Ekspert Nazim Məmmədov: «Bununla bağlı dövlət kompleks tədbirlər həyata keçirməlidir. Alış-veriş mərkəzlərində əməliyyatların aparılması üçün POS-terminallar quraşdırılmalıdır”.
Azərbaycanda nəğdsiz hesablaşmalar əməliyyatının həcminin artırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bu təkliflərdən biri bütün dövlət və özəl qurumlarda işçilərin maaşlarının elektron kart vasitəsilə ödənilməsidir. Hesab edilir ki, bu nəğdsiz hesablaşmaların həcmini müəyyən qədər artıra bilər.
Hazırda Azərbaycanda nəğdsiz hesablaşmalar əməliyyatların 10%-ni təşkil edir. Ölkədə təxminən 1000 nəfərə 760 aktiv ödəniş kartı düşsə də, heç ödəniş kartları olan vətəndaşlar alış-verişlərini nəğdsiz ödəmələrlə həyata keçirmirlər. Məsələn, bütün pensiyaçılar, bəzi dövlət qurumlarında işləyəndə maaşları, təqaüdləri kart vasitəsilə alırlar. Maaş və ya təqaüdlər verilən kimi, vətəndaşlar əllərində kart POS-terminalların qarşısında uzun növbə qururlar. Xarici ölkələrdə vətəndaşlar maaşların heç də hamısını bankomatlardan götürmürlər. Həmin ölkələrdə bütün alış-veriş mərkəzlərində, ictimai nəqliyyatda ödənişləri elektron kartlarla həyata keçirmək mümkün olduğundan, nəğd pullara ehtiyac qalmır.
Hazırda ölkədə 2150-yə qədər bankomat və 13330-a yaxın POS-terminal fəaliyyət göstərir ki, bu da nəğdsiz ödənişlərin aparılması üçün kifayət deyil. Mərkəzi Bank, Vergilər Nazirliyi nəğdsiz ödəmələrin həcminin genişlənməsində maraqlı olsalar da, hələ vətəndaşlarda mövcud psixoloji baryerləri tam aradan qaldırmaq mümkün olmayıb. Əksər vətəndaşlar alış-veriş mərkəzlərində kartla ödənişlərin aparılması barədə təsəvvürlərə malik deyillər və ya bunun çətin prosedur olduğunu düşünürlər.
Plastik kartların üstünlüklərini izah etməyə isə zənnimizcə ehtiyac yoxdur. Vergidən yayınmanın, pulların oğurlanmasının və kağız manatlara qənaətin olunması baxımından kartlar bir sıra üstunluklərə malikdir.
Bütün maaşların kartla ödənilməsi qeyri-nəğd ödəmələrin həcminə necə təsir göstərər?
Bu sualla müracət etdiyimiz iqtisadçı ekspert Nazim Məmmədov hesab edir ki, maaşları kartla ödəmək hələ nəğdsiz əməliyyatların həcminin artırılmasına dəlalət etmir: «Bununla bağlı dövlət kompleks tədbirlər həyata keçirməlidir. Alış-veriş mərkəzlərində əməliyyatların aparılması üçün POS-terminallar quraşdırılmalıdır. Hətta bu məcburi xarakter də daşıya bilər».
Ekspert düşünür ki, azərbaycanlılar nədənsə nəğd pullara üstünlük verirlər: «Hətta kartları olanlar da, hesablarını kağız pul şəkilində bankomatlardan çıxarıb ciblərində qoyurlar. Bankomatlardan hesablar çıxarılarkən vətəndaş uduzur. Burada 1-3 faiz arası komission xərclər tutulur. Nəğdsix ödənişlərin həcmini artırmaq üçün bütün alış-veriş məntəqələrində POS-terminallar quraşdırılmalıdır. Təəssüflər olsun ki, banklar daha çox iri şirkətlərlə əməliyyatların aparılmasında maraqlı olduqları üçün bu kimi addımların atılmasında maraqlı olmurlar».
N.Məmmədovun sözlərinə görə, hökumət burada təşviqedici, həvəsləndirici addımlar ata bilər: «Nəğdsiz ödənişlərlə alış-veriş edən alış-veriş mərkəzləri üçün güzəştlər tətbiq etmək mümkündür. Uduşlu kampaniyalar, mükafatlandırmalar və s. təşviqedici manevrlərdən yararlanmaq mümkündür. Əks təqdirdə bütün dövlət və özəl qurumlarda maaşları kart sistemilə ödəməklə nəğdsiz ödənişlərin həcmini artırmaq mümkün deyil».
RUSLAN
DİGƏR XƏBƏRLƏR