Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

DÜŞMƏNLƏ ÜZ-ÜZƏ - YAYCI

.

Bu dəfə jurnalımız üçün bölgələrdən reportaj hazırlamaq üçün qarşımıza məqsəd qoymuşduq. Məqsədimiz sərhəd kəndlərindən birində düşmənlə üz-üzə, göz-gözə dayanan mərd, qorxmaz, hər gününü güllə səsi altında keçirməyə məhkum edilmiş insanların necə yaşamasını, hansı problemləri olmasını öyrənmək idi. Dadımıza bizimlə yaxından əməkdaşlıq edən naxçıvanlı dostumuz Elxan Yurdoğlu çatdı. Jurnalımızın “Bölgələr” rubrikasından bu dəfəki reportajı Naxçıvan Muxtar Respublikasının bir sərhəd kəndindən hazırladı.

Naxçıvan Muxtar Respublikasında Yaycı adında üç kənd var. Onlardan biri Culfa, digər ikisi isə Şərur rayonunun yaşayış məntəqələridir. Şərurdakı Yaycı adlı kəndlərin hər ikisi bir-birinin yaxınlığındadır. Yerləşdiyi əraziyə görə onlara adlar da qoyulub. Birinə Aşağı Yaycı, digərinə isə Yuxarı Yaycı adlanır. Hər ikisi də dağətəyi ərazidə yerləşir...
...Rayon mərkəzindən 20 kilometr şimal-şərqdə, Arpaçayın sahilində, Dərələyəz silsiləsinin ətəyində yerləşən Yuxarı Yaycıya çatanda bizi kəndin lap aşağısındakı köhnə məktəbin “lələ köçüb, yurdu qalıb” misalını xatırladan binası salamladı. Arxada isə “Gümüşgöl əfsanəsi”ni xatırladan ötən il yenidən müasir şəkildə bərpa olunan Arpaçay dəryaçasının böyük su tutumu qalmışdı. Aşağı Yaycıdan Yuxarı Yaycıya uzanan yol isə bir qədər dərə-təpələrdən, eniş-yoxuşlardan keçirdi. Heç də ağlınıza gəlməsin ki, kənd məktəbliləri indi bu uçuq-sökük binada təhsil alır. Xeyr, sadəcə olaraq bir neçə il bundan əvvəl kəndin yuxarısında yeni və müasir məktəb binası tikilib istifadəyə veriləndən, bu köhnə məktəb binasını sökməyə bir o qədər də ehtiyac duyulmayıb.
Maşınımız Yuxarı Yaycının qoynuna sarınan dolayı və dar yollarla üzüyuxarı şütüdükcə “Niva”nın pəncərəsindən seyr etdiyim yaraşıqlı evlər, çay daşları ilə hörülmüş həyət divarları bu dağ kəndində məskunlaşan insanların yaşayışından, güzəranından soraq verirdi.
Onu da deyək ki, Yuxarı Yaycı həm də sərhəd kəndidir. Bədxah və yaramaz qonşularımız olan ermənilərlə qonşuluqda yerləşir. Ötən əsrin 90-cı illərinin əvvəllərində milli zəmində münaqişələr başlayanda bu kəndin adamları da böyük müsibətlər çəkiblər. Erməni yaraqlıları dəfələrlə bu torpağa təcavüz etmiş, onu işğal etməyə, sakinlərini ata-baba ocaqlarından perik salmağa çalışsalar da Yuxarı Yaycının sakinləri düşmən güllələri qarşısında duruş gətirə biliblər.
Uzun yol qət etdikdən sonra nəhayət kəndin mərkəzinə çatırıq. Burada beş-altı ağsaqqalın və bir o qədər də ortayaşlı kənd sakininin əyləşdiyi çayxananın qarşısında maşınımızdan düşürük. Salamlaşdıqdan sonra gəlişimizin məqsədini öyrənən xoş üzlü kənd adamları bizi bir stəkan kəklikotulu çaya qonaq edirlər. Kənd və kənd sakinləri barədə ilkin təəssüratımız da elə bu dar və balaca çayxana masası arxasında başlayır.

Böyük tarixi olan kənd

Zahiri görkəmindən 65-70 yaş arasında görünən İzafət Nadirov söhbət zamanı kənddən, insanların yaşayış tərzindən, adət-ənələrdən ətraflı danışır: “Bala, bu kəndin böyük tarixi var. Həm də əlverişli coğrafi şəraitinə görə mürdar ermənilər buranı da işğal etmək istəyirdilər. O dövrdə ulu öndər Heydər Əliyev olmasaydı, bu kəndi qoruyub saxlamaq da mümkün olmayacaqdı. Xalqın ona inamı və bu inama görə düşmənlə qorxmadan, çəkinmədən apardığı mübarizə, üstəgəl Heydər Əliyevin gecəli-gündüzlü yorulmaq bilmədən apardığı siyasət təpədən-dırnağadək silahlanmış erməni yaraqlılarının gücündən üstün oldu. Məhz bu birliyin və inamın nəticəsində erməni təcavüzkarları yerində otuzduruldu”. Həmsöhbətimiz adamların dolanışığı, gün-güzəranları ilə yaxından tanış olmaq istəyimizi bildikdə dedi: “– Oğul, şükür Allaha ki, ucqar dağ kəndində yaşasaq da, dövlətimiz SSRİ dövründə xəyal belə edə bilmədiyimiz bizim üçün elədi. İndi yaz-qış demədən qazımız, işığımız var. Düzdür əvvəllər blokadada olduğumuzdan xeyli əzab çəkmişik. Elə olub ki, yeməyə çörək belə tapa bilməmişik. Amma səbr etməklə hər şeyin öz yerini tapmasını gözlədik. Başqa yolumuz da yoxdu. Vətəni atıb qaça, ya da ermənilərə verə bilməzdik ki! Bu da nəticəsini verdi. Allah şükür indi yaxşı təqaüd də alıram. Dövlətimiz bizə yaxşı qayğı göstərir. Kəndimizdə də xeyli işlər görülüb. Kəndimizdə ikimərtəbəli, yaraşıqlı məktəb binası tikilib. Elə bil adamlara bir dünya sevinc bəxş etdilər. Çaycxana qarşısında oturanlar da İzafət dayının sözlərini təsdiq edirlər. Onlar deyirlər ki, əgər kəndə dövlət qayğı göstərməsəydi, bu sərhəd və dağ kəndində indi yaşayış da ola bilməzdi, adamlar da torpağa, elə-obaya bu dərəcədə bağlana bilməzdilər.
Ümumiyyətlə, bu kiçik dağ kəndində ümummilli liderimizə böyük sevgi və məhəbbət var. Onlarla söhbət zamanı hiss edirsən ki, bu sevgi və məhəbbətin təməli bir qədər də əvvələ gedib çıxır.

Arpaçay dəryaçası

Çayxanadkı insanlardan ayrıldıqdan sonra kəndin sərhəd tərəflərinə getməyə başlayırıq. Böyük bir təpənin yanına qalxdığımız zaman kəndin digər tərəfində gözəl bir mənzərə ilə qarşılaşırıq. Kənd sakinlərindən biri bizim yad adam olduğumuzu görüb bizə yaxınlaşır. Öyrəndikdən sonra ki, jurnalistik və kənd haqqında reportaj hazırlamağa gəlmişik, elə baxdığımız mənzərə haqqında məlumat verir: “Baxdığınız o dəryaça ötən əsrin yetmişinci illərində tikilib. O zaman Heydər Əliyev bu dəryaçanın tikilməsinə rəsmi göstəriş verib. Arpaçay üzərində nəhəng dəryaça tikdirməkdə onun məqsədi bu torpaqlara əsl mənada həyat vermək, torpağı cana gətirmək olub. İndi bu dəryəçanın insanların gün-güzəranında, yaşamında böyük rolu var. Onun hesabına yayda həyət-bacanı suvarırıq. Bu dəryaça olmayanda buralarda yaxşı əkin-biçin olmayıb. Ona görə ki, yayda günəş elə isti saçır ki, az qala bütün canlılar istidən yanırlar. Bu dəryaça tikiləndən sonra əkin-biçinin vəziyyəti yaxşılaşdı. İndi nə əkirsən ək, yayda su problemin olmur”.
Kəndin əyri-üyrü, dolanbac yollarından keçərkən balaca uşaqlar bizə tərəf qaçışır, böyüklərsə bu tanımadıqları qonaqlardan sanki çəkinirlər. Evlərdən birinin qarşısından keçərkən ağsaqqal bir kənd sakini bizi görüb evə dəvət edir. Əvvəl razılaşmasaq da çox inad etdiyini görüb razılaşırıq. Öyrənirik ki, dağların başında ikimərtəbəli ev tikən Musa dayı “köhnə kişilər”dəndir. Elə bizə kəndin keçmişindən də danışır bu Musa dayı: Kəndimizdəki Səməd Vurğun adına sovxoz vardı. O dövrdə tanınmış təsərrüfatlardan biri idi. Günümüzü burda keçirirdik. Kimi dayanmadan işləyir, kimi də başını girləyirdi. O zaman kəndimizin Mirhəmzə Eminov adlı bir nəfər vardı. Elə işləyərdi ki, hamı həsəd aparardı. Təkbaşına beş adamın işin görərdi. Sonda əməyi də qiymətləndirildi. Sovet hökumətinin ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Şəninə şeirlər yazıldı, mahnılar bəstələndi”.

Yenicə tanış olduğum adamlarla sağollaşıb kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə yollandıq. Nümayəndəlik üçün ikimərtəbəli yeni bina tikilib. Nümayəndəliyin sədri Mirqasım Eminovla söhbətləşdik. O, bizə son illər kənddə görülən işlərdən, burda fəaliyyət göstərən mədəni-məişət müəssisələrinin fəaliyyətinin artmasından danışdı: “Kənddə mədəniyyət evi, rabitə şöbəsi, həkim ambulatoriyası, kitabxana kənd camaatının ixtiyarındadır. Kənd tamamən telefonlaşdırılıb. 2220 hektar torpaq sahəmiz var. 134 təsərrüfatda 1050 nəfər sakin yaşayır. Əhalinin məşğuliyyət mənbəyi əsasən maldarlıq, arıçılıq və meyvəçilikdir. Kənd adamlarının torpağa bağlılığı çoxdur. Bu yurd, sevgi işığında da insanlar həyat tərzlərini, yaşamlarını qurublar. Burda bir müddət yaşayan adam hansısa şəhərə gedəndə də yaşaya bilmir. Çünki, dağların bumbuz bulaqları, tərtəmiz havası, min bir dərdin dərmanı olan otları çiçəkləri və bunlara bir az da xüsusilik verən gözəl, saf, səmimi insanları olmadan yaşamaq olmaz”.
Kənddə əkinçiliklə, heyvandarlıqla, meyvəçiliklə, arıçılıqla gün-güzəranını təmin edənlər çoxdur. Düzdür, başqa yerlərə gedənimiz də var. Onlar da Bakıda, Türkiyənin ayrı-ayrı bölgələrində çalışıb geri dönürlər. Qayıdanda özləri ilə bərabər yaxşı pul da gətirirlər. Hal-hazırda kəndin yuxarısında özünə yeni ev tikən Aqil Zeynalov da bir müddət qonşu ölkədə işləyib, indi də qazancını gətirib ailəsi üçün rahat mənzil şəraiti yaradır, yeni ev tikir. Nadir Əliyev, Rüstəm və Şahin Hüseynovlar da onun kimi. İndi hər biri iri, nümunəvi təsərrüfat yaradıb, torpaqla məşğul olurlar.

Cənnət qayası və Muncuqlu təpə

Həmsöhbətimizin bələdçiliyi ilə kəndin yuxarılarına doğru, sərhəddə tərəf irəliləyirik. Burada kəndi üzük qaşı kimi əhatələyən başı qarlı dağların əhatəsindəyik. Dağları heyranlıqla seyr etdiyimi görən Məmməd dayı: “Bir vaxtlar bu dağları elimizin mərd oğulları sipərə çevirdilər. Mənfur qonşularımız olan ermənilərin hücumu qarşısında onlar dəyanət və igidlik nümayiş etdirərək düşmənlə üz-üzə gəldilər. Bu yurd yerimizi gecəli-gündüzlü qoruyaraq işğalçıların torpağımıza ayaq basmasına imkan vermədilər. Həmin döyüşlərdə kənd sakini Yaqub Həsənov şəhid oldu. Onlarla adam müxtəlif dərəcəli yaralar aldı. Sonra da sağ əli ilə uzaqdakı qayalığı göstərib deyir ki, gördüyünüz bu yüksəklik Cənnət qayası, ondan irəlidəki Muncuqlu təpədir, bu gün də orada əsgərlərimiz bizim keşiyimizi çəkirlər. Bu səbəbdən də hər kəs öz ev-eşiyində rahat oturub təsərrüfat işləri ilə məşğul olur”. Söhbətimizdə öyrəndik ki, kənddə Əsgərbəy və Tənbəlik bulaqları, Bəysaq kəhrizləri, Ağbulaq çeşməsi, həmçinin onlarla kiçik bulaq həm içməli, həm də suvarma suyu sarıdan çətinliklərin həllində böyük rol oynayır. Hətta, Əsgərbəy bulağından 1 kilometr məsafədən kənd məktəbinə içməli su xətti də çəkilib.

Son dövrlərdə istifadəyə verilən məktəbə də baş çəkdik. Burada 100-dən çox şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 20-yə yaxın müəllim məşğul olur. Məktəbdə olarkan müəllimlərlə də həmsöhbət oldum. Azərbaycan dili və ədəbiyyat müəllimi Əziz Əliyev, tarix müəllimi Müzəffər Nəsirov və başqaları məktəbin yetirmələri haqqında danışdılar. Deyilər ki, bu kənd məktəbi elimizə böyük alimlər, generallar bəxş edib. Onlardan general-mayor Rasim Əliyev, riyaziyyat elmləri namizədi Miryasin Eminov, tarix elmləri namizədi Rəşid Bəşirov, iqtisad elmləri namizədi Vəli Fətəliyev və başqalarının adlarını iftixarla çəkmək olar. Məktəb binasında yerləşən tibb məntəqəsinə də baş çəkdik. Aydın oldu ki, məntəqə müdiri Tofiq Hüseynov uzun illərdir ki, tibb bacısı Emigülsüm Eminova ilə birlikdə kənd adamlarının sağlamlıqlarının keşiyində durur, onlar adamlara ilkin tibbi yardımı göstərirlər.
Beləcə, sərhəd kəndi olan Yuxarı Yaycıda gördüklərimiz, eşitdiklərimiz, orda yaşadıqlarımız haqqında yazmaqla oxuculara da dağ təbiətli, xoşüzlü insanlarımız, Vətənimizin gözəlliyi haqqında müəyyən qədər məlumat verməklə biz də siz də xoş təəssürat yaratmaq istədik.
Ucqar dağ kəndində, ermənilərlə sərhəddə, düşmənin gözünün içinə baxa-baxa, yaşayan adamların həyata nikbin baxışları qəlbimizi dağa döndərdi...
Bir daha əmin olduq ki, digər yaşayış məskənlərinin adamları kimi sərhəd və dağ kəndinin adamları da yaradılmış şəraitdən maksimum bəhrələnməyə səy göstərirlər.

Elxan MƏMMƏDOV
Naxçıvan

 






9 İyul, 2012  13:59 Baxılıb: 3140 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43







21 İyul, 2020  10:06













sagbanner