Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“DUBL 1”: “PƏRVANƏLƏRİN RƏQSİ” – EKSKLÜZİV REPORTAJ – FOTOSESSİYA

“...Bu günə kimi televiziyamızda ciddi serial olmayıb”

Yolumuz “Pərvanələrin rəqsi” serialının çəkiliş məkanınadır. Bu ilin may ayından efirə çıxan serialın ssenari müəllifi və quruluşçu rejissoru Rövşən İsax, ikinci rejissoru Vüqar Əmirovdur. Filmin yaradıcı heyətinin tərkibində Azərbaycanın müxtəlif teatrlarından – Gəncə Dövlət Dram Teatrı, Pantomima Teatrı, Akademik Milli Dram Teatrı, Bakı Uşaq teatrı və başqalarından dəvət olunan aktyorlar var. “Pərvanələrin rəqsi”nin 96 seriya olacağı gözlənilir.
Məkana daxil olanda serialın çəkiliş prosesinin getdiyini görürük. Bir tərəfdə kameralar, bir tərəfdə monitorlar, digər tərəfdə müxtəlif cihazlar... Bura düşəndə özünü hansısa filmə çəkilən kimi hiss edirsən. Prosesi müşahidə edərkən bir neçə saniyəlik kadrın çəkilməsi üçün işçi heyətin dəqiqələrlə hazırlaşdığının şahidi oluruq. Çəkiləcək səhnə üçün işıq qurulur, aktyorlara lazımi tapşırıqlar verilir, səssizlik təmin olunur, kadra düşə biləcək artıq əşyalar kənarlaşdırılır və “motor” deyilir, aktyor qapını açır və deyir: “Hikmət müəllim, olar?” Bununla da bu kadrın çəkilişi bitir...
İlk həmsöhbətimiz serialda iştirak edən aktyorlardan Hikmət Bədirli obrazını canlandıran Ramiz Novruzov olur. Hikmət Bədirlinin maşından düşüb ofisə gəlməsi səhnənsinin çəkilişi bitəndən sonra aktyora ilk sualımızı ünvanlayır, ondan serial barədə düşüncələrini öyrənməyə çalışırıq: “Əvvəldən bizim məqsədimiz bu idi ki, bu serialın reytinqini şəraitə görə və imkan daxilində Azərbaycan teleməkanında izlənən türk serialları və xarici serialların reytinqinin 80%-nə kimi çatdıraq. Çəkilişlər başlayanda andiçmə mərasimi kimi bir şey keçirdik ki, burada üzgördülük, tanışlıq, “xaltura” olmasın. Məsələn, bizim bir neçə filmdə rastlaşmışam, tutalım ki, rola Anar çəkilməlidi, amma onunla alınmır, başqasını seçib, deyirlər ki, belə də olar. Amma bilirsən ki, bu rolu ən yaxşı Anar oynaya bilər”.

“Bizə lupa ilə baxmayın....”

Ramiz Novruzov düşünür ki, tamaşaçılar seriala komissiya kimi yox, öz dostuna tamaşa edirmiş kimi baxsalar daha yaxşı olar: “Serialın çəkilişləri başlamazdan əvvəl bizdə telegörüş oldu, onda tamaşaçılara dedim ki, siz bizi tanıyırsız, çoxunuz bizimlə həyatda da görüşmüsüz. Ona görə, seriala öz dostunuza tamaşa edirmiş kimi baxın. Filmə komissiya kimi baxmayın, lupa ilə, mikroskopla baxmayın. Elədə də oldu. Tamaşaçıların fikrindən görürük ki, alınıb, baxırlar. Mən özüm də baxanda bəzən özümü unuduram, adi tamaşaçı kimi oturub baxıram. Bu serialdır, burada fəlsəfi məna axtarmaq, fəlsəfi cümlələr gözləmək lazım deyil”.
Söhbətimizdə Ramiz Novruzovla Hikmət Bədirli barəsində də söz salırıq. Aktyor obraz barədə bunları deyir: “Hikmət Bədirli Azərbaycan mentaliteti, adət-ənənəsi ilə yaşayan Azərbaycan xalqına xidmət etməyə çalışan ailəli bir iş adamıdır. Arzulayarıq ki, iş adamları belə bir xarakterdə olsun, həm ailəsinə qarşı, həm də işinə qarşı. Onu da deyim ki, bir dəfə mənə bir xanım yaxınlaşdı. Dedi ki, Ramiz müəllim, siz çox ürəyiyumşaq oynayırsız, imkanlı adamlar elə olmurlar axı. Mən də dedim ki, imkanlı adam əslində belə olmalıdır da. Bir sözlə, Hikmət Bədirli həyatda oynamağı sevməyən, hər şeyini – safını, düzünü, səmimisini və təbiisini sevən adamdır”.

“Muhteşem yüzyıl” kimi serialların çəkilməyi üçün bizə vaxt və təcrübə lazımdır”

Tamaşaçılar adətən Azərbaycan seriallarını Türkiyə və başqa ölkələrin serialları ilə müqayisə edir, onların seriallarını daha baxımlı, daha keyfiyyətli hesab edirlər. R.Novruzov isə bu fikirdədir ki, bizdə “Muhteşem yüzyıl” kimi serialın çəkilməsi üçün vaxt və təcrübə lazımdır. Bu da zaman keçdikcə düzələcək. İndi isə bu serialların çəkilməsi istedadı olanları üzə çıxarır ki, gələcəkdə serial istəyənlər kimə pul xərclədiyini bilsin.
“Aktyorun partnyorlarından hansı ilə oynamaq daha rahatdır?” sualımızı Ramiz Novruzov belə cavablandırdı: “Kino işində əsas tərəf-müqabil adətən kamera olur, amma birlikdə rol oynadığın aktyordan da enerji almalısan. Mənim ən çox işlədiyim partnyor Pərvanə xanım, İlqar Cahangir, Şövqi Hüseynov, Anar Heybətov və Şəbnəm Hüseynovadır. Onların hər biri mənim üçün maraqlıdır. Bəzən elə olur ki, mən onlara baxıb kamera qarşısında daha zərif işləməyi öyrənirəm. Onlardan istədiyim enerjini ala bilirəm”.
Söhbətin yekununda hər bir serialın tamaşaçılara, onların fikrinə təsirindən söz düşür: “Bu serial Azərbaycan ailəsində mənəviyyata nə qədər önəm verilməsini çatdırmaq istəyir. İnsan öz daxilinə xəyanət etməməlidir. Problem də onun üstündə qoyulub ki, hadisələr söhbət açılan ailə bilir ki, onların qızının övladı olmayacaq, amma evləndirirlər və sanki olacaqmış kimi oturub gözləyirlər. Yavaş-yavaş özlərinə etdikləri xəyanətin də cəzasını çəkirlər”.

“... Arada düşünürəm ki, onun yerində olsaydım nə edərdim?”

Söhbətin bu yerində filmdə Kamran rolunu ifa edən Anar Heybətov gəlir. Serialda digər obrazlara nisbətən düşdüyü çətin vəziyyətlə fərqlənən Anar Heybətovun ifa etdiyi rolun təsiri altına düşüb-düşmədiyini öyrənməyə çalışırıq: “Təsirinə düşmürəm, amma arada düşünürəm ki, onun yerində olsaydım nə edərdim? Mənim üstünlüyüm ondadır ki, aktyor kimi o rolu ifa edirəm və problemi bilirəm. Amma Kamran kimi bu sualı cavablandırmaq çətindir, çünki onun heç nədən xəbəri yoxdur. Onda düşünmək olar ki, bunların hamısı açılsın və biləsən ki, səni aldadıblar, qızın övladı olmayacağını bilə-bilə evləndiriblər, üstəlik bacını da alıblar ki, sən bacına görə, onunla boşana bilməyəsən”.

“Kamran, Aytən və Vəsilə üçlüyündə onların hər birinə haqq qazandırmaq olar”

Anar Heybətov düşünür ki, filmdəki Kamran, Aytən və Vəsilə üçlüyündə onların hər birinə haqq qazandırmaq olar: “Rövşən müəllim də bizə demişdi ki, hər biriniz ifa etdiyiniz obraza haqq qazandırın. Mən də Kamrana haqq qazandırıram. Amma tamaşaçılardan da eşidirəm, Facebookda da yazırlar ki, uşağı olmasa da arvadı var, niyə Vəsilə ilə görüşür? Filmdə Kamranın bir neçə epizodu var ki, o istəyini bildirmir, kömək məqsədilə Vəsiləyə əl uzadır. Vəsilə şəhərə gəlib, iş yoxdu, həyat yoldaşı rəhmətə gedib, atası xəstədi, o məqsədlə kömək edir. Amma Kamranın Vəsiləni sevməsi faktoru da var. O, filmin bir səhnəsində dostu ilə danışanda da deyir ki, mən onu sevməyə bilmirəm. Ağılla dərk edir ki, olmaz, ailəsi var, amma hisslərinə qalib gələ bilmir”.
“Pərvanələrin rəqsi” digər filmlərdən personajların loru dildə, bəzən ləhcə ilə danışmasına görə seçilir. Uşaqların ata-analarına “mama”, “papa” deyə müraciət etməsi, Kənan obrazının Naxçıvan ləhçəsi ilə danışması və s. tamaşaçılara səmimi təsir bağışlayıb və serialın sevilməyinin bir səbəbi də elə budur. Anar Heybətov da düşünür ki, tamaşaçılar baxanda özlərini həmin personajların yanında hiss edir. Çünki serialdakı hər şey həyatda olduğu kimidir: “Rövşən müəllim əvvəldən bizə dedi ki, kimə necə rahatdırsa elə danışsın. Məsələn, mən “elə döyül” deyirəm, yalnız Hikmət müəllimlə danışanda hörmət əlaməti olaraq “elə deyil” deyirəm”.

“22 ildir teatrda işləyirəm heç kim tanımır, 2 aydır efirdəyəm artıq hamı məni tanıyır”

Naharın vaxtı keçsə də, serialın yaradıcı heyəti dekorasiyanı, işıqları yığışdırıb yemək süfrəsi açır. Serialda Hikmət Bədirlinin oğlu Orxan rolunu ifa edən İlqar Cahangirin fikirlərini öyrənməyə çalışırıq. Canlandırdığı obraz qədər əsəbi görünən İlqar Cahangir deyir ki, serialdan sonra dəyişən o olub ki, artıq hamı onu tanıyır: “22 i ildir teatrda işləyirəm heç kim tanımır, amma iki aydır efirdəyəm artıq hamı məni tanıyır”. Bu dəyişikliyin ona necə təsir etdiyinə gəlincə isə İlqar Cahangirli deyir ki, onun üçün heç bir fərqi yoxdur. Serialın sevilməyinin səbəblərinə gəlincə isə aktyor bunu filmdə səmimiliyin, təbiiliyin və sənətin olmasında görür. İlqar Cahangir ifa etdiyi Orxan obrazına girməyin çətin olmadığını düşünür: “Mənə elə gəlir ki, çətin deyil. Onsuz da Azərbaycan kişilərinin yetmiş faizi Orxandır”. Aktyor elə özünü də həmin 70%-dən kənar tutmur: “Məndə yüz faiz elədir”.

“Məleykə Əsədova gözəl insan ola bilər, amma aktrisa deyil...”

Söhbət zamanı aktyorun teatrda deyil, efirdə gedən serialla tanınmağının səbəbini soruşanda aktyor bunu tamaşaçıların teatra gəlməməsiylə izah edir: “Bilirsiz. Elə vəziyyət yaradıblar ki, camaat ancaq qarnını düşünür, teatra gələn yoxdur. Bu günə qədər efirlərdə də ciddi heç nə yox idi. İndi seriallar çəkilməyə başlayıb. Amma serial çəkmək üçün də mütləq prezident pul ayırmalı idi?”
Teatrdan söz düşəndə aktyor vurğuladı ki, o, artıq 12 ildir ki, “Otello”nu oynayır: “Mən on iki ildir ki, “Otello”nu oynayıram, gəlib baxmısız? Hamı ancaq Azdramanı tanıyır”. Akademik Milli Dram Teatrında Məleykə Əsədovanın da rol adlığı “Misir gecələri” tamaşasından söz düşəndə İlqar Cahangir od püskürdü: “Misir gecələri”ndə Məleykə Əsədova oynayır. O aktrisadı? Bəlkə də gözəl insandı, amma aktrisa deyil. Onun haqqında mənimlə danışmayın. Buna baxmayaraq, aktyor onu da vurğuladı ki, onun rol aldığı ilk serial Məleykə Əsədova ilə olub: “İtkin gəlin” serialında onunla tərəf müqabili idim, çoban rolunu oynayırdım. Yaxşı ki, bu filmdə iştirak eləmir”. Bu günə kimi televiziyamızda ciddi bir serial olmayıb. Ciddi bir şey olmadığı üçün ciddi aktyorlar da üzə çıxmır”. Serialın ssenarisinə gəlincə isə bu, aktyoru kifayət qədər qane edir. Deyir ki, bu günə qədər belə bir şey olmadığından bu ssenari ona ləzzət edir. Bu zaman aktyor kinostudiyanı və televiziyaları da tənqid etməyi unutmur: “Ciddi iş yox idi. Kinostudiyaya gedirdin aktyoru rola elə dəvət edirdilər ki, elə bil tamada çağırırlar. 50-100 manat qoyur stolun üstünə ki, gəl bu rolda oyna. Yaxşı aktyorlar, ssenaristlər, rejissorlar var, amma imkan yoxdur. Bura maddi problemlər də daxildir”.

“Biz minimum şəraitdə maksimum iş görmək istəyirik”

İlqar Cahangir ilə söhbətimizi yekunlaşdırıb filmin produsseri Rizvan Məmmədova suallarımızı ünvanladıq. İlk sualımız serialın ssenarisi ilə bağlı oldu. Produsser ssenari ilə bağlı dedi ki, hələ ki, 96 hissəlik filmin ilk hissələri yayımlanır. Zaman keçdikcə həm mürəkkəbləşəcək, həm də yeni personajlar daxil ediləcək. Maliyyə çətinliyinə gəlincə isə produsser bunu təbii hesab etdi: “Bu təbiidir, niyəsə bizi həmişə türk serialları ilə müqayisə edirlər. Amma bizim serialın büdcəsi bəlkə də onların hansısa serialının bir seriyası üçün xərclənən pula bərabərdir. Bizim geyimlərimiz öz qarderobumuzdandır. Ofis üçün əşyaları dost-tanışın köməyilə tapmışıq. Bir sözlə biz minimum şəraitdə maksimum iş görmək istəyirik. Nə dərəcədə alınır dəqiq deyə bilmirəm”.
Aktyorların qonorarına gəlincə isə produsser bunu sirr olaraq saxladı: “Qonorar hər zaman sirr kimi saxlanılır, açıqlanmır. Sadəcə onu deyə bilərəm ki, bizdə aktyorlar maaş sistemi ilə çalışır”.

Fatimə Kərimli

 






6 İyul, 2012  19:13 Baxılıb: 3241 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43







21 İyul, 2020  10:06













sagbanner