Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

BAZARDA ADAMIN ÜZ-GÖZÜNÜ TURŞUDAN NAXÇIVAN GÖYCƏSİ – REPORTAJ

Naxçıvan göycəsi bazarda 5-7 manata satılır 

Bazar günü istirahət edəcəyimi düşünsəm də Naxçıvandan gələn qəfil zəng buna imkan vermədi. Zəng vuran dostum Naxçıvandan Bakıya satmaq üçün göycə gətirmək istədiyindən paytaxt bazarlarındakı alçaların qiymətlərilə maraqlanırdı.
Xahişini yerə salmadım. Üz tutdum “Vosmoy”a.

Bazarın meyvə-tərəvəz hissəsinə keçdikdə fərqli bir mənzərə ilə qarşılaşırsan. Alverçilərin müştəri çağırması, qiymətlərdə endirim edilməsi kimi – səs-küydən qulaq tutulur. Meyvə bazarında nə yoxdur ki... “Quş südü” axtarsan tapmaq olar.

İlin bu fəslində meyvə bazarında insanın ən çox adamın ağzını sulandıran alçadır. Ancaq alverçilərin piştaxta üzərinə qaladıqları və üstünə kağız parçasında böyük hərflərlə “Naxçıvan göycəsi” yazdıqları mənzərə daha cəlbedici görsənir.

Bəlkə də, kimlərsə “alça alçadır da” naxçıvanlı olduğundan yenə də yerlibazlıq edir, deyəcək. Amma bu bir həqiqətdir ki, Naxçıvan göycəsi dadına və tamına görə başqa zonadan gətirilən alçalardan fərqlənir.

Sözün düzü, naxçıvanlı olasan və alverçilər ölkənin digər rayonlarından gətirdikləri alçaları “Naxçıvan göycəsi” adına sənə sırıyalar, bax, bu mümkün olan şey deyil. Çünki Naxçıvanda məmə yeyəndən – pəpə yeyənə hər kəs yerli göycənin dadını və tamını yaxşı bilir.

Doğma yurddan uzaqda olsaq da, hələ də ağzımızdan Nahhxçıvan göycəsinin o gözəl tamı getməyib. Naxçıvan göycəsi təkcə öz dadıyla, tamıyla deyil, həm də xatirələri ilə yaddaşımıza yazılıb. Uşaqkən həyətlərdən yığıb qoynumuza doldurduğumuz, duzlayıb yediyimiz, sonra da “dişimiz qamaşdığından” yeyə bilmədiyimizi yoldan keçənə payladığımız “Naxçıvan göycəsi”ni Bakıda pul verib almağın özü böyük bir qəhrəmanlıqdır. Qaldı ki, cibindən çıxarıb köz kimi pul verdiyin “Naxçıvan göycəsi”ni paylayasan qonum-qonşuya, yoldankeçənə...

Mənimlə birgə, Naxçıvan göycəsi almaq istəyən yaşlı bir kişi alçalardan birini ağzına aparıb üz-gözünü turşutdu. Fürsətdən istifadə edib, işarə etdim. Başı ilə yox cavabını verdi. Beləcə, bu yaşlı kişi ilə həmsöhbət olub, birgə piştaxtaların qarşısından keçməyə başladıq. Yeni tanış olduğum Həsən dayı, “yox, bala, yalan deyirlər. İndi burda Naxçıvan göycəsi nə gəzir, olsa da, 15 manatdan aşağı olmaz”, deyir. Sonra da sözünə qüvvət olsun deyə əlavə edir: “Əgər Naxçıvanda yerli göycənin kilosu 10 manatdan aşağı deyilsə, burda necə 5-7 manata satılır?”

Həsən dayı naxçıvanlı olduğumu bilmirdi. Buna görə də, aldanmayım deyə Naxçıvan göycəsini müəyyən etməyin yolunu da göstərdi: “Bala, Naxçıvan göycəsi çox böyük olmur. Onun dadı digər alçalardan fərqlənir. Əsasən kəm-turş olur. Bu meyvə o qədər sulu olur ki, 10 gün müddətinə yığılmadıqda ağacda partlayır, partladığı yerdən suyu axır”.

Bəs o ağacların tingələrini Bakıda əkdikdə eyni məhsulu vermir, sualıma cavabında Həsən dayı bildirdi ki, Naxçıvandan tingələr gətirsəm də, burda ağacları əmələ gətirmək mümkün olmayıb: “Masazırda həyətyanı sahəm var. Ora Naxçıvandan müxtəlif tingələr gətirsəm də, Naxçıvan göycəsi olan tingələr tutmadı. Bir ikisi tutsa da, heç yaxşı məhsul gətirmir. Dadı da fərqlidir. Bəlkə də, Naxçıvanın iqliminə görədir ki, Naxçıvan göycəsi çox dadlı olur”.

Bazardakı satıcılardan biri isə “Naxçıvan göycəsi məsələsi”nin üstünü açdı: “Qardaş, indi siz naxçıvanlı olduğunuza görə bilirsiz ki, burda satılan Naxçıvan göycəsi deyil. Ancaq biri eşidib ki, Naxçıvan göycəsi çox dadlıdır. Tez gəlib alır ki, yanında söz düşəndə deməsin Naxçıvan göycəsi yeməmişəm”.

Bəs yalan reklama görə satıcıların məsuliyyət daşıdığından xəbəriniz varmı, sualıma cavabında deyir: “Boş şeydi. Kiminsə buna görə, satıcılara nəsə deməyi inandırıcı deyil. Satıcı yerpulu verir. O, gündəlik pul çıxarmalıdır ki, “bazarkom”a da pul versin. Bir də kimdir gedib Naxçıvandan göycə gətirən? Gətirmək istəsən belə, mümkün deyil. O qədər problem yaradacaqlar ki, sən göycəni gətirincə, yolda xarab edəcəksən. Özü də hər kəs bilir ki, bu işi adi vətəndaş edə bilməz”.

Naxçıvan göycəsi adına satdıqlarınız haranın məhsuludur, sualıma satıcı “Ətraf rayonlarındır. Hər yerdən var, hətta İrandan da gətirilir” deyir.

Bu vaxt anasının ətəyindən yapışıb yanımıza çəkən balaca qız diqqətimi çəkir. Uşaq, çox şirin danışıqla – “ana-ana, mən ayça istəyiyəm” – deyib, sanki anasına yalvarır ki, ona alça alsın. Nəhayət, uşağı sakitləşdirə bilməyən ana satıcıdan yarım kilo alça istəyir. Amma aldıqca da dodaq altından deyinir. Narazılığının səbəbini soruşduqda mənim də satıcı olduğumu düşünüb qaş-qabağını tökərək hirslə deyir: “Göycə nə olan şeydir ki, qiyməti bu qədər bahadır? Ümumilikdə bazarda hər şeyin qiyməti az qazanclı ailələrin büdcələrinə uyğun deyil. Düşünün ki, 140-150 manat maaşa göz dikən müəllim ailəsi 5-7 manat verib uşağı üçün meyvəni necə ala bilər? Hələ uşağın yemək, geymək problemini demirəm”.
Satıcı olmadığımı söylədikdə “bağışlayın, elə bildim siz də satıcısınız. Nədənsə, həmişə bazara gələndə əsəbiləşir və çox narahat oluram”, dedi.

Bu narhatçılığı görüb, beləcə bazardan ayrılırıq.

Ancaq yazını hazırlayarkən bitkiçilik üzrə mütəxəssis Qaşdar Əliyevdən Naxçıvan göycəsi haqqında fikirlərini öyrəndik. O, Naxçıvan göycəsinin təbabətdə insan orqanizmi üçün xeyirli olduğunu bildirdi: “Təbiblərin fikrincə, kirəcləşmiş damarların açılmasında göyçə xüsusi əhəmiyyət daşıyır. Qəribədir ki, “Naxçıvan göycəsi”nin də bir çox populyasiyaları vardır. Sulu-şirəli, iri meyvəli göyçələr Şıxmahmud, Zeynəddin, Bənəniyar, Xalxal, Şahtaxtı, Dəstə, Nüsnüs, Əndəmic kəndlərinin barlı-bəhərli torpaqlarında bir-birindən fərqli dada malikdir”.

Satmaq üçün Bakıya alça gətirmək istəyən dostuma cavab olaraq elə bu yazını qələmə aldım. Yəqin ki, oxuduqdan sonra doğru bildiyi qərarı qəbul edəcək.

Elmar Hüseynov






15 May, 2012  16:54 Baxılıb: 4188 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner