Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

SOLMAYAN KARİKATURALAR, TƏMİRSİZ QALAN QAPI DƏSTƏYİ... – REPORTAJ – FOTOSESSİYA

Cəlil Məmmədquluzadənin 10 il yaşadığı ev 

Süleyman Tağızadə küçəsi, 56. Üç mərtəbəli binanın üçüncü mərtəbəsində bir ev. Bura indi muzeydir. Vaxtilə Cəlil Məmmədquluzadə bu evdə ömrünün 10 ilini keçirib. Mübarizədə keçən ömrünün son gününü də bu evdə keçirib. 

Muzey 5 otaqdan ibarətdir. Gəzintiyə bələdçi ilə Mirzə Cəlilin uşaqlıq, gənclik və ilk yaradıcılıq illərini əhatə edən birinci otaqdan başlayırıq. Mən böyük ədibin doğulub böyüdüyü evin rəsmlərinə baxarkən bələdçi onun ailəsi haqqında məlumat verir: “Əsilləri İranın Xoy şəhərindən olan Mirzə Cəlilin atası ailəni özünün kiçik duz dükanından gələn gəlirlə dolandırıb. Onun atası övladlarının təhsili ilə maraqlanan adam olub, ona görə də Cəlili əvvəlcə molla məktəbinə göndərib, ondan sonra 3 sinifli şəhərtipli məktəbə göndərib. Nəhayət atası 3 dəfə müraciət edəndən sonra Cəlil də Qori Müəllimlər Seminariyasına qəbul olunub”.

Dörd şəhərdə keçən ömür

Bələdçi deyir ki, Mirzə Cəlilin yaradıcılığı əsasən 4 dövrə bölünür – Naxçıvan, Tiflis, Təbriz və Bakı dövrü: “Onun ömrü bu dörd şəhərdə keçib. Mirzə Cəlil seminariyanı bitirib Naxçıvana qayıtmışdı. Orada Uluxanlıda və Nehrəm kənd məktəblərində dərs deyirdi”.
Xalqın övladlarını, xüsusilə də qız övladlarını oxutmağa çağıran Mirzə Cəlil ilk addımı da məhz özü atmışdı. Kiçik bir kənd məktəbində bacısı Səkinə xanım da daxil olmaqla qızlara təhsil verməyi öhdəsinə götürmüşdü. Böyük ədib ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik pyesini məktəbdə dərs dediyi dövrdə, 1889-cu ildə yazmışdı.
Bu otaqda Mirzə Cəlilin ailə həyatı haqqında da məlumat aldım. Bələdçi deyir ki, onun birinci həyat yoldaşı Həlimə xanımdan Münəvvər adlı bir qızı dünyaya gəlmiş, bir müddət sonra isə Həlimə xanım vəfat etmişdi: “Cəlil bəy bir müddət qızının tərbiyəsi ilə məşğul olur. Eyni zamanda Naxçıvanın görkəmli ziyalıları ilə görüşür, dostluq edir. Dostlarından biri, həm də bacısı Səkinə xanımın həyat yoldaşı Məmmədqulu Kəngərlinin qohumu olan Nazlı xanımla evlənir. Nazlı xanım çox qısqanc xanım olur və əsəb xəstəliyindən əziyyət çəkir. Ona görə də, Cəlil Məmmədquluzadə Məmmdəqulu bəy Kəngərli ilə birlikdə Nazlı xanımı Tiflisə müalicə almağa aparır. Bu xanımım müalicəsi Cəlili Tiflis həyatına atır və bu şəhər onun həyatında böyük dəyişiklikliyə səbəb olur”.

“Həyat yoldaşı vəfat etsə də tanış olduğu ziyalılar onun həyatını dəyişir”

Tiflisə müalicə üçün gedən Nazlı xanım vəfat edir. Amma əvəzində Cəlil Tiflisdə görkəmli ziyalılarla tanış olur ki, bunlardan biri Məhəmmədağa Şahtaxtlı idi. Cəlil bəy M.Şahtxatlının “Şərqi-rus” qəzetində hekayələrini, məqalələrini çap etdirməyə başlayır. Bunlar sonradan bütün Şərqə səs salacaq “Molla Nəsrəddin” jurnalının nəşri üçün ilk addımlar idi. Ona görə də “Şərqi-rus” fəaliyyətini dayandıranda Cəlil Məmmdəquluzadə Ömər Faiq Nemanzadə ilə birlikdə həmin mətbəəni satın alır və adını “Qeyrət” mətbəəsi kimi dəyişdirir: “Bunda məqsədi o olur ki, qoy bu yeri Rusiyanın Şərqi kimi yox, Azərbaycanın qeyrəti, namusu kimi tanısınlar. 1906-cı il aprelin 7-dən etibarən Cəlil Məmmədquluzadə bu mətbəədə “Molla Nəsrəddin” jurnalını çap etdirir”.
Bu mətbəə Mirzə Cəlilə həm də ömrünün axırına qədər birlikdə yaşayacağı həyat yoldaşı Həmidə xanım Cavanşiri qazandırır. Belə ki, onların ilk tanışlığı “Qeyrət” mətbəəsində baş tutur: “Həmidə xanım Qarabağ xanı İbrahimxəlil xanın nəslindən – onun qardaşı nəvəsi idi. O, çox ziyalı xanım idi, 3 xarici dil bilirdi. Qızı Tiflisdə oxuduğundan tez-tez Tiflisə gedirdi. Bir dəfə də atasının kiatbını çap etdirmək üçün “Qeyrət” mətbəəsinə gəlir və orada Mirzə Cəlillə tanış olur. Ədib ona evlilik təklifi edir, bundan sonra onlar ailə həyatı qurur”.

Kiçik hekayələrin böyük ustadı

Mirzə Cəlilin bu dövrdə kiçikhəcmli, lakin dərin məzmunlu hekayələri çap olunur. Qələmindən çıxan hər cümlə ilə dövrünü tənqid edir, öz xalqını daha xoşbəxt görmək istəyir.

Növbə ikinci otaqdadır. Bu otaqdan ədib və ailəsi qonaq otağı kimi istifadə edib. Otaqdakı stol, stul və digər əşyalar olduğu kimi qorunub saxlanılır. Otaqdakı rəsmlər Mirzə Cəlili heç vaxt tərk etməyən millət dərdindən söz açır. Hər biri bir rəssamın fırçasından çıxan bu rəsmlər Mirzə Cəlil əsərlərindəki cahillik, avamlıq, bisavadlıq kimi dövrün ictimai-siyasi hadisələrini əks etdirir.
Bələdçinin sözlərinə görə, üçüncü otaq qadınlara aid otaq hesab olunur: “Bura Həmidə xanımın şəxsi otağı olub ki, burada onun çantası, geyimləri var”. Bu otaqda ailə üzvlərinin şəkilləri, sənədlər var. Bu şəkillərə baxanda düşünürəm, görəsən onun nəvələri babaları haqqında nə bilir. Bələdçinin cavabı isə insanı əməlli başlı məyus edir: “Cəlilin nəvələri hazırda xaricdə yaşayır. Bəzilərinin soyadları da Məmmədquluzadə yox, Cavanşirdir. Onlar əsasən Almaniyada, Danimarkada, Amerikada və İranda yaşayır".
Cəlil və ailəsinin Şuşadakı İsa bulağında çəkilmiş fotosuna baxa-baxa dördüncü otağa keçirik.

“Bu otaq Cəlil Məmmədquluzadənin dramaturgiyasından söz açır”

Dördüncü otaqda Cəlil Məmmdəquluzadənin dram əsərlərinə aid stendlər yer alıb. “Ölülər”, “Dəli yığıncağı” və “Anamın kitabı”. Onların hər biri üçün ayrıca stend var. Bu otaqda həm də “Molla Nəsrəddin” haqqında daha geniş məlumat verilir. Jurnalın ilk nömrəsinin qoyulduğu stendin yuxarısında mollanəsrəddinşilərin şəkilləri yer alıb: “Bu rəsmlərdə jurnalın rəssamları Ə.Əzimzadə, O.Şmerlinq və J.Rotter, eyni zamanda, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Ə.Sabir və başqa mollanəsrəddinçilərin şəkilləri var”.
“Molla Nəsrəddin”in ilk nömrəsinə baxanda istər istəməz karikaturaların hələ də solmadığı diqqətimi cəlb edir. Ya rəsmlər çox keyfiyyətli çəkilib, ya da ki, o problemər hələ də solmayıb. Ona görə də Molla Nəsrəddin obrazı aktuallığını itirmir.
Bu otağın bir stendi də Mirzə Cəlilin həyatının Təbriz dövrünü əks etdirir: “1918-1922-ci illərdə Cəlil Təbrizdə yaşayır. Buradaykən Şeyx Məhəmməd Xiyabani, Səttarxan, Bağırxanla qısa da olsa tanış olur. İranda onu allahsız hesab etsələr də Cəlil həmişə deyirdi ki, mən allahsız deyiləm, mən Allahımı, dinimi sevirəm. O, yalnız fırıldaqçı mollalara qarşı mübarizə aparırdı”.
Cəlil Məmmədquluzadə Təbrizdə yaşadığı müddətdə də bekar qalmır, “Molla Nəsrəddin”in 8 nömrəsini orada çap etdirir: “Molla Nəsrəddin”in Təbrizdəki ilk nömrəsində də belə bir karikatura təsvir olunub ki, Təbrizdə Molla Nəsrəddini top-tüfənglə qarşılayırlar. Bu karikaturanın çatdırmaq istədiyi orada çoxlarının Mirzə Cəlili allahsız hesab etməsi idi”.
1922-ci ildə Əliheydər Qarayev və Nəriman Nərimanov onu Bakıya dəvət edir. Bir müddət işsiz qalır, lakin sonradan Nərimanov ona Xalq Maarif Komissarlığında iş verir və indi olduğumuz evin açarlarını ədibə təqdim edir.

Sonuncu otaq isə Molla Nəsrəddinin redaksiya otağı olub. Bu otaqdakı ayrıca stenddə Mirzə Cəlilin yaradıcılığını tədqiq edən alimlərin şəkilləri yer alıb. Bunlardan Ş.Hüseynov, İ.Həbibəyli, Anar və başqalarının adını çəkmək olar.
Bu otaqla tanışlıq zamanı bələdçi Həmidə xanımın xatirələrindən sitat gətirərək Mirzə Cəlil ömrünün son və bəlkə də ən ağır günlərindən danışır: “Həmidə xanım xatirələrində yazır ki, ömrünün son illərində Cəlil çox əsəbi olub. 1927-ci ildə Cəlili Azərbaycan Yazıçılar Birliyinə dəvət ediblər, təklif ediblər ki, “Molla Nəsrəddin”in adını dəyişib allahsızlar jurnalı etsinlər və Cəlil də jurnalın redaktoru olsun. Bu təklif ona həddindən çox pis təsir edir. O, bu təklifə etiraz edir. 1937-ci ilin repressiya ab-havasını duyan Cəlil öz əlyazmalarının bir neçəsini sobada yandırır. Bunu görən Həmidə xanım səbəbini soruşur, ədib deyir ki, Midhət dərsdən gələcək qoy otaq isti olsun. Halbuki, kağız yandırmaqla otağı isitmək mümkün deyil”.
Hər otaq insanda özünəməxsus əhval yaratdığı kimi, bu otaq da insanda qəribə hüzn yaradır. Kəşməkəşli mübarizədə keçən ömrün sona çatması kədəri insanı sarsıdır.
Həyatının son günlərində Mirzə Cəlil xırda-xuruş işlərlə məşğul olur, dövlətdən heç bir yardım görmürmüş: “Cəlil Məmmdəquluzadə 1932-ci il yanvarın 4-da qapının dəstəyini təmir edərkən beyninə qan sızmasından vəfat edir”.
Sonuncu otağı geridə qoyub muzeyin direktoru Pərixanım Mahmudova ilə söhbətləşdim. Ondan muzeyin fəaliyyəti haqqında məlumat almağa çalışdım. P.Mahmudova deyir ki, muzeyin yaradılması haqqında qərar 1978-ci il iyunun 16-da verilsə də muzeyi açmaq üçün baza yox idi: “Muzey işi təkcə ekspozisiya işindən ibarət deyil, həm də ekskursiya işindən ibarətdir. Buna görə də biz ilk növbədə C.Məmmədquluzadə və digər Mollanəsrəddinçilərin həyat və yaradıcılığına aid materialları toplamağa başladıq. Bundan başqa mətbuat vasitəsilə elan verdik ki, kimdə C.Məmmədquluzadənin xatirə əşyası varsa, muzeyə kömək etsin. Bu işlər başa çatdıqdan sonra muzey 1994-cü il dekabrın 28-də ədibin 125 illik yubileyi ərəfəsində fəaliyyətə başladı”.
P. Mahmudova ilə söhbət zamanı öyrəndim ki, muzeyin əsas fonduna daxil olan materialların sayı 5 minə yaxındır. Muzey həm də təbliğat işi ilə məşğuldur. Həm ekspozisiya, həm də muzeydən kənarda keçirilən tədbirlərlə Mirzə Cəlil yaradıclığını təbliğ edir. P.Mahmudova deyir ki, son zamanlar muzeyə gələnlərin də sayı artıb: “Əvvəlki vaxtlara nisbətən muzeyə gələnlərin sayı artıb. Bunlar əsasən məktəblilərdir. Bu bəlkə də onunla bağlıdır ki, biz burada təkcə Cəlil Məmmədquluzadə haqqında yox eləcə də Mirzə Ələkbər Sabir, Ə.Haqverdiyev və başqa görkəmli ziyalılar haqqında məlumatlar veririk. Əvvəllər biz özümüz çağırırdıq ki, muzeyə gəlsinlər. İndi artıq onlar özləri müraciət edir”.
Söhbətin sonunda muzeyin direktoru vurğulayır ki, muzeyə giriş və ekskursiya xidməti pulsuzdur.
Mirzə Cəlilin qələmindən çıxan hər bir yazını oxuyanda tənqidlə rastlaşırıq. O, 100 il bundan əvvəl avamlığı, savadsızlığı, xurafatı, qəflət yuxusundan ayılmayan, ayılmaq istəməyən milləti tənqid edirdi. Hələ də o yazıları oxuyanda ürəyimizdən “elə bil bu gün üçün yazıb” sözləri keçir.
Niyə? Cəlil Məmmədquluzadə bu günü görüb yazırdı, yoxsa biz o vaxtdan bəri hələ dəyişməmişik?

Fatimə Kərimli

 






17 İyun, 2012  16:30 Baxılıb: 2571 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner