Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FARİZ MƏMMƏDOV: “OLMAYAN ŞEYİ ETMƏK LAZIMDIR...” -FOTOSESSİYA

“Nə qədər güclü olsan da, çənəni və böyrəyini məşq etdirə bilmirsən”

Simsar.az bu gündən yeni rubrika ilə oxucularının görüşünə gəlir. “İdmançı” rubrikasında ölkə və beynəlxalq yarışlarda uğurlar qazanmış idmançılarımızla maraqlı söhbətləri sizə təqdim edəcəyik.
Rubrikamızın ilk qonağı Azərbaycanın ilk peşəkar boksçusu, WBO və WBC versiyaları üzrə çempionluq kəmərlərini daşımış Fariz Məmmədovdur. Yeddi illik fasilədən sonra yenidən idmana qayıdan Fariz Məmmədov suallarımızı cavablandırır:


- Sizi idmana kim həvəsləndirib?
- 5 yaşından idmandayam. Evdə böyük qardaşlarım idmanla məşğul olurdu. Mən də onlarla birgə idman etməyə başladım. Uşaqlıqdan idmanla məşğul olmuşam. Böyük qardaşlarım, dayılarım, əmilərim deyir ki, səndə uşaqlıqdan idman xarakteri vardı.

- Uşaqlıqdan çempion olmaq barədə düşünürdüz?
- Fikrimcə, insan çempion olmur, çempion kimi doğulur. Mən belə dünyaya gəlmişəm. Uşaqlıqdan davakar və inadkar olmuşam. Həmişə qalib gəlmək, qalib olmaq sanki alnıma yazılmışdı. Adam var uşaqlıqda elmə, təhsilə, sənətə, müğənniliyə üstünlük verir. Amma məni ancaq idman maraqlandırıb.

- İdmanın daha hansı növləri ilə məşğul olmusuz?
- Uşaqlıqdan idmanın bir çox növü ilə – karate, güləş və kinq-boksla məşğul olmuşam.

- Bu idman növlərinin hansında uğurunuz var?
- 1997-ci ildə Moskva şəhərində 52 kiloqramda kinq-boksdan “Dünya çempionu” titulunu qazanmışam. Sonra kinq-boksda Ukrayna və Rusiya çempionu və bir neçə beynəlxalq döyüşün qalibi olmuşam.

- Azərbaycanın ilk peşəkar boksçususuz. Sizcə, boks əl oyunudur, yoxsa baş oyunu?
- Həm baş, həm əl. Baş ilə fikirləşib, əllə vurmalısan.

- Bəs peşəkar boksda hansı uğurları qazanmısız?
- Peşəkar boksda indiyədək 12 döyüş keçirmişəm. Bircə dəfə heç-heçəm qeydə alınıb. Qalan 11 döyüşdə rinqi qalib tərk etmişəm. 12 döyüşdən 7-sini nakautla başa çatdırmışam. İki kəmər sahibi olmuşam. WBO və WBC versiyaları üzrə çempionluq kəmərlərinə sahib çıxmışam.

- Bu il Azərbaycan “London-2012”-yə 7 boksçu ilə yollanacaq. Onlardan nə gözləyirsiz?
- Maşallah, buna çox sevinirəm. Azərbaycanın 7 lisenziya qazanması çox böyük uğurdur. Elə Avropa ölkələri var ki, heç bir lisenziya da qazana bilməyib. Mən bizim uşaqlarımızdan 3 medal gözləyirəm. İnanıram ki, olimpiadada boksçularımız inamlı qələbələr qazanacaq.

- Bəzi idmançılar müəyyən fasilədən sonra onlar üçün idmanın bitdiyini söyləyirlər... Sizin üçün belə deyil ki?
- İdman mənim həyat tərzim, yaşayışım, sevgimdir. Onsuz yaşayacağımı fikirləşmirəm. Mən başqalarından fərqli olaraq yenidən başlamışam.

- 7 illik fasilədən sonra peşəkar boksa qayıtdız və tezliklə döyüşəcəyinizi söylədiz. Bu, qeyri-peşəkar addım hesab olunmayacaq ki?
- Əksinə, olmayan şeyi etmək lazımdır. Bu boksdur, yəni risqi sevən bir işdir. Düzdür, peşəkar boksda minlərlə oyun gedir. Amma mən peşəkar idmançıyam və bu risqi etməliyəm. Çünki mən risqi çox sevirəm.

- Fasilədən sonrakı mərhələdə döyüşə hazırlıq necə gedir?
- Məşqlərə bir aydan artıqdır ki başlamışam. Fiziki və psixoloji durumum çox yaxşıdır. Ancaq həbsxanadan yeni çıxdığımdan ən azından oktyabra qədər məşq etməliydim. Əslində elə təklif gəldi ki, imtina edə bilmədim. Çünki mənimlə döyüşmək istəyən erməni boksçusu idi. Başqa rəqib olsaydı, dərhal imtina edərdim. Amma eşidəndə ki, erməni boksçu mənimlə döyüşmək istəyir, dərhal razılıq verdim. Çünki burada şəxsi prinsiplərdən əlavə, milli məsələ də var.

- Rəqibiniz haqqında nə deyə bilərsiz?
- Rəqibim Ermənistanda reytinqcə 3-cü olan və Avstriyada yaşayan erməni boksçusu Jeqise Tomasyandır. 28 yaşı var. Onunla WBCA versiyası üzrə kəmər uğrunda döyüşəcəyik. Rəqibim öz kəmərini qorumağa çalışacaq. Almaniyanın Vaysvater şəhərində təşkil olunacaq 12 raunddan ibarət olacaq

- 7 illk fasilə çəkinizə təsir etməyib ki?
- Əlbəttə edib. Son dəfə 61-62 kiloqramda döyüşürdümsə, indi 66 kiloqramda döyüşəcəm.

- Mükafat fondunun sizi maraqlandırmadığını deyirsiz...
- Döyüşün mükafat fondunun məbləği həqiqətən məni maraqlandırmır. Məqsədim həmişə kəmər qazanmaq olub. 2001-ci ildə də İspaniya və Rusiya klubları ilə müqavilə bağladığım vaxt da bunu demişdim. Məni kəmər maraqlandırır.

- Sonda belə bir sualımız var: Boksda nəyi qorumaq daha vacibdir?
- Boksda əsasən zərbələrdən qorunmaq lazımdır. Nə qədər güclü olsan da, çənəni və böyrəyini məşq etdirə bilmirsən. Deməli, başını və böyrəklərini daha çox qorumalısan ki, nakauta düşməyəsən.


P.S. Fariz Məmmədov may ayının 12-də erməni boksçusu ilə döyüşəcək. Biz də simsar.az kollektivi olaraq vətənpərvər boksçumuza uğurlar arzulayırıq.

Elmar Hüseynov






7 May, 2012  19:17 Baxılıb: 2029 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner