Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“ALICI HƏMİŞƏ “PRAVDI”

.

Hər gün redaksiyaya gedəndə yanından ötüb getdiyim meyvə-tərəvəz dükanı havanın necə keçməsindən asılı olmayaraq hər zaman açıq olur. Dükanın sahibi və satıcısı Rəşəd Xəlilov yenə də iş başındadı. İlk baxışdan qaraqabaq adam təsiri bağışlasa da onunla söhbətdə bunun heç də belə olmadığını görürük.
Piştaxtalarda meyvə-tərəvəzlə yanaşı, dini əşyaların, ərəbcə yazılmış tabloların olması diqqətimizi çəkir. Satıcı deyir ki, bunların bəzilərini satmaq üçün yerləşdirsə də əksəriyyəti sadəcə görünüş üçün düzülüb.


“Pis olsaydı, qurd yeməzdi”

İcarəyə götürdüyü balaca dükanda beş ildir çalışan satıcı qışdan fərqli olaraq yayda alverin daha yaxşı getdiyini söyləyir: “Yayda yerli məhsullar, qış aylarında isə yerli mal olmadığından xaricdən gələn məhsulları alıram. Yayda xarici mal baha olur, qışda isə ucuz”.
Satdığı meyvə-tərəvəzi Sədərək bazarından və İrandan gətirir: “İrana Məşhəd ziyarətinə gedirəm, qayıdanda bir az ayın-oyun gətirirəm satmağa”.
Xaricdən gətirilən meyvə-tərəvəz görünüşcə yaxşı olsa da zərərlidir, amma adamlar üstünlüyü xarici məhsula verir. Bunu müsahibim də təsdiqləyir. Çürük almanı əlinə alaraq: “Qonağı gələn deyir, bunu almıram, xarici mal ver, stolda qəşəng görsənsin. Ancaq kefiyyətinə görə, təbii ki, yerli mal üstündür. Pis olsaydı bunu qurd yeməzdi ki?” - deyib gülümsəyir.
Müsahibim məhsulları qiymətindən daha baha satan, xarab olsa belə, qiyməti endirməyən satıcıları qınayır. Deyir, yalnız maddiyatı güdmək olmaz, ruzini Allah verir: “Mən görsəm ki, 2 manatlıq hansısa malım 3-4 gündür satılmır, qiymətini 1 manata endirirəm. Amma elələri var ki, mal xarab olur, yenə də ucuz satmırlar. Bu israfçılıqdı. Burda kasıbları tanıyıram. Kartofundan, soğanından gücüm çatdığı qədər əl tuturam. Bir də görürsən, heç tanımadığım adam gəlib, meyli çəkdiyi hansısa meyvəninin birini göstərib deyir: - “Ay bala, bunun birini çək görüm nə qədər gəlir?” Belə adamlardan pul almıram”.

Aldanan yalnız alıcılar deyil

Rəşad bəy tərəzini piştaxtalardan çöldə, alıcıların görə biləcəyi küncdə yerləşdirib. Satış işlərində çəkiyə diqqət yetirməyin əsas şərt olduğunu söyləyir: “Artıq olur, amma əskik vermirəm. Aldatmağın insana nə faydası var axı? 30-50 qramla nə əldə etmək olar? Ordan qazandığım pulu yeyə də bilmərəm”.
Müsahibim alıcıları da diqqətli olmağa çağırır. Deyir, bəzi yerlərdə qiyməti aşağı yazıb, çəkini əskik edirlər. Bu isə alıcının özü də bilmədən baha qiymətə başa gəlir.
Aldanan yalnız alıcılar deyil. Rəşad bəyin danışdıqlarından bəlli olur ki, satıcılar da oxşar problemlərlə tez-tez üzləşir: “Bir dəfə, adam çox olan vaxt başımın qarışdığını görüb, saxta 20 manatlıq veriblər. Sonradan bilmişəm. Özü də bu, tanıdığım biri idi. Pulu cırıb atdım. Hər gün yanımdan gəlib keçən adam, iki ay evinə başqa yolla getməyə başladı. Həmin yolda təsadüfən qarşılaşdıq, heç nə olmamış kimi davrandım. Amma onun özünü itirdiyini gördüm. Bir dəfə də tanımadığım bir qadın gəldi ki, 10 kilo pomidor çək pulunu indi gətirib verəcəm. Çəkmişəm çıxıb gedib, pulunu da gəritməyib”.

“Gəlib elə danışırlar ki, adamın ağzı açıq qalır”

Söhbət ərəfəsində alıcıların ardı-arası kəsilmir. Rəşad bəy gülümsəyərək “alıcı həmişə “pravdı”, nə desə qəbul etməlisən” - deyir: “İnsanlar müxtəlif təbiətlidir. Mən deyib-gülən deyiləm. Artıq alıcılarım birtəhərliyimə alışıblar”.
Kaprizli alıcılarla, necə, tez-tezmi rastlaşırsız? – sualına, heyranlıqla cavab verir: “Heç bilirsiz, nə qədər... Gəlib elə danışırlar ki, adamın ağzı açıq qalır. Milçək özü bir şey deyil, amma ürək bulandırır. Elə vaxt olur ki, adamı elə acılayırlar, özün də bilmirsən, nə deyəsən. Məsələn, tərəzidən başı çıxmır, ya da deyinir ki, filan yerdə bu, aşağı qiymətədir. Elədirsə get ordan al, niyə gül kimi əhvalımı korlayırsan?”
Amma mehriban müştərilər də çoxdur: “Adam var zəng vurur malını evinə qədər aparıram. Lazım olanda əziyyətimin qarşılığını da verirlər. Özümə əskiklik bilmirəm, utanc saymıram ki, bu fəhlə puludur. Amma xoşuma gəlməyən adam oldu ki, istəyir lap 200 manatlıq alver eləsin, bu adamın bura gəlməsini itəmirəm. Qiyməti bilərəkdən baha deyirəm ki, məndən mal almasın”.
Aylıq icarə haqqı, məhsulların alınması, gətirilməsi üçün maşın pulu və başqa xərcləri toplamaqla aya 700 manat çıxarı olur. Qazancı isə hər gün müxtəlifdir: “Bu işə başlayanda bir qəpiyim də yox idi. 150 manat pul yolladılar, onunla, belə şərait qurdum. Birtəhər dolanırıq, belə yaşamağa məcburuq... ölməmək üçün, ailəni dolandırmaq üçün... Çətin də olsa Allahdan razıyam. Gedib kiməsə mənə pul ver deyə ağız açmıram”.
Söhbətimizin sonunda Rəşad bəy, bizə Məşhəddən gətirdiyi ruzi duası olan çərçivə də hədiyyə etdi.

Arifə Mikayılova (Simsar jurnalı)

 






6 İyul, 2012  16:40 Baxılıb: 2074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner