Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

DARISQAL DƏHLİZLƏR, DÖZÜLMƏZ ŞƏRAİT, “20 İLLİK DUSTAQLAR” - REPORTAJ - FOTOSESSİYA

“Bu dəqiqə torpaqlar alınsa ora ayaqyalın gedərəm”

Bura Bakı Dövlət Universitetinin tələbə yataqxanasıdır. Hazırda yataqxanada 733 ailə yaşayır ki, bunlardan 2736 nəfəri məcburi köçkün, 115 nəfəri isə tələbədir. Burada Ağdam, Cəbrayıl, Xocalı, Şuşa, Zəngilan və işğal altında olan digər rayonlardan olan məcburi köçkünlər var. Onlarla söhbət zamanı bəziləri özlərini artıq məcburi köçkün yox, dutsaq adlandırdı. Müəllimə işləyən Təranə Hacıyeva deyir ki, özünüz təsəvvür edin ki, burada hər şey ümumidir, ayaqyolu da, hamam da, mətbəx də: “Adicə paltar yuyanda nə qədər növbə gözləyirsən ki, öz paltarlarını yuyasan. Bir mərtəbədə 25-26 ailə var, o qədər ailə üçün cəmi iki mətbəx var. Bizim otaqda dördnəfərlik ailədir, amma elə otaqlar var ki, 30 kvadratmetrlik yerdə 7-8 nəfər yaşayır”.
Nə vaxtsa onlar üçün ayrılmış evlərə köçürüləcəyinin ümidi ilə yaşayan bu insanlar artıq yavaş-yavaş ondan da ümidlərini üzürlər: “20 ilə yaxındır ki, biz burda yaşayırıq, 20 ildir də eşidirik ki, bizi başqa evlərə köçürəcəklər, amma köçürmürlər. Mən müəlliməyəm, aylıq gəlirimiz imkan vermir ki, heç olmasa kirayə ev tutub, özümüz köçək”.

“Hisslərimizlə oynayırlar, həvəslənirik ki, köçürəcəklər, amma heç nə olmur”

Otaqlara sığışmadığından dəhlizə qoyulan stollar, onların üstünü örtən su butulkaları onsuz da dar olan dəhlizi bir az da daraldır. T.Hacıyeva ilə söhbətim əsnasında dayandığımız dəhlizdə gələn-keçənlə toqquşuruq: “Bizim hamımızın vaxtilə yaxşı evi olub. İndi heç olmasa 3 otaqlı evim olsaydı rahat yaşayardım. Hisslərimizlə oynayırlar, həvəslənirik ki, köçürəcəklər, amma heç nə olmur”.
Üfunət iyi verən dəhlizin taxtası çürümüş döşəməsilə irəliləyirəm. Mətbəxin yanına çatanda oradan çıxan yaşlı bir qadınla rastlaşıram. Bura reportaj üçün gəldiyimi biləndə “hər gün gəlib çəkirlər, heç nə də həll olmur”-deyə gileylənmə başlayır. Söhbət zamanı məlum olur ki, Şəfiqə Quliyeva həm də şəhid anasıdır: “25 yaşında oğlumu şəhid vermişəm, heç kimin də vecinə deyil. Hamısı yalandan deyir ki, şəhid ailələrinə ev veririk, amma mənlə heç maraqlanan da yoxdur”.
Yetmişdən çox yaşı olan Ş.Quliyeva Cəbrayıl qaçqınıdır və deyir ki, burada tək yaşamır. Oğlu, qızı, gəlini var, amma şəraitə görə çox əziyyət çəkir: “Bu nə yaşayışdı ki, biz yaşayırıq. Halbuki, evimiz də var idi, torpağımız da, elə hər şeyimiz də, hamısı qaldı orda. Bu dəqiqə torpaqlar alınsa ora ayaqyalın gedərəm”.
Sakinlərlə söhbətimdə demək olar ki, hamısı kommunal xidmət problemi olmadığını, tək narahatlığın darısqallıq olduğunu deyirlər. Bu darısqallıq da hər ailəyə bir problem yaradır. Bəzi ailələrin 6-7 üzvü bir otaqda məskunlaşmalı olur, bəzi ailələr də otaq, yer olmadığından evinə gəlin gətirə bilmir. Elə Süleymanova Sürəyya kimi. Sürəyya xanım deyir ki, 27 yaşında oğlu var, amma onu evləndirib, oğul toyu görə bilmir, çünki ev yoxdu: “Bir otaq var, orada da dörd nəfərlik ailə məskunlaşıb. Oğlumun indi 27 yaşı var, istəyirəm ki, evləndirim, amma gəlini gətirməyə yer yoxdu deyə, toy edə bilmirəm. O biri oğlum da əsgərlikdədi, o da gələcək. Bir müddətdən sonra onu da evləndirmək lazım gələcək. Ümidim ona qalıb ki, bizə ev versinlər, çıxaq burdan, sonra uşaqları da evləndirə bilim”.

“... Amma elə tələbələr var ki, onlar məcburi köçkünlərlə dil tapmaqda çətinlik çəkirlər”

Yataqxana sakinləri ərzaq və digər şeyləri elə yataqxananın həyətindəki dükanlardan alırlar. Qiymət fərqi ilə maraqlananda sakinlərdən Tahir Əhmədov dedi: “Qiymətlər normaldır. Deməzdim ki, bahadır, əksinə bəzi hallarda burada qiymətlər daha ucuzdur. Dükanların sahibləri də elə yataqxananın sakinləri, yəni məcburi köçkünlərdir. Bir-birimizə kömək edirik”.
Qeyd etdiyim kimi yataqxananın tək sakinləri məcburi köçkün ailələri deyil. Az da olsa tələbə də var. Tələblərin bir qismi söhbətdən boyun qaçırsa da, 1-ci kurs tələbəsi Aytən yataqxanın vəziyyətindən söz açmaqdan boyun qaçırmır: “Şərait heç də yaxşı deyil, çətindir. Həm səs-küy var, həm də ki, darısqallıq. Üstəlik yataqxanın təmirə də ehtiyacı var. Uzun müddətdir ki, təmir olunmur”.
Kirayə qiymətlərinin baha olduğunu deyən Aytən yataqxana üçün də pul ödədiyini dedi: “İllik 500 manat ödəyirəm”.
Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Nigar deyir ki, buranın şəraiti onun üçün ürəkaçan deyil: “Mən bir ildir burada yaşayıram. Mənim özümün məcburi köçkün ailələri ilə problemim olmur, amma elə tələbələr var ki, onlar məcburi köçkünlərlə dil tapmaqda çətinlik çəkir”.
Dəhlizdə irəliləyərkən söhbət edən bir neçə qonşunun yanına yaxınlaşıb gəlişimin məqsədini bildirirəm. Elə bu əsnada o biri qonşular da başımıza yığışır. Qadınlı-kişili bir qrup Ağdam sakini yataqxanadakı problemlərdən söz açır: “Elə hesab edin ki, biz 20 ilə yaxındır ki, dustağıq. Burada yaşamayan, buradakı şəraitin çətinliyini anlaya bilməz. Qıraqdan baxan elə bilir ki, işıq, su qaz pulsuzdu deyə hər şey asandır, amma elə deyil. Bura gələndə 2-3 yaşı olan körpələrin indi elə o yaşda uşaqları var. Gəlinlə qaynana eyni otaqda yaşayıb, otağı pərdə ilə bölür”.

“Mənə ayda 16 manat 50 qəpik çörəkpulu verirlər. 16 manat 50 qəpiyə hansı məmur bir ay dolana bilər?”

Qonşular deyir ki, hamı onlara verilən pul yardımlarından, humanuitar yardımlardan danışsa da bu yardımların onlara xeyri dəymir: “O qədər humanitar yardım gəlir. Mənə ayda 16 manat 50 qəpik çörəkpulu verirlər. 16 manat 50 qəpiyə hansı məmur bir ay dolana bilər? heç kim. Çörək 30 qəpikdi, ət isə 10 manat. Amma biz qaçqınların hesabına villalar tikənlər var. Deyirlər ki. Humanitar yardım edirlər, biz heç bir yardım görmürük”.
Digər qonşu isə uşaqların bu vəziyyətdə normal dərs də oxuya bilmədiyini vurğulayır. Deyir ki, bütün ailə bir otaqdadı, biri televizora baxır, biri başqa iş görür, istər istəməz səs olur: “Uşağın ayrı otağı olar ki, oturub dərsini oxuyar. Necə desin ki, ata televizorun səsini al, mən dərs oxuyuram?”

“Dost-tanış bilmir ki, mən yataqxanada yaşayıram”

Söhbət zamanı qonşular yataqxananın komendantından gileyləndilər. Onların sözlərinə görə, komendant yataqxanada çəkiliş aparmaq istəyən jurnalistlərə mane olur: “bir neçə gün əvvəl televiziyaların birindən gəlmişdilər çəkməyə, komendant imkan vermədi. Əvvəllər də olub ki, çəkmək istəyiblər, komendant mane olub”.
Yataqxanada yaşayanların tək problemi maddiyyat, darısqallıq, hətta üfunət qoxusu belə deyil, onlar həm də burada yaşamaqdan utanır. Həmsöhbətlərimin bir qismi məhz buna görə adını açıqlamadı: “İstəmirəm yazınızda adım getsin, dost-tanış bilmir ki, mən yataqxanada yaşayıram”.

Fatimə Kərimli

 

 

 






3 İyul, 2012  15:56 Baxılıb: 1997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner