaqcıl texnologiyalarının imkanlarından məharətlə yararlanmışıq. Amma bu təcrübəni öyrənən, ölkədə tətbiq edən, onun fəaliyyətinə nəzarət edən, həmçinin özünün elmi və praktiki araşdırmaları ilə rabitə dünyasına öz töhflərini verən vətəndaşlarımız olub.

Rabitənin tarixi

Azərbaycanda rabitənin tarixi çox qədimlərə gedib çıxır. Bütün dünyada rabitənin əsasını qasidlər və ya çaparlar təşkil edib.  1295-1304-cü illərdə Elxanilər dövlətinin rəhbəri Qazan xan ilk dəfə olaraq Azərbaycanda poçt rabitəsini yaradıb. Rabitənin tarixindən danışarkən Qazan xanın adını mütləq vurğulamaq lazımdır.  Poçt rabitəsi 1501-ci ildən sonra Şah İsmayıl Xətainin dövründə daha da inkişaf etdirilib.  Ölkəni yadellilərdən qorumaq, xarici əlaqələri gücləndirmək, məktublaşmaları həyata keçirmək üçün poçt rabitə məntəqələrinin sayı Səfəvilərin dövründə artırılıb. 
Poçt markası isə ilk dəfə İngiltərədə 1837-ci ildə Roumend Hill tərəfindən yaradılıb.  O, Londonda “Poçt idarəsinin reformu, onun əhəmiyyəti və həyata keçirilməsi” adlı layihəni hökumətə təqdim edib. 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlalayıb. Bununla da demək olar ki, Roumend Hill poçt markasının “atası” kimi tarixə düşüb. 
Azərbaycanda müasir formada poçt XIX əsrin 1-ci onilliyində yaradılıb.  1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılmış, 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün 15 iyun 1830-cu ildə Şamaxı və Şuşa şəhərlərində də 1-ci dərəcəli poçt kontorları yaradılıb. Bununla da, 1830-cu ildə Azərbaycan ərazisində - Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları fəaliyyət göstərib. 
Ölkəmizdə ilk telefon rabitəsi 1881-ci ildə yaradılıb, həmin il dekabrın 6-da Bakıda ilk telefon xətti çəkilib. 6 dekabr ölkədə Rabitəçilərin Günü kimi qeyd olunur. 1883-cü ildən başlayaraq poçt məktubları dəmiryol nəqliyyatı vasitəsilə daşınıb. İlk belə poçt marşrutu Bakıdan Dərbənd istiqamətində olub.  Bundan başqa həmin illərdə Azərbaycanla İran arasında da rabitə əlaqələri qurulub.
1918-ci il 28 Mayda Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan etdikdən sonra bir sıra mühüm islahatlar həyata keçirildi. Onlardan biri də 6 oktyabr 1918-ci ildə Poçt və Teleqraf Nazirliyinin yaradılması oldu. 15 mart 1919-ci ildə Azərbaycanla Gürcüstan arasında poçt korrespondensiyası, pul baratları, qiymətli məktubların və bağlamaların mübadiləsi təşkil edildi. 1920-ci ilin aprelin 6-da isə Azərbaycanla İran arasında poçt-teleqraf əlaqələri yaradıldı. Keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda poçtun dinamik inkişafı başlamış və 1913-cü ilə nisbətən göstəricilər xeyli artırılıb.

Müharibə veteranı və şəhid rabitəçilər

Azərbaycanda poçt rabitəsinin inkişafının xüsusi dövrü 2-ci Dünya Müharibəsinə təsadüf edir. 
1940-cı ildən başlayaraq poçt xidməti avtomobillə həyata keçirilməyə başladı.  Azərbaycanın hərbi rabitəçiləri faşizmlə müharibədə böyük məharətlər göstəriblər.  Müharibə veteranı olan rabitəçilər bu gün dövlətin yüksək qayğısı ilə yaşayırlar. 
Müharibədə rabitə sahəsində rəşadətlər göstərmiş Məhər Süleymanov, Ələkbər Xəlilov və Pirəli Pirəliyev təkcə Azərbaycanda deyil, keçmiş MDB ölkələrində yaxşı tanınırlar.
Əslən Quba rayonundan olan M.Süleymanov bizimlə söhbətində müharibə şəraitində rabitə işinin çətinliklərindən danışır: «Bir tərəfdən güllə səsləri, bir tərəfdən qarşı tərəfin rabitəçilərinin təxribatı, bir tərəfdən isə yan-yana uzanmış meyitlər cəbhədə rabitəçilərin normal fəaliyyətinə ciddi maneədir. Ölüm-dirim arasında rabitə işini həyata keçirmək, parolları yadda saxlamaq və qarşı tərəfin danışıqlarını izləmək olduqca çətindir. Rabitəçinin bir səhvi ordunu məhv edə bilər. Allaha şükür ki, məndə belə bir səhv olmadı. Sonradan əməyim həm SSRİ, həm də müstəqil Azərbaycan Respublikası tərəfindən lazımınca qiymətləndirildi». 
M.Süleymanov qeyd edir ki, hər il faşizm üzərində qələbə günü olan 9 Mayda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müharibə veteranı olan rabitəçiləri bir yerə yığıb, yad edir.
Müharibədə şücaət göstərən rabitəçilərdən söz düşmüşkən Dağlıq Qarabağ müharibəsində düşmənə qarşı inamla mübarizə aparan və şəhid olan rabitəçilərimizin adlarını xatırlamamaq günah olardı.
Beləliklə, Mehdi Məhərrəmov. O, 26 iyun 1973-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1988-ci ildə məlum səbəblərdən ailəsi ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb.1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirib. 11 mart 1992-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılıb və Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub.
Sıravi əsgər Mehdi Məhərrəmov 730-cu hərbi hissənin avtomatçısı idi. Ağdərə uğrunda gedən döyüş əməliyyatlarında o, bacarıqlı rabitəçi kimi xidmət göstərib. 5 fevral 1993-cü ildə Çaldıranda gedən döyüşlər zamanı itkin düşüb. Bərdə rayon Xalq Məhkəməsi tərəfindən şəhidlik statusu verilib.
Rəşadət Piriyev. 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1992-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Elə hərbi xidmətə çağılırdığı ilk günlərdən Kəlbəcər, Laçın və sonra isə Qarabağ ərazilərində çox çətin və mürəkkəb döyüş əməliyyatlarının iştirakçısı olub. O, qeyri-adi bacarığa malik olan, həm rabitəçi operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üçün əməliyyatçı idi. Hələlik, rəsmi məlumatlara görə itkin sayılır. Qeyri-rəsmi məlumatlara görə isə mühasirəyə düşmüş yaralı tağım komandirinin azad edilməsi zamanı, tağımın apardığı döyüş əməliyyatında qəhrəmancasına şəhid olub. 11 fevral 1994-cü ildə Kəlbəcərdə şəhid olub. Məzarının yeri dəqiq məlum deyil.

Rabitənin inkişafında yeni mərhələ

Azərbaycanda rabitə sektorunun inkişafının xüsusi mərhələlərindən biri də ötən əsrin 70-ci illərinə təsadüf edir. Ümumimilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra rabitənin inkişafına diqqət daha da artırılmış, dünyanın qabaqcıl texnologiyalarının ölkədə tətbiqi geniş vüsət almışdı.  Bu illərdə rabitə üzrə peşəkar kadrların hazırlanmasına, bu sahə üzrə ixtisaslaşmış şəxslərin xarici ölkələrdə təhsillərini davam etdirmələrinə önəm verilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra poçt və elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi “Azərpoçt” İstehsalat Birliyi tərəfindən həyata keçirildi. 
Qeyd edək ki, Azərbaycan rabitəsinin modernləşməsi və son inkişaf mərhələsi son 15 ilə təsadüf edir.  Bu müddət ərzində elektron rabitə, poçt xidmətlərilə yanaşı, mobil rabitə sisteminin tətbiqinə başlanılıb.  Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər)” həyata keçirilməsini təmin etmək məqsədi ilə qəbul edilən qərar rabitə sektorunun dinamik inkişafına təkan vermiş oldu. 
Hər il rabitəçilərin peşə bayramı günündə Azərbaycan rabitəsinin inkişafında xüsusi rolu olan şəxslər dövlət tərəfindən qiymətləndirilir.
Məsələn, «Aztelekom" İB Şəki TKQ-nin kross mühəndisi Süleymanov Telman Nimət oğlu və BTRİB STQ-nin 427 saylı ATS-in böyük elektromexaniki Əliyeva Lalə Mirzəhüseyn “Ən peşəkar kross işçisi” nominasiyası üzrə birincə yerə layiq görülüblər. Hər iki şəxs qocaman Şəki rabitəçiləridir. Eyni nominasiya üzrə Naxçıvan MR RİTN Naxçıvan şəhər Rabitə İdarəsinin mexaniki Hacıyev Çingiz Kərim oğlu 2-ci, -“AzEvroTel” MMC-nin kross üzrə texnik-mütəxəssisi Cabbarova Gülbəniz Nəcəf qızı 3-cü yerə layiq görülüb.
-"Aztelekom" İB Quba TKQ-nin montyoru Xanadanov Ziyad Ramazan oğlu “Ən peşəkar montyor” nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Bundan başqa peşəkar rabitəçilər Ədalət Mənsimov, Vüsal Məmmədov bu sahdə fərqləniblər. “Ən peşəkar kabel calayıcısı”larından isə Bakı TRİB-dən Soltanəli Abbasovun,  Abşeron TKQ-dan Ağaqulu Fərzəliyevin, Naxçıvan şəhər Rabitə İdarəsindən Urşan Budaqovun və başqalarının adlarını çəkmək olar.
Hansı sahədə, vəzifədə çalışmasından asılı olmayaraq işinə məsuliyyətlə yanaşan, kreativliyi ilə seçilən hər bir rabitəçinin rabitənin inkişafında öz payı var. Belə şəxslərin qiyməti vaxtında verilir. 
Bu mənada bir müddət öncə 70 yaşında təqaüdə göndərilən "Telefontikinti ittifaqı RMİ-nin mühəndis-sazlayıcısı Tərlan Mehdiyevin,  "Azərpoçt" DM-nin Baş direktoru Qəmbər Bəybalayevin adlarını çəkməmək günah olardı. 
Q.Bəybalayevin zəngin rabitə təcrübəsi var. O, 1 mart 1957-ci ildə Azərbaycanın Quba rayonunun Əlik kəndində anadan olub.
Haşiyəyə çıxaraq bildirək ki, Azərbaycanın rabitə sektorunda ad-san qazanan peşəkarların əksəriyyəti Quba rayonundandı.
Q.Bəybalayev 1973-cü ildə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun Avtomatik elektrik rabitəsi ixtisası üzrə elektrotexnika fakültəsinə daxil olub. 1978-ci ildə həmin institutu bitirərək təyinatla Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, böyük mühəndis vəzifələrində işləyib.
1985-1988-cı illərdə Respublika Elektrik və Radiolaşdırma Qovşağının rəisi, 1988-1997-ci illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi, 1998-ci ildə "Aztelekom" İB-nin baş mühəndisi, 27 aprel 1998-ci ildən 23 aprel 2001-ci il tarixədək isə "Aztelekom" İB-nin baş direktoru vəzifəsində işləyib.
2001-ci ildən hal-hazıradək "Azərpoçt" DM-nin Baş direktoru vəzifəsində çalışır.
2002-ci ilin yanvar ayının 28-də KŞ-17 saylı əmrlə Rabitə Nazirliyi tərəfindən "Rabitə Ustası" adına layiq görülüb.
13 noyabr 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri namızədi alimlik dərəcəsi almışdır. Dossentdir. Bir dərs vəsaitinin, dörd kitabın, beş ixtira üzrə patentin və 15 texniki məqalənin müəllifidir. Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin 22 iyun 2005-ci il tarixli 115 saylı Qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya üzvü seçilib.
Azərbaycan Texniki Universitetinin dosentidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rabitə sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə Fəxri fərmanlarla təltif edilib.
Eyni zamanda, 1991-1992-ci illərdə bütün döyüş bölgələrində, həmçinin Dağlıq Qarabağ və onun ətraf rayonlarında rabitə əlaqəsinin yaradılmasında bilavasitə iştirak edib. Kapitan rütbəsindədir. Müharibə veteranıdır.
2011-ci ildə Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə prezident tərəfindən “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.  Eyni fəxri ada İlham Əfəndiyev, Əbülfət Fətullayev, Osman Həsənov, Beytulla Hüseynov, Məhəmməd Məmmədov, Sahib Nəcəfov, Ramazan Vəliyev də layiq görülüblər. 

Gələcək Azərbaycan rabitəsi

Azərbaycan rabitəsinin gələcək inkişaf spektrləri çox aydın görünür. Dünya rabitə sektorunda hazırda Azərbaycanın tutduğu mövqe deməyə imkan verir ki, nəzərdə tutulan planlar uğurla icra olunacaq.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, MDB ölkələri sırasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib. Bu nəticə indi inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələrdə var. Bu isə o deməkdir ki, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı var. Mobil telefon şəbəkəsində əsas fəaliyyət yeni xidmətlərin göstərilməsi və abonent şəbəkəsinin genişləndirilməsi istiqamətində aparılıb. Bu işlər regionlarda da geniş vüsət alıb. Mən Azərbaycan rabitəsinin yaxın gələcəkdə dünyanın aparıcı ölklərinin rabitə sektoru ilə rəqabət aparacağına inanıram. Əldə etdiyimiz uğurlara görə, ölkə rəhbərliyinə və rabitə sahəsində çalışmış, hazırda çalışan peşəkarlara, veteranlara minnətdarıq”.

Ruslan Xəlil

Yazı Nar Mobile mobil operatorunun Milli Mətbuat günü ilə əlaqədar olaraq jurnalistlər arasında «Azərbaycanın Rabitə sahəsinin inkişafında xüsusi töhvəsi olan insanlar» mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.









17 Avqust, 2012  16:47 Baxılıb: 2252 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner