Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ŞİRVAN ŞAHLARININ KONDİSİONERLİ OTAQLARI - REPORTAJ – FOTOSESSİYA

 Müasir təmirli divarlarla qədim əşyların, orta əsrlərin ab-havası ilə müasir dövr arasındakı təzadlarla dolu – Şirvanşahlar sarayı



Bu, Şirvanşahlar saray kompleksinə üçüncü gedişimdi. İlk dəfə gedəndə orada bu dəfə gördüyüm qədər eksponat yox idi. Kompleksə daxil olub, 60 qəpiyə bilet aldım. Bələdçi məni ilk olaraq sol tərəfə yönləndirdi ki, gəzintiyə buradan başlayım. Şirvanşahlar saray kompleksində gəzintim Fərrux Yasar türbəsindən başlayır. Türbə o qədər böyük olmasa da ətrafı genişdir. Burada bir neçə əsr əvvələ aid olan daşlar var. Onların bir qisiminin üzərində ərəb əlifbası ilə yazılar yazılıb.

Danışan eksponatlar

Tariximizi, mədəniyyətmizi üzərindəki yazılarla, rəsmlərlə bu günə çatdıran daşlar bizə keçmişimizdən danışır. Buradan ayrıldıqdan sonra bələdçi məni Saray kompleksinə tərəf yönəldir. Burada Şirvanşah hökmdarına məxsus təxminən 52 otaq var – şahın dəftərxanası, qonaq qəbul etdiyi otaq, divan otağı və s. Şirvan şahlarına məxsus bu otaqlar indi müasir dövrün insanlarını öz əcdadlarının həyatı, geyim tərzi, bir az da dünyagörüşü ilə tanış edən eksponatlarla bəzədilib. Daxil olduğum ilk otaqda orta əsrlərə aid məişət əşyaları var. Bura xalçalar, təsərrüfat küpləri, insanların gündəlik istifadə-etdiyi qab-qacaq və s. daxildir. Növbəti otaq Şirvanşahlar sarayının XVIII-XIX əsrlərə aid dövrünü əks etdirir. Burada illustrasiya və fotolar yer alıb. Bu fotolarda hazırda mövcud olmayan memarlıq detalları əks olunur.
Otaqlardan ən maraqlısı isə mətbəxdir. Sarayın mətbəx otağı aşağıda yerləşir. Bura gedən yol ensiz və bir az da narahat pilləkənlərdən ibarətdir. Pilləkənlərlə otağın mətbəx hissəsinə endiyimiz zaman bələdçi Ədilə xanım deyir ki, əvvəllər mətbəx otağının qapısı olmayıb, amma indi təhlükəsizlik məqsədilə qapılar qoyulub.

Əyləncəli olyuncaq - top

Daxil olduğum növbəti otaq digərlərinə nisbətən daha böyükdür. Bu otağa girəndə insan özünü bir anlıq orta əsrlədə hiss edir. Çünki buradakı hər bir xırda detal o dövrə aiddir. Şirvanşahlar sarayının orta həyətindən tapılan xırda mis və gümüş pullar XII-XV əsrlərə aiddir. Arxeoloji qazıntılar zamanı 2.5 metr dərinlikdə tapılan pullardan bəzilərinin üzərində hökmdar təsviri var. Formasını itirərərk, qıraq-bucağı əyilmiş halda əldən-ələ keçərək günümüzədək gəlib çıxmış bu pulları qazanmaq üçün vaxtilə insanlar xeyli qan-tər axıdıblar... Elə bu düşüncələrlə digər stendə yaxınlaşıram. Burda isə insanların döyüş zamanı qan-tər axıtdıqları əşyalar yer alıb. Xəncər, toqqa, kəmər və başqa döyüş alətlərinə baxarkən, bir anda gözüm topun üstünə çıxamağa çalışan uşağa sataşır. Bir vaxtlar ordunun əsas silahlarından olan top indi bu balaca üçün əyləncəli oyuncaqdır.
Otağın mərkəzinə doğru irəlilədikcə yerdəki xalça, onun üzərində isə süd yığmaq üçün mis qab, mis samovar, rəhil (kitab altlığı), kiçik sandıqlar onların da yanında orta əsrlər qadınının milli geyimi məni yaşadığım dövrdən ayırır. Bir tərəfdə qadınların orta əsrlərə aid geyimi, digər tərəfdə isə zinət və bəzək əşyaları: sırqa, boyunbağı, qolbaq, taxta daraq və s.
Bu otaqda orta əsrlərdəki əyləncə və istirahət zamanı istifadə etdikləri nərd, musiqi alətləri var. Musiqi alətlərinin yanındakı stenddə isə ilk baxışda başmağı xatırladan “Kəşkül” adlı bir əşya gözümə dəyir. Dərviş xurcunlarının yanında yerləşdirilən bu əşyanı bələdçi müasir dillə nəzir qutusu adlandırır. Onun sözlərinə görə, həmin dövrün dərvişləri bu əşya ilə camaatdan nəzir yığarmış.

Şirvan şahlarından qalan manqal

Oyma sənətinin nümunələri və həsirdən hazılanan ayaqqabı və digər əşyalara göz gəzdirərkən bələdçi deyir ki, muzeydəki əşyaların hamısı Şirvanşahlar dövlətinə aid deyil. Bu dövlət altıncı əsrdən on altıncı əsrə qədər mövcud olub. Muzeydə isə XIX-XX əsrin də həyat tərzini əks etdirən eksponatlar var. Böyük mis qazanları, bər-bəzəkli məcməyiləri geridə qoyub üz tuturam növbəti otağa. Bu otaqda da gündəlik istifadə olunan məişət əşyaları var. Kabab çəkmək üçün manqal, kiçik su qabları və s. Otağın ən maraqlı eksponatı isə paltarların saxlandığı və “məşrəf” adı verilən əşyadır. Bələdçi deyir ki, bundan səfər zamanı istifadə olunurmuş. Paltarlar bura yığılır, ağzı bağlanır bundan sonra isə faytona, yaxud da dəvəyə yüklənib, başqa yerə aparılırmış.
Növbəti otaq XX əsri təsvir etmək üçün sanki Əzim Əzimzadənin əl işlərinin ixtiyarına verilib. Otaq başdan-başa onun rəsmləri və karikaturaları ilə əhatə olunub. Elə bunlara baxmaq kifayətdir ki, Mirzə Cəlilin felyetonları, Sabirin şeirləri ilə öyrəndiyimiz problemləri, tənqid obyektlərini öz gözümüzlə görək.

Mismarsız pəncərələr

Digər otaqda daha çox açıqcalar diqqətimizi çəkir. Bu açıqcalarda XIX əsrin sonu XX əsrin əvvələrindəki Bakıdan söz açılır. Fontan vuran neft buruqları, Bakının o dövrdəki ən hündür tikilisi olan Qız Qalası, XX əsrin xanımı, fəhləsi, Xəzər dənizi, onun sahili, tacirlər, dəlləklər, su satanlar, bir sözlə bu illərdə Bakıya aid hər detal bu açıqcalarda var. İndi hər küçəsi insanlarla, yeni binalar və ən müasir maşınlarla dolu olan şəhərin bir neçə faytondan ibarət, demək olar ki, bomboş küçələrini görəndə adam gözlərinə inana bilmir. Vaxtilə bura şahın dəftərxanası olub. İndi qarşısını yeni binalar tutduğundan görə bilməsəm də, bələdçinin sözlərinə görə bir vaxtlar şah bu pəncərədən dənizi seyr edirmiş.
Sonuncu otağa daxil olanda bələdçi mənə daha bir maraqlı fakt deyir: “Buradakı heç bir pəncərədə bərkidici vasitə, yaxud da mismar yoxdur. Yalnız gil və yumurtanın sarısı ilə hazırlanıb. O vaxtlar qışda pəncərələrə xalça vurulurmuş, otaqlar isə odunla isidilirmiş. Hazırda bura əlavə olaraq şüşə pəncərələr quradşdırılıb”. Bələdçi bu məlumatları deyə-deyə mən şahın taxt-tacının şəkli və sxemi əks olunan stendə yaxınlaşıram. Burda təkcə taxt-tacın deyil, eləcə də sarayın digər hissələrinin pəncərələrin, sütunların da hazırlanma sxemi əks olunub. Sarayın son otağından çıxanda bələdçi həyətdəki hamam, şah ailəsinin türbəsi və şahın məscidinə də baş çəkə biləcəyimi söyləyir.

Şahın məscidi

Buradan çıxıb Şirvanşah Xəlilullahın anası və oğlu üçün tikdirdiyi türbəyə doğru gedirəm. Yolda gördüyüm bir neçə top və həddən artıq böyük bir sapand məni heyrətləndirdi. Onun necə hazırlandığı, döyüş zamanı atəş vəziyyətinə necə gətirildiyini görmək çox maraqlı olardı.
Türbədə Şirvanşahın anası Bikə xanım, 6 yaşlı oğlu Fərrux Yəmin, Şirvanşah Xəlilullahın özü, zövcəsi Xanbikə Sultan, oğlanlarından Məhəmməd İbrahim, Əmir Bəhram, Şeyx Saleh dəfn olunub. Məzarların arasında ən kənardakı kiçicik qəbir və yuxarı başda digərlərinə nisbətən daha böyük qəbr fərqlənir.
Türbədən çıxıb şahın məscidinə daxil oluram. Məscidin iri zalından başqa kişik otaq da var ki, bu otaqdan “Quran”, canamaz və s. bu kimi əşyaları saxlamaq üçün istifadə olunub. Mən otağa göz gəzdirərkən bələdçi təəssüflə deyir ki, şahın oxuduğu “Quran” bizə gəlib çıxmayıb. Onun haqqında heç bir məlumat yoxdu.
Türbəni və məscidi geridə qoyandan sonra xatırladım ki, sarayın hamamını görmədim. Bayaqdan gəzdiyim yerlərdən fərqli olaraq hamam nisbətən aşağıda yerləşir və üstü tamamilə açıqdır. Bunun niyəsini bələdçidən soruşanda isə deyir ki, Sovet dövründə hazırda hamamın olduğu yer adicə yol imiş. Yol yavaş-yavaş çökdükcə onu təmir etsələr də, sonradan məlum olub ki, bu yolun altı tarixi abidədir. Buradan saray hamamı kimi istifadə olunduğu vaxtlar üstü tamamilə örtülü olub, hazırda isə muzey kimi istifadə olunduğundan üstü açıqdır. Əlavə edim ki, bu hamam 1438-ci ildə tikilsə də, 1939-cu ildə arxeoloji qazıntılar nəticəsində aşkar olunub.

“Avroviziya” günlərində Şirvanşahlar sıxlıq olub


Hər otağında fərqli təzad yaşadığım muzeyi gəzib qurtarandan sonra muzeyin müdiri Rəna xanımla da söhbətləşdim: “Bura muzey kimi 1964-cü ildən fəaliyyətə başlayıb. Muzeyin yerləşdiyi saray XV əsrdə Şirvanşah Xəililullah tərəfindən tikilib, 9 abidədən ibarətdir. Səfəvilər Şirvanşahları məğlub edəndə saray da qarət olunub və bu zaman qiymətli əşyalar, o dövrə aid qızıl və zintə əşyaları qarət olunub. Sonradan isə bunlar Osmanlı ordusunun əlinə keçir. Hazırda həmin əşylar Türkiyədəki muzeydə sərgilənir”. Muzeyin müdiri deyir ki, onlar danışıqlar aparır ki, həmin əşyaları bura gətirib, müvəqqəti sərgisini təşkil etsinlər.
“Bəs muzeyin ziyarətçiləri necə, kifayət qədərdirmi?” - sualıma Rəna xanım belə cavab verdi: “Avroviziya-2012” mahnı musabiqəsinin keçirildiyi günlərdə muzeyin qonaqları daha çox olub. Məhz buna görə də iş vaxtı saat 21.00-a qədər uzadılıb. Əvvəllər xarici qonaqlar daha çox idi. Hazırda isə bu üstünlüyü yerli əhali ələ alıb. Buna baxmayaraq turistlər də mütəmadi olaraq gəlir. “Avroviziya-2012” müsabiqəsi ərəfəsində isə qonaqlar əvvəlkilərdən çox oldu. Ziyarətçilərin sayı təxminən 10 minə yaxın idi. 28 May Respublika günü isə muzeyin qonaqları kifayət qədər idi”.
Burada diqqətimi çəkən divarların müasir üslubda təmir olunması, boyanması və otaqlarda Şirvan şahlarının heç vaxt görmədiyi kondisionerlər oldu. Köhnə nala təzə mıxın vurulmsının səbəbilə maraqlanıram. Bələdçi deyir ki, kondisionerlər olmasa qışda soyuqdan, yayda isə istidən əziyyət çəkərlər. Qədim sarayda temraturun normada saxlanılması turistlərin, ziyarətçilərin rahatlığına hesablanıb.
Müasir təmirli divarlarla əhatələnmiş və kondisinerli otaqlardan ibarət tarixi muzeydəki təzadların təsiri altında Saray Kompleksi tərk edirəm... Yenə şəhərin səs-küyünə, maşınların siqnallarına öyrəşdiyim mühitə geri dönürəm...

Fatimə Kərimli






31 May, 2012  17:32 Baxılıb: 3157 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner