Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

HÜSNİYYƏ MƏHƏRRƏMOVA: “BİR ŞƏXSİN Kİ İNTELLEKTİ, DÜNYAGÖRÜŞÜ YOXDURSA...” - MÜSAHİBƏ – FOTOSESSİYA

“Əfsuslar olsun ki, bizim aparıcalar o qədər də böyük dünyagörüşə malik deyillər”

Onu hamı şıltaq, şən bir xanım  kimi tanıyır. Daim gülərüz olan bu aparıcı sanki teleekrandan müsbət enerji yayır. «Eurovision» mahnı yarışması ölkəmizdə keçirilən zaman bir sıra təqdirəlayiq keyfiyyətləri də ortaya çıxdı. Simsar.az-ın «teleaparıcı» rublikasının qonağı İctimai Televiziyanın aparıcısı Hüsniyyə Məhərrəmovadır.

- Hüsniyyə xanım, kənardan ünsiyyətcil, kompleksiz insan təsiri bağışlayırsız. Belə bir təəssürat yaranır ki, sizinlə hər mövzuda rahat danışmaq olar.

- Onu yəqin ki, başqaları daha yaxşı deyə bilər. Tamamilə kompleksiz adam olmur. Kimində çox olur, kimində isə az. Ola bilsin ki, məndə azdır. Amma ünsiyyətcil insan deyiləm. Uşaqlıqda daha qapalı olmuşam. İndi işimə, peşəmə görə ünsiyyətdə olmağa məcburam. İnsanlar, cəmiyyət arasında olmağı isə sevirəm. Televiziyadan fərqli olaraq, az danışmağa üstünlük verirəm. Yaxşı dostlar, maraqlı insanlar olan yerdə daha çox qulaq asmağa meyl göstərirəm.

- Televiziyada sizi daim gülərüz, nikbin əhval-ruhiyyədə görürük. Bu da işinizin xüsusiyyətindən irəli gəlir, yoxsa şəxsi keyfiyyətlərinizdən?

- Televiziyada çalışan o qədər insanlar var ki, onların hamısı pozitiv deyillər. Yəqin ki, bu insanın özündəndir. Yaxşı ailədə, mühitdə böyümüşəm, demək olar ki, pis heç nə görməmişəm. Yəqin ki, bundan irəli gəlir. Ətrafımda olan insanlar da pozitivdir, onlar mənə müsbət enerji verir, mən də onlara. Bəxtim də yaxşıdır. Yəqin ki, insan  özünü pozitivliyə yükləyirsə, həyatı da pozitiv olur, neqativdirsə, həyatı da neqativ olur.

- Televiziyaya gəlişinizdən danışmaq istərdim. İTV ilk iş yeriniz idi?

- İTV-yə qədər heç bir yerdə işləməmişdim. Bakı Musiqi Akademiyasında ikinci ali təhsilimi alırdım. Bu vaxta qədər hansı sənətlə məşğul olacağımı qərarlaşdırmamışdım. Yeni televiziya açıldığını eşitdim. Televiziya incəsənətə yaxın olduğu üçün fikirləşdim ki, bu məndə alınar. Gəldim, sınaqdan keçdim. Çox keçmədi ki, mənə veriliş təklif olundu. İşimdən də, seçdiyim peşədən də razıyam. Baxmayaraq ki, mən bir yerdə qalmağa öyrəşən insan deyiləm.

- İlk verlişiniz hansı oldu?

- İlk verlişim «Muzekspress» verlişi oldu. Daha çox klassik musiqidən bəhs edən verliş idi. Adətən belə verlişləri, statistik, qapalı formada aparırlar. Biz onu bir qədər fərqli üslubda hazırladıq. Bununla da bütün komandamız fərqləndi. Məni isə tamaşaçılar fərqli ampulada gördülər. O vaxtdan audutoriya qazandım.

- Musiqi Akademiyasını bitirmisiz, nə vaxtsa öz ixtisasınızın ardınca getmək fikriniz olubmu və ya gələcəkdə belə bir planınız varmı?

- Mənim əslində iki ixtisasım var. İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm, ikinci ixtisasım isə opera müğənnisidir. Dəqiq bilirəm ki, opera müğənnisi olmayacam, çınki, çox çətin bir peşədir. Aktyorluğa isə meylim var. Hələki bununla bağlı hər hansı bir təklif almamışam. Amma ürəyimcə olan aktyorlar, rejissorlar olsa, niyə də olmasın. Hər hansı bir işə qol qoyanda onu yüksək səviyyədə görməyi xoşlayıram.

- Maraqlıdır, səsiniz necədir?

- Səsim olmasaydı, Musiqi Akademiyasına qəbul etməzdilər. Azərbaycanda yeganə olan kontralta növündə səsim var idi, sonra isə müəyyən yaş dövrünə görə dəyişdi. Müəllimlərimin mənə böyük ümidi var idi, amma mən o ümidləri doğrultmadım.

- Nə vaxtsa, hansısa verlişdə, proyektdə oxumusuzmu?

- Hansısa verlişdə yox, «Sinq Your Sonq» yarışmasında iştirak etmişəm. Bu Türkiyədə keçirilən yarışmanın lissenziyalı versiyası idi və çox keyfiyyətli yarışma idi. Orda üçüncü yeri tutmuşdum. Yeri gəlmişkən, çox gözəl komandamız var idi. Birinci yerdə «Euvrovision» yarışmasının ilk iştirakçısı olan Elnur Hüseynov, ikinci yerdə Dilarə Kazımova, üçüncü yerdə isə mən idim. Mənim həyat yoldaşım da həmin layihədə iştirak edirdi. Elə oradan da onu tapmışam (gülür).

- Hazırda heç bir proyektdə yoxsunuz. Qarşıda hansı layihələr var?

- Bilirsiz ki, «Eurovision» hələ təzə bitib, biz hələ yavaş-yavaş ayılırıq. Adətən yeni mövsüm payız aylarından başlanır. Yeni mövsümə hazırlaşırıq. Keçən il «Şou №1»  ulduzlarla rəqs  layihəsini həyata keçirdik. Bu çox uğurlu alındı, reytinq qazandı. Onu da davam etdirə bilərik, yeni layihə planlarımız var, onları da həyata keçirə bilərik. Çox gözəl komandamız var ki, onlarla  böyük işlər görmək olar. Həmçinin İTV o televiziyalardandır ki, istənilən yaxşı layihəni realaşdırmağa şərait yaradır.

- Yeri gəlmişkən, «Eurovision» sizin üçün necə keçdi?

- Yaxşı, unudulmaz. Bu müddət ərzində bir çox hadisələr oldu ki, yəqin ki, qocalanda da onları həyatımın maraqlı anları kimi övladlarıma, nəvələrimə danışacam. Necə ki, ölkəmiz üçün böyük hadisə idi, orada çalışanların həyatında önəmli anlar idi. Əslində çox əziyyət çəkdik. Amma üç günlük finallara, ondan sonra olan hadisələrə baxanda həmin əziyyətləri yaddan çıxarırdıq.

- Nümayəndə heyyətinə rəhbərlik etmək çətin deyildi ki?

- Ümumiyyətlə çətinliklər var idi. Amma ətrafında yaxşı komanda, sənə inanan, sənə dəstək olan insanlar olanda hər bir çətin işi asanlıqla yerinə yetirmək olur. Bu vəzifəni mənə həvalə etdiyinə görə İsmayıl müəllimə təşəkkürümü bildirirəm. Əslində ilk dəfə idi ki, belə böyük bir məsuliyyət çiynimə düşmüşdü. Qorxurdum ki, birdən nəyisə yaxşı etmərəm. Çünki, başqa ölkəyə gedəndə daha asan olur. Burada isə məsuliyyət ikiqat idi. Nümayəndə heyyətinin rəhbəri olmaqla yanaşı başqa işləri də görürdüm. Çalışdım, kömək etdilər və uğurlu alındı. Şükürlər olsun ki, biz çox yaxşı nəticə ilə çıxdıq. Statistikaya baxsaq, görərik ki, son on iki ildə qalib olan ölkə ikinci il belə yüksək nəticə əldə etmir, Səbinə Babayevanın da çıxışına, performansına söz ola bilməzdi.

- Yenidən jurnalistika sahəsinə qayıdaq. Ümumilikdə Azərbaycan televiziyasının bugünki durumu sizi qane edirmi, bəyəndiyiniz verlişlər, aparıcılar varmı?

- Hər şey daha yaxşı ola bilərdi və ümid eləyirik ki, belə də olacaq.  Görürük ki, gənclər müəyyən uğura nail olduqdan sonra, kənarda başqa işlərə, pul qazanmağa meyillənir, bu da onları inkişafdan saxlayır. Düşünürəm ki, hər zaman daha böyük işlərlə bağlı istək olmalıdır, Mən istədiyim layihələri həmişə yerinə yetirmişəm. Bəlkə də başqa televiziyalarda işləsəydim, buna nail olmazdım. Çünki biz adi aparıcıyıq. Rəhbərliyin yaratdığı şəraitdən, sənə inamından da çox şey asılıdır, Dostlardan, tanışlardan da eşitmişəm ki, digər kanallarda vəziyyət bir qədər çətindir. Bilirsiz ki, mən «Muzekspress»dən sonra uzun müddət «Qaraj»ın aparıcısı olmuşam. Həmin verliş nativ musiqi haqqında idi və digər kanalların heç biri onu yaxına buraxmamışdılar və reytinq gətirəcəyinə inanmamışdılar. Amma uğurlu alındı. Bütün bunlara baxmayraq, mən günahı birinci növbədə aparıcıların özündə görürəm. Çox az aparıcı tanıyıram ki, öz üzərində işləyir. Kiməsə yaxşı bir söz deyiləndə elə bilir ki, daha ondan yoxdur. Hesab edirəm ki, danışığı da, görkəmi də kənara qoymaq olar, amma bir şəxsin ki intellekti, dünyagörüşü yoxdursa, onu qapıdan içəri buraxmaq olmaz. Amma əfsuslar olsun ki, bizim aparıcalar o qədər də böyük dünyagörüşə malik deyillər. Mənimsə evdə tənqidçilərim var - anam və yoldaşım. Onlar heç vaxt mənə yaxşı tərəflərimi demirlər. Hər zaman onların tənqidlərinə qulaq asıram.

- Bəs bəyəndiyiniz aparıcılar kimlərdir?

- İTV-dən başlamaq istərdim, çünki, ən yaxşı aparıcılar bizdədir - Saleh Bağırov, Könül Arifqızı. Ümumi götürdükdə isə Azər Axşam, Murad Arif, İlham Qasımov, Aynur Talıbova.

- Bəs vokalçı ixtisasına yiyələnmiş bir şəxs kimi, Azərbaycanda bu sahəni necə qiymətləndirirsiz?

- Müasir estradamızdan fərqli olaraq, klassik musiqinin səviyyəsi çox yaxşıdır. Çünki, konservatoriyamızda keçmiş Sovet məktəbinin ənənələri qalmaqdadır. Ona görə də orada yerləşən vokalistlərimiz dünyanın məşhur opera teatrlarında çalışırlar və onların uğurları müasir esterada nümayəndələrimizin uğurundan daha böyükdür. O ölkənin ki fundamental musiqi məktəbi yoxdursa, onu inkişaf etmiş hesab etmirəm. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkralarımızın əsərlərinin dünyanın bir çox ölkələrində, təkcə bizim deyil, xarici musiqiçilərin də ifasında səslənməsi çox gözəldir.

- Ümumiyyətlə, istər kllasik musiqi, istərsə də digər janrlar olsun, azərbaycanlı ifaçılardan kimləri bəyənirsiz?

- İsfar Sarabski ilə fəxr edirəm. Hesab edirəm ki, Elnur Hüseynov yaxşı əllərə düşsəydi, böyük prodüsserlərlə işləsəydi, Castin Timberlinqdən əskik olmayan bir ifaçı olardı. Dilarə Kazımovanı, Ülviyyə Rəhimovanı, Salman Qəmbərovu, Cəmil Əmirovu, Rəşad Həşimovun qrupunu bəyənirəm.

- Yeri gəlmişkən, Roku çox sediyiniz müşayiət olunur. Bu rokçuya olan sevgidən irəli gəlir, yoxsa əksinə roka olan sevgi rokçuya maraq yaradıb.

- Birinci musiqini sevmişəm, sonra musiqiçini. Əslində konkret hər hansı bir janrın pərəstişkarı olmamışam. Amma müəyyən dövr olub ki, ancaq roka qulaq asmışam. Rokun kllasikasını daha çox bəyənirdim. Biorqu çox çevirəm. Hər bir insanın öz sterotipi olur - biri həkimə, biri biznesmenə getmək istəyir. Mənim də sterotipim uzunsaçlı, rok musiqiçisi tipli bir insan idi. Digər arzularım necə həyata keçibsə, bu da eləcə həyata keçdi. Məncə hər bir xanımın ən böyük arzusu yaxşı həyat yoldaşı tapmaqdır. Mən də bunu eləmişəm. Gözəl ailədə böyümüşəm, hazırda da gözəl ailədə yaşayıram. Çox xöşbəxtəm. 


Xatirə Nəsirli

 






8 Avqust, 2012  16:53 Baxılıb: 2474 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







3 Noyabr, 2018  19:22


18 Oktyabr, 2018  09:42





16 Oktyabr, 2018  17:30





16 Oktyabr, 2018  12:34


16 Oktyabr, 2018  09:40

16 Oktyabr, 2018  09:37

16 Oktyabr, 2018  09:35




13 Oktyabr, 2018  09:30





12 Oktyabr, 2018  09:21








8 Oktyabr, 2018  13:14



8 Oktyabr, 2018  09:42


8 Oktyabr, 2018  09:35




5 Oktyabr, 2018  10:10