Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

BURDA HƏR ŞEY ONDAN DANIŞIR – REPORTAJ – FOTOSESSİYA

İndi sakit görünən otaq vaxtilə qonaqlı-qaralı olub

 Üzeyir Hacıbəylini qələm əhli “çox istedadlı jurnalist”, sənət adamları isə “Azərbaycan musiqisinin atası” hesab edirlər. Üzeyir bəydən söz düşəndə, onun haqqında yalnız belə demək olar: Allahın Azərbaycana bəxş etdiyi fenomen.

Üzeyir bəy haqqında tərifli sözlər söyləməkdənsə ev muzeyinə getmək, oradan reportaj hazırlamağı daha məqsədəuyğun saydım. Yolumuz Üzeyir Hacıbəylinin ev muzeyinədir.
Muzeydə ilk olaraq direktor Sərdar Fərəcovla görüşürəm. Sərdar bəylə söhbət zamanı məlum olur ki, Üzeyir Hacıbəylinin Ş.Əzizbəyov ünvanındakı ev muzeyi artıq 37 ildir ki, fəaliyyət göstərir: “Üzeyir Hacıbəylinin Bakıdakı ev muzeyi 1975-ci il noyabrın 20-də açılıb. Açılışda dövrün ictimi-siyasi xadimləri ilə yanaşı, bilavasitə Heydər Əliyev də iştirak edib. Fəaliyyətə başalayandan bu günə qədər muzeyin minlərlə qonağı olub. Muzeyin xatirə kitabında da müxtəlif ölkələrdən, Çin, Hindistan, Amerika, Rusiya və başqa ölkələrdən gələn qonaqların ürək sözləri var”.

Sərdar bəy deyir ki, muzey əvvəllər Üzeyir bəyin yaşadığı, yalnız memorial hissədən ibarət olub, sonralar bina yenidən tikilib və muzey genişlənib: “Hazırda bizim dayandığımız yer, muzeyin inzibati binası bura sonradan əlavə olunub. Burada köhnə binlar var idi, onlar sökülüb yenidən tikildi. Hazırsa muzeyin bir hissəsi memorial hissədir ki, orada Üzeyir bəyin şəxsi əşyaları saxlanılır. Digər hissədə isə sərgi salonumuz var ki, orada biz kiçik konsertlər, sərgilər təşkil edə bilirik. Sərgi salonunda Üzeyir bəyin əsərlərinin yubileyləri qeyd olunur”.

Direktor deyir ki, muzey ziyarətçiləri təkcə Üzeyir Hacıbəylinin yaşadığı ev, istifadə etdiyi əşyalarla tanış etmir. Burada həm də mütəmadi olaraq elmi tədqiqatlar aparılır: “Biz Üzeyir bəyin heç vaxt nəşr olunmayan əsərlərinin çap olunması ilə məşğuluq. Muzeydə Üzeyir Hacıbəylinin kitablarının saxlanıldığı kitabxana da var ki, elmi işlə məşğul olanlar üçün bu çox əlverişlidir”.

Üzeyir bəyin ad günü, əsərlərinin yubiley günləri ərəfəsində muzeyə daha çox qonaq gəlir. Sərdar bəylə söhbətimi yekunlaşdırıb, muzeyin memorial hissəsinə daxil oluram. Üzeyir bəyin 1915-1942-ci illərdə ömür sürdüyü evi bələdçi ilə birlikdə gəzməyə başlayıram. Otağa daxil olanda ilk olaraq gözümə ev maketi dəyir. Bu, Üzeyir Hacıbəylinin Şuşadakı evinin, uşaqlığını keçirdiyi yerin, həyətin maketidir. Ermənilərin o evi necə dağıtdığını təsəvvürümdə canlandıran zaman bələdçi ilk olaraq Üzeyir bəyin evi haqqında danışır: “Bu ev Üzeyir bəyin Şuşadakı evinin maketidir. Hazırda o ev orada yoxdur, çünki ermənilər darmadağın edib. Amma işğaldan əvvəl Üzeyir bəyin əşylaraını oradan çıxarmaq mümkün olub. Həmin əşyalar muzeyimizdə qorunub, saxlanılır”.

Hazırda muzey kimi fəaliyyət göstərən evdə dahi bəstəkar 27 il ömür sürüb: “Bu evdə Üzeyir bəy 1942-ci ilə qədər yaşayıb. Bundan sonra Sovet hökuməti Nizami Gəncəvinin heykəlinin arxasındakı Monolit adlanan binadan ona ev verib. Həmin evdə Üzeyir Hacıbəyli ölənə qədər – 1948-ci ilə qədər yaşayıb. Həmin ev dördüncü mərtəbədə yerləşdiyindən muzey üçün əlverişli deyildi”.

Mən Üzeyir bəyin atası Əbdülhüseyn bəylə birgə kiçik yaşlarında çəkilmiş fotolarına baxa-baxa bələdçi Üzeyir bəyin təhsilindən danışır: “O ilk təhsilini Şuşada, mədrəsədə alıb. Ərəb-fars dillərini öyrənib. Şuşada ikən iki il rus-türk məktəbində təhsil alıb. 1899-cu ildən Qori Müəllimlər Seminariyasında təhsil almağa başlayıb. Notu da ilk dəfə orada öyrənib. Seminariyanı müvəffəqiyyətlə bitirdikdən sonra Bakıya gəlir və müəllim kimi fəaliyyətə başlayır. O, eyni zamanda 6 fəndən dərs deyirdi, Ana dili, hesab, rus dili, coğrafiya, rəsm, nəğmə. 1913-cü ildə Peterburqa gedib, konservatoriyaya daxil olur. Burada oxuduğu müddətdə “Arşın mal alan” operettasını yazır”.

Bələdçi Üzeyir bəyin təhsili haqqında danışarkən yavaş-yavaş qara rəngli royala yaxınlaşırıq. Bu royal Üzeyir bəyin bənzərsiz musiqilər yaratdığı royaldır. İndi royalın arxasında heç kim yoxdu. Başımı qaldırıb divara baxanda isə ordakı, şəkildəki royalın arxasında Üzeyir bəy görünür. Fikirli-fikirli barmaqlarını royalın dillərinə toxundurur.

Bu hissəni də geridə qoyub onun iş stoluna yaxınlaşıram. Masanın üstündə Üzeyir bəyin qələmi, mürəkkəb qabı, üstündə notlar cızılmış köhnə kağızlar, masa ilə üzbəüzdə kitab şkafı durur: “Bu kitab dolabında müxtəlif dillərdə kitablar var. Üzeyir bəy bir neçə dildə sərbəst yazıb, oxuya bilirdi”.

Otağın digər bir hissəsinə nəzər salıram. Burada XX əsrin əvvəllərinin dəbinə uyğun divan, kreslo və oturacaqlar var. Divarda isə başqa bir rəsm əsəri asılıb. Burada da Üzeyir bəy fikirlidi. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə baş-başa verib düşünür. Digər rəsmdə isə Üzeyir bəylə eyni ildə, eyni ayda, eyni gündə doğulan və onun qohumu olan Müslüm Maqomayev əks olunub: “Üzeyir bəylə Müslüm Maqomayev eyni tarixdə, lakin ayrı-ayrı şəhərlərdə doğulublar. Onların tanışlığı Qori Semianriyasından başlayıb, qohumluğa qədər davam edib. Üzeyir bəylə Müslüm bəyin həyat yoldaşları bacı idi. Onlar ömürlərinin axırlarına qədər dostluqlarını davam etdirib”.

Bu otağı geridə qoyub başqa bir otağa daxil oluruq. Bura Üzeyir Hacıbəylinin yataq otağıdır. Otağa daxil olanda yataq və paltar dolabından öncə divarda rəsmi asılmış nurani bir sima diqqəti cəlb edir. Bu, Üzeyir bəyin anası Şirinbəyim xanımın rəsmidir. Onunla düz üzbəüz divarda isə Üzeyir bəyin atası Əbdülhüseyn bəyin rəsmi asılıb. Ailənin bütün fərdləri burdadı. Üzeyir bəy, onun həyat yoldaşı Məleykə xanım, qardaşları Zülfüqar və Ceyhun Hacıbəylilər. Sanki Şirinbəyim xanımla Əbdülhüseyn bəy uşaqları başlarına yığıb, üzbəüz oturublar. Mən bunları düşünərkən bələdçi Üzeyir bəyin qardaşlarının fotolarını göstərə-göstərə onlar haqqında məlumat verir:
“Burada Zülfüqar, Üzeyir və Ceyhun Hacıbəylilər və onların ailələrinin fotoları asılıb. Zülfüqar bəy və ailəsinin fotosu da var. Burada onun oğlu Niyazi bəy də görünür. Üzeyir bəyin övladı olmayıb. O, öz əsərlərinə “mənim övladlarım” deyirdi. Deyirdi ki, “Koroğlu” mənim oğlumdur. “Leyli və Məcnun” mənim övladlarımdır. Ceyhun bəy Paris sülh konfransına gedən nümayəndə heyəti ilə birlikdə Parisə gedir və Azərbaycan işğal olunandan ömrünün axırına qədər orada mühacir həyatı yaşayır. Hazırda onun məzarı Parisdədir, nəvə-nəticələri də Fransada yaşayır”.

Növbəti otaqda Üzeyir bəyin həyatının başqa bir hissəsini əks etdirir. Burada divarda asılmış irihəcmli rəsm əsərində onu konservatoriyadakı tələbələri ilə görürük: “1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyan Üzeyir bəy ömrünün sonuna qədər oranın rektoru olub. Tələbələri də Azərbaycanın görkəmli bəstəkarları olub. Rəsmdəkilər Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ədilə Hüseynzadə, Səid Rüstəmov, Qara Qarayev, Əşrəf Həsənov, Soltan Hacıbəyli, Adil Gərayi, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökumə Nəcəfova və s. olub”.

Otaqda rəsmlərdən başqa Üzeyir bəyin aldığı mükafatlar, operalarından ibarət və ona bağışlanan hədiyyələrin yer aldığı stendlər də var. Üzeyir bəyin mükafatlarından ibarət stenddə Stalinin ona şəxsən göndərdiyi minnətdarlıq teleqramı, iki dəfə Stalin mükafatı laureatı, Lenin ordeni, Qırmızı əmək bayrağı ordeni nümayiş olunur. Operalara aid stenddə isə onun müəllifi olduğu 7 opera, 3 operetta yer alıb. Bələdçi operalardan danışarkən məlumat verir ki, Üzeyir bəy 10 irihəcmli səhnə əsərindən yalnız “Koroğlu” operasının liberettosunu özü yazmayıb. Digər 9 əsərin liberettosunun, yəni sözlərinin müəllifi özüdür. “Leylivə Məcnun”, “Şah Abbas və Xurşudbanu Natəvan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Şeyx Sənan” və “Koroğlu”. Operattaları isə “Arşın mal alan”, “O olmasın bu olsun” və “Ər və arvad” Üzeyir bəyin operalarıdır”.

Üzeyir Hacıbəyli həm də Xalq çalğı alətləri orkestri, Dövlət xoru, Simli kvartet, Simfonik orkestri kimi orkestrlər də yaradıb.

İkinci Dünya müharibəsi illərində Üzeyir Hacıbəyli yalnız döyüş ruhlu mahnılar bəstələmir, həm də cəbhəyə tank alınması üçün 100 min rus rublu göndərib. Məhz buna görə Stalin ona şəxsən minnətdarlıq teleqramı göndərir.

Növbədəki otaq isə Üzeyir Hacıbəylinin yemək otağıdır. İndi sakit görünən vaxtilə qonaqlı-qaralı olan otaqda iki nəfərlik yemək masası var. Üstündə boşqab, çəngəl-bıçağı hazır vəziyyətdə tənha masa. Bir zaman bu evdə həmişə çoxlu qonaq olarmış. Bayaqkı piano kimi masanın yanındakı divarda yemək otağının adamla dolu olduğu zamanlarda bir foto asılıb. Masanın başında Üzeyir bəyin, Üzeyir bəyin də başına yığılmış qonaqların fotosu.

Sonuncu otağa yaxınlaşanda Üzeyir bəyin də son fotolarını – dəfn mərasimindən olan fotosunu, dərin fikrə qərq etdiyi, ağır itki yaşatdığı insanların simalarını görürəm.

“Üzeyir bəy 1948-ci il noyabrın 22-dən 23-ə keçən gecə saat 02.00-da 63 yaşında vəfat edib. Bu otaqda onun radio, qrammafon kimi şəxsi əşyaları da qorunub saxlanılır. Operettalardan olan stend də bu otaqdadır. 1913-cü ildə yazdığı “O olmasın, bu olsun” operettası 1956-cı ildə ekranlaşdırılıb. Ondan əvvəl isə “Ər və arvad”ı yazıb. Ən görkəmli əsərlərindən biri isə “Arşın mal alan”operettasıdır. Bu operetta dünyanın 4 qitəsində tamaşaya qoyulub, 70-ə yaxın dilə tərcümə edilib. Operetta 5 dəfə ekranlaşdırılıb,bunlarda 4-ü Azərbaycanda, biri isə Amerikada olub”.


Fatimə Kərimli


 

 






11 May, 2012  18:23 Baxılıb: 2210 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner