Zahid Oruc: «Azərbaycanın xarici siyasətində başlıca hədəf həmin stansiyanın bağlanmasıdır»
Avropa İttifaqı Ermənistanın «Metsomor» atom stansiyasının tezliklə bağlanmasını tələb edib. Bu ölkənin nüvə təhlükəsizliyinin beynəlxalq standartlara uyğun təkmilləşdirmək imkanının olmadığı qeyd olunur.
Artıq xeyli müddətdir ki, Azərbaycanın stansiyanın bağlanmasını tələb edir və bir sıra beynəlxalq təşkilatların mövqelərini ortaya qoymasına baxmayaraq, Ermənistan buna məhəl qoymur. Beynəlxalq Atom Enerjisi üzrə Agentlik (MAQATE) də məsələ ilə bağlı hər hansı mövqe sərgiləmir.
Millət vəkili Zahid Oruc Simsar.az-a açıqlamasında deyib ki, Fukusimada baş verən hadisə atom stansiyalarının regional təhlükəsini sübut edib: «Ermənistan üçün bu gün faktiki enerji ehtiyaclarının ödənilməsindən çox əldə etdiyi imkanları saxlamaq daha aktualdır. Digər tərəfdən 2011-ci ildə bu sahədə Ermənistanla müttəfiq olan Rusiyanın AES-lə bağlı əlaqələrdən imtina etməsi də göstərir ki, Ermənistanın potensialı yoxdur ki, həmin obyekti normal standartlara uyğun idarə etsin».
Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının məsələyə yanaşması hüququ əsaslara söykənir. Dəfələrlə nativ variantlar təklif olunmasına baxmayaraq, Ermənistan bu məsələni təzyiq vasitəsi və bazarlaşma predmeti olaraq əlində saxlayıb: «Hətta Avropa Birliyi xeyli vəsait təklif edir ki, Ermənistan başqa enerji resurslarını yaratsın».
Ermənistanın AES-dən Azərbaycanın əleyhinə istifadə etməsi faktlarının olduğunu deyən Z. Oruc qeyd etdi ki, Azərbaycanın prezidenti bir qədər əvvəl keçirilən beynəlxalq təhlükəsizliklə bağlı tədbirdə də bu məsələni təkrar gündəmə gətirib: «Biz təkcə həmin atom stansiyasındakı radioaktiv maddələrin Azərbaycan ərazisində basdırılmasını təhlükəli saymırıq, eyni zamanda su hövzələrinin çirkləndirilməsi məsələsini də qeyd edirik. Digər tərəfdən həmin AES regiona gələn investisiyalar üçün də bir sipərdir. Ona görə də Azərbaycanın xarici siyasətində başlıca hədəf həmin stansiyanın bağlanmasıdır. Avropa Birliyi də bu təhlükəni qəbul etməsi də sevindirici haldır. Oradakı risklər tam hesablanıb. Avropa Birliyinin Azərbaycanla eyni mövqe nümayiş etdirməsi imkan verir ki, Ermənistan əleyhinə addımlar ataq».
MAQATE-nin adıçəkilən stansiya ilə bağlı laqeyd münasibət sərgiləməsinə gəlincə, Z.Oruc dedi ki, bununla bağlı Avropada xeyli fərqli mövqelər var: «İngiltərə, Fransada və digər ölkələrdə AES-lərin hesabına enerji ehtiyatlarının ödənilməsi praktikası yayılmaqdadır. Xeyli qınaqların olmasına baxmayaraq, həmin ölkələr istəmirlər ki, Rusiya və başqa neft-qaz ixrac edən ölkələrdən asılı olsunlar. Həm də bu baxımdan həmin ölkələrin hədəfində olanlar əsasən İran və Şimali Koreyadır. Ermənistan rejional və beynəlxalq miqyasda onların həyatı maraqları üçün təhlükə yaratmır. Digər tərəfdən Ermənistandakı atom stansiyasının köhnə olması, yeniləşməsi üçün potensialının olmaması, keçmiş Sovet idarəçilik sistemi planının tərkib hissəsi olduğunu da bilirlər».
Xatirə
DİGƏR XƏBƏRLƏR