Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

BAŞ KƏSMƏK ÜÇÜN GÜC YOX, ÜRƏK LAZIMDI – REPORTAJ - FOTOSESSIYA

«Ətin köhnə olduğunu onun rəngindən bilmək olur. Köhnədirsə rəngi qaralır»  

Qəssabdan müsahibə almaq təklifi mənim üçün bir qədər vahiməli görünürdü. İstər-istəməz bu sadə peşə adamı əlində balta, yekəpər bir insan kimi gözümün önündə canlanırdı. Bu fobiyanı özümdən uzaqlaşdırmaq istədim və bu dəfəki rubrikanın qəhramanı qəssab oldu. Müsahibə almağa qərar verən gündən onu çox axtarmalı oldum. “Qəssabdan çox qəssab, tapmağa nə var ki” - deyirdilər. Fotomüxbirimiz isə “əsilli-nəsili qəssab”la söhbətin daha maraqlı alınacağı fikirindəydi. Nəhayət, elə bir qəssab tapdıq...

Yazımın qəhrəmanı Mehman Rüstəmov doqquz ildir Bakıxanov qəsəbəsində, balaca qəssabxanada çalışır. Bizi gülərüzlə salamladı. Deyir, bu peşə ona irsən keçib. Atası, əmiləri də qəssab olub: “Əsas bu peşəni əmimdən öyrənmişəm. Nəsillikcə hamımız qəssabıq”.
“Birinci dəfə əlimə balta almaq heç də asan olmayıb” - qəssab Mehman belə deyir: “Yavaş-yavaş, əmilərimə, atama baxa-baxa bu peşəni öyrənməyə çalışırdım. İlk dəfə heyvan kəsməyim yadımdadır. Çox həyacanlanmışdım. Bu asan iş deyil, yalnız güc yox həm də ürək lazımdı. Qəssablıq çox çətindir, bunu hər adam bacarmaz”.
Bundan əlavə, əti doğramaq, satmaq, müştərilərlə davranmaq - bütün bunaların da özünə görə başqa çətinlikləri var. Bunların hamısına diqqət etmək, çox səbirli olmaq lazmıdı. Qəssabın sözlərinə görə, əti doğramağın da öz texnikası var. Məsələn, doğranma zamanı əsasən diqqət edilməlidir ki, sümüklər dağılmasın.
Müsahibim mal-qaranı Montin qəsəbəsindən aldığını söyləyir: “Malların hamısı halallıqla kəsilir. Hər gün Montindən mal alıb gətiririk, sonra da kəsib, satırıq. Hamısı satılır, heç qalan ət olmur”. Belə fikirlər var ki, heyvanı kəsəndən sonra onun qanını toplayıb itə verirlər. Qəssab bunun doğru olmadığını açıqlayır: “Heyvan kəsiləndən sonra onun qanını kanalizasiyaya axıdırıq”.
Hər gün səhər heyvan kəsildikdən sonra baytar əti analiz edir. 15 saylı Baytar-Sanitar Ekspert Laboratoriyasının baytarı Mehman Əliyev ətin yoxlanması haqqında belə deyir: “Heyvan kəsiləndən sonra ət mütləq yoxlanılmalıdır. Ümumiyyətlə, artıq dükanlarda kəsim məsələsi yığışdırılıb. Mal-qara yalnız Dərnəgül və Montində kəsilir, müayinə üçün labaratoriyada müayinə olunur. Ətin analizlərinə aid arayışlar verilir. Ordan isə dükanlara gətirilir”.
Bununla iş bitmir, M.Əliyev deyir ki, dükanlara paylandıqdan sonra da satışa nəzarət edilir: “Qəssablar hansısa dəyişkənliyə yol verməsin deyə yoxlayırıq. Məsələn, gətirilən ətin əvəzinə başqa ət satıla bilər. Ona görə labaratoriyanın arayış nömrəsi ilə ətin üstündə olan möhürün nömrəsinin uyğun gəlib-gəlmədiyinə nəzarət edilməlidir. Bununla çalışırıq ki, qanunsuz satışa yol veməyək”.

Ətin köhnəliyi rəngindən bilinir

Daha çox mal əti alınır. Qəssab Mehman deyir ki, qoyun əti təzyiqi artırdığından çoxları mal ətinə üstünlük verir: Bir kiloqram mal əti 6 manat 50 qəpik, bir kiloqram qoyun əti isə 8 manata satılır.
Olduğumuz qəssabxanada kəsilmiş ət parçaları vitrindən asılıb. Ətin nə qədər köhnə və ya təzə olduğunun necə müəyyən olunmasını öyrənmək üçün müsahibimə müraciət edirəm. Qəssab Mehmanın bu barədə fikirləri də çox maraqlıdır: “Havalar soyuq keçəndə çölə vururuq. Amma yayda yalnız soyuducuda saxlayırıq. Elə yerlər var ki, əti yayda da çölə asırlar, üstünə milçək qonur. Bu şəraitdə satılan ət insanda müxtəlif zərərli xəstəliklər törəyir. Belə ətlər o dəqiqə bilinir. Ətin köhnə olduğunu onun rəngindən bilmək olur. Köhnədirsə rəngi qaralır”.
Müsahibim kaprizli alıcılarla çox rastlaşdığını deyir: “Neyləyək, yola veririk, ətdir kəsirəm, bəyənmirlər. Amma müştəridi də, yola vermək lazımdı. Hansı hissədən istəsə verirəm”.

Qəssab Mehmanın gündəlik qazancı 15-20 manatdır. Dediyinə görə, bu, ailəsini dolandırmağa yetir. Əlində hələ sağalmamış kəsik izləri diqqətimdən yayınmır. Qəssablığın çətin iş olduğunu bir daha vurğulayır: “Bu işdə əsas səliqəli olmaqdı. Gündəlik səliqə-səhmana riayət edirəm. Əti səliqəli kəsməyə də diqqət edilməlidi”.

Müsahibə zamanı növbəyə düzülən alıcıların da rəylərini eşidirik. Həmişə burdan ət aldıqlarını və buranın çox səliqəli qəssabxana olduğunu bildirilər.
Beləliklə, söhbətimiz yekunlaşır. Sadə, təmiz, bir qədər də çəkingən təsir bağışlayan bu adam qəssab haqqında bütün təsəvvürümü dəyişir. Bir sözlə sadə peşə adamı...


Arifə Mikayılova

“SİMSAR” jurnalı

 

 






2 Avqust, 2012  17:59 Baxılıb: 2575 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner